25 Aprel 2025 20:55
564
SİYASƏT
A- A+
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ  

Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ  

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 25-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri ilə davam etdirilib. Zərərçəkmiş şəxslər ifadə verdikdən sonra dövlət ittihamçılarının, zərərçəkmiş şəxslərin nümayəndələrinin, müdafiəçilərin və təqsirləndirilən şəxslərin suallarını cavablandırıblar.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadə vermələri və sualları cavablandırmaları ilə davam etdirilib.

Zərərçəkmiş şəxs Ağalar Əliyev Şuşa şəhərində doğulduğunu, orta məktəbdə ermənilərlə bir yerdə oxuduğunu bildirib. O, Ermənistanın Azərbaycana ərazi iddiaları olan vaxt hüquq-mühafizə orqanlarında çalışdığını deyib.

A.Əliyev “Miatsum hərəkatı” proseslərinin 1988-ci ilin fevralında açıq şəkildə başladığını xatırladaq qeyd edib: “Dedilər ermənilər tələb edirlər ki, Qarabağ Ermənistana verilməlidir.

Əvvəlcə daş terroruna başladılar. Daş terroru ondan ibarət idi ki, Şuşadan kənara gedən bütün maşınları, o cümlədən avtobusları Əsgəranda, Xankəndinin girəcəyində, Xanabadda yığışan erməni kütləsi daşa basırdı. Bu zaman kimsə yaralanırdı, kiminsə maşınının şüşəsi qırılırdı. Sonralar ağır silahlarla yaşayış məntəqələrini atəşə tutmağa başladılar. 1991-ci il noyabrın 20-də bizim vertolyotu vurdular. Vertolyot vurulan günün səhəri Şuşada mənim toyum idi. Bu, Şuşada axırıncı toy oldu. Həmin günü birinci dəfə idi ki, ermənilər Şuşanı ağır silahlarla yaylım atəşinə tutdular. Demək olar ki, şəhəri lərzəyə saldılar”.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında zərərçəkmiş şəxs qeyd etdi ki, əfsuslar olsun, bizim onlara cavab vermək üçün heç nəyimiz yox idi. Onların isə əksinə, hər şeyləri var idi - 366-cı motatıcı alay Xankəndidə yerləşirdi, orada xidmət edən zabitlərin, hərbi qulluqçuların çoxu erməni idi. Biz öz tabel silahımıza bir dənə güllə tapmayanda, onlarda dolu silahlar var idi.

O, dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında vertolyotların Azərbaycanın vaxtilə işğal altında olan ərazilərindən Ermənistana və geriyə hərəkət etməsindən danışıb: “Vertolyotları özüm görmüşəm. Ermənistandan adam da daşınırdı, silah da”.

A.Əliyev erməni tərəfi ilə danışıqlarda iştirak etdiyini deyib. Qeyd edib ki, bir dəfə əsir və girovları dəyişdirəndən dərhal sonra erməni tərəfi onların avtobusunu atəşə tutub. Nəticədə girovluqdan xilas edilən yaralı azərbaycanlı yenidən xəsarət alıb.

O, təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını, onun “Sovetskiy Karabax” qəzetinin redaktoru olduğunu bildirib. A.Əliyev qəzetdə azərbaycanlıların öz torpaqlarından didərgin salınmalarına çağırış edildiyini söyləyib. Buna nümunə kimi isə sonralar Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyanın həmin qəzetə verdiyi müsahibəsini göstərib.

Ardınca zərərçəkmiş şəxslərin nümayəndələri, müdafiəçilər və təqsirləndirilən şəxslər zərərçəkmişə suallar veriblər.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan zərərçəkmiş şəxsin dediklərinə münasibət bildirərək, 1992-ci ildə “Sovetskiy Karabax” qəzetinin artıq çap edilmədiyini, həmin nəşrdə redaktor müavini işlədiyini, zərərçəkmiş şəxsi tanımadığını iddia edib.

Zərərçəkmiş şəxs Orduxan Kərimov da ifadəsində təqsirləndirilən şəxslərdən Arkadi Qukasyanı tanıdığını deyib. O, Ermənistan silahlı qüvvələrinin hadisə törətdiyi yerlərə istintaq qrupunun tərkibində getdiyini deyib.

O.Kərimov 1991-ci ilin yayında Sırxavənd kəndində dörd azərbaycanlının erməni silahlıları tərəfindən yandırıldığını vurğulayaraq qeyd edib: “Yandırılaraq qətlə yetirilənlər iki ata və iki oğul idi. Qaradağlıda 7 nəfər yandırılmışdı. Meşəli qətliamında isə həmin gün çatdıra bilmədik, yalnız bir gün sonra gedib çıxa bildik. Biz kəndə girəndə oradan insan ətinin iyi gəlirdi, sakinləri yandırmışdılar”.

O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavab verən zaman Şuşanın mütəmadi olaraq raket atəşinə tutulmasından da bəhs edib: “Atışma olanda əhali evlərin zirzəmilərində gizlənirdi. Mənim üç uşağım var idi, balaca idilər. Zirzəmidə o qədər qalmışdılar ki, bədənləri yara olmuşdu”.

Zərərçəkmiş şəxs Məhərrəm Hüseynov 1990-cı illərdə Şuşa Polis Şöbəsində çalışdığını, həmin vaxt Xankəndidə keçirilən mitinqlərə Şuşa ermənilərinin də cəlb edildiklərini söyləyib.

Zərərçəkmiş şəxslərin nümayəndələrinin suallarına cavab verərkən Məhərrəm Hüseynov 1992-ci il fevralın 10-dan 11-dən keçən gecə Malıbəyli və Quşçular kəndlərinə erməni silahlı birləşmələri tərəfindən hücum edildiyini, həmin kəndlərin işğal olunduğunu deyib. “Onlarla soydaşlarımızı qətlə yetirdilər. Yaralılar oldu, insanların bir hissəsini girov götürdülər. Azğınlaşmış terrorçular qısa müddət sonra - fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törətdilər. Xocalı soyqırımı həqiqətən də, sözün əsl mənasında, bəşər tarixində misli görünməyən bir terror idi”, - deyə o əlavə edib.

M.Hüseynov zərərçəkmişlərin nümayəndəsinin həmin vaxt Şuşada ağır silahlar, o cümlədən raketlərin olub-olmaması barədə suala isə belə cavab verib: “Əgər bizim ağır texnikamız olsaydı, Xocalı soyqırımı vəhşicəsinə törədilən zaman onlara tərəf mərmi atardıq ki, qorxsunlar, çəkinsinlər”.

Zərərçəkmiş şəxs Arif İbrahimov Şuşa şəhərində qohumlarına məxsus evlərim dağıdıldığını bildirərək deyib: “Evimiz Şuşada olub. Xankəndiyə də gəlib-gedirdim. Şuşada bizim qohumlara aid 32 ev var idi. Şuşa azad olunandan sonra oraya getdim, həmin evlərin heç biri yox idi”.

Zərərçəkmiş Əvəz Məmmədov Şuşada anadan olduğunu, orada yaşadığını və müəllim işlədiyini deyib. O əlavə edib: “1988-ci ilin fevralında ermənilər mitinq keçirən gündən Şuşanın işğalını da planlaşdırırdılar”.

Ə.Məmmədov ilk vaxtlarda Şuşadan çıxan maşınların daşqalaq edildiyini, insanlara xəsarət yetirildiyini, nəqliyyat vasitələrinin şüşələrinin qırıldığını diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs dövlət ittihamçıları Vüsal Abdullayevin və Təranə Məmmədovanın suallarına cavab olaraq bildirib ki, Ermənistan ordusu növbəti mərhələdə sakinləri azərbaycanlılar olan yaşayış məntəqələrini, o cümlədən Şuşanı atəşə tutub, kəndlərə hücum edib, insanları öldürüb, girov götürüb, onlara işgəncə veriblər.

“Növbəti mərhələdə isə Şuşa T55 tankları, ağır artilleriya, raketlər ilə atəşə tutulurdu. Dinc əhali, Şuşa qadınları gecələri körpələrlə zirzəmidə keçirirdilər”, - deyə o sözlərinə davam edib.

Zərərçəkmiş şəxs Niyazi Həsənov Malıbəyli və Quşçular kəndlərinin 1991-ci il dekabrın sonlarından başlayaraq hücuma məruz qaldığını deyib. Onun sözlərinə görə, fevralın 7-dən hücumlar intensivləşib. Zərərçəkmiş şəxs fevralın 9-da özünün və anasının PDM-dən açılan atəş nəticəsində yaralandığını, bədənində indiyədək qəlpələrin qaldığını bildirib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən kəndlərə hücum edilən zaman dinc əhalinin çıxması üçün heç bir yol, dəhliz verilmədiyini vurğulayaraq qeyd edib: “Biz məcbur olub meşə ilə çıxdıq, özümüzü Ağdamın Abdal-Gülablı kəndinə çatdırdıq. Abdal-Gülablıdan bizi Ağdam xəstəxanasına apardılar. Xocalı soyqırımından sonra o xəstəxanaya xeyli yaralı gətirdilər. Bizim çarpayıları xəstəxananın həyətində şam ağaclarının altına düzdülər. Həkimlər bizə orada yardım göstərirdilər ki, ölməyək”.

Zərərçəkmiş şəxs Sədirxan Əhmədov da Ermənistan ordusu tərəfindən Malıbəyli və Quşçular kəndlərinə edilən hücumdan danışaraq həmin hadisələr zamanı yaralandığını, torpaqlarının işğal edildiyini, qohumlarının öldürüldüyünü bildirib.

Məhkəmədə Niyazi Həsənov və Sədirxan Əhmədov ilə bağlı məhkəmə tibbi-ekspertizasının rəyləri də açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 28-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada məktəbli bıçaqla insanlara hücum edib, ölən və yaralananlar var – YENİLƏNİB  

15:36
16 Dekabr

Xocalının Seyidbəyli və Təzəbinə kəndlərində 20 ailəyə mənzillərinin açarları təqdim edilib – YENİLƏNİB  

15:35
16 Dekabr

Ötən qurultaydan indiyədək 950 minə yaxın həmkarlar ittifaqları üzvünə maddi yardım verilib  

15:31
16 Dekabr

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!