06 Fevral 2025 08:05
511
SİYASƏT
A- A+
Zəngəzur tarixi Azərbaycan torpağıdır

Zəngəzur tarixi Azərbaycan torpağıdır


Ermənilər Paris Sülh Konfransında siyasi xadimlər arasında yaydıqları kitabda Avropa oxucularına belə bir fikir təlqin edirdilər ki, guya türklər, gürcülər və azərbaycanlılar ermənilərə "böyük tarixi missiyalarını" həyata keçirməkdə mane olurlar. Guya bu kiçik, "əzabkeş" xalq öz böyük müttəfiqlərinə - Rusiya, İngiltərə, Fransa, ABŞ, İtaliya, Serbiya, Yaponiya və digər qüdrətli dövlətlərə hədsiz sədaqətinə görə məşəqqətlərə düçar olub (hiyləgər və məkrli qonşumuz bu gün də həmin taktikadan məharətlə istifadə edir). Paris Sülh Konfransında ingilislərdən gözlədikləri köməyi almayan ermənilər üzlərini amerikalılara çevirdilər. Qafqaza daxil olmaq üçün fürsət axtaran Birləşmiş Ştatlar mövcud vəziyyətdən yararlanmaq qərarına gəldi. ABŞ Senatı 1919-cu il mayın 23-də ümid etdiyini bildirdi ki, Paris Sülh Konfransı müstəqil respublika qurmaq üçün Ermənistana kömək edəcək. 

Ermənistan üzərində mandat məsələsi müzakirə olunarkən Paris Sülh Konfransında müttəfiqlər arasında ciddi fikir ayrılığı yarandı. ABŞ Prezidenti Vudro Vilsonun təzyiqi altında Paris Sülh Konfransının "Onlar Şurası" (bura İngiltərə, ABŞ, Fransa, İtaliyanın hökumət rəhbərləri, xarici işlər nazirləri və Yaponiyadan iki nümayəndə daxil idi) 1919-cu ilin iyulunda ABŞ təmsilçisi polkovnik V.Haskeli Ermənistanın ali komissarı təyin etdi. Şuranın qətnaməsində bildirilirdi ki, şurada təmsil olunan ölkələrin Ermənistandakı, həmçinin Azərbaycan, Gürcüstan və İstanbuldakı nümayəndələri polkovnik Haskelə kömək göstərməlidirlər. Lakin polkovnik sərəncamında real qüvvə olmadığından o, qarşıya qoyulmuş vəzifələri yerinə yetirmək iqtidarında deyildi. Azərbaycan polkovnik Haskelin ermənilərlə birgə hazırladığı layihəyə - Amerika general-qubernatorluğunun yaradılmasına razılıq vermədi.

Mudros müqaviləsindən sonra Osmanlı qoşunları Azərbaycanı tərk etdilər və ingilislər Azərbaycan Xalq Cümhuriyyətinin tərkibində yaradılan Qarabağ general - qubernatorluğunu tanıdılar. Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə, Zəngəzur qəzası da bura daxil idi. Andronikin və Dronun quldur dəstələrinin Zəngəzura hücumundan sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərilməsini qərara aldı.  

Tiflisdə rus dilində nəşr edilən "Borğba" qəzeti 1919-cu ilin sentyabrında yazırdı ki, polkovnik Haskel Bakıda hökumətin sədri Usubbəyovla söhbətində bildirib: "Siz Ermənistan parlamentində mənə aid edilən nitqə yəqin ki, diqqət yetirmisiniz. Sizi əmin edirəm ki, mən ermənilərin vəkili deyiləm, mənim vəzifəm Zaqafqaziyada millətlərarası toqquşmaya yol verməməkdir". Polkovnik Haskel nitqlə bağlı təkzib verəcəyini vəd etdikdən sonra söhbətin yekununda bildirib ki, Qarabağın və Zəngəzurun qəti olaraq Azərbaycana keçməsini zəruri hesab edir. Nəsib bəy Usubbəyov Ələt-Culfa yolunun keçəcəyi zolağın bütünlüklə Azərbaycanın idarəçiliyində qalması şərti ilə məsələnin parlamentdə müzakirəsinə razılıq verir. 

Birinci Dünya müharibəsindən sonra 1920-ci il aprelin 19-20-də İtaliyanın San-Remo şəhərində Antanta dövlətlərinin Ali Şurasının konfransında beynəlxalq aləmdə yaranmış mürəkkəb şərait fonunda Antanta ölkələri arasındakı ziddiyyətlərin həlli məsələsi xüsusi yer tuturdu. Yaxın və Orta Şərqdə nüfuz dairəsini müəyyənləşdirən Ali Şura Ermənistan və ətraf rayonlar üzərində mandatın ABŞ-yə verilməsini təklif etdi. Mandat məsələsi 1920-ci il mayın 24-də ABŞ Konqresində yenidən gündəmə gəldi. Bir həftə davam edən müzakirələrdən sonra ABŞ Konqresi dəyişən beynəlxalq şəraiti, o cümlədən Sovet Rusiyasının Şimali Qafqazı, Azərbaycanı tutmasını, may ayında Ermənistanda baş verən silahlı üsyanı nəzərə alaraq mayın 1-də Prezident Vudro Vilsonun Ermənistan üzərində mandatı qəbul etmək təklifindən imtina etdi. 

Azərbaycanın Sovet Rusiyası tərəfindən tutulmasından sonra Qərb dövlətləri bu mühüm regionda sovet hakimiyyətinin möhkəmlənməsinə imkan verməmək üçün daşnak Ermənistanını və Gürcüstanı Azərbaycana qarşı müharibəyə təhrik etməyə başladılar. Erməni silahlı birləşmələri Qazax qəzasında, Qarabağda, Zəngəzurda, Dərələyəz və Zəngilanda qətl-qarət törədir, müsəlman kəndlərini dağıdır, bölgəni ələ keçirərək Naxçıvanı tutmağa, onun Azərbaycanın digər torpaqları ilə əlaqəsini kəsməyə çalışırdı. Bu mürəkkəb dövrdə Ermənistanı sovetləşdirməyi qarşısına məqsəd qoyan Sovet Rusiyası ermənilərin iddia etdikləri Azərbaycan torpaqlarının bir qismini gah neytral zona kimi qələmə verir, gah da həmin əraziləri Ermənistana vəd etməklə məkrli və ikibaşlı oyunlara başladı. Bu çirkin oyunlar Azərbaycan üçün ağır nəticələr verdi, sovet rejimi dövründə əzəli torpaqlarımız Kreml tərəfindən zaman-zaman müxtəlif bəhanələrlə qoparılaraq Ermənistana verildi. 

Kremlin riyakar oyunları barədə kifayət qədər məlumatlı olan Qriqori Orconikidze 1920-ci ildə Moskvaya Leninə, Stalinə və Çiçerinə yazırdı: "...Mən qəti əminəm ki, Azərbaycanda sovet hakimiyyətinin möhkəmlənməsi və bizim Bakını əldə saxlamağımız üçün Dağlıq Qarabağı Azərbaycana birləşdirmək lazımdır, yayla və düzənliklər barədə söhbət belə gedə bilməz, ora həmişə Azərbaycana, Zəngəzura məxsus olub..." (Bu sənəd Moskvada Xarici İşlər Nazirliyinin arxivindədir). 

1920-ci il iyunun 19-da Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov, RK(b)P MK-nın Qafqaz Bürosunun üzvü Polikarp Mdivani, AK(b)P MK-nın üzvü Anastas Mikoyan və Ermənistan K(b)P MK-nın üzvü Avetis Nuricanyanın imzası ilə Moskvaya xarici işlər komissarı Çiçerinə, surəti Vladiqafqaza Orconikidzeyə göndərilən teleqramda deyilirdi: "Ermənistanda minlərlə həbs olunmuş, yüzlərlə qətlə yetirilmiş kommunist var, üsyan etmiş onlarla kənd daşnaklar tərəfindən məhv edilmişdir. Müsəlman kəndlərində əhali kütləvi surətdə qətlə yetirilmişdir. İki mindən çox erməni qaçqın Azərbaycanda sığınacaq tapmışdır, digərləri dağlarda gizlənmişlər. Ermənistan faktiki olaraq Azərbaycanla müharibə vəziyyətindədir. O ki qaldı hazırda Sovet Azərbaycanının tərkibinə daxil olan və guya mübahisəli hesab edilən Zəngəzur və Qarabağ məsələsinə, qətiyyətlə bəyan edirik ki, bu yerlər mübahisəli deyil və bundan sonra da Azərbaycanın sərhədləri daxilində qalmalıdır".

İyunun 19-da Orconikidze RSFSR-in Xalq Xarici İşlər Komissarı Georgi Çiçerinə göndərdiyi teleqramda bildirirdi ki, Azərbaycan Qarabağ, Zəngəzur, Naxçıvan və Şərur-Dərələyəz qəzasına iddia edir: "Qarabağ və Zəngəzurda sovet hakimiyyəti elan olunmuşdur və qeyd edilən ərazilər özünü Azərbaycanın tərkib hissəsi hesab edir. Azərbaycan heç bir halda Qarabağ və Zəngəzursuz keçinə bilməz. Ümumiyyətlə, mənim fikrimcə, Azərbaycanın nümayəndəsini Moskvaya çağıraraq, Azərbaycana və Ermənistana aid bütün məsələləri onlarla birlikdə həll etmək lazımdır. Bunu Ermənistanla müqavilə bağlanana qədər etmək gərəkdir, Zaqatala hadisələrinin ermənilərlə də təkrar olunması bizi burada qəti surətdə uğursuzluğa düçar edər".

Bu teleqramlar Moskvada ciddi narahatlıq doğurdu. Çiçerin müavini erməni Levon Mikaeloviç Karaxanyanın təsiri altında iyunun 22-də RK(b)P MK-nın Siyasi Bürosuna məktubla müraciət edərək özünün ermənipərəst şərhini təqdim edir. Nəticədə Siyasi Büro məsələnin mahiyyətinə varmadan qeyri-ciddi qərar qəbul edir: Şərqdəki məsul işçilərimiz üçün təlimat hazırlansın. 

Orconikidzenin 1920-ci ildə Georgi Çiçerinə göndərdiyi digər teleqramda da maraqlı məqamlara toxunulur. Teleqramda deyilirdi: "Azərbaycan və Ermənistanın mübahisəli vilayətləri barədə Sizin teleqramı gecə aldım. Leqran və Ter-Qabrielyanla görüşdüm. Məsələ belədir. Azərbaycan Qarabağ və Zəngəzurun dərhal və danışıqsız olaraq, ona birləşdirilməsini tələb edir. Məncə, bunu etmək lazımdır, belə ki, hər iki vilayət iqtisadi cəhətdən Bakıya bağlıdır və xüsusilə də indi Bəyazid türk diviziyasının paz kimi irəlilədiyi vaxt İrəvanla əlaqəsi tamamilə kəsilmişdir. Həmin ərazilər mübahisəli qalarsa, onların türklər tərəfindən tutulacağı şübhə doğurmur. Biz bunun qarşısını heç cür ala bilmərik... Məsələnin belə həll ediləcəyi halda Azərbaycanı digər vilayətlərdən imtina etməyə məcbur edə bilərik. Mənim fikrimcə, Qarabağ və Zəngəzur dərhal Azərbaycana birləşdirilməlidir". 

RSFSR 1920-ci il avqustun 10-da Ermənistanın daşnak hökuməti ilə müqavilə bağlamaqla Azərbaycana qarşı xəyanətkar və riyakar mövqe tutmuşdu. Müqavilənin ikinci bəndində deyilirdi: "Ermənistan Respublikası qoşunlarının yerləşdirilməsi üçün bu sazişlə müəyyən edilmiş zolaqlar istisna olmaqla, mübahisəli vilayətlər Qarabağ, Zəngəzur qəzası və Naxçıvan diyarı RSFSR qoşunları tərəfindən tutulsun". 

Azərbaycanda artıq sovet hakimiyyəti qurulduğu halda daşnak Ermənistanının təhriki ilə Rusiyanın qeyd edilən əraziləri tutmağı planlaşdırmasının arxasında məkrli niyyətlər dururdu və bunun açıq düşmənçilik əməli kimi sovetlərə qarşı əhalinin münasibətini pisləşdirəcəyi şübhə doğurmurdu. Rusiya Türkiyə ilə Azərbaycan arasında əlaqəni kəsmək, iki qardaş ölkəni ayrı salmaq üçün bu ərazinin bir hissəsini Ermənistana vermək və erməni daşnak-bolşevik birliyini Ermənistanda sovet hakimiyyətinin qurulmasına sövq etmək məqsədi güdürdü. Bu səbəbdən də Sovet Rusiyası məqsədinə çatmaq niyyəti ilə Azərbaycanın rəhbərliyinə bu planı icra edəcək kənar bir şəxs gətirmək qərarına gəlmişdi. 

1920-ci il oktyabrın 24-də Tula Quberniya Sovetinin İcraiyyə Komitəsinin sədri Qriqori Naumoviç Kaminski (Qofman) Azərbaycan Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin məsul katibi vəzifəsinə gətirildi. Oktyabrın 30-da İosif Stalin Bakıya yola düşür və Kaminskinin Azərbaycanda rəhbər vəzifəyə təyin olunmasından cəmi 10 gün sonra - noyabrın 4-də AK(b)P MK-nın Siyasi Bürosunun, RK(b)P MK-nın Qafqaz Bürosunun birgə iclasında Gürcüstanla danışıqlar və Ermənistanda vəziyyət məsələləri müzakirə edilir. İosif Stalin, Nəriman Nərimanov, Qriqori Kaminski (sədr), Lozner (katib), Mirzə Davud Hüseynov, Qriqori Orconikidze, Vasili Yeqorov, Yelena Stasova, Aron Şeynman, Boris Leqran, Əliheydər Qarayev və Ter-Qabrielyanın iştirak etdiyi iclasda RSFSR-in Ermənistanda səlahiyyətli nümayəndəsi Boris Vasilyeviç Leqran "Ermənistanda vəziyyət haqqında" məruzə ilə çıxış edir. On iki iştirakçıdan yalnız üç nəfərin azərbaycanlı, qalanlarının rus, gürcü, yəhudi və erməni olduğu iclasda məxfi qərarlar qəbul olunur. Moskvadan xüsusi tapşırıqla gələn Stalin deyir: "Əgər bilmək istəyirsinizsə, Zəngəzur və Naxçıvan kimə məxsus olmalıdır, onları Ermənistanın indiki hökumətinə vermək olmaz, sovet hökuməti qurulanda vermək olar". Yəni Stalin açıq eyhamla ermənilərə bildirirdi ki, Ermənistanda sovet hakimiyyətinin qurulmasına dəstək versəniz, bu yerlər sizin ola bilər. Azərbaycan torpaqlarının başqaları tərəfindən Ermənistana verilməsi siyasi, strateji və hüquqi baxımdan düzgün olmadığı üçün iclas qərara alır ki, təklif Azərbaycan tərəfindən irəli sürülsün və Nərimanov tərəfindən əsaslandırılsın. 

1920-ci il noyabrın 16-da İosif Stalin Vladiqafqazdan Leninə göndərdiyi şifrəli teleqramda yazırdı: "Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cənubdan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə verilsə, indi İranda yeganə real hakimiyyət İngiltərədədir. Belə vəziyyətdə İngiltərə Xəzər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bilər. Əgər o, qoşunlarını bir qədər də şimala doğru gətirərsə, onda Bakının müdafiəsi üçün xeyli qüvvə lazım olacaqdır. Belə təhlükəni aradan qaldırmaq üçün ingilislər İrandan çıxana qədər onların qarşısına Ənzəli və Rəştdə müvəqqəti olaraq qalmaq barədə şərt qoymaq lazımdır. İkinci təhlükə Türkiyə tərəfdəndir. Əgər Türkiyə Ermənistanda qalarsa, onda Azərbaycan ilə ümumi sərhəd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şəraitdən istifadə edərək, Ermənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Türkiyə və Azərbaycanın arasını vurmaq lazımdır. Üçüncü təhlükə Gürcüstan tərəfdəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan ibarətdir ki, Tiflis ilə Yelizavetpol arasındakı ərazi qərbdən olan hücumlardan qorunmaq üçün münasib deyildir. Elə ilk hücum zamanı düşmən Yelizavetpolda ola bilər. Burada o, heç şübhəsiz, burjua Azərbaycan hökuməti qurar, bununla da bizim Azərbaycandakı qoşunlarımızın arxasında qərar tutar". 

Stalin Qafqazdan Moskvaya qayıtdıqdan sonra noyabrın 27-də RK(b)P MK-nın Siyasi Bürosunun Leninin sədrliyi ilə keçirilən iclasında onun "Qafqazda aparılan iş haqqında" məruzəsi dinlənilir. Siyasi Büronun Lenin tərəfindən yazılmış qərarında deyilirdi: "Azərbaycanın qorunması və bütün Xəzər dənizinin əldə möhkəm saxlanılması başlıca vəzifə hesab edilsin". Hadisələrin sonrakı gedişatı göstərdi ki, əslində, Moskva Azərbaycanın maraqlarını, torpaqlarının bütövlüyünü qorumaq haqqında deyil, neft Bakısını, Avropa və Asiyanın qovuşuğunda yerləşən strateji regionu itirməmək barədə düşünürdü.

Noyabrın 29-da Ermənistanda daşnak hökuməti devrildi və hakimiyyət sovetlərə verildi. AK(b)P MK-nın Siyasi Bürosunun və Təşkilat Bürosunun noyabrın 30-da keçirilən birgə iclasında Nəriman Nərimanov, Qriqori Kaminski, Yelena Stasova, Qriqori (Serqo) Orconikidze, Sarkis Sarkisov, Vasili Yeqorov, Mirzə Davud Hüseynov və Aleksandr Serebrovskinin iştirakı ilə Ermənistan İnqilab Komitəsinin teleqramı müzakirə olunur və Zəngəzurun Ermənistana keçməsinə dair qərar qəbul olunur. Sovetlərin plenumunda bu barədə bəyanatın oxunması Nərimanova tapşırılır. Dekabrın 1-də Nərimanovun oxuduğu bəyanatda yalnız Zəngəzurun adı çəkilsə də, ertəsi gün dərc olunmuş qəzetlərdə Ermənistanın maraqlarını müdafiə edən Orconikidze və Kirovun dəstəsi tərəfindən Naxçıvanın da adı qeyd olunmuşdu. Daşnakların "Aşxatavor" ("Zəhmətkeş") qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Beləliklə, Azərbaycanın əzəli torpaqları bolşevik-daşnak çetesi tərəfindən hərraca qoyuldu. 

RK(b)P MK-nın Qafqaz Bürosunun Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Oraxelaşvili. Nazaretyan, Fiqatner, Kaminski və Eliavanın iştirakı ilə 1921-ci il iyunun 3-də keçirilən qapalı iclasında üç məsələ - Azərbaycan, Zəngəzur və köçərilər məsələsi müzakirə olundu. Birinci və üçüncü məsələ üzrə müzakirələr 6 saylı protokolda əks olunsa da, ikinci məsələ ilə bağlı "19 saylı protokola əlavəyə bax" qeyd edilmişdir. Bu sənəd "tamamilə məxfi" qrifi altında saxlanılır, çünki yeddi bənddən ibarət məxfi qərarın beş bəndi Zəngəzura aid olsa da, altıncı bənd gündəliyə daxil olmayan Dağlıq Qarabağla bağlıdır. Bu bənddəki qeyddən bəlli olur ki, yumşaq ifadə etsək, düşmənlərimiz tamamilə məxfi formada Ermənistana tapşırıblarmış ki, "Ermənistan hökumətinin bəyanatında göstərilsin ki, Dağlıq Qarabağ Ermənistana məxsusdur". Nəriman Nərimanovun bu iclasda çıxış etməməsi ciddi suallar və təəccüb doğurur. Tapşırığa əməl edən Ermənistan Xalq Komissarları Soveti Tiflisdəki müzakirədən üç gün əvvəl iyunun 12-də Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan edən dekret imzalayır. 

Ermənistan XKS-nin və RK(b)P MK-nın Qafqaz Ölkə Komitəsinin Azərbaycanın əzəli torpaqlarına dair belə qərar qəbul etmək səlahiyyəti olmadığı halda, bu siyasi oyunlara nə ehtiyac vardı?! Məsələ burasındadır ki, 1921-ci il mayın 2-də Zaqafqaziya respublikalarının daxili sərhədlərinin müəyyənləşdirilməsi üçün Qafqaz Ölkə Komitəsinin Plenumunda Sergey Mironoviç Kirovun rəhbərliyi ilə üç respublikanın nümayəndələrindən ibarət komissiya yaradılmışdı. İyunun 15-də isə Tiflisdə Zaqafqaziya respublikaları arasında sərhəd məsələlərinin nizamlanması üzrə komissiyanın müzakirəsi keçirilməli idi. Gizlin aparılan çirkin siyasi oyunların məqsədi də həmin müzakirələrdə Azərbaycanı fakt qarşısında qoymaq, torpaqlarımızın bir hissəsini Ermənistana birləşdirmək idi. 

İyunun 26-da Azərbaycan Xalq Komissarları Sovetinin, iyunun 28-də AK(b)P MK-nın Siyasi və Təşkilat bürolarının iclaslarında Dağlıq Qarabağ məsələsinin qoyuluşunun hüquqa zidd olduğu bildirildi. Azərbaycan XKS-nin iyunun 28-də keçirilən növbəti iclasında isə Ermənistanın dekreti rədd edildi. Ciddi araşdırmalardan sonra məlum olur ki, bu çirkin oyunların arxasında Serqo Orconikidze və Sergey Mironoviç Kirov dururmuş. Nərimanovun sərt etirazlarından sonra Orconikidze geri çəkilir və Rusiya Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin Qafqaz Bürosunun 1921-ci il iyulun 5-də keçirilən plenumunda Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxalanılması qərara alınır. Lakin daşnak-bolşevik çetesi torpaqlarımıza uzanan çirkin əllərini geri çəkmir. 

RSFSR və Ermənistan arasında 1920-ci il dekabrın 2-də bağlanan müqavilədə Zəngəzurun Ermənistanın tərkibinə keçməsi qeyd olunsa da, qəzanın yalnız bir hissəsi - Yuxarı Zəngəzur (indiki Gorus, Sisyan, Qafan rayonları və Meğri rayonunun bir hissəsi) 1921-ci ilin iyulunda Ermənistana birləşdirildi. Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Zəngəzur qəzası yaradıldı.

Azərbaycan SSR Xalq Kənd Təsərrüfatı Komissarlığının 1922-ci ilin oktyabrında Xalq Xarici İşlər Komissarlığı üçün hazırladığı arayışda bildirilirdi ki, keçmiş Zəngəzur qəzasının 405000 desyatin (4424,7 kvadratkilometr) ərazisi Ermənistana verilmişdir.

1922-ci il martın 12-də Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqına, dekabrın 13-də Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasına, dekabrın 30-da isə ZSFSR tərkibində SSRİ-yə daxil olduqdan sonra Azərbaycanın müstəqilliyi formal xarakter daşıyırdı, ölkə ZSFSR Mərkəzi İcraiyyə Komitəsindən və SSRİ Mərkəzi İcraiyyə Komitəsindən asılı vəziyyətdə idi. Bu səbəbdən də torpaqlarımızın Azərbaycanın razılığı olmadan Ermənistana verilməsi ölkədə ciddi narazılıq doğururdu. SSRİ MİK-in dörd sədrindən biri olan Nəriman Nərimanovun "Ucqarlarda inqilabımızın tarixinə dair" məruzəsi məxfi sənəd kimi 1923-cü ilin iyununda RK(b)P MK-ya İ.V.Stalinə, surətləri isə L.D.Trotski və K.B.Radekə göndərilmişdi. Sonralar, yəni 1923-cü il dekabrın 23-də və 1924-cü il mayın 27-də Nərimanov bu sənədə iki əlavə etmişdi. Mərkəzi hökumətin və onun yerlərdəki əlaltılarının Azərbaycanla bağlı çirkin və xəyanətkar siyasətini sərt tənqid edən Nərimanovun bu məktubu təəssüf ki, ictimaiyyətə açıqlanmadan gizli saxlanılmış, yalnız 1990-cı ildə rus dilində çap olunmuşdur. 

 Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1 yanvar 1927-ci il tarixli qərarı ilə Zəngəzur zonasında 24 kəndin ərazisi, 20 iyun 1927-ci il tarixli qərarı ilə 1065 desyatin Azərbaycan ərazisi, 18 fevral 1929-cu il tarixli qərarı ilə Cəbrayıl qəzasının Nüvədi, Eynəzir və Tuğut kəndləri Ermənistana verilmişdir. Sonrakı illərdə də Moskvanın himayədarlığı ilə Azərbaycan torpaqlarının bir qismi qanunsuz olaraq Ermənistana verildi, beləliklə, Azərbaycan Naxçıvandan və Türkiyədən, Türkiyə isə türk dövlətlərindən ayrı salındı. Osmanlı imperiyasını parçalayan dünyanın böyük dövlətlərinin də bu çirkin oyunlarda marağı var idi. 

Torpaqlarımıza göz dikən, Qarabağdakı separatçı-terrorçu dəstələrə hərtərəfli dəstək verən, Azərbaycan ərazisinin 20 faizini işğal edən təcavüzkar Ermənistan Vətən müharibəsində layiqli cavabını aldı. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Ümummilli Lider Heydər Əliyevin başladığı mübarizə möhtərəm Prezident cənab İlham Əliyevin müdrik hərbi-diplomatik strategiyası, müzəffər ordumuzun rəşadəti və qəhrəmanlığı sayəsində 2020-ci il noyabrın 10-da Vətən müharibəsində böyük qələbəmizlə nəticələndi. Ermənistan ağır məğlubiyyətə uğrayaraq danışıqsız təslim aktını imzaladı. Lakin təcavüzkar ölkə vaxtilə bizdən qopardığı doğma torpağımız Zəngəzurdan Naxçıvana keçmək üçün bizə dəhliz vermək tələbimizdən bu gün müxtəlif bəhanələrlə yayınır. Möhtərəm Prezident cənab İlham Əliyevin müdrik və ədalətli bir mesajını yenidən təcavüzkar Ermənistanın diqqətinə çatdırmaq istərdik: "Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Gəlsinlər, açsınlar tarixi sənədləri, xəritələri, baxsınlar, sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir - 101 il bundan əvvəl. Yəni, biz deyək ki, bu, olmayıb? Nəyə görə? Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur - Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda deyirlər ki, İlham Əliyev ərazi iddiası ilə çıxış edir. Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur".

Müdrik və ədalətli mövqedir, biz mütləq öz torpaqlarımıza qayıdacağıq. Qərbi Azərbaycan İcması da soydaşlarımızın sülh şəraitində, təhlükəsiz və ləyaqətlə qayıdışı istiqamətində Milli Məclisin deputatı, professor Əziz Ələkbərovun rəhbərliyi altında yüksək mütəşəkkilliklə fəaliyyət göstərir. Böyük qayıdışımız tarixi ədalətin təntənəsi olaraq doğma yurdlarımıza yeni bir həyat gətirəcək. O gün uzaqda deyil! 

Ermənistan bu gün silahlanır, yeni ordu qurur, müttəfiqlər axtarır, revanşist əhvali-ruhiyyə ilə yaşayır. Əbəs yerə zəhmət çəkməsinlər, vəsait xərcləməsinlər. Ermənistan unutmamalıdır ki, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi işğal olunmuş Azərbaycan torpaqlarında getmişdir, biz artıq torpaqlarımızı azad, suverenliyimizi bərpa etmişik. Ermənistanın hazırlaşdığı növbəti müharibə isə Ermənistan torpağında gedəcək! Bu fəlakətdən qaçmaq üçün Ermənistan rəhbərliyi ağıl və zəkanın səsinə qulaq asmalı, konstitusiyasından Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarını çıxarmalı, Azərbaycanla sülh müqaviləsini imzalamalı, Zəngəzur dəhlizini açmalı, bizə Naxçıvana sərbəst keçid imkanı verməlidır! Bu yeganə düzgün yoldur!

 

Həsən HƏSƏNOV, 

Əməkdar jurnalist, tarixçi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!