09 İyul 2025 08:25
663
SİYASƏT
A- A+
Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün faydalıdır

Zəngəzur dəhlizinin açılması regionun bütün ölkələri üçün faydalıdır


Azərbaycan Avrasiya üçün mühüm ticarət körpüləri yaratmağa çalışır


Avropa ölkələrinin enerji təminatçısı və etibarlı tərəfdaşı olan Azərbaycan Avrasiyada həm də "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin fəal aktorlarından biridir. Ölkəmiz yüklərin Asyiadan Avropanın müxtəlif istiqamətlərinə təhlükəsiz və ən əlverişli imkanlar daxilində daşınması üçün rahat tranzit marşurutu yaradıb. Xəzər dənizi, Beynəlxalq Dəniz Ticarəti Limanı, "Bakı-Tbilisi-Qars" dəmir yolu, Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar bir daha təsdiq edir ki, Azərbaycan Qafqazda ən əlverişli nəqliyyat-tranzit habıdır.   

İkinci Qarabağ müharibəsindəki Zəfərin yaratdığı reallıq fonunda isə Azərbaycan Orta dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu)  daha səmərəli və etibarlı marşrut olması üçün çox mütərəqqi təkliflər irəli sürür. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. 


Hərbi toqquşmalar, ticarət gəmilərinə qarşı silahlı hücumlar Orta dəhlizə marağı artırıb


Son illərdə Ukrayna-Rusiya müharibəsi, İran-İsrail gərginliyi, Yaxın Şərqdə baş verən hərbi toqquşmalar, eləcə də qiyamçı husilərin Qırmızı dənizdə ticarət gəmilərinə qarşı silahlı hücumları Avropa dövlətlərini Asiya ilə ticarət əlaqələrini davam etdirmək üçün yeni marşrutlar axtarmağa vadar edib. Məlum hadisələr və qlobal siyasətdəki gərginlik, yükdaşımaların qiymətini bahalaşdırmaqla yanaşı, Avropada inflyasiyanın artmasına da təsir edir. Savaşlar və gəmilərə silahlı hücumlar qlobal marşrutlarda təhlükəsizlik məsələlərinin həlli üçün ayrılan xərclərin də artmasını şərtləndirib. Belə olan hal isə əlbəttə ki, bahalaşmaya səbəb olur. Məhz bu reallıqları nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, bu gün Avropa ilə Asiyanı əlaqələndirən Transxəzər marşrutunun, yəni Orta dəhlizin əhəmiyyəti artır. 

Çin-Mərkəzi Asiya-Azərbaycan və Gürcüstandan Qara dənizə və Avropaya uzanan bu dəhliz yükdaşıma xərclərinin aşağı olması ilə yanaşı, həm də təhlükəsizdir. Çindən Avropaya Cənub dəhlizi ilə daşınan yüklər Süveyş kanalından keçməklə 20 min kilometr məsafəni keçməlidir. Lakin konteyner daşıyan qatar Orta dəhlizlə 12 gün ərzində 7 min kilometr məsafəni qət edəcək ki, bu da nəqliyyat xərclərinin az olması ilə bərabər, təhlükəsizliyin də təmin olunmasını şərtləndirəcək. Çin-Mərkəzi Asiya-Azərbaycan- Gürcüstan ərazisindən keçən marşrut ilə yüklər Qara dənizə, buradan isə Türkiyə və Şərqi Avropa ölkələrinə çatdırılacaq. Dəhliz həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır. 

Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ Rusiya-Ukrayna müharibəsidir. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı daha da artırıb. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqdadır. Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşdırılan layihələr bunun bariz təcəssümüdür. Dünyada qlobal layihələrin müəllifi, təşəbbüskarı kimi tanınan Prezident İlham Əliyev bu barədə həm xarici ölkələrə səfərlərində, həm ölkə daxilində keçirdiyi görüşlərdə, beynəlxalq forum və konfranslardakı çıxışlarında çox əhatəli şəkildə məlumat verir. Azərbaycan Prezidenti həm görülən işlərdən danışır, həm dəhlizin yaradacağı imkanları izah edir, həm də dəhliz üzərindəki ölkələri bu prosesə dəstək verməyə çağırır. İlham Əliyev əminliklə vurğulayır ki, Azərbaycan Zəngəzur dəhlizini reallaşdırdıqda ilk növbədə türk dünyası ölkələri üçün çox əlverişli imkanlar yaranacaq. Eyni zamanda Asiyadan Avropaya ən qısa marşurutun yaranması, qədim İpək Yolunun yenidən canlanmasını və ən əlverişli nəqliyyat-ticarət xəttinə çevrilməsini şərtləndirəcək.       


Zəngəzur dəhlizi Orta dəhliz üçün strateji stimul olacaq


Qlobal təşəbbüsləri ilə Avrasiyada yeni nəqliyyat-tranzit habları yaradan İlham Əliyev Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyətini dəyərləndirərkən qeyd edib ki, Azərbaycan ərazisindən, yəni Xəzər dənizi üzərindən daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə Azərbaycan nəqliyyat və logistika imkanlarını genişləndirir. 

Bütün bunların fonunda isə Zəngəzur dəhlizinin açılması əsas şərtlərdən biridir. Ona görə də Azərbaycan bu dəhlizin açılmasında israrlıdır. Prezident İlham Əliyev bu barədə danışarkən qətiyyətlə vurğulayıb: "Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək".

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündən geri qayıdarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan deyil, bütün region üçün yeni imkanlar yaradacaq. Türkiyə lideri Zəngəzur dəhlizini həm geosiyasi, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü söyləyib: "Zəngəzur dəhlizinin açılışı həm də Orta dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".

Rəcəb Tayyib Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir. Çünki Ermənistan da anlayır ki, regionun inkişafı təkcə Azərbaycan deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir. Türkiyə liderinin sözlərinə görə, Zəngəzur dəhlizi açıldığı zaman Türkiyənin Qars-İğdır-Naxçıvan dəmir yolu xətti və Qarabağda tikinti yatırımları daha səmərəli fəaliyyət halına gələcək: "Dünya dəyişir və bu vəziyyət yeni addımlar atmağı zəruri edir. Dəyişikliklərlə ayaqlaşmaq potensialı aktivləşdirmək və qazanc qapılarını açmaq deməkdir. Ermənistan və Azərbaycanın imzalayacağı sülh regionun ab-havasını dəyişəcək. Əldə olunacaq barışıq ilə bir-birinin ardınca yeni və tarixi fürsət pəncərələrinin açılmasının şahidi olacağıq. Münaqişələr və müharibələr səbəbindən boş qalan bölgənin potensialının aktivləşməsi ilə qalib modelin daha bir nadir nümunəsi ortaya çıxacaq".

Bir sözlə, Zəngəzur dəhlizinin açılması həm Azərbaycanın Qafqazda mühüm nəqliyyat-tranzit habına çevrilməsini, Naxçıvanın yüksəlişini təmin edəcək, həm də Orta dəhlizin fəaliyyətinə mühüm töhfə vermiş olacaq. Bu layihə iqtisadi inteqrasiya, regional sülh, əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizinin iqtisadi faydaları çoxşaxəlidir. Zəngəzur dəhlizi regionda iqtisadi artım üçün mühüm katalizator kimi çıxış edir. Açıldığı halda türk dünyası ölkələrini daha çox yaxınlaşdıracaq, Orta dəhliz üçün strateji stimul olacaq. 


Zəngəzur dəhlizinin əsas iqtisadi üstünlükləri


Ticarət əlaqələri genişlənəcək - Dəhliz vasitəsilə Azərbaycan ilə Naxçıvan arasında birbaşa əlaqə yaranacaq. Bu, malların daşınmasını sürətləndirəcək və xərcləri azaldacaq. Eyni zamanda Türkiyə ilə Orta Asiya ölkələri arasında ticarət əlaqələri də asanlaşacaq;

Logistika və nəqliyyat xərcləri azaldılacaq - Hazırda Naxçıvana və Orta Asiyaya mal daşımaları daha uzun və bahalı marşrutlarla həyata keçirilir. Zəngəzur dəhlizi qısa yol təqdim edərək nəqliyyat xərclərini aşağı salacaq; 

İnvestisiyalar artacaq -  Regional əlaqələrin yaxşılaşması və nəqliyyat infrastrukturunun inkişafı investorlar üçün əlverişli mühit yaradır. Bu da müxtəlif sahələrə (sənaye, kənd təsərrüfatı, turizm və s.) sərmayələrin daxil olmasına səbəb olacaq;

Əmək bazarı genişlənəcək və yeni iş yerləri yaranacaq -  Nəqliyyat və logistika sektorunun inkişafı ilə yanaşı, yeni iş yerləri yaranacaq ki, bu da regionda məşğulluğun artmasına kömək edəcək;

Regional iqtisadi inteqrasiya və sabitlik formalaşacaq - Zəngəzur dəhlizi Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirərək, uzunmüddətli iqtisadi sabitliyə və inkişaf perspektivlərinə şərait yaradacaq;

Gömrük və vergi gəlirləri artacaq - Artan ticarət dövriyyəsi və tranzit vasitəsilə gömrük və vergi gəlirləri yüksələcək ki, bu da dövlət büdcəsinə müsbət təsir edəcək.

Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Zəngəzur dəhlizinin siyasi aspektləri bu layihənin yalnız iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malik olduğunu göstərir. Bu dəhlizin açılması bölgədəki güc balansına, regional əməkdaşlığa və dövlətlərarası münasibətlərə birbaşa təsir edir.

Dəhlizin açılması regionda nəqliyyat qovşağına çevrilməyi hədəfləyən  Azərbaycanın geosiyasi və geoiqtisadi rolunu daha da artıracaq. Regional izoliyasiyadan çıxmaq üçün nəqliyyat kommunikasiyalarının açılması Ermənistana da faydalıdır. Çünki ümumi kommunikasiyaların açılması qarşılıqlı asılılıq yaradaraq sabitliyin artmasına töhfə verəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!