Şuşa kəlməsi əlli-altmış il əvvəl evimizdə ən çox təkrarlanan söz idi. Kiçik yaşlarımızdan bu şəhərin, bu məkanın adını böyüklərimizdən tez-tez eşidirdik. Şuşanın adı dilimizdən düşmürdü. Bu müqəddəs məkanın adını tez-tez eşitməyimizin səbəbi böyük qardaşlarımızın Şuşadakı internat məktəbində orta təhsil almaları ilə bağlı idi. Onlar hər dəfə Şuşaya gedəndə də, qayıdanda da bu şəhər barədə eşidirdik. Hər dəfə eşidəndə də Şuşanı nağıllar şəhəri kimi təsəvvür edirdik.
İllər bir-bir ötüb arxada qaldıqca yaşımızın üstünə yaş gəlirdi. Yaşa dolduqca da Şuşanı daha çox tanıyır, daha çox sevirdik. Qarabağın tacı, Azərbaycanın musiqi beşiyi olan bu gözəl diyarı görmək arzusu ürəyimizi heç vaxt tərk etmirdi. Amma səksəninci illərin sonlarında ermənilər Qarabağda işğalçılıq planlarının fitilini alovlandırmağa başlayanda narahat hisslər keçirdik. Havadarlarına arxalanan ermənilər hər gün azərbaycanlılar yaşayan kəndlərə hücum edir, insanları öldürür, evləri yandırırdılar. Çox keçmədi ki, işğal təhlükəsi nağıllar şəhəri olan Şuşanın da başının üstünü aldı. Ermənilər qəsbkarlıq planlarını reallaşdırmaq üçün bütün çirkin vasitələrə əl atırdılar. Təəssüflər olsun ki, 8 may 1992-ci ildə əsrlərdən bəri Qafqazın konservatoriyası hesab olunan gözəl Şuşa şəhəri düşmən əlinə keçdi. Bu qədim diyarın işğalı Azərbaycan xalqının ürəyini yandırdı. Bu yanğı, bu od-alov ev-ev gəzdi, el-el dolaşdı, heç vaxt sönmədi. İşğal olunsa da, düşmən əlinə keçsə də, Şuşa yaddaşımızda elə nağıllar şəhəri kimi qaldı.
Şuşa yolu açıldı
Qarabağın tacı olan Şuşanın işğalı 28 ildən çox çəkdi. 28 ildən çox Azərbaycan xalqı bu gözəl diyarın həsrətini çəkə-çəkə qaldı. Bu həsrətin odu ürəkləri yandırdı, qəlbləri dağladı. İşğal illərində nağıllar şəhəri düşmən tapdağı altında sıxılıb əzildi, ağrılardan sızım-sızım sızıldadı, göyüm-göyüm göynədi. İllərdən bəri qəlbləri göynədən, ürəkləri dağlayan bu iniltiyə, bu sızıltıya, bu yanğıya qüdrətli Azərbaycan Ordusu ürəklərə sevinc ələyən zəfəri ilə məlhəm qoydu. 8 noyabr 2020-ci ildə Şuşa erməni işğalından azad olundu. Bu şad xəbərdən Şuşanın torpağının da, suyunun da, başı həmişə dumanlı olan dağlarının da, xarıbülbülün də, başqa güllərin, çiçəklərin də üzü güldü. Azərbaycan xalqının çöhrəsindən 28 illik kədər, həsrət, nisgil yavaş-yavaş silindi. İşğaldan sonra Şuşaya gedən yollar açıldı. Hələ yeniləri də çəkildi.
Həm işğaldan əvvəl, həm də torpaqlarımız azad olunandan sonrakı zamanlarda heç vaxt ürəyimizi tərk etməyən nağıllar şəhərini görmək arzumuz yenidən baş qaldırdı. Azad olunandan sonra uşaqlıq illərindən bəri qəlbimizdə qurduğumuz xəyalları reallaşdırmaq üçün əlverişli imkan yarandı. Artıq Şuşaya getmək elə də çətin deyildi. Çünki indi bu şəhərdə silahlar şaqqıldamırdı, toplar gurlamırdı, qan tökülmürdü. İşğaldan azad olunmuş bu şəhərdə yalnız quruculuq işləri aparılırdı.
Gözəl yay günlərinin birində nağıllar şəhərinə getmək xəbəri qapımızı döydü. Lap ertədən, səhər gözlərini əməlli-başlı açmamış yola çıxdıq. Yola ona görə tez çıxdıq ki, həm Şuşaya tez çataq, həm də günümüzün çoxunu bu gözəl məkanın qoynunda keçirək. Həmin gün ovqatımız kimi, hava da yaxşı idi. Dünənkinə baxanda bu gün göyün üzü tərtəmiz idi. Səmada əl boyda da olsa, bulud gözə dəymirdi. Sonsuz asimanın dərinliyinə insanın gözlərinə, ruhuna rahatlıq ələyən gömgöy aydınlıq çökmüşdü.
İşğaldan azad olunmuş ərazilərə keçmək üçün Füzuli rayonunda yaradılmış məntəqəyə çatanda gün üfüqdən xeyli yuxarı qalxmışdı. Məntəqənin qarşısındakı uzun növbəni görəndə ovqatımız bir az korlandı. Anladıq ki, növbədə xeyli ləngiyib vaxt itirəcəyik. İstirahət günü olduğundan hamı Şuşaya gedir, bu gözəl diyarı görməyə tələsirdi. Bir saata yaxın gözlədikdən sonra keçid məntəqəsinin girişinə çatdıq. Yoxlama, dəqiqləşdirmə işləri elə də uzun çəkmədi. İşini bacarıqla yerinə yetirən gənc polislər tez bir zamanda yoxlama prosesini başa çatdırdılar.
Tələsdiyimizdən məntəqədən, necə deyərlər, ildırım sürəti ilə çıxdıq. Çünki Şuşaya çatmaq üçün bizi qarşıda xeyli yol gözləyirdi. Yetmiş kilometrlik məsafəni qət edəndən sonra ayağımız uşaqlığımızın nağıllar şəhərinin torpağına dəyəcəkdi. Bir az irəli gedəndən sonra yolun sol tərəfində işğaldan sonra qısa müddət ərzində inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanı möhtəşəm bir abidə kimi gözlərimiz önündə ucaldı. Bir anlıq maşını saxlayıb onun gözəlliyinə tamaşa etdik. İşğaldan azad edilmiş ərazidə salınmış beynəlxalq aeroport geniş çölün düzündə ətrafa işıq saçan böyük mirvariyə bənzəyirdi. Səmadan Yer üzünə gülümsəyən günəşin isti şəfəqləri onun üstünə ələnərək parıltısını daha da artırır, gözün doymaq istəmədiyi gözəl bir mənzərə yaradırdı.
Hərbçilərimiz canlarından keçmişdilər, amma bir qarış torpaqdan yox...
Bir az da irəlilədikdən sonra diqqətimizi böyük bir məlumat lövhəsi cəlb etdi. Lövhədə yazılanlar bu yerlərə ilk dəfə ayaq qoyanlara işğaldan azad edilmiş ərazilərin başlandığı xətti bildirirdi. Bir az qabaqda, yolun sağ tərəfində əzəmətlə dalğalanan üçrəngli bayrağımıza qürur və iftixarla baxdıq. Bayraq böyük bir daş abidənin üstündə dalğalanırdı. Asta, kövrək addımlarla abidəyə, dalğalanan üçrəngli bayrağımıza yaxınlaşdıq. Daş abidənin üstünə bu sözlər yazılmışdı: "Vətən uğrunda canından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri".
Dayandığımız bu ərazi bir vaxtlar erməni işğalçılarının ön xətti olmuşdu. Düşmən 28 ildən çox Azərbaycan əsgərinin gülləsindən qorunmaq üçün tülkü kimi bu mövqedə gizlənmişdi. 28 ildən sonra yağı hücumunun, işğalçı təxribatının qarşısını almaq, qəsbə son qoymaq üçün ordumuzun hissələri əks-hücuma keçmişdi. 27 sentyabr 2020-ci ildə indi sakitlik hökm sürən bu yerlərdə qanlı döyüşlər getmişdi. Azərbaycan Ordusunun zabit və əsgərləri torpaqlarımızı işğaldan azad etmək üçün cəsarətlə vuruşaraq düşməni bu yerlərdən qovmuşdular. Uzun illərdən bəri ön mövqeyində möhkəmlənən işğalçılar ilk dəqiqələrdə geri çəkilmək istəməmişdilər. Ciddi müqavimət göstərərək mövqelərini əllərində saxlamağa çalışmışdılar. Amma məqsədlərinə çata bilməmişdilər. Azərbaycan əsgəri cəsarəti, hünəri ilə yağıların arzusunu gözündə qoymuşdu. Bu gərgin döyüşlərdə hərbçilərimiz canlarından keçmişdilər, amma bir qarış torpaqdan yox. Nə qədər təhlükəli olsa da, bir addım da olsun geri çəkilməmişdilər. Belə böyük hünərin, yenilməz cəsarət və rəşadətin qarşısında dayana bilməyən işğalçılar ağır itki verib, meyitlərini də, silah-sursatlarını da atıb qaçmışdılar. Düşmənin ön mövqelərinin yarılması ilə də böyük zəfərin ilk kərpicləri qoyulmuşdu. Bundan sonra döyüşçülərimizi Qarabağa, qələbələrə aparan yollar geniş açılmışdı. Bir vaxtlar düşmənin ön mövqeyi olmuş səngərləri nəzərdən keçiririk. Hələ də ermənilərin atdığı patronların, mərmilərin gilizləri ətrafa səpələnmiş vəziyyətdə qalıbdır. Hələ də bu yerlərdən müharibə, qan-qada qoxusu çəkilməyib.
Yurdumuzun azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxuyandan sonra ətrafı seyr edə-edə Şuşaya doğru gedirik. Bu yerlərdə ürəkaçan heç nə gözə dəymir. Ermənilər işğal dövründə bütün kənd və qəsəbələri darmadağın ediblər. Yanından ötüb keçdiyimiz kəndlərdə evlərin yarıya qədər uçurulmuş divarlarından başqa heç nə qalmayıb.
Sevinc dolu uğur yolu
Şuşaya getmək üçün qarşıdakı dairəvi yoldan sağ tərəfə dönürük. Düz gedən yol yolçuları Xocavənd rayonuna aparır. Bir az qabağa gedəndən sonra Füzuli rayonunun sakinləri üçün inşa edilmiş yeni evləri görürük. Gördüklərimizdən ürəyimiz dağa dönür. Doğma ocaqlarına qayıtmış rayon sakinləri dövlətin onlar üçün tikdiyi hərtərəfli şəraiti olan evlərdə yaşayırlar. Artıq demək olar ki, Füzuliyə həyat qayıdıb. Uzun illər işğalda qalmış ərazilərdə insan nəfəsi duyulur, insan səsi eşidilir. Evlərin həyətlərində adamlar gözə dəyir, uşaqlar əl-ələ tutub geniş meydançada oynayırlar. Onların şən səsindən sanki torpağın da, daşın da üzü gülür.
Yolun kənarındakı lövhə Şuşaya əlli kilometr məsafə qaldığını göstərir. Zəfər yolu sanki bizi qollarının üstünə alıb nağıllar şəhərinə aparır. Qısa müddət ərzində çəkilən yol çox rahatdır. Bu rahatçılıq içində Zəfər yolunun yaranması haqqında istehkamçılardan eşitdiklərimizi xatırlayırıq. Biz hərbi hissədə olanda onlar danışmışdılar ki, erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda istehkamçılar canlı qüvvələrimizin və texnikalarımızın düşmən üzərinə getməsi üçün həyatlarını riskə qoyaraq "dəhliz" açıblar. Özü də təhlükəsizliyi nəzərə alaraq bu "dəhliz"i qəsbkarların gözləmədikləri, çətin keçilən ərazilərdən açmağa qərar vermişdilər. Ordu hissələri də istehkamçıların böyük çətinliklə açdıqları bu yerlərdən düşmən üzərinə əks-hücuma keçiblər. Çətin peşə sahibləri açdıqları təhlükəsizlik "dəhliz"ləri ilə yurdumuzun azadlığı uğrunda döyüşən qüvvələri Şuşaya aparıb çıxarmışdılar.
"Oğullar verdi ki, can..."
Döyüşlər dayanan kimi Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə geniş və sürətli quruculuq işlərinə başlanıldı. Təbiidir ki, yollar çəkilmədən bu işləri aparmaq mümkün deyildi. İşğal dövründə ermənilər bütün yolları dağıdıb yararsız hala salmışdılar. Şuşaya yeni yol dövlət başçısının göstərişinə uyğun olaraq müharibə gedən günlərdə ordu hissələrinin irəliləməsi üçün istehkamçıların açdıqları təhlükəsizlik "dəhliz"inin yerindən çəkildi. Adı da Zəfər yolu oldu. Çünki müharibənin davam etdiyi günlərdə zabit və əsgərlərimiz bu yerlərdən keçərək düşmən üzərinə getmiş və Zəfər qazanmışdılar.
Füzuli rayonunun mərkəzində tikilmiş yeni binaların yanından keçəndən sonra bənzərsiz dağları, dərələri gördük. Bir-birinə söykənərək başı buludlara uzanan dağlar ətrafa əsrarəngiz yaraşıq verirdi. Göz işlədikcə uzanıb gedən bir-birindən gözəl ərazilərə baxdıqca fikirləşirdik ki, zabit və əsgərlərimiz bu uca dağları, yastı dərələri, geniş çölləri erməni işğalçılarından azad edəndə necə böyük cəsarət və hünər göstəriblər. Bu yerlərin hər addımı uğrunda qan töküblər, sərrast atəşlə yağıları məhv ediblər. Bunları fikirləşdikcə Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş şair Elxan Xəzərin bu misraları yada düşür: "Oğullar verdi ki, can, yaşasın Azərbaycan!"
Uca dağın ətəyində yerləşən Böyük Tağlar kəndindən keçirik. Ətraf qalın meşəlik və geniş çöllükdür. Bənzərsizliyi ilə bizi sehirləyən bu gözəlliyə tamaşa etmək üçün ayaq saxlamalı oluruq. Bir anlıq sinəmizdə Qarabağın təmiz havasını hiss edirik. Dağın ətəyində sıra ilə tikilmiş evlər kiçik qalaları xatırladır. Kəndin içi, ətrafı tamam yaşıllığa bürünüb. Bəzi evlərin həyətindən çıxış birbaş meşəyədi.
İrəli getdikcə Zəfər yolu yavaş-yavaş üzüyuxarı qalxır. Ətrafdakı gözəlliyi seyr etməkdən doymuruq. Ermənilər illər uzunu belə gözəl yerlərimizi, bənzərsiz məkanlarımızı əllərində saxlamışdılar. Avtomobillər Şuşaya gedən zirvələrin arasından keçən yollarla üzüyuxarı güclə dırmaşır. Bu anlarda düşünürük ki, qəhrəman zabit və əsgərlərimiz müasir texnikaların asfalt yolla çətinliklə qalxdığı bu yerləri vuruşa-vuruşa, ölümün gözünün içinə dik baxa-baxa, zəfər qazana-qazana addım-addım irəli gediblər. Bax, budur əsl qəhrəmanlıq, əsl igidlik, əsl Vətən sevgisi!
Yolun kənarına vurulmuş lövhə Şuşaya on kilometr məsafə qaldığını göstərir. Deməli, nağıllar şəhərini görəcəyimizə az qalıb. Bu məsafəni də qət edəndən sonra illərin həsrətinə son qoyulacaq. Qardaşlarımın bir vaxtlar orta təhsil aldığı Şuşanı görəcəyik, ayağımız bu yerlərin torpağına, daşına dəyəcək. Bu gözəl məkanın təmiz havasını udacaq, torpağına sığal-tumar çəkəcək, ətrafa gözəllik verən güllərinin xoş ətrini qoxulayacağıq.
Şuşanın dağları dumanlı da gözəldir, dumansız da
Hündür bir dağın zirvəsində dayanırıq. Artıq illərdən bəri həsrətini çəkdiyimiz Qarabağ torpağının içərilərinə doğru xeyli yol gəlmişik. Göz işlədikcə uzanıb gedən gözəl mənzərə bizi sehrinə salır. Dağın zirvəsindən üzüaşağı möhtəşəmliyə tamaşa edirik. Yaşıllığa bürünmüş dağlar bir-birinin kürəyinə söykənərək göz işlədikcə sıralanıb gedir. Meşələr sanki dağların əyninə yaşıl don geydirib. Bu yaşıllıq da elə bil yerlə bərabər, göyün də rəngini dəyişib. Lap uzaqlardan Şuşanın dağları görünür. Onların başı seyrək dumanlıdır. Deməli, gözəlliyi vəsf olunan məşhur mahnıdakı "Şuşanın dağları başı dumanlı" sözlərini təsadüfi yazmayıblar. Dillərə düşən bu sözlərlə təbiətin gözəlliyini vəsf ediblər. Şuşanın dağları dumanlı da gözəldir, dumansız da.
Bir anda səmada dayanmış buludlar yerindən tərpənib sıxlaşır. Bu isə nəriltiyə, gurultuya çevrilir. Tezdən biz yola çıxanda göyün üzü tərtəmiz idi. Bəs bu buludlar birdən-birə haradan gəlib çıxdı? Göy üzünə çıxan kimi də Günəşin üzünü tutur. Az keçmiş yağış yağır, Qarabağ torpağına göydən nur ələnir. Deyəsən, yağış sakit yağmaq istəmir. Amma qəfil başlayan yağış elə qəfil də dayanır. Sıxlaşan buludlar tez bir zamanda bir-birilərindən uzaqlaşırlar. Yağış kəsən kimi Günəş yenə də parlaq şəfəqlərini Yer üzünə sərir.
Gözümüzü buludlardan bir anlıq çəkib ayağımızın altına baxanda yaşıllıqda bir-birinə bənzəməyən güllərin, çiçəklərin bitdiyini görürük. Sanki təbiət çiçəklərdən torpağa xalı sərib. Əyilib güllərin xoş ətrini qoxuyuruq. Güllərin özləri kimi, qoxusu da gözəldir. Bir-birinə bənzəməyən mənzərələri seyr etməkdən gözümüz yorulmur. Elə saatlarla burada dayanıb Qarabağın gözəlliyinə tamaşa etmək istəyirik. Amma yox, yolda çox ləngiməməliyik, nağıllar şəhərinə tez çatmalıyıq.
Yenə də Zəfər yolu bizi qoynuna alır. İkinci Qarabağ müharibəsindən sonra Qarabağa ilk və qısa müddət ərzində çəkilən Zəfər yolu insanların yaddaşında tarixi bir yol kimi qalacaq. İndi həmin yolla ətrafımızdakı gözoxşayan gözəllikləri seyr edə-edə Şuşaya doğru gedirik. Bütün bunları illər əvvəl yalnız xəyal edərdik. Amma artıq xəyallar reallığa çevrilib.
Bayaq çətinliklə qalxdığımız uca dağlardan asta-asta üzüaşağı düşürük. Yavaş-yavaş Şuşaya yaxınlaşırıq. Ətrafından keçdiyimiz kəndlərin yolun qırağındakı lövhəyə yazılmış adlarını oxuyuruq. Baharlı, Dəmirçi, Sığnaq... Kəndlərin adlarını oxuduqca fikirləşirik ki, Baharlı kəndi sanki Şuşaya yazı, baharı gətirir. Dəmirçi kəndi dəbilqə kimi onu qəfil olacaq təhlükələrdən qoruyur. Hava soyuq olanda isə sanki musiqi beşiyimiz Şuşa Sığnaq kəndinə sığınıb isinir.
Meşələrin ətəyinə çiçəklər səpələnib
Şuşa torpağında həyatımızda ilk dəfə gördüyümüz gözəl bir mənzərəni daha da yaxından seyr etmək üçün ayaq saxlamalı oluruq. Yolun kənarından dağın ortasına qədər çəmənlikdir. Çəmənlik qurtarandan sonra isə sıx meşəlik başlayır. Yolun qırağından meşəliyə qədər uzanan çəmənlik ağappaqdır. Sanki yayın bu isti günlərində dağların ətəklərinə qar yağıb. Amma yox, bu ağappaq görsənən əraziyə qar yağmayıb, bunlar bir-birinə sıxlaşıb günəşə boylanan ağappaq çiçəklərdir. Diqqətlə fikir verəndə görürük ki, güllər hamısı eyni biçimdə, eyni boyda və eyni rəngdədi. Bu da təbiətin bənzərsiz bir möcüzəsidir, insanlara əvəzsiz gözəllik bəxşişidir. Bizi heyran edən bu gözəllikdən zövq alan quşlar da sinəsində güllərə yer vermiş çəmənliyin üstündən o tərəf - bu tərəfə uçuşa-uçuşa cəh-cəh vurub nəğmə oxuyurlar.
Bizdən başqa da bu gözəlliyə heyran olan insanlar maşınlarını bir neçə dəqiqəlik yolun kənarına çəkməli olurlar. Sanki möhtəşəm təbiət ahənrüba kimi yoldan keçən insanları özünə çəkir. Belə gözəlliyi yaxından seyr etmədən zövq almaq mümkün deyil. Avtomobillərdən düşən bir neçə qadın çəmənlikdən çiçək yığır. Qarabağın gözəllikləri görənləri elə ilk dəqiqədən heyran edir. Belə bənzərsiz mənzərəyə baxdıqca zövq alırıq, ürəyimiz açılır.
Bu anlarda təəssüf hissləri keçiririk ki, gözəlliyi ilə dünyaya meydan oxuyan Qarabağımız, Şuşamız uzun illər düşmən işğalında qaldı. Həmin müddət ərzində erməni vandalları bu yerlərin yerüstü və yeraltı sərvətlərini talayıb Ermənistana daşıdılar. Oradan da dünyanın ermənilər yaşayan başqa-başqa şəhərlərinə yola saldılar. Bu sərvətlərin hesabına varlandılar, pullandılar, sonra da harınlayıb cızıqlarından çıxdılar, əndazəni aşdılar. Şükürlər olsun ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında doğma Qarabağımızı əsl sahiblərinə qaytardı. Dünya Qarabağın əbədi-əzəli sakinlərinin kim olduğunu gördü və yaxından tanıdı.
(ardı var)
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Bakı-Şuşa-Bakı