02 Fevral 2023 02:05
1800
SİYASƏT
A- A+

Zəfər gəncləri

 

Millətin, dövlətin ən böyük qüruru, sərvəti, gələcəyi onlar - dünyada baş verən mütərəqqi dəyişikliklərə, elmi-texniki tərəqqiyə meyilli, sürətlə inkişaf edən müasir dövrün tələblərinə cavab verən, eyni zamanda soy-kökünə bağlı olan, əmanət kimi ona ötürülən milli-mənəvi dəyərləri qoruyan, yaşadan, düzgün tərbiyə almış, təhsilli, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı, sağlam gənclərdir. 
Onların isə ən böyük gücləri arzularının sonsuzluğunda, ümidlərinin tükənməzliyindədir. Bu mənəvi güclə maneələri dəf etmək, bəzən mümkünsüz görünənləri də gerçəkləşdirmək əzmində, iradəsindədirlər.
Əslində, ömürlərinin gənclik coşqulu çağlarını yaşayan gənclərə elə gəlir ki, nəinki bütün günlər, aylar, illər, hətta bütün dünya onlarındır. Ancaq təqvimimizdə bir gün var ki, adına Azərbaycan Gəncləri Günü deyirik. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 1-də imzaladığı Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Həmin vaxtdan bu əlamətdar gün respublikamızda təntənə ilə qeyd olunur. Ötən il fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu keçirildi. Forumda çıxış edən Prezident İlham Əliyev dedi: "İyirmi beş il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü təsis edildi və o gündən bu günə qədər fevralın 2-də biz bu günü qeyd edirik. Ondan bir il əvvəl isə Heydər Əliyevin təşkilatçılığı və təşəbbüsü ilə Azərbaycanda Birinci Gənclər Forumu keçirilmişdir. O vaxtdan bu günə qədər gənclər siyasəti daim dövlətin prioritetləri sırasında idi. O gündən bu günə qədər bir nəsil dəyişdi və bu gün bu salonda oturan gənclər o vaxt ya hələ dünyaya gəlməmişdi, ya da balaca uşaqlar idi. Bir nəsil dəyişdi və Azərbaycan dəyişdi".
İllər keçdi. Ermənistanın işğal etdiyi torpaqlara ayaq basmayan, görməyən Azərbaycan övladları böyüdülər. Ancaq harada yaşamasından, boya-başa çatmasından asılı olmayaraq Vətən torpağı əzizdir, onun hər qarışı müqəddəsdir. Azərbaycan xoşbəxt ölkədir ki, bütün guşələrində bu ruhda gənclər yetişir. Onlar həyatı, yaşamağı çox sevsələr də, bəxtəvər olmaq, istəklərini reallaşdırmaq üçün zamanları çox olsa da, müqəddəs amalları, idealları uğrunda bir an belə tərəddüd etmədən bunlardan vaz keçə bilirlər. 
O yerdə ki, "Vətən dardadır" deyilir, çoxlarının hələ uşaq kimi baxdıqları, nazını çəkib, qayğısına qaldıqları gənclərin o zaman hərəsi bir qəhrəman olur. Sinələrini düşmən güllələrinə sipər edirlər. 2020-ci ilin payızında, 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusunun döyüşçüləri bütün dünya tarixində belə bir nümunə göstərdilər.
Fəxr etdiyimiz gənclərimiz bu gün də ayıq-sayıqdırlar. Bilirlər ki, müharibə bitsə də, düşmənlər məkrli planlarını davam etdirirlər. Görünür, Qarabağda, Şərqi Zəngəzurda qəhrəman Azərbaycan Ordusunun uğratdığı məğlubiyyət Ermənistana dərs olmayıb. Ona görə də nəzərlərini Azərbaycanın torpaqlarından çəkməyib. Yağı düşmən hələ də sərvətlərimizə göz dikib. Ancaq unutmamalıdırlar ki, Azərbaycan xalqı, Azərbaycan dövləti onları hər zaman məğlub etmək, öz haqqını tələb etmək gücündədir. Və bu yolda hər zaman Azərbaycanın könüllüsü olan gəncləri var. 
Qeyd edək ki, ölkəmizdə könüllülər hərəkatı ildən-ilə genişlənir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2020-ci ilin "Könüllülər ili" elan edilməsi haqqında sərəncamında bildirilib: "Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir". Sərəncamda qeyd olunduğu kimi, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN, "Regional İnkişaf" İctimai Birliyi, "Bir" Tələbə könüllüləri və digər könüllü hərəkatları yaranmış, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on minlərlə gənci birləşdirən könüllü qrupları formalaşmışdır.
Sevindirici haldır ki, gənclərimiz fəal, təşəbbüskar və mübarizdirlər. Onların bir qrupu ötən ilin 12 dekabrından başlayaraq ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə "Dəmirli" və "Qızılbulaq" mədənlərinin qanunsuz istismarına qarşı Azərbaycan vətəndaş cəmiyyəti üzvləri, ekofəallarla birgə dinc etiraz aksiyası keçirirlər.
Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində aksiya keçirən etirazçılar ilk günlərdən humanitar məqsədlər üçün istifadə etmək istəyənlərə yolun açıq olduğunu bəyan ediblər. Bu yolla hər gün Rusiya sülhməramlılarına məxsus maşın karvanları, Beynəlxalq Qızıl Xaç Təşkilatına aid avtomobillər hər iki istiqamət üzrə rahat hərəkət edir. Çünki Prezident  İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı söylədiyi kimi, bizim məqsədimiz blokada deyil: "Bizim haqlı tələblərimiz var və bu aksiyanın tarixçəsini də indi hər kəs bilir. Bizi faktiki olaraq qanunsuz istismar edilən o mədənlərə buraxmayıblar. Orada da şou düzəltmişdilər, guya ki, hansısa etirazçılar çıxmışdı. Bizim oraya çıxışımız olmayana qədər yəqin ki, bu aksiya da davam edəcək. Bizim tələblərimiz də tam ədalətlidir. Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq". 
Aksiyada fəal iştirak edən azərbaycanlı gənclər qətiyyətlə bildirirlər ki, bundan sonra sərvətimizin talanmasına, torpaqlarımızda yaşayıb Azərbaycan qanunlarını pozanlara qarşı mübariz olacaqlar. Qış günlərinin kəskin soyuğu, havaların qarlı, şaxtalı keçməsi qətiyyətli Azərbaycan gənclərini çəkindirmir. Əksinə, mübarizə əzmləri gündən-günə yüksəlir. İştirakçılar bəyan edirlər ki, haqlı tələbləri yerinə yetməyənə qədər aksiya davam edəcək. 
Hər zaman milli maraqları, dövlətimizin gücünü, qüdrətini, Vətənimizin bütövlüyünü düşünən, bu böyük məqsəd və amallar naminə həmrəylik və fəallıq nümayiş etdirən Azərbaycan könüllüləri bir daha göstərirlər ki, onlar ölkənin sərvətlərinin talanmasına, təbiətinin məhv edilməsi ilə barışmazdırlar.
Azərbaycan gəncləri arzuları, ümidləri, xəyalları, cəsarətləri, bir də doğma xalqın onlarla duyduğu fəxr, qürur hissləri ilə, dövlətimizin inamı, güvənci ilə güclüdürlər.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video