Azərbaycanın böyük şəhərləri, ucqar bölgələri, kənd və qəsəbələri maddi-mədəni irsimizi özündə yaşadan tarixi abidələrlə zəngindir. Belə abidələrdən biri də Zaqatala qalasıdır.
Ümumiyyətlə, Zaqatalada 108 tarixi-memarlıq abidəsi var. Əksəriyyəti yerli əhəmiyyətlidir. Onlardan ən qədimi Pəri qalası, Armatay qalası, Cingöz qalası, Şeytan qalası, Zaqatala səddi və başqalarıdır. Bunlardan başqa, rayonun kənd yerlərində VI-VIII əsrlərdən qalmış 10-dan çox alban abidəsi mövcuddur.
Zaqatalada qədim abidələrlə yanaşı, yeni dövrün tarixini özündə birləşdirən abidələr də çoxdur. Bu bölgəni tarixdə işğalçılara qarşı mübarizənin örnək nümunəsi kimi də səciyyələndirmək olar. Belə mübarizələrdən tarixdə tanınan Car-Balakən üsyanı Zaqatala qalasının "bioqrafiya"sında xüsusi yer tutur.
Car-Balakən qəzası Rusiyanın təbəəliyinə keçdikdən sonra (1804) onun hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdir. Bu qala Cənubi Qafqazda olan rus qoşunlarının komandanı general-feldmarşal Paskeviçin əmri ilə tikilmişdir. Qalanı tikdirməkdə çar hökumətinin məqsədi rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılması idi.
1828-ci ildə Türkmənçay müqaviləsindən sonra qalanın tikilməsi labüd hal almışdır. Artıq 1830-cu ildə Zaqatala qalasının divarlarının tikintisinə başlanıldı. Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın çöl tərəfindən eni 10, dərinliyi 5 metr olan xəndək qazıldı. Sahəsi 11,5 hektar olan qalanın divarlarının uzunluğu 3000, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük - Zabit, Əsgər və Nəqliyyat qapıları mövcuddur. İstifadəsinə uyğun olaraq adlandırılan bu qapılar qalanın şərq və qərb hissəsində yerləşir. Qalada daimi olaraq 2500 əsgər, bəzən isə 8-10 minə qədər əsgər yerləşdirilirdi.
Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də, köhnə sistemlidir. Onun şimal-qərb bürcü müşahidə bürcü olumuşdur. Bürc ikimərtəbəlidir və onun üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir. XIX əsr tikilisi olmasına baxmayaraq, Orta əsr qalalarında olduğu kimi, mühasirədən çıxmaq üçün qalanın altından şəhər ətrafına doğru yeraltı iki yol çəkilmişdir. Hazırda həmin yollar bağlı olsa da, qalır.
Məxəzlərin yazdığına görə, müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlamış, lakin ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçir. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözləyirlər. Qalanı hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəlir. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırır.
Zaqatala Tarix-Mədəniyyət qoruğunun elmi işçisi Səbuhi Bayramov mətbuata açıqlamasında bildirib ki, 1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra, yəni Qafqaz Rusiyanın nəzarətinə keçdikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Amma 1905-ci il inqilabi çaxnaşmalar Rusiyanın hər tərəfini bürüdüyü zaman qala təzədən yada düşdü. "Potyomkin" gəmisində baş verən üsyan siyarətedici xəstəlik kimi imperiyanın başqa donanmalarına da yayılmışdı. 1905-1907-ci il inqilabından sonra gəmidə baş verən üsyan yatırılaraq iştirakçıları Zaqatala qalasına sürgün edildilər.
1918-ci ildə Musavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu Musavat piyada polku yerləşdirildi. Həmin dövrdə məşhur türk sərkərdəsi Nuru Paşanın komandanı olduğu ordunun bir bölüyü də bu qalada dislokasiya olundu. Sovet hakimiyyəti illərində isə banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi bura köçdü. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, habelə bir çox idarə və müəssisə fəaliyyət göstərmişdir. Ötən əsrin sonlarında Azərbaycan öz tarixi müstəqilliyinə qovuşduqdan sonra qalada daxili qoşunların "N" saylı hərbi hissəsi yerləşmişdi. Hazırda qala Zaqatala Dövlət Rəsm Qalereyasının ünvanıdır. Xatırladaq ki, məşhur "Yenilməz batalyon" və "Cavad xan" filmləri Zaqatala qalasında çəkilmişdir.
Rəhman SALMANLI,
"Azərbaycan"