Müstəqillik tariximizdə ilk dəfə olaraq ölkəmizin bütün ərazisində fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri sadəcə seçki deyil, sevinc, şadyanalıq, birlik, bərabərlik günü oldu. Həmin hadisədən ötən sonrakı aylarda həyata keçirilən fəaliyyətlərin bəzisinə qısa nəzər yetirmək onların nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.
Milli iradə hər şeydən üstündür!
Növbədənkənar prezident seçkiləri müstəqillik illərində ən çox seçicinin iştirakı ilə tarixə yazıldı. Həmin gün Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Xankəndidə səs verdi. Seçki Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində döyüş meydanında, siyasi-diplomatik, informasiya savaşında düşmənlər üzərində qazandığı zəfərin, demokratik yolla, millətin səsi ilə təsdiqi oldu. Bu Zəfər seçkisi idi. Millət onun başını uca edən, üstündəki ləkəni silən və başlıca hədəfinə çatdıran İlham Əliyevə səs verdi. Milli iradə üstün gəldi.
Yeni hədəflər nədir?
Yeni mərhələdə qarşıda dayanan hədəfləri Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimindəki nitqində açıqladı: ordunu, Silahlı Qüvvələri daha da gücləndirmək, güclü hərbi sənaye kompleksini yaratmaq, sərhədləri, milli təhlükəsizliyi etibarlı təmin etmək, ideoloji risklərdən qorunmaq, gənc nəsli vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə etmək, milli birliyi möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq olmaq, ailə tərbiyəsi, Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək, texnoloji inkişaf, bərpaolunan enerji, nəqliyyat sahəsində işləri davam etdirmək, Türk Dövlətləri Təşkilatını gücləndirmək, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında fəal iştirak etmək, xarici siyasət istiqamətində yeni üfüqlər açmaq, dünyanı narahat edən problemlərin həllində aktiv, islamofobiyaya qarşı mübarizədə ön sıralarda, neokolonializm əleyhinə mübarizə aparan ölkələrin yanında olmaq, Azərbaycana qarşı atılan addımlara adekvat cavab vermək və sairə. Dövlət başçısı dedi ki, bizim ailəmiz türk dünyasıdır.
Bu vəzifələrin yerinə yetirilməsindən ötrü geniş fəaliyyətə başlandı.
Xankəndidə Novruz tonqalı
Soyqırımı günündə Xocalı şəhərində soyqırımı qurbanlarının xatirə kompleksinin təməlini qoymaqla Prezident İlham Əliyev millətin arzularından birini yerinə yetirdi, indiki və gələcək nəsillərin tarixini unutmamalarından ötrü yol xəritəsi verdi. Millət bu hadisəni qürur hissi ilə qarşıladı. Artıq Xocalı soyqırımı qurbanlarının ruhu şaddır.
Prezidentin Xankəndidə Zəfər meydanında Novruz tonqalı qalaması da böyük məna daşıyırdı. Xankəndi indiyədək belə bir Novruz tonqalı görməmişdi. Bu tonqalda Ermənistanın "miatsum" və separatçılıq niyyətləri yandırılıb külə döndərildi. Qürurlu tarix yaradıldı. Milli dəyərlərimiz Xankəndiyə qaytarıldı. Müstəqillik illərində ilk dəfə olaraq tək sağlam can kimi Vətənimizin hər bir guşəsində İlaxır çərşənbə və Novruz bayramı keçirildi.
Böyük qayıdış proqramı uğurla həyata keçirilir
İşğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işləri, Böyük qayıdış proqramı uğurla həyata keçirilir. Heç bir dövlətin və beynəlxalq təşkilatın yardımı olmadan qısa müddətdə Zəngilan, Cəbrayıl, Laçın, Füzuli, Şuşa və Kəlbəcərdə dövlət büdcəsi hesabına tikilmiş müasir evlərə keçmiş məcburi köçkünlərin planlı şəkildə qaytarılması dövlətimizin gücünü göstərir. Artıq Şuşa, Laçın və digər şəhərlərdə toylar keçirilir, uşaqlar doğulur.
Təsis etdiyi şəhər günlərində dövlət başçısı sakinlərlə görüşür, bir sıra yeni müəssisələr açılır və infrastruktur layihələrinin təməli qoyulur. Onlarla faktdan yalnız birinə diqqət yetirək. Cəbrayıl Şəhəri Günü ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan şəhərlərinə rəmzi məna daşıyan səfərləri müəyyənləşdirilmiş ümumi strateji xəttin tərkib hissəsi idi. Ona görə rəmzi məna daşıyırdı ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqımız daim şəhər, rayon və kəndlərimizin işğal günlərini acıyaraq xatırlayıb, dədə-baba torpaqlarına nə vaxt qayıdacağını düşünüb. Bu milli istəyi yerinə yetirən Prezident İlham Əliyev tariximizdə ilk dəfə olaraq millətimizin həyatına bayram ovqatlı şəhər günlərini gətirib. Şəhər günləri ərəfəsində həmin rayonlara səfər edib. Ona görə ümumi strateji xəttin tərkib hissəsidir ki, dövlət başçısı işğaldan azad edilmiş ərazilərin ən müasir şəkildə - "ağıllı kənd", "ağıllı şəhər" kimi qurulmasını, qeyri-neft sektorunun inkişafını irəli sürüb və bu iş planlı olaraq davam etdirilir. Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında bir neçə fabrik və zavodun təməlinin qoyulması, tam orta məktəbin, yeni su-elektrik stansiyasının açılışı, yaşayış massivinin, istirahət mərkəzinin tikintisi ilə tanışlıq həmin məqsədin yerinə yetirilməsinə yönəlib. Bu, eyni zamanda turizmin inkişafına imkanların açılması, iş yerlərinin yaradılması və insanların rifahının yaxşılaşdırılması deməkdir. Prezident Cəbrayıldakı nitqində millətə daxili enerjisindən güc almağını və özünə güvənməyini belə tövsiyə etdi: "Ancaq biz öz gücümüzə arxalanmalıyıq və heç bir vədlərə, heç bir şirin sözlərə, yalançı ifadələrə aldanmamalıyıq. Xüsusilə mən gənc nəsli nəzərdə tuturam. Çünki bu gün anti-Azərbaycan qüvvələrin əsas hədəfi gənc nəsillərin şüurudur. Ona təsir etməyə çalışırlar. Ona görə Azərbaycana qarşı olmazın yalanlarını uydururlar, tirajlayırlar, öz mətbuatlarında, öz dırnaqarası qeyri-hökumət təşkilatlarında".
Dövlət başçısı işğaldan azad edilmiş ərazilərə qədim və zəngin Azərbaycan elmi, təhsili və mədəniyyətini qaytarır. İnsanlar yeni məktəblərin, mədəniyyət ocaqlarının tikildiyini görürlər. Şagirdlər müasir məktəblərə gedirlər. Qarabağ Universitetinin fəaliyyətə başlaması böyük tarixi hadisədir. İşğalçı Ermənistan tərəfindən dağılmış tarix və mədəniyyət abidələri Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun hesabına bərpa edilir.
Quruculuq işləri bütün ölkə ərazisində aparılır
Torpaqların düşmən tapdağından xilas edilməsindən qısa müddət keçməsinə, başlıca diqqətin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsinə yönəldilməsinə baxmayaraq, ölkənin hər bir yerində geniş tikinti-quruculuq işləri aparılır. Prezident İlham Əliyevin bir neçə rayonda infrastruktur obyektlərini açması və yenilərinin təməlini qoyması işlərin planlı şəkildə aparıldığını göstərir. Məsələn, Hacıqabul rayonunda yenidən qurulan və adından Yuxarı ifadəsi çıxarılmış Şirvan su kanalının təməlinin qoyulması bu qəbildəndir. Kanal istifadəyə verildikdən sonra ölkədə kənd təsərrüfatının inkişafı genişlənəcək, şəxsi təsərrüfatlar canlanacaq, məşğulluq artacaq, vətəndaşların rifah halı daha da yaxşılaşacaq, ölkə iqtisadiyyatının neftdən asılılığı azalacaq və qeyri-neft sektorunun çəkisi artacaqdır. Azərbaycan xarici bazarlara daha geniş çıxış əldə edəcək və ölkəyə əlavə vəsaitlər daxil olacaqdır.
Parçalanmış dünyanı necə xilas etməli?
Prezident İlham Əliyev bəzi dövlətlərin siyasəti ucbatından parçalanmış və qarşıdurmanın artdığı dünyada islam dini əleyhinə güclənən fəaliyyətlərə qarşı prinsipial mövqeyini qəti şəkildə ortaya qoyub. Mart ayının əvvəllərində Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransa göndərdiyi məktubundakı fikirləri gerçəklikləri həmin dairələrin üzünə çırpması idi: "Müsəlmanların hisslərini təhqir edən bu cür təzahürlərlə mübarizə aparmaq, cinayətkarları məsuliyyətə cəlb etmək əvəzinə, həmin ölkələrin hökumətləri islamofob əhvali-ruhiyyəni daha da qızışdırır, müsəlmanlara qarşı təqibləri təlqin edir və bu kimi mövzuları davamlı olaraq gündəlikdə saxlamağa çalışırlar. Təəssüflər olsun ki, özlərini demokratik adlandıran bəzi Qərb təsisatları da antiislam fəaliyyətini həyata keçirirlər".
Həmin dövlətlərdən fərqli olaraq Azərbaycan bütün dinlərin və etnik qrupların tək bayraq altında tək vətəndə, tək dövlətdə bir millət kimi bərabər yaşadığı bir ölkədir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda keçirilən XI Qlobal Bakı Forumunda etdiyi nitqində Prezident İlham Əliyev qarışıq, parçalanmış, qarşı-qarşıya dayanan, münaqişələrlə dolu dünyanın bərpası istiqamətində Azərbaycanın nümunə olduğunu, özünün modelini yaratdığını göstərdi. Azərbaycanın dövlət suverenliyinin tam bərpa edilməsindən sonra ilk dəfə keçirilən bu forum Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq toplantılarla bir cərgədə dayanır, coğrafiyası getdikcə genişlənir və nüfuzu artır. Bu o deməkdir ki, sürətlə dəyişən dünyada Azərbaycan dövləti beynəlxalq məsələlərin müzakirə edildiyi məkanlardan biridir, dünya işlərində rolu artır və mövqeləri daha da möhkəmlənir.
Sülh və Əməkdaşlıq naminə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyevin nitqi də dünyanın xilası yolunu göstərdi. Bu, sülh və əməkdaşlıq yoludur. Prezident İlham Əliyev qan tökülməsinə qarşı qətiyyətlə çıxan dövlət başçısıdır.
Azərbaycan bir neçə il əvvəl bəzi dövlətlərin əsgərlərini ölümdən qurtarmışdı. Mart ayında NATO-nun baş katibi Yens Stoltenberqin səfəri zamanı Prezident İlham Əliyev bildirdi ki, Əfqanıstanı ən gec tərk edən ölkənin Azərbaycan olması o deməkdir ki, Azərbaycan NATO qüvvələrinin xilas edilməsində müstəsna rol oynayıb. Yens Stoltenberq etiraf etdi ki, Azərbaycanın Əfqanıstanı sonuncu tərk edən ölkə olması NATO qüvvələrinin təhlükəsiz çıxmasında müstəsna rol oynayıb ki, bu da Prezident İlham Əliyevin müstəsna xidmətidir.
"Yaşıl enerji"də etibarlı körpü
Prezident İlham Əliyev dünyanı narahat edən ətraf mühitin qorunması məsələlərinin həllində Azərbaycanı nümunə ölkə halına gətirib. Mart ayının əvvəllərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı "Euronews" televiziyasına verdiyi müsahibəsində enerji təhlükəsizliyi və iqlim dəyişikliyi məsələlərinin real vəziyyətini, yaranmış şəraitdən çıxış yollarını göstərdi. Ötən illər ərzində Azərbaycan dövləti "Cənub qaz dəhlizi"ni reallaşdırmaqla bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərmiş, geniş əməkdaşlıq qurmuş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamışdı. Bu isə Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmiş, onunla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırmışdı.
Ətraf mühitin vəziyyətinə görə neft və qaza malik ölkələrin günahlandırılmasının düzgün olmadığını, ətraf mühitin mühafizəsi və "yaşıl enerji"yə keçid məsələsi ilə necə məşğul olduqlarına görə onların qiymətləndirilmələrinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan neft və qaz ehtiyatları olan bir çox ölkənin üzləşdiyi "neft lənətinə" düçar olmamağı bacarıb. Məlum olduğu kimi, çarizm və sovet dövrlərində Azərbaycanın nefti və qazı imperiya mərkəzi tərəfindən sorulub aparılır, yerində mazutlu gölməçələr qalırdı. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu yeni neft strategiyasının uğurla həyata keçirilməsi bu şəraiti kökündən dəyişdirmiş, Azərbaycan digər ölkələrin üzləşdiyi təzahürlərlə qarşılaşmamışdı. Təbii sərvət olan neftin və qazın milli sərvətə çevrilməsi, ədalətli paylanması hesabına ölkə yenidən qurulmuş, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdı.
Bu mövqe aprel ayında ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda 30 ölkədən 64 şəxsin iştirakı ilə keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin cavablarında bir daha bəyan edildi. Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı keçirdiyi görüşlər Azərbaycanın iqlim dəyişikliklərinin ağır nəticələrinin aradan qaldırılmasına töhfələrini verməyə hazır olduğunu göstərdi. Almaniyanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın böyük rol oynadığını qəbul etməsi və buna əməkdaşlığın maddi təməllərindən biri kimi baxması, Azərbaycanın panavropa qaz təchizatçısı kimi qiymətləndirilməsi Prezident İlham Əliyev siyasətinin qəbul edilməsi, Avropa üçün vacib ölkə olması demək idi.
Bakı Enerji Həftəsində də Prezident İlham Əliyevin nitqindən çıxarılası çoxlu dərslər vardır. "Euronews" televiziyasında "Bakı-Ekspo" Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində iyul ayında keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - "Caspian Oil&Gas" və 12-ci Xəzər Beynəlxalq Energetika və "Yaşıl Enerji" - "Caspian Power" sərgilərindən yayımlanan reportajda Prezident İlham Əliyevin müsahibəsi dövlətimizin ənənəvi və bərpaolunan enerji sahələrində siyasətinin mahiyyətini bir daha göstərdi. Müsahibədə Prezident münaqişələrin, müharibələrin və qarşıdurmaların artdığı dünyaya örnək olan və gələcəyə işıq tutan çox vacib belə bir məsələni söylədi: "... evsahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır. Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər".
Dövlət başçısının bu fikirləri bir-biri ilə didişən dövlətlər və şirkətlər üçün dərsdir. Öyrəniləsi çox şey vardır.
Dünyanın ürəyinə - Avrasiyaya gedən yol Azərbaycandan keçir
Azərbaycanın dünya siyasətində rolunu artırmaqdan ötrü Prezident İlham Əliyevin istifadə etdiyi platformalardan biri Şanxay Əməkdaşlıq təşkilatıdır. "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri məsələsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsidir. ŞƏT-in iyul ayında keçirilən toplantısına Prezident İlham Əliyevin ikinci dəfə dəvət edilməsi şəxsi nüfuzu və əməkdaşlıqla bağlı idi. "ŞƏT plyus" formatındakı toplantıda çıxışında ən vacib məsələlərdən biri kimi həyata keçirilən beynəlxalq layihələrin nəticəsində Azərbaycanın nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsini və dünya siyasətində yerinin möhkəmləndirilməsini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib, Orta dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini artırıb, Azərbaycan, həmçinin "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır.
Toplantı çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə Bəyannamənin imzalanması xarici siyasət fəaliyyətinin sistemli şəkildə həyata keçirildiyini göstərir. Bu sənəd həm iki ölkə, həm Cənubi Qafqaz, həm də dünya məsələləri baxımından qəti mövqeləri özündə əks etdirir. Azərbaycan uzun illər boyu Çini narahat edən, bədənində qara yara olan "Tayvan məsələsi"ndə Pekini müdafiə edir, "Vahid Çin" prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi kimi tanıyır, istənilən formada "Tayvanın müstəqilliyi"nə qarşı qətiyyətlə çıxır və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, Çinin birləşdirilməsi səylərini dəstəkləyir. Bu o deməkdir ki, Çin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi məsələsində əlavə siyasi-diplomatik güc alır. Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə müdafiə edir və qarşıdurmanın saxlanmasına yönəlmiş geosiyasi intriqaları səmərəsiz sayır.
44 günlük Vətən müharibəsində ölkəmizin haqq işini siyasi-diplomatik, mənəvi-psixoloji və informasiya baxımından birmənalı müdafiə edən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident İlham Əliyevin üçtərəfli görüşü qardaşlığı və ortaq maraqları göstərdi.
Qardaşlar müqəddəs Azərbaycan torpağındadırlar: Qarabağ Bəyannaməsi
Tarixin təcrübəsi göstərir ki, türk xalqları milli və mənəvi köklərinə dayanaraq yeniləşəndə qüdrətli olurlar. Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində yeni dövrdəki hədəfləri müəyyənləşdirərkən demişdi ki, türk dünyası bizim ailəmizdir.
Prezident seçildikdən sonra İlham Əliyevin ilk rəsmi səfərini qardaş Türkiyə Cümhuriyyətinə etməsi Azərbaycan dövlətinin xarici siyasətində Türkiyə və türk dövlətlərinə verdiyi önəmi göstərdi. Dövlət rəhbəri Ankarada mətbuata bəyanatında türk dünyasının birləşməsi və güclənməsinin əhəmiyyətini belə ifadə etdi: "…Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək".
Digər türk dövlətləri ilə də əməkdaşlıq genişləndi. Mart ayında Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri, imzalanan sənədlər, Füzuli və Şuşaya gediş, mətbuata verilən bəyanatlar münasibətlərin yüksək səviyyəsini göstərdi. Prezident İlham Əliyev Qazaxıstanı Azərbaycan üçün qardaş ölkə, strateji tərəfdaş və müttəfiq adlandırdı. Dövlət başçısı işğaldan azad olunmuş Füzuli şəhərində Prezident Kasım-Jomart Tokayevin şəxsi təşəbbüsü ilə inşa edilən Qazaxıstanın xalq musiqiçisi, bəstəkarı Saqırbayulu Kurmanqazının adını daşıyan Uşaq Yaradıcılıq Mərkəzini dostluğun və qardaşlığın mərkəzi, Azərbaycana qardaş köməyi, hədiyyəsi və azad edilmiş ərazilərin bərpasına dəstəyi kimi qiymətləndirdi. Prezident Kasım-Jomart Tokayevin "müqəddəs Azərbaycan torpağında olduğumuz ilk dəqiqədən ev sahibinin səmimi münasibətini hiss etdik. Bu dövlət səfəri dövlətlərimiz arasında əməkdaşlığın inkişaf perspektivləri nöqteyi-nəzərindən çox mühümdür" deməklə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı qələbəni böyük tarixi nailiyyət, uzun illər ərzində Azərbaycan rəhbərinin dövlət suverenliyinin bərpasına yönəlmiş, son nəticədə tarixi həqiqətin bərpası ilə nəticələnən səylərinin qanunauyğun yekunu olaraq qiymətləndirməsi bu qələbənin bütün türk dünyasına başucalığı gətirdiyini göstərdi.
Türk Dövlətləri Təşkilatının fəaliyyətində mühüm səhifəni Şuşada keçirilən qeyri-rəsmi görüş təşkil etdi. Görüş ərəfəsində iyulun əvvəlində Prezident İlham Əliyev 30 ildən çox müddətdə millətin həsrət qaldığı Xocalı hava limanına getdi və Qarabağ Universitetində görülən işlərlə tanış oldu. Bu, dövlət başçısının elm və təhsilə qayğısının nümunəsidir.
Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Cümhuriyyətinin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevin iştirakı ilə keçirilən Zirvə görüşü tarixi əhəmiyyət daşıdı. İlk növbədə ona görə ki, 2023-cü ildə Azərbaycan dövləti bütün ərazisində suverenliyini tam bərqərar etdikdən sonra birinci dəfə keçirilən bu toplantı türk dövlətlərinin birliyini və həmrəyliyini nümayiş etdirdi. Toplantıdakı nitqində Prezident İlham Əliyev vacib vəzifələr kimi türk ölkələri ilə əməkdaşlığın daha da genişləndirilməsini, enerji sahəsində strateji tərəfdaşlığı, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığı, türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsini, dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsini müəyyənləşdirdi. Bunun təbii əsaslarını da dedi: böyük coğrafi məkanı əhatə edən üzv ölkələrdə müşahidə olunan müsbət demoqrafik dinamika, döyüş meydanlarında özünü dəfələrlə göstərən hərbi potensial, zəngin təbii ehtiyatlar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, eyni etnik köklər, ənənəvi dəyərlərə sadiqlik və sairə türk dövlətləri rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlığın təzahürüdür.
Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə xüsusi əhəmiyyət verən Azərbaycan dövləti örnək olan bir addım atdı, təşkilatın büdcəsi nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli olmadığından katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürdü. Ən vacib addımlardan biri İstanbulda Türk İnvestisiya Fondunun təsis edilməsidir.
Dünyada baş verən geosiyasi və təhlükəsizlik çağırışları türk dövlətlərinin vahid güc kimi çıxış etməsini, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlərə dair mütəmadi məsləhətləşmələrin aparılmasını zəruri edir. Zirvə görüşünün yekununda Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanmış Qarabağ Bəyannaməsi dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf, tərəqqi ideyalarına sadiq olan, ortaq etnik köklərə, zəngin və qədim tarix, dil, mədəniyyət, ənənələri və dəyərlərinə söykənən, tarix boyunca sivilizasiyaların inkişafında böyük rol oynamış bir ailənin - türk dünyası ailəsinin bütün dünyanı düşündürən nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması məsələlərinə baxışını ifadə edirdi.
Türk dünyasının bir araya gəlməsində zəfər və mədəniyyət rəmzi olan Şuşa şəhərinin mənəvi əhəmiyyətinin sənəddə qeyd edilməsi bütün türk xalqlarının ortaq fikrini ifadə edirdi. Qardaş ölkələrin işğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpasında Azərbaycan hökuməti və xalqı ilə həmrəylik bəyan etmələri də vahid mövqeyi göstərdi. Konkret məqsədlərin qarşıya qoyulması, birgə səylərin artırılması və strateji əhəmiyyətli regional layihələrin həyata keçirilməsi yolu ilə dayanıqlı gələcəyin qurulması baxımından Türk Dövlətləri Təşkilatının məqsəd və vəzifələrinin səmərəli həyata keçirilməsi üçün müvafiq mexanizm və qaydaların tətbiqi təşəbbüsü irəli sürüldü.
Müasir dünyada beynəlxalq ticarətin və iqtisadiyyatın rolu artdığından transregional dəhlizlərin yaradılması yolu ilə türk dövlətləri arasında bağlılığın daha da inkişaf etdirilməsinin vacibliyinin sənəddə vurğulanması strateji əhəmiyyət daşıyırdı. Bu o deməkdir ki, Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Trans-Xəzər Beynəlxalq Şərq-Qərb Orta dəhlizi türk dünyasının beynəlxalq aləmdə yerini möhkəmləndirir, ona olan ehtiyac artır, nəqliyyat-tranzit məsələlərində "qızıl körpü" rolu güclənir.
Sənəddə strateji məsələlərdən biri kimi üzv dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq müdafiə sənayesi sahəsində birgə fəaliyyətin davam etdirilməsi niyyətlərinin bəyan edilməsi türk dünyasının vahid, çevik müdafiə sisteminin qurulmasına və türk xalqlarının tarixi arzularının gerçəkləşdirilməsinə xidmət edir.
Qarabağ Bəyannaməsi göstərdi ki, türk dünyasının böyük gələcəyi var və Prezident İlham Əliyev yeni təşəbbüsləri, qətiyyətli addımları ilə bu birlik, həmrəylik, təhlükəsizlik və rifah yolunda nəhəng işlər görür.
(Ardı var)
Musa QASIMLI,
Milli Məclis Sədrinin müavini