05 Mart 2023 02:45
1106
İDMAN
A- A+

Yüksəliş

 

Qarabağ və Şərqi Zəngəzur da artıq beynəlxalq idman yarışlarının mərkəzinə çevrilir

 

Azərbaycan gəncliyi, idmançısı üzərinə düşən missiyanı, ona həvalə edilən vəzifəni layiqincə yerinə yetirməyə hazırdır. Çünki ona hərtərəfli qayğı və diqqət göstərilir, idmanın inkişafına ciddi fikir verilir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan  azsaylı ölkələrdəndir ki, idman gününü təsis edib. Belə ki, 2005-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 
5 mart tarixi ölkəmizdə "Bədən Tərbiyəsi və İdman Günü" kimi qeyd olunur. 
Xatırladaq ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni bir mərhələnin əsasını qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüş keçirib və bundan sonra ölkəmizdə İdman Fondu yaradılıb. Bu tarixin əbədiləşdirilməsi məqsədilə Azərbaycanda idman gününün təsis olunması ictimaiyyət tərəfindən yüksək qarşılanıb.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr ölkəmizə böyük imic qazandırıb. Bu bayram günündə idmanımızın ötən bir ildə keçdiyi yola nəzər salınsa, böyük nailiyyətlər qazanıldığını görmək olur.
Ümumiyyətlə, 2022-ci il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bunun 356-sı (116 qızıl, 101 gümüş, 139 bürünc) Olimpiya, 384-ü (110 qızıl, 105 gümüş, 169 bürünc) qeyri-Olimpiya, 97-si (44 qızıl, 18 gümüş, 35 bürünc) paralimpiya proqramının payına düşür. 
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri Türkiyənin Konya şəhərində keçirilən  V İslam Həmrəyliyi Oyunları idi. Azərbaycan idmançıları turniri 99 medalla bitirdi və 56 ölkə arasında 4-cü yeri tutdu. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü bürünc idi. Azərbaycan yığması medallarını 19 növdə - güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə etdi. 
Prezidentin söylədiyi kimi, qalib ölkənin idmançıları qəhrəman kimi mübarizə aparıb bayrağımızı ən yüksək kürsülərdə dalğalandırdılar. Döyüş meydanlarında əldə edilmiş qələbə idman yarışlarında da əksini tapdı. Azərbaycan idmançıları İslamiadadan Vətənə zəfərlə qayıtdılar. Ölkə rəhbəri bunu belə qiymətləndirdi: "Beynəlxalq yarışlar arasında xüsusilə V İslam Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir. Çünki İslam Həmrəyliyi Oyunlarında rəqabət çox böyük idi, demək olar ki, bütün komandalar əsas heyətlə təmsil olunurdu. Gərgin mübarizə zamanı 4-cü yeri tutmaq, əlbəttə ki, böyük qələbədir, böyük nailiyyətimizdir".
Eyni zamanda Azərbaycan dünyanın ən böyük idman tədbirlərindən biri olan "Formula-1" üzrə dünya çempionatına ötən mövsüm 6-cı dəfə evsahibliyi etdi.  Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 60-dan çox ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi. 
Ötən il minifutbol üzrə milli komandamızın Avropa çempionu olması, "Qarabağ" klubunun isə avrokuboklarda ardıcıl 9-cu dəfə qrup mərhələsinə vəsiqə qazanması da yaddaqalan idman hadisələri sırasında yer aldı.
Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Avarçəkmədən tutmuş güləşə, şahmatdan başlamış müxtəlif digər intellektual və  komanda oyunlarına qədər, eləcə də bir çox digər idman növlərində Azərbaycanı layiqincə təmsil edəcək yeni idmançılar nəsli işğaldan azad olunmuş ərazilərimizdə də yetişəcək.
Çox təqdirəlayiq haldır ki, artıq işğaldan azad olunan torpaqlar beynəlxalq idman yarışlarının mərkəzinə çevrilib. İlk belə turnir isə ötən il mayın 6-7-də keçirilən Suqovuşan qəsəbəsində avarçəkmə üzrə "Prezident kuboku-2022" reqatası olub. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən bu yarış işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq turnir kimi yadda qaldı. 
Sentyabrda isə Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşada Qarabağ xanlığının sonuncu varisi, görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş "Shusha Chess-2022"  beynəlxalq turnir keçirilib. 
Zəngilan rayonunun Ağalı kəndi isə "Zəfər yürüşü" triatlon turnirinə evsahibliyi edib. Bu, torpaqlarımızın işğaldan azad edilməsindən sonra vətəndaşlarımızın məskunlaşdığı yaşayış məntəqəsində ilk idman yarışı, azad edilmiş ərazilərimizdə isə (Şuşa və Suqovuşandan sonra) dördüncü turnirdir.
Göründüyü kimi, Azərbaycanın idman potensialı ildən-ilə daha da güclənir. Hər il beynəlxalq turnirlərdə yüzlərlə medal qazanılır. Bədən tərbiyəsi və idmanın inkişafı naminə yürüdülən dövlət siyasəti düşünülmüş, məqsədyönlü olduğundan gözlənilən nəticələr əldə edilir.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video