10 Aprel 2024 08:50
4643
İQTİSADİYYAT
A- A+

Suqovuşandan Kəlbəcərə

 

Uzunluğu 80 kilometr olan 2 zolaqlı yolda 6 körpü və istinad divarları da çəkiləcək

 

Şanlı Zəfərimizlə bitən Vətən müharibəsindən ötən üç il beş ay ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında böyük tikinti-quruculuq işləri həyata keçirilməkdədir. Böyük qayıdış planına uyğun olaraq keçmiş məcburi köçkünlərin doğma yurda qayıdış prosesi davam edir.  
Əlbəttə ki, bu ərazilərdə hərəkətin tənzimlənməsi üçün ilk növbədə yolların yenidən qurulması, körpü və tunellərin tikintisi xüsusi əhəmiyyət kəsb edir. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logistik baxımdan yolların inşası təxirə salınmadan həyata keçirilir. 
Prezident İlham Əliyev işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində yeni yolların açılışlarını edir və tikinti işlərinin sürətlə aparılması ilə bağlı ciddi tapşırıqlarını verir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icrası fasilə verilmədən davam etdirilir. 
Ümumiyyətlə, azadlığa qovuşmuş ərazilərimizdə 2026-cı ilədək 2300 kilometrə yaxın 20 avtomobil yolu layihəsinin icrası nəzərdə tutulur. Bu çərçivədə Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına da başlanılıb.
Uzunluğu 80 kilometr, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir. 
Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq.
Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yolboyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub. 
"İnşaat Norma və Qaydaları"na uyğun, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında həyata keçirilən layihənin icrası tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət edilməklə aparılır. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir.
Əminliklə deyə bilərik ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulub istifadəyə veriləcək. 
Bir sözlə, İkinci Qarabağ müharibəsindəki şanlı qələbədən sonra yaranan yeni reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaqdır. Tezliklə bu yollar Qarabağa və Şərqi Zəngəzura yeni həyat gətirəcək. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video