14 Yanvar 2024 09:00
13221
SİYASƏT
A- A+
Yeni strateji dövrün başlanğıcı

Yeni strateji dövrün başlanğıcı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi geniş müsahibə 2024-cü ilin ilk günlərinin ən maraqlı yeniliklərindən oldu. Müsahibənin geniş formatının həm ölkə, həm də dünya ictimaiyyətini maraqlandıran bir çox məqama təfərrüatlı aydınlıq gətirməsi Azərbaycan Prezidentinin mediaya açıqlıq, daxili və xarici auditoriya ilə sıx kommunikasiyalara sadiqlik ənənələrini göstərdi. Belə bir format Azərbaycan vətəndaşları və dünya ilə ünsiyyətin unikal, eyni zamanda son dərəcə effektiv formasıdır.
Bu gün müasir dünyamızın ən parlaq liderlərindən olaraq dövlətimizin başçısı İlham Əliyevin şəxsiyyətinə, onun müxtəlif regional və qlobal məsələlərə baxışlarına dünyada çox böyük maraq var. Belə geniş müsahibələr müxtəlif problemlərlə bağlı Azərbaycan Prezidentinin mövqeyini öyrənməyə, baş verən proseslərdən düzgün nəticə çıxarmağa,  vəziyyətin axarını doğru dəyərləndirməyə geniş imkanlar yaradır. 
Vətən müharibəsindəki qələbəmizdən, 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra dövlət suverenliyimizin tam bərpasına nail olduq. Hazırda Ermənistanla sülh razılaşmasının əldə olunması istiqamətində mühüm işlər aparılır. Azərbaycan vətəndaşları və beynəlxalq ictimaiyyət sülh proseslərini təbii ki, həssaslıqla izləyir, bu barədə məlumatları ən mötəbər mənbədən əldə etməyə çalışırlar. Prezident İlham Əliyev də proseslərin indiki mərhələsinin imkan verdiyi qədər ölkə ictimaiyyətini və dünyanı bu barədə xəbərdar olmağa açıq saxlayır. Məlumat çatışmazlığının hər hansı manipulyasiyalara, informasiya təxribatlarına gətirib çıxarmasına imkan vermir. Dövlət rəhbərimizin Vətən müharibəsi günlərində vətəndaşlarımıza müraciətləri, tvitləri, beynəlxalq mediada müsahibələri formatında kütlələrlə birbaşa dialoqu indi də səmərəli formada davam edir.   

 

Tarixi seçki

 

Hazırda Azərbaycan dünya miqyasında müstəqil siyasəti, beynəlxalq aləmdə nüfuzu, regionda uğurlu fəaliyyəti ilə güclü olkələr sırasındadır. İndi sülh danışıqları ilə yanaşı,  ölkəmiz üçün ən mühüm siyasi hadisə fevralın 7-də keçiriləcək prezident seçkisidir. Bu, Azərbaycanın milli dövlətçilik tarixi üçün çox mühüm əlamətdarlıq kəsb edir. Bu seçki ilə dövlətçilik tariximizdəki müəyyən bir dövrə yekun vurulur və gələcək inkişaf baxımından çox strateji bir mərhələ başlanır. Azərbaycan Prezidenti də bu baxımdan 7 fevral seçkilərinin tarixi qiymətini və izahını verdi. Sentyabrdakı antiterror əməliyyatı ilə Azərbaycanın öz dövlət suverenliyini bərpa etməsi, Xankəndidə Dövlət bayrağımızın ucaldılması həqiqətən epoxal bir hadisədir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər Zəfər qazanılmayıb. Dövlət rəhbərimizin də bəyan etdiyi kimi, bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Prezident İlham Əliyev dedi: "Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır". 7 fevral prezident seçkisi də bu yeni dövrə, yeni tarixi reallıqlara təsadüf edir. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkisi ərazi bütövlüyü bərpa olunmuş Azərbaycanın hər yerində keçiriləcək. Bütün ərazilərimizdə seçki məntəqələri yaradılacaq. Azərbaycan vətəndaşlarının ölkənin hər yerində səsvermə hüququ təmin ediləcək. 

 

Yeni dövr, yeni çağırışlar

 

Burada maraqlı bir xronoloji dövr var ki, dövlətimizin rəhbəri müsahibəsində həmin məqama da aydınlıq gətirdi. 2023-cü ilin oktyabrında Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin 20-ci ildönümü tamamlandı. Bu, ötən 20 il ərzində tarixinin ən qüdrətli mərhələsinə gəlib çatmış Azərbaycanın milli dövlətçilik tarixi üçün son dərəcə mühüm xronoloji bir dövrdür. 20 ildən sonra yenidən Prezident seçkisinin keçirilməsi, təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur. 
Son 20 ilin tarixi 2003-cü ilin oktyabrında Azərbaycan xalqının nə qədər doğru seçim etdiyini göstərir. Həmin il keçirilən prezident seçkisi müstəqil tariximizin ən həlledici məqamı idi. O məqamda ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmiş oldu, xalq Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verdi. Bir sözlə, 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. Əgər tarix başqa istiqamətdə getsəydi, xalqımızın, dövlətimizin hansı bəlalar, faciələrlə üzləşə biləcəyini təsəvvür etmək çətin deyildi. Müstəqilliyimizin ilk iki ilinin reallıqları əyani şəkildə göstərdi ki, güclü lider olmadan, düşünülmüş siyasət aparılmadan istənilən ölkə, xüsusilə gənc müstəqil dövlət çox ciddi təhlükələrlə üzləşə bilər. 
Xalqımızın 20 il əvvəlki seçimi bugünkü Azərbaycanı, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasına gətirib çıxardı. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, həm də daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkə üçün nümunədir. Azərbaycanın müasir tarixinin yeni dövrü isə məhz sentyabrın 20-dən sonra başlayır. "Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin son nidası idi" - Prezident İlham Əliyev müsahibəsində qeyd etdi. 
7 fevral prezident seçkisindən sonrakı illərin, təbii ki, özünəməxsus çağırışları olacaq. Seçkidən sonrakı dövr bu baxımdan da əhəmiyyətli və  maraqlıdır. Məsələ burasındadır ki, təxminən 33 illik müstəqillik tariximizdə və həmin tarixə qədərki bir neçə ildə Azərbaycanda əsas məsələ Qarabağ, ölkəmizin ərazi bütövlüyü ilə bağlı olub. Cəmiyyət əsas milli ideya kimi bu məsələyə yönəlib. Ölkəmizin ictimai-siyasi həyatı bu mövzuya köklənib və onun üzərində qurulub. Dövlətimizin başçısı İlham Əliyev də müsahibəsində qeyd etdiyi kimi, bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi. Artıq biz bunu əldə etmişik. İndi cəmiyyəti öz ətrafında səfərbər edəcək, milli vəhdətimizi daim qoruyacaq, bizi strateji hədəflərimizə yönəldəcək yeni milli ideyaya ehtiyac var. Bu, təbii ki, çox böyük, əhatəli bir prosesdir və geniş müzakirələrinə ehtiyac var. Cəmiyyətimizin gələcəyini düşünən hər bir insanın üzərinə bu məsələdə mühüm missiya düşür. Ona görə Azərbaycan Prezidenti haqlı olaraq müsahibəsində bu məsələni aktuallaşdırdı, gələcək inkişafla bağlı cəmiyyətdə diskussiyaların aparılması, siyasətçilərin, politoloqların, elm adamlarının, ziyalıların bu prosesdə fəal iştirakı zərurətini diqqətə çatdırdı. Prezident İlham Əliyev bəyan etdi ki, yeni dövrün yeni hədəfləri olmalıdır. Biz yeni dövrə köhnə hədəflərlə gedə bilmərik, çünki o hədəflər artıq əldə edildi. Biz nə etmişiksə, etmişik, xalq da bunu qiymətləndirir və qiymətləndirəcək. Azərbaycan Prezidenti belə bir mövqeyi bölüşdü ki, tarixi Zəfəri bundan sonra daim istismar etmək düzgün olmaz. Bu, birincisi, siyasi nöqteyi-nəzərdən düzgün olmaz. İkincisi, cəmiyyətdə elə bir sakitləşmə ovqatı da yaradılmamalıdır: "Biz hər zaman çox ayıq olmalıyıq, çünki bizə qarşı olan hərəkət dediyimiz bu məsələlərlə bitməyəcək, bundan sonra da davam edəcək. Çünki biz dünya miqyasında çox böyük layları tərpətdik. Bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib… Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir". 

 

Ədalətin Zəfəri

 

Prezident İlham Əliyevin gələcəyə strateji baxışına görə, Azərbaycana qarşı ənənəvi mənbələrdən gələn mənfi münasibət bundan sonra da dayanmayacaq. Elə bəzi ölkələrin Ermənistanı silahlandırmaq cəhdləri də ölkəmizi daim təzyiq altında saxlamaq məqsədini daşıyır. Bu, Azərbaycanı bundan sonra da rahat yaşamağa qoymamaq üçün səylərdir və əfsuslar olsun ki, burada Fransa yenə ön plandadır. Dövlət rəhbərimiz bəyan etdi ki, Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, hərbçilərini hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır. Ona görə biz heç vaxt sakitləşməməliyik. Bu məqamları nəzərə alaraq Azərbaycan dövləti tarixi Zəfərimizdən sonra da müdafiə məsələlərinə yenə böyük diqqət ayırır. Bu il müdafiə sənayesi kompleksinin nəzdində olan zavodlarımıza həm dövlət, həm özəl sektor tərəfindən ən azı bir milyard manat investisiya qoyulacaq. Yeni silahlı birləşmələr, yeni texnika, sursatlar, ən müasir avadanlıqlar antiterror əməliyyatında çox önəmli rol oynayıb. Azərbaycan dövləti bundan sonra da özünü daha böyük həcmdə lazım olan vasitələrlə təmin edəcək. 
Eyni zamanda bizə qarşı qanlı müharibə aparmış, vandallıqlar etmiş, Xocalı soyqırımını törətmiş, şəhərlərimizi, kəndlərimizi dağıtmış canilərin bu əməlləri də unudulmayacaq, onların ədalət mühakiməsi qarşısında öz cinayətlərinə görə layiqli cəzalarına çatmaları təmin olunacaq. Dövlət rəhbərimiz onlardan bir neçəsinin artıq həbs edildiyini, aralarında Qarabağda olmuş bütün dırnaqarası keçmiş liderlərin, ondan sonra Qarabağa ixrac edilmiş dırnaqarası baş nazirin və digərlərinin olduğunu, təkcə o qruplaşmada iki nəfərin çatışmadığını, onların İrəvanda olduqlarını, onlar da olsa, onda tam heyətin formalaşacağını diqqətə çatdırdı və vurğuladı ki, bu, ədalətin Zəfəridir.

 

Zəngəzur dəhlizi açılmalıdır

 

Dövlət rəhbərimiz müsahibəsində hazırda Ermənistanla aparılan sülh danışıqlarının bəzi təfərrüatlarına da toxundu. Prezidentin mövqeyindən belə aydınlaşdı ki, sülh üçün zəmanətçilər istəyən Ermənistandan fərqli olaraq Azərbaycan bununla bağlı heç bir zəmanətçiyə ehtiyac duymur və sülhün ikitərəfli formatda imzalanmasının tərtəfdarıdır. "Mən ümumiyyətlə, istəməzdim ki, Ermənistan-Azərbaycan münasibətləri geosiyasi mövzuya çevrilsin. Bu, bizim iki ölkə arasındakı məsələmizdir, özümüz də bunu həll etməliyik. Əgər razılığa gəlsək, sülh müqaviləsi imzalanacaq…" - dövlətimizin başçısı xüsusi qeyd etdi. 
Azərbaycan Prezidenti iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı xəritələr məsələsinə də aydınlıq gətirdi. Tarixi reallıqlara istinadən həm ölkə, həm də dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, hazırda Ermənistanın paytaxtı olan İrəvan şəhəri 1918-ci ildə, sovetləşmədən sonra isə Qərbi Zəngəzurun böyük bir hissəsi Ermənistana verilib. Sovet illərində də bu proses davam edib və Azərbaycan ərazisindən Ermənistana sonuncu torpaq hədiyyəsi 1969-cu ilin mayında edilib. Məhz buna görə Ermənistan və onun havadarları sərhədlərin müəyyənləşdirilməsi üçün ötən əsrin 70-ci illərinin xəritələrini əsas götürmək istəyirlər. Azərbaycan isə bununla razılaşa bilməz. Prezident İlham Əliyevin bəyan etdiyi bu mövqe dövlətimizin bu məsələdə də haqq-ədalətə sadiq qaldığını, məsələlərin hər iki tərəf üçün ən ədalətli şəkildə həllinə çalışdığını və bu mövqeyindən geri çəkilməyəcəyini göstərir. "Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq, XX əsrin əvvəlində xəritələr nə idi, gəlin bu xəritələr üzərində işimizi quraq. Yəni siz 1960-cı, 1950-ci, 1940-cı illəri kənara qoyursunuz və məhz 1970-ci illərə istinad etmək istəyirsiniz. Məhz buna görə ki, bizim tarixi torpaqlarımız artıq onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Əfsuslar olsun ki, 1970-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, onun yəni "Ermənistan plyus" qruplaşmasıdır və biz buna heç vaxt razılıq verə bilmərik", - deyə Azərbaycan Prezidenti qəti şəkildə bəyan etdi.
Dövlət rəhbərimiz Zəngəzur dəhlizi ilə bağlı məsələlər üzrə də fikirlərini bölüşərək qeyd etdi ki, Azərbaycanın bununla bağlı irəli sürdüyü təklif qətiyyən Ermənistanın suverenliyinə təhdid deyil, sadəcə, bu öhdəlikdən boyun qaçıran erməni tərəfi əsassız bəhanələr gətirir. Azərbaycanın təklifi beynəlxalq təcrübəyə əsaslanır, Azərbaycandan Azərbaycana (Naxçıvana) gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidir. Digər ölkələrə gedən yüklərə görə isə gömrük rüsumları ödənilməlidir. Ermənistanın alternativ olaraq irəli sürdüyü  layihəyə gəlincə isə bu marşrut hava şəraiti və relyefə görə yararsızdır. Ən düzgün variant Azərbaycanın təklifidir. Əgər Zəngəzur dəhlizi açılmasa, Azərbaycan Ermənistanla heç bir başqa yerdə sərhədimizi bərpa etmək fikrində deyil.

 

Azərbaycan beynəlxalq miqyasda xüsusi rola malik olacaq

 

Ali Baş Komandan Ermənistana və onun arxasında duranlara, bu ölkəni silahlandıranlara açıq mesaj verdi ki, Azərbaycana qarşı hər hansı bir təhlükə mənbəyi olarsa, dərhal məhv ediləcək.  Azərbaycan Prezidenti Ermənistanın dünyadakı əsas havadarlarından olan Fransada Natəvanın heykəlinin təhqir edilməsinə də münasibət buldirdi və bunu vandalizm aktı kimi dəyərləndirdi. "Burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər". Ermənilərin təxminən 30 il ərzində vandalcasına dağıdıb talan etdiklərini Azərbaycan bu gün öz imkanları hesabına bərpa edir. Dağıdılmış yurdlarımızı yenidən qurur. İllərlə doğma yerlərinin həsrətini çəkən məcburi köçkünlər öz yurdlarına qayıdır. Prezident bəyan etdi ki, 2024-cü ildə daha 5 şəhərə - Şuşaya, Xankəndiyə, Xocalıya, Kəlbəcərə, Cəbrayıla keçmiş məcburi köçkünlər qaytarılacaq. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə aparılan tikinti və bərpa işlərində, infrastruktur layihələrində özəl sektoru da fəal olmağa çağırdı. 
Müsahibə zamanı verilən müvafiq suala cavab olaraq dövlətimizin başçısının  "Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır…" fikri isə Azərbaycan və Türkiyə qardaşlığının, həmçinin iki ölkənin liderləri arasındakı dostluq münasibətlərinin ifadəsidir.
2024-cü il Azərbaycan üçün daha bir mühüm məqamla əlamətdardır. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 tədbirinə bu il ölkəmiz evsahibliyi edəcək. Azərbaycan COP29-un prezidenti kimi beynəlxalq miqyasda xüsusi rola malik olacaq. Dünyanın bir nömrəli beynəlxalq tədbirinin Azərbaycana həvalə edilməsi ölkəmizin bütün dünyadakı nüfuzunun göstəricisidir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!