13 May 2025 08:15
579
SİYASƏT
A- A+
Yeni siyasi konfiqurasiya: Konstitusiya və suverenliyin etibarlı təminatçısı

Yeni siyasi konfiqurasiya: Konstitusiya və suverenliyin etibarlı təminatçısı


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 5 il öncə əldə edilən böyük Zəfərin yaratdığı reallıqlar Azərbaycanın tarixində dönüş mərhələsi olduğu kimi, yeni hədəflərin müəyyənləşdirilməsini də zərurətə çevirir. Ümumiyyətlə, postmüharibə dövrü Azərbaycanın yeni tarixi mərhələyə keçidini şərtləndirir. 

Ölkədə bütün sahələrdə aparılan islahatlar daha geniş miqyas və yeni format almış, dövlət quruculuğu prosesində müasir metod və təkmil nümunələrdən istifadə olunmuşdur. Əldə edilən effektiv və səmərəli nəticələr dövlətin qüdrətinə, xalqın rifahına, vətəndaşın inam və güvəninə müsbət təsir göstərmişdir. 


Heydər Əliyev siyasi arxitekturası


Respublikamızda böyük çətinliklə qazanılan sabitlik sonradan möhtəşəm iqtisadi sıçrayışın və sosial inkişafın təməli, bu nailiyyətlər isə tarixin ən qüdrətli Azərbaycanının və ən böyük Zəfərinin təminatçıları oldular. Bu gün respublikamız Prezident İlham Əliyevin liderliyi ilə Avrasiya məkanının ən əsas enerji, təhlükəsizlik, nəqliyyat-logistika aktorlarından birinə çevrilərək, etibarlı qlobal əməkdaşlıq platforması kimi qəbul edilir.

Prezidentin demokratikləşmə siyasəti çərçivəsində son illərdə yeni mərhələyə qədəm qoyan siyasi konfiqurasiya prosesi də tək lokal mahiyyətdə deyil, eləcə də beynəlxalq miqyasda xüsusi əhəmiyyət daşıyır. Cənab İlham Əliyevin tövsiyələri ilə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkədə siyasi islahatların daha səmərəli nəticələr verməsini, milli birliyin və vətəndaş həmrəyliyinin möhkəmlənməsini, siyasi partiya və təşkilatların milli platformaya keçərək, Azərbaycanyönümlü təsisatlar kimi fəaliyyətini təmin edib. 

Son beş ildə siyasi partiyaların antimilli, antidövlət fəaliyyəti yürütmələrinin ötən onilliklərdəki ağır və faciəli fəsadları aradan tam qaldırılıb, onlar (iki partiya istisna olmaqla) acı təcrübələrindən dərs alaraq, Azərbaycan naminə səfərbər olublar. Ölkədə mövcud olan və tam təmin edilən azadlıq və hüquqlardan yetərincə bəhrələnərək, maneəsiz fəaliyyətə malik olan siyasi qurumlar cəmiyyət və dövlət həyatının bütün sferalarında təmsilçilik qazanıblar. 

Siyasi sistemdə keyfiyyət və milli məram faktorunda bu novator ənənələr, ümumiyyətlə, başlanğıc məqamı sayılır. Belə ki, Azərbaycan müstəqillik qazandıqda artıq mürəkkəb siyasi sistemə malik idi. Xalqından uzaq düşən hakimiyyət və ona qarşı çıxan çoxsaylı müxalifət təşkilatları tarixinin ən ağır günlərini yaşayan Azərbaycanın siyasi mənzərəsini təşkil edirdi. Ölkənin problemlərini həll etmək bacarığında olmayan iqtidara qarşı duran müxalif düşərgəyə isə avantürist mahiyyətli, heç bir siyasi və dövlətçilik təcrübəsi olmayan, xarici dairələrin təsiri altına düşən şəxslər və partiyalar aid idi.

Siyasi sistemin belə faciəli mənzərəsini yaradan iki əsas amili var idi: xalqın heç bir siyasi qrupa inam, etimad göstərməməsi və ölkədə güclü hakimiyyətin olmaması. Bu acı reallıq tarix səhnəsinə böyük sürətlə Ulu Öndər Heydər Əliyevi və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını çıxartdı. 

Azərbaycanın müasir siyasi konfiqurasiyasının təməli məhz Heydər Əliyev tərəfindən yaradıldı. Güclü icraedici, təkmil qanunverici, ədalətli məhkəmə sistemləri timsalında ölkədə dövlət idarəetməsinin mükəmməl nümunəsi formalaşdırıldı ki, bunun nəticəsi olaraq, siyasi sistemin sağlamlaşdırılması prosesi başladı. Konstitusiyanın və modern hüquqi bazanın, həmçinin plüralizmin, hüquq və azadlıqların bərqərar olması nəticə etibarilə normal siyasi institutların yaradılmasına, siyasi partiyaların milli mənafelərə köklənən fəaliyyətə tədricən keçidinə, siyasi sabitliyin və vətəndaş sülhünün möhkəmliyinə əsas verdi.

Demokratik seçki ənənələrinin yaradılması ilə tam ədalətli, şəffaf şəraitdə baş tutan prezident, parlament və bələdiyyə seçkilərində müxalifətin iştirakı üçün heç bir məhdudiyyət təşkil olunmadı, onlara genişmiqyaslı fəaliyyət zəmini təsis edildi. Parlamentdə, bələdiyyələrdə iştirakçılıq qazanan müxalifət partiyaları qərargahlarla təmin edildilər və sərbəst fəaliyyətləri üçün heç vaxt olmadığı qədər şəraitləri oldu. Senzuranın ləğvi, mühakimə sisteminə yeni hüquqi qaydaların gətirilməsi müxalifət KİV-inin maneəsiz fəaliyyətinə təminat yaratdı. 


Siyasi islahatlarda yeni prioritet: siyasi konfiqurasiyanın modernləşməsi


Prezident kimi səlahiyyətlərinin icrasına başladığı gündən Ulu Öndərin dövlətçilik kursunu əsas fəaliyyət məramı elan edən cənab İlham Əliyev bütün sahələrdə olduğu kimi, siyasi sistemin təkmilləşməsinə də xüsusi diqqət ayırdı. Ötən 22 ildə ölkənin güclü dövlətçilik, davamlı inkişaf, səmərəli idarəetmə modelini formalaşdıran, onları dövrün yeni çağırışlarına uyğunlaşdıran Prezident İlham Əliyev siyasi sabitliyi və milli birliyi möhkəmləndirməklə yanaşı, siyasi islahatlar çərçivəsində siyasi konfiqurasiyanın bir neçə mərhələdə modernləşməsini də həyata keçirtdi.

Bir mühüm məqama nəzər salaq ki, hələ 2003-cü ilin oktyabrında prezident seçkilərinin nəticələri elan olunmamış bir qrup radikal müxalifət partiyasının paytaxtda iğtişaş yaratması, dövlət çevrilişinə cəhd göstərməsi məhz xalqın mövcud hakimiyyəti birmənalı dəstəkləməsi və düzgün yol tutan siyasi partiyaların prinsipial və sağlam mövqeyi ilə iflasa uğradı.

Bu hadisə sistemin siyasi elementləri olan bəzi partiyaların hələ də xarici qüvvələrin təsiri altında olduqlarını, bu "marionetlərin" xaos daşıyıcısı əməllərindən əl çəkmədiklərini bir daha təsdiqlədi. Siyasi münasibətlər sistemində hələ də hökm sürən köhnəlmiş təfəkkür, radikal mübarizə üsullarından əl çəkməmək, maddi maraqları milli mənafedən üstün tutmaq, qlobal siyasi çağırış və trendlərlə uzlaşa bilməmək ümumilikdə siyasi sistemin əsas problemi kimi özünü göstərirdi.

İqtisadi, sosial, hərbi, regional inkişafdakı modernləşmə siyasi sistemin də müasirləşməsini zəruri edirdi. 2020-ci ildən etibarən parlament və bələdiyyələrdə təmsil olunan siyasi partiyaların əksəriyyəti həm cəmiyyətin sosial sifarişini, həm də yeni dövrün çağırışlarını nəzərə alaraq, konstruktiv mövqedə dayandıqlarını bildirdilər və milli məsələlərdə hakimiyyətlə vahid mövqedən çıxış etməyə başladılar. Böyük rəqabətlilik şəratində keçirilən prezident, parlament və bələdiyyə seçkiləri cəmiyyətdə siyasi fəallığı da yüksəltdi və siyasi partiyaların fəaliyyətində keyfiyyət dəyişikliyi yaratdı.

Bu proseslərin fonunda özlərini cəmiyyətdən tam təcrid edərək, başda AXCP və Müsavat olmaqla, "marginallaşan" müxalifətin radikal qaragüruhu birmənalı olaraq, xarici qüvvələrin nəzarətinə keçərək, antiazərbaycançı şəbəkənin və dünya erməniliyinin siyasi alətinə çevrildilər. Yalnız siyasi proseslərdə deyil, ümumiyyətlə, ölkə həyatında süni gərginlik ocaqları yaratmağa uğursuz cəhdlər edən bu qrupların himayədarı olan xarici təsisatlar, beynəlxalq təşkilatlar da ölkəmizdə destruktiv fəaliyyətlərini genişləndirməyə çalışırdılar.

Xalq dəstəyindən, vətəndaş etimadından tam məhrum olan bu qaragüruh dəstəsi və böyük ictimai qınaqla qarşılanan onların xarici havadarları çoxsaylı "siyasi eksperiment"lərlə özlərini zorla Azərbaycanın siyasi mühitinə daxil etməyi arzulayırdılar. "Siyasi əməkdaşlıq" adı ilə aparılan qanunsuz maliyyələşmə, "qrant layihələri" çərçivəsində törədilən saxtakarlıq və ciddi hüquq pozuntuları "dialoq təşəbbüsləri" ilə də davam edirdi. Prezident İlham Əliyevin bu hallara reaksiyası, əslində, xalqın rəyini tam ifadə edir: "1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi. Siz kimsiniz, gedin öz işinizlə məşğul olun. Sizin ölkənizdə indi siyasi dialoqa daha böyük ehtiyac var, nəinki Azərbaycanda".


Siyasi dialoq lüzumu


Siyasi konfiqurasiyanın yeni mərhələsinin yaranması və siyasi dialoq təşəbbüsləri mövzusunda təhlillər aparakən, bir neçə mühüm sual meydana çıxır:

- Əslində, siyasi dialoqa ehtiyac vardımı? 

- Güclü iqtidarın zəif müxalifətlə əməkdaşlığına nə lüzum vardı? 

- Bütün seçkilərdə birmənalı qalib gələn hakimiyyət və onun təmsilçiləri bütün seçkilərin məğlubu olan partiyalarla nəyi müzakirə edəcək ki? 

- Xalqın üz çevirdiyi partiyaları tərəfdaş səviyyəsinə qaldırmaqla hakimiyyət özünə niyə əlavə qayğılar yaradır?

Bu sualların siyasi konyunktura baxımından əlbəttə ki, əsası var. Ancaq Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsi, strateji baxışları, Azərbaycanın sabahı ilə bağlı hədəf və məramları kontekstində bu suallar öz əhəmiyyətini tam itirir.

Çünki cənab İlham Əliyev dövlətinin və xalqının sabahını yalnız sədr olduğu partiyanın və lideri olduğu iqtidarın maraqları baxımından dəyərləndirmir. 

Cənab Prezident əsl milli lider, böyük vətənpərvər, tarix yaradan və yazan rəhbər kimi Azərbaycan dövlətini və xalqını dünyanın ən güclüləri, ən müasirləri sırasına çıxarmağı qarşısında məqsəd seçib. 

Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı beş ilini, on ilini düşünmür, onun hədəfləri əsrləri əhatə edir. Bu gün təməlini atdığı və artıq nəticələrini gördüyü enerji layihələri, nəqliyyat-logistik təşəbbüsləri, iqtisadi planları, sosial məqsədləri necə ki əsrlər sonra da Azərbaycanı qüdrətli və rifahlı edəcək, eləcə də onun siyasi islahatları, yaratdığı yeni siyasi konfiqurasiya respublikamızı onilliklər sonra da dünyanın ən modern, demokratik ölkələri sırasında qərarlaşdıracaq.

Siyasi sistemdə islahatlar Prezident İlham Əliyevin yaratdığı tarixin ən qüdrətli Azərbaycanında yeni siyasi münasibətləri formalaşdıran, ölkədə vətəndaş həmrəyliyini və milli birliyi davamlı möhkəmləndirən əsas amillərdəndir.

2018-ci il prezident seçkilərindən sonra cənab İlham Əliyevin elan etdiyi yeni islahatlar kursu artıq dövlət və cəmiyyət həyatında istisnasız olaraq bütün istiqamətlərdə köklü dəyişiklikliyi, təkmilləşməyi və səmərəli nəticəyə hesablanan fəaliyyəti zərurətə çevirdi. Bu günün prizmasından baxanda, 7 il öncəki dövlət quruculuğu ilə bağlı yeni çağırışın, əslində, Prezidentin Zəfər Manifesti olması təsdiqini tapır. 

Bəli, Müzəffər Ali Baş Komandan böyük Zəfər üçün bütün qüvvələri - ölkənin iqtisadi gücünü, sosial rifahını, hərbi qüdrətini, milli birliyin monolitliyini, o cümlədən Azərbaycanın yeniləşən siyasi sistemini səfərbərliyə, qəti qələbəyə hazırlayırdı.


Prezidentin təşəbbüsü böyük fədakarlıq və prinsipiallıqla icra olundu


Xatırladaq ki, Prezidentin islahatlar strategiyasında siyasi konfiqurasiyasının yeni mərhələdə təşəkkülü əsas məqsədlərdən biri kimi qəbul olunmuşdu. Bu sahədə Prezident təşəbbüslərinin mühüm icraçısı və proseslərin əsas koordinatoru olaraq Prezident Administrasiyasında 2019-cu ildə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı.

Bu şöbə fəaliyyətinin ilk günlərindən etibarən Prezident İlham Əliyevin yeni siyasi konfiqurasiya vizyonunun tətbiqinə əzmkarlıqla, qətiyyətlə başladı. Öncə siyasi sistemin bütün tərəfləri, elementləri, üzvləri açıq görüşlərə dəvət edildi, onlar dinlənildi, fikirləri öyrənildi, həmçinin ölkədə yeni siyasi münasibətlərin formalaşması ilə bağlı ölkə rəhbərinin düşüncələri, təklifləri, tövsiyələri diqqətə çatdırıldı. 

Siyasi mühitdə uzun illər hökm sürən qarşılıqlı inamsızlıq, əlbəttə ki, tərəflər arasında münasibətlərin sağlamlaşdırılmasına ilk vaxtlar maneə yaradırdı. Yeni siyasi konfiqurasiyaya keçid mərhələsinə dövlət tərəfindən çox həssas yanaşılması, qarşı tərəfə səmimi münasibət bəslənilməsi, onların fikirlərinə və rəylərinə önəm verilməsi adekvat müsbət nəticə verdi. 

Artıq dialoq tərəfləri bir-birilərini düşmən, rəqib kimi yox, sadəcə siyasi rəqabət aparan və ümummilli məsələlərdə həmrəylik nümayiş etdirməyi bacaran müstəqil mövqe sahibləri kimi qəbul edirlər. Digər mühüm məsələ isə ölkədə siyasi ritorikanın dəyişməsi, radikal, barışmaz, güzəştsiz münasibətin konstruktiv, loyal və səmimi ovqata köklənməsi idi. Yeni siyasi mədəniyyət ənənələri formalaşır, siyasi əməkdaşlıq, tərəfdaşlıq formatları yaranırdı.

Yeni dialoq modeli ilə iqtidar-müxalifət münasibətlərində uzun müddət davam edən ətalət dövrü bitdi, siyasi sistemdə böyük canlanma yarandı. Müxalifət partiyaları anladılar ki, yeni siyasi konfiqurasiyada onlardan tələb olunan şərt heç də iqtidarın nəzarətinə keçmək yox, yalnız və yalnız ümummilli məsələlərdə vahid mövqe nümayiş etdirməkdir. "Milli Şura" adlı antimilli cəfəng qurumda toplaşan qaragüruh istisna olmaqla, siyasi spektrin bütün çalarları Prezidentin dialoq təşəbbüsünə müsbət cavab verdilər.

Bu prosesi fikrimizcə, möhtərəm Prezidentin bu sitatı ilə daha dolğun açıqlamaq olar. Belə ki, cənab İlham Əliyev dialoqda iştirakçılıq məsələsini belə səciyyələndirir: "İndi biz yeni dövrə qədəm qoyuruq. Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, - əgər biz özünü siyasi qurum adlandıran antimilli şuranı istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Bunu mən tam əminliklə deyə bilərəm və heç bir kənar müdaxilə olmadan". 

Bunlar yeni siyasi konfiqurasiyanın ilkin mənzərəsi, böyük Zəfərə doğru gedilən yolda qazanılan ilk siyasi həmrəylik nümunələri idi. Prezident İlham Əliyevin Azərbaycanda yeni siyasi konfiqurasiyanın yaradılmasının ilkin təməli olacaq siyasi dialoqun formalaşması ilə bağlı təşəbbüsü Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən fədakarlıqla, prinsipiallıqla icra olundu və qısa müddətdə uğurlu nəticələr verdi. 

Bir məqamı da vurğulayaq ki, məhz Prezidentin ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşması təşəbbüsündən sonra siyasi dialoq mühiti inkişaf etdi, yeni formalaşan Milli Məclisdə parlament sədrinin müavini, komitə sədri və müavin postları ilk dəfə olaraq müxalifət partiyalarının təmsilçilərinə ayrıldı. Bu proses bələdiyyələr timsalında da davam etdi.


Siyasi sistem möhkəmlənməklə yanaşı, tam müstəqilliyini də qoruyur


Dövlət tərəfindən, o cümlədən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin xəttilə davamlı olaraq irəli sürülən siyasi və ictimai təşəbbüslər siyasi konfiqurasiyanın təkmilləşməsinə mühüm töhfə verir. Tərəflər arasında etimad mühiti möhkəmlənir, yalnız iqtidarla-müxalifət arasında yox, elə müxalifət düşərgəsinin öz içində də fəal əməkdaşlıq yaranır.

Bu prosesdə cənab İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti xüsusilə diqqəti cəlb edir. Tək Azərbaycanın deyil, ümumiyyətlə, Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan YAP siyasi sistemin modernləşməsində əlahiddə mövqeyə sahibdir. Ölkənin ən əsas aparıcı siyasi qüvvəsi olmasına baxmayaraq, digər siyasi təşkilatlarla bərabərtərəfli, bərabərhüquqlu münasibətlər qurur və bu əməkdaşlığı qarşılıqlı etimad əsasında inkişaf etdirir. 

YAP-ın 2021-ci ilin mart ayında keçirilən VII Qurultayından sonra partiya həyatında mühüm dəyişikliklər baş vermiş, yerli təşkilatlardan Mərkəzi Aparata qədər bütün strukturlarda fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində əsaslı nəticələr əldə olunmuşdur. YAP artıq yalnız iqtidar partiyası statusuna və üzvlərinin kəmiyyət göstəricilərinə görə deyil, həm də keyfiyyətli fəaliyyətinə görə Azərbaycanın alternativsiz siyasi lideridir. 

Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləməklə yanaşı, müxalif mövqedə dayanan, yaxud da tam müxalifət partiyası olan siyasi təşkilatlar yeni siyasi konfiqurasiyada dialoq və siyasi etimad şəraitində fəaliyyət göstərirlər. 

Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşmənin həcminin hər il artırılması dövlətin siyasi sistemin möhkəmlənməsi ilə yanaşı, müstəqilliyini də qorumasını, təşviq etməsini təsdiqləyir. Yeni siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının qeydiyyatında heç bir maneənin olmaması, müvafiq qaydaların  qorunması şərtilə ən asan və operativ prosedurlarla qısa müddətdə real fəaliyyətə başlamaları da siyasi islahatların uğurlu təzahürlərindəndir.

Azərbaycanda formalaşan yeni siyasi konfiqurasiyadan bəhs edərkən, siyasi partiyaların fəaliyyətini tənzimləyən hüquqi bazanın təkmilləşməsi prosesi xüsusi önəm daşıyır. Gərgin siyasi münasibətlərin fonunda - 1992-ci ildə qəbul edilən "Siyasi partiyalar haqqında" qanun sonrakı dövrdə dəfələrlə dəyişiklik və düzəlişlərə məruz qalsa da, mahiyyətcə köhnəlmişdi və yeni dövrün çağırışları ilə əsla uzlaşmırdı.

Yeni qanunun qəbulu ilə bağlı cəmiyyətdə, xüsusən də siyasi partiyaların özləri tərəfindən mütəmadi olaraq təkliflər, çağırışlar səslənirdi. Siyasi dialoq çərçivəsində bu mövzuda təşəbbüslər irəli sürüldü, hakimiyyət də siyasi partiyaların təkliflərini nəzərə aldı. 2022-ci ildə Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar parlament sədrinə müraciət edərək, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanmasını zəruri saydılar. 

Yeni layihə genişmiqyaslı siyasi müzakirə predmeti oldu. O zaman ölkədə fəaliyyət göstərən 47 siyasi partiya tərəfindən Milli Məclisə 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən 100-dən çox təklif təqdim edildi. Həmçinin inkişaf etmiş 24 ölkənin təcrübəsi və Venesiya Komissiyasının 132 tövsiyəsindən 112-si layihədə nəzərə alındı. Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl siyasi partiyaların iştirakı ilə 2 ictimai dinləmə təşkil olundu. 

Demokratik müzakirələr şəraitində qəbul edilən və müasir çağırışları tam ehtiva edən qanun ölkənin ictimai-siyasi həyatında mühüm hadisəyə çevrildi. Yeni siyasi münasibətlər sistemində faydalı, şəffaf əməkdaşlığın, açıq və effektiv dialoqun davamlılığı üçün möhkəm zəmin formalaşdıran qanun siyasi partiyaların daha məhsuldar fəaliyyəti üçün yeni imkanlar açdı. 

Hazırda Azərbaycanda qeydiyyatdan keçərək fəaliyyət göstərən 26 siyasi partiya mövcuddur. AXCP və Müsavat Partiyası istisna olmaqla, onların hamısı yeni siyasi konfiqurasiyanın təminatçısı kimi mühüm fəaliyyət göstərir, siyasi tariximizin yazılmasında fəal iştirak edirlər. Onlar cəmiyyətdə mövcud olan problemləri, nöqsanları, çətinlikləri aşkar şəkildə diqqətə çatdırır, təkliflərini verirlər. 

Yeni tarixi dövrdə əsas milli ideyalardan biri kimi müəyyənləşən Qərbi Azərbaycana qayıdış prosesində də siyasi partiyaların fədakar iştirakı xüsusən əhəmiyyətlidir. Respublika daxilində, xarici ölkələrdə siyasi partiya təmsilçilərinin fəal iştirakı, yeni təşəbbüsləri tarixi torpaqlara qayıdışın ümummilli məsələyə çevrildiyini bir daha təsdiqləyir və yeni siyasi sistemin tarixi çağırışlara da adekvat cavab verdiyini nümayiş etdirir.


Yeni siyasi konfiqurasiya antiazərbaycançı şəbəkəyə ən böyük zərbələrdəndir 


AXCP və "Milli Şura" adlı amorf qurumda toplaşan bir ovuc "ziyalı" isə özünü bu proseslərdən məhrum, yeni siyasi konfiqurasiyadan təcrid edib, nəticədə tam marginallaşıb. Əslində, bu, tam məntiqəuyğundur. Azərbaycana qənim kəsilən bu adamlar Azərbaycan naminə fəaliyyətdə iştirak edə bilərlərmi?

Prezident İlham Əliyev bu qaragüruhla dialoq ehtimalını konkret olaraq belə ifadə edib: "Bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə, əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər". 

Xarici qrant, qanunsuz maliyyələşmə müqabilində milli maraqları hərraca çıxardan Əli Kərimli, Cəmil Həsənli və bu kimi digər antimilli ünsürlər milli məsələlərdə indiyədək heç bir təklif, təşəbbüs irəli sürməyiblər, heç bir fəaliyyət proqramı müzakirəyə çıxarmayıblar. Konstruktivlikdən uzaq, daim destruktiv, zorakı metodlara çağırış edən bu köhnə təfəkkürlü qaragüruh Vətən savaşı zamanı və antiterror tədbirlərində əsl mahiyyətini nümayiş etdirdilər.

Azərbaycan əsgərini "erməni vətəndaşlara qarşı mərhəmət göstərməyə çağıran" tarixçi "alim" Cəmil Həsənli o qədər nadanlaşdı ki, tədqiqatçısı olduğu sahənin - tarixin həqiqətlərini qulaqardına vurdu. İndi o, ermənipərəst xarici "ekspertlərlə" birgə fəaliyyət göstərmir, artıq özü birbaşa ermənipərəst mövqe nümayiş etdirir. Erməni lobbisinin maliyyələşdirdiyi "mərkəz"lərdə Azərbaycanın siyasi reallıqlarını təhrif edən çıxışlar edir, dünya erməniliyinin iftiralarını, yalanlarını dilə gətirir. 

Prezident İlham Əliyev bu milli nadanların Vətən müharibəsi və sonrakı dövrlərdə antimilli fəaliyyətlərinin məqsədini çox doğru izah edir: "Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək istəyirdilər ki, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsinlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb". 

AXCP-də, antimilli şurada toplaşan məlum ünsürlər təbii ki, yeni siyasi konfiqurasiyanı da davamlı hədəfə götürür, proses iştirakçıları barədə yalanlar, böhtanlar söyləyirlər. Bu məkrli xəyanətkarların qərəzlərini təkzib etmək üçün fakt, arqument söyləmək, əslində, lüzumsuzdur. Axı indiyədək onların hansı fikri, tənqidi reallığı əks etdirib? İndiyədək Əli Kərimlinin, Cəmil Həsənlinin hansı mülahizəsi ermənipərəst mövqedən fərqlənib? Heç biri!

Onların siyasi sistem və onun təşəbbüskarları, iştirakçıları barədə dedikləri də məhz dünya erməniliyinin bu prosesə münasibətini ifadə edir və Azərbaycanın bu istiqamətdə də düzgün mövqedə olduğunu təntənəli şəkildə təsdiqləyir. Yeni siyasi konfiqurasiyanın antiazərbaycançı şəbəkəyə ən böyük zərbələrdən biri olduğu həqiqətini də unutmayaq.

Ərazi bütövlüyü, konstitusiya quruluşu və suverenliyi tam təmin olunan respublikamızda siyasi sistemin modernləşməsi, siyasi konfiqurasiyanın yenilənməsi həm də bu Zəfər nailiyyətlərinin etibarlı təminatlarından biridir. Dövlət başçısının bu istiqamətdəki fəaliyyəti isə yalnız siyasi anlam daşımır, əslində, Azərbaycanın gələcəkdəki daha uğurlu nailiyyətlərinin milli etimad zəminidir. 

Prezident cənab İlham Əliyev gələcəyin siyasətini hamıdan daha dəqiq, daha düzgün bilir və fəaliyyətini də məhz bu aspektdə qurur. Gələcəyin siyasəti isə sabahın Azərbaycanını daha qüdrətli, daha rifahlı, daha çiçəklənən səviyyəyə yüksəltməkdir.


Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası olub  

15:38
18 İyun

Qazaxıstan qısa müddətdə BTC kəməri ilə illik neft ixracını 2,2 milyon tona qədər artırmağı planlaşdırır

15:37
18 İyun

Kağızsız Ticarət Şurasının sessiyası keçirilib

15:35
18 İyun

Prezident Ərdoğan: Türkiyə müdafiə sahəsində xaricdən asılılığı tam aradan qaldırmağı hədəfləyir  

15:34
18 İyun

İran İsrailə 400 ballistik raket atıb

15:32
18 İyun

"Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar" mövzusunda beynəlxalq konfrans panel sessiyalarla davam edir  

15:30
18 İyun

Orta Dəhlizlə yükdaşımaların illik həcmi 11 milyon tona çatdırıla bilər

15:30
18 İyun

Bonn İqlim düşərgəsində “Yaşıl dünya: təbiət və mədəniyyət” pavilyonu Azərbaycan QHT-lərinin Qlobal Cənuba dəstəyi olaraq qurulub  

15:27
18 İyun

Pentaqon hərbi nəqliyyat təyyarələrini Avropa bazalarına yerləşdirib  

15:12
18 İyun

Pezeşkian İranın böhrandan çıxa biləcəyinə ümid edir

15:01
18 İyun

Azərbaycan UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyası”na Tərəf Dövlətlərin Konfransının 10-cu sessiyasında iştirak edir

14:35
18 İyun

Ağdamın Kəngərli kəndində daha 40 ailəyə evlərinin açarları təqdim olunub  

14:34
18 İyun

Azərbaycanın və Belarusun müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər  

14:33
18 İyun

Çempionlar Liqası: “Qarabağ”ın rəqibi məlum olub

14:32
18 İyun

“TRT Haber” Kahramanmaraşın “Azərbaycan” məhəlləsi barədə reportaj yayımlayıb

14:30
18 İyun

Türkiyədən olan nümayəndə: Məhkəmə-hüquq sistemi qlobal sınaqla qarşı-qarşıyadır

14:28
18 İyun

Prezident İlham Əliyev Bolqarıstan Milli Assambleyasının sədrini qəbul edib

13:49
18 İyun

Media: Tramp Rusiya neftinin qiymətinin aşağı salınması əleyhinədir

13:48
18 İyun

AMADA Norveçdə keçirilən Avropa antidopinq konfransında idarəetmə üzrə əsas sessiyaya moderatorluq edib

13:46
18 İyun

Türkiyəli deputat: QDİƏT PA-nın 65-ci plenar sessiyası əməkdaşlığımızın inkişafına mühüm töhfə verəcək  

13:44
18 İyun

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB  

13:41
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!