Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bu barədə kollegiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iclasda kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
İclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb.
İxtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara vəkil vəsiqələri təqdim edilib və gələcək fəaliyyətlərində uğurlar arzu olunub.
Prezident İlham Əliyevin ötən il dekabrın 25-də imzaladığı Sərəncamla hakim vəzifəsinə təyin edilən Vəkillər Kollegiyasının 8 üzvü – Nəriman Alməmmədov, Aytəkin Əliyeva, İbrahim Qazıbəyov, Ülkər Maxsudova, Asim Mirzəzadə, Cavidan Mustafayev, Günel Səfərli və Cavid Süleymanovun mükafatlandırılaraq fəaliyyətlərinə xitam verilmək məsələsinə baxılıb və müsbət qərar verilib.
Bundan başqa, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi və vəkil kabinetinin ləğv edilməsi barədə müraciətlərinə baxılaraq, müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri pozuntulara görə 7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib və 2 vəkilə isə peşə fəaliyyəti zamanı qanunvericiliyin tələblərinə ciddi riayət etmək tapşırılıb.
Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.