Türkiyə dar günündə yanında yenə də ilk olaraq qardaşını gördü
Fevralın 6-da sübh tezdən qardaş Türkiyədən gələn acı xəbər Azərbaycan xalqının, dövlətinin dərin hüznünə, kədərinə səbəb olub. Qardaş ölkədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizi də yasa bürüyüb.
Xalqımız sevinci sevincimiz, kədəri kədərimiz olan qardaşlarımıza bu çətin günlərdə mənəvi dayaq olmaq üçün dəstək paylaşımları edir, duaları ilə Türkiyənin yanında olduğunu bildirir.
Eynilə 44 günlük Vətən müharibəsi zamanı türk qardaşlarımızın Azərbaycana haqq davasında mənəvi dəstək durduğu kimi.
Bəli, bir millət iki dövlət - Azərbaycan və Türkiyə dar gündə də, xoş gündə də bir-birinə həyan, kömək, arxa-dayaq olur...
"Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu"
Bazar ertəsi Türkiyədə baş verən zəlzələ ilə bağlı yaşanan fəlakət zamanı da Azərbaycan dövləti qardaş ölkənin yanında olduğunu nümayiş etdirdi.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirdi.
Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, onların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığı çatdırdı, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Türkiyə Prezidenti bu qardaş dəstəyinə görə dövlətimizin başçısına və Azərbaycan xalqına minnətdarlığını ifadə etdi.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da paylaşım edərək Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladığını bildirib. Faciə zamanı həlak olanlara rəhmət diləyən, onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verən, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayan Mehriban xanım Əliyeva "Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!", - deyə paylaşımında qardaş Türkiyəyə dəstəyini ifadə edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib. Bu barədə Əminə Ərdoğan tviter hesabında paylaşım edərək, "Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək xoşdur", - deyə qeyd edib.
Fevralın 6-da Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı tviter hesabında paylaşım edərək bildirib: "Ölkəmizdə yaşanan zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik".
Eyni zamanda Türkiyə mediası, ictimaiyyəti tərəfindən də Azərbaycanın Türkiyənin timsalında qardaşına çətin gündə arxa, dayaq durmasına xüsusi diqqət çəkib, ölkəmizin bu addımı təqdirlə qarşılanıb.
Xilasedicilərimiz axtarış-xilasetmə əməliyyatlarına başlayıb
Qeyd edək ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün Türkiyəyə ilk beynəlxalq yardımı Azərbaycan göndərib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb.
Dövlət başçısının göstərişinə əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri fevralın 6-da qardaş ölkəyə yola düşüb. Həmin qüvvələrin tərkibinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin müvafiq şəxsi heyətləri daxildir. Axtarış-xilasetmə əməliyyatları üçün zəruri vasitələrlə, o cümlədən xüsusi təlim görmüş xilasetmə itləri ilə təmin olunmuş qüvvələr qardaş ölkəyə çatdırılıb.
Artıq ötən gün səhər saatlarından FHN-nin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına başlayıblar.
Hərbi tibb personalımız da kömək üçün Türkiyədədir
Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, FHN-in yardımlarından ibarət növbəti iki təyyarə isə fevralın 7-də qardaş ölkəyə yola düşüb. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərilib. Hospital 4 funksional bölmədən - qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarətdir. Mobil səhra hospitalı ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. FHN-in peşəkar tibbi heyətinin xidmət göstərəcəyi hospital bütün lazımi dərman və preparatlarla təchiz edilib.
İkinci təyyarə ilə isə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınıb.
Qeyd edək ki, 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyət qardaş ölkəyə gedib.
Ötən gün axşam saatlarında FHN-in yardımlardan ibarət növbəti təyyarəsi qardaş ölkəyə göndərilib. Bu təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner göndərilib.
Həmçinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı da ötən gün Türkiyəyə yola düşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, iyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Xalqımız zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüznlə yad edir
Qardaş ölkədə baş vermiş təbii fəlakətlə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün Türkiyədə bir həftə matəm elan edib. Qardaş ölkənin Azərbaycandakı səfirliyinin önündəki Türkiyə bayrağı da yarıya qədər endirilib.
Azərbaycan xalqı fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini dərin hüznlə yad edir. Zəlzələdə ölənlərin xatirəsini anmaq məqsədilə insanlar Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında yaradılan xatirə guşəsinin önünə gül dəstələri düzürlər.
Eyni zamanda Türkiyənin Gəncədəki Baş konsulluğunun qarşısında da zəlzələ qurbanlarının xatirəsinə guşə yaradılıb. İctimaiyyət nümayəndələri, ziyalılar, şəhər sakinləri buranı ziyarət edərək gül dəstələri düzürlər.
Bəli, Azərbaycan xalqı, dövləti xoş günündə olduğu kimi, bu dar günündə də Türkiyənin yanındadır və qardaşlarının kədərini bölüşür.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"