23 İyun 2024 08:25
684
İQTİSADİYYAT
A- A+
"Yaşıl" və davamlı inkişaf naminə qlobal və milli çağırışlar

"Yaşıl" və davamlı inkişaf naminə qlobal və milli çağırışlar

 

2024-cü ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), həmçinin Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası kimi mötəbər tədbirlər keçiriləcək. 
Bu barədə keçən il Birləşmiş Ərəb Əmirliklərində baş tutmuş COP28-də dünya birliyi tərəfindən qəbul edilmiş yekdil qərar qlobal siyasi arenada Azərbaycanın özünü etibarlı tərəfdaş kimi sübut etməsinin, BMT-də və digər beynəlxalq təşkilatlarda oynadığı fəal rolun, Azərbaycan Prezidenti İlham Əliyevin nəinki regionda, hətta bütün dünyada sülhün və beynəlxalq hüquq çərçivəsində ədalətin bərqərar olunması üçün əmək sərf edən güclü lider kimi yüksək şəxsi nüfuzunun nəticəsidir. Azərbaycan Prezidentinin çıxışlarından birində qeyd etdiyi kimi, sözügedən qərar eyni zamanda ölkəmizin müxtəlif dövlətləri müəyyən məsələlər ətrafında bir araya gətirmək gücünə və imkanına malik olmasının təsdiqi, Azərbaycana olan böyük etimadın təzahürü və "yaşıl keçid"lə bağlı səylərimizin ən yüksək səviyyədə qəbul edilməsinin göstəricisidir. Qətiyyətlə demək olar ki, ölkəmizin 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına böyük uğurla sədrlik etməsi, BMT-də və digər müxtəlif beynəlxalq təşkilatlarda fəal rolu və təmsilçiliyi COP29-a sədrliyin də uğurlu olması üçün əlverişli imkanlar yaradır və bu imkanların reallaşacağı şəksizdir. 
Məlumdur ki, mavi və yaşıl rənglər insanın müşahidə dairəsində olan kainat daxilində Yer kürəsinin xarakterik simvollarıdır. Kosmosdan məhz bu rənglərdə görünən planetimizdə həyatın varlığını su-okean təbəqəsi və Yer üzünün yaşıl örtüyü təmin etmişdir. Bunlar isə təbii olaraq canlıların yaşamı üçün temperatur, rütubət və maddələrin ən optimal nisbətlərinin mövcud olduğu iqlimlə və atmosferin tərkibi ilə sıx əlaqədardır. 
Bəşər övladı tarixi ərzində planetə sahibləndikcə, təbiəti tam şəkildə idarə etməyə, onun sərvətlərindən özünün tükənməyən, daim artan ehtiyaclarının ödənməsi naminə səmərəsiz istifadə olunmasına aramsız cəhdlər göstərdikcə ətraf mühitə sağalmaz yaralar vurmuş, qlobal ekoloji durumu fəlakət halına gətirmişdir. Sənaye inqilabları bir-birini əvəz etdikcə dünyanın ekologiyasında təsir və təzyiqlər də durmadan ölçüyəgəlməz dərəcədə artmışdır. Son yüzillikdə isə bioloji müxtəlifliyə qarşı ciddi təhdidlər, növlərin itməsi adi hal almışdır. İqlim dəyişiklikləri içməli və suvarma suları ilə təminatda problemlər yaratmış, buzlaqların və göllərin sahəsi azalmış, növlərin miqrasiyası güclənmiş, ekosistem xidmətlərinin keyfiyyəti aşağı düşmüşdür.
Antropogen fəaliyyətlərin intensivləşməsi sayəsində səhralaşma, yaşıl örtüyün kasadlaşmasının yüksək tempi (məsələn, yüz, hətta min illər ərzində formalaşan meşəliklərin sahəsi təkcə 2001-2021-ci illər arasında 437 milyon ha azalmışdır), qlobal istiləşmə, istixana effekti, atmosferin temperaturunun son 200-250 il ərzində 20C-yə qədər yüksəlməsi ilə bağlı əsaslı bilgilərin aşkar olunması elm adamlarını, qabaqcıl təfəkkür sahiblərini artan təhlükəni görməyə, həyəcan təbili çalmağa, səsləri eşidilmədikdə isə qərar qəbulu mexanizm və instansiyalarına təsir etmək məqsədilə təşkilatlanma üzrə addımlar atmağa vadar etmişdir. 
Beləliklə, bioloji müxtəlifliyə və ümumən təbiətə dağıdıcı təsirlərlə bağlı narahatlıq XX əsrin ortalarına doğru getdikcə daha çox insanı ətrafına toplamağa başlamışdır. Məhz bu hiss könüllü təbiətsevərləri, o cümlədən elm adamlarını, ictimai fəalları adət etdikləri həyat tərzini buraxaraq uzaq səfərlərə çıxmağa, orada dünənə qədər varlığından heç kimin xəbəri olmadığı canlıların xilası naminə ağlasığmaz cəhdlər etməyə məcbur edirdi. Bütün dünyada təbiətin mühafizəsini həyatının mənasına çevirmiş, gördükləri işin səmərə verəcəyinə inanan, qorunan təbiət ərazilərinin, qoruq və yasaqlıqların yaradılması məqsədilə illərlə qərar qəbulu instansiyalarına ayaq döyən, həyəcan təbili çalan insanların cəhdləri heç də həmişə uğurlu alınmırdı. Təəssüf ki, dünya liderlərinin böyük əksəriyyəti "kimsə bir ağac kəsirsə, elə bil mənim qollarımı kəsir" məfkurəsindən, amalından uzaq olmuş, sənayeləşmənin eyforiyasını yaşayan dünya gücləri, böyük dövlətlər, beynəlxalq təşkilatlar ilk vaxtlarda alimlərin çağırışlarını eşitməzliyə vurmuş, elmi dəlilləri görmək istəməmişlər. 
Belə bir zamanda - XX əsrin ortalarından etibarən dünyanın tərəqqipərvər qüvvələrinin getdikcə güclənən vətəndaş mövqeyinin və güclü ictimai fikrin təzyiqi altında Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi (İUCN, 1948), Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF, 1961), Greenpeace (1971), BMT-nin Ətraf Mühit Proqramı (UNEP, 1972) və s. kimi qurumların, bir çox ölkədə "Yaşıllar" partiyalarının yaradılması, dünya yaşıllar hərəkatının formalaşması, bu hərəkatın ayrı-ayrı ölkələrdə siyasətə və qərarların qəbulu prosesinə ciddi şəkildə nüfuz etməsi bəşəriyyətin özünüxilas instinkti ilə elmi biliklərə arxalanma və güvənmənin vəhdətinin bariz göstəricisi olmuşdur.
Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşən IUCN bir təşkilat olaraq üç komponentdən - üzv təşkilatlar, altı elmi komissiya və katiblikdən ibarətdir. IUCN-in üzvləri dövlətlər, dövlət qurumları, beynəlxalq və milli qeyri-hökumət təşkilatları, elmi tədqiqat institut və mərkəzləridir. Hazırda təşkilat 1400-dən çox üzvü, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisi birləşdirir. UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir. Birlik "Qırmızı Kitab", elmi ədəbiyyat, serial və digər xüsusi materialları dərc edir və yayır. Qeyd edim ki, IUCN-in üzvləri sırasında Azərbaycanın IDEA İctimai Birliyi də yer almaqdadır.
WWF dünyada beş milyondan çox tərəfdarı olan ən böyük mühafizə təşkilatıdır. 100-dən çox ölkədə fəaliyyət göstərir, 3000-dən çox ətraf mühit layihələrini dəstəkləyir. Fond tərəfindən 1995-ci ildən bəri 12 mindən çox qorunma təşəbbüsünə 1 milyard dollardan artıq sərmayə yatırılmışdır. WWF-nin Azərbaycan nümayəndəliyi 2001-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihə həyata keçirmişdir. Hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların və bizonların reintroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlülüyünün artırılması istiqamətində layihələr icra edilməkdədir.
Greenpeace (Yaşıl sülh) Avropa, Amerika, Asiya və Okeaniyadakı 40 ölkədə mövcud olan qeyri-kommersiya təşkilatıdır. Təşkilat öz fəaliyyəti üçün dövlətlərdən, şirkətlərdən və siyasi partiyalardan vəsait almır və heç bir sponsorluğu da qəbul etmir, ancaq üzvlərinin maddi və mənəvi yardımları ilə fəaliyyətini davam etdirir. Ətraf mühitə qarşı işlənən cinayət və cinayətkarlara qarşı edilən etiraz aksiyaları, araşdırmalar, mediada yer alan məqalələr sadəcə bütün işin görünən tərəfləridir. Təşkilatın hazırda 24 beynəlxalq və 4 regional ofisi və bu ofislərin fəaliyyətini həyata keçirən 101 ölkədə 2 milyon 800 min fəal tərəfdarı vardır.
BMT-nin Ətraf Mühit Proqramı (UNEP) 1972-ci ildə yaradılmışdır və vəzifəsi bugünkü və gələcək nəsillərin rifahı naminə ətraf mühitin yaxşılaşması və qorunmasına yönəlmiş tədbirlərin təşkili və həyata keçirilməsindən ibarətdir. Proqramın şüarı "İnkişaf naminə çevrəmiz"dir. Baş qərargahı Keniyanın paytaxtı Nayrobidə yerləşən UNEP-in digər ölkələrdə də altı böyük regional ofisi vardır. Bu qurum qlobal və regional səviyyələrdə ekologiya problemləri ilə bağlı istənilən məsələlərə baxır. Eyni zamanda UNEP yer atmosferi, dəniz və yerüstü ekosistemlərlə bağlı çeşidli layihələr həyata keçirir.
Yaşıllar hərəkatı bizi əhatə edən mühitin dağılmasına qarşı mübarizə aparan, insanla təbiət arasında münasibətlərdə daha çox ahəngin əldə olunmasına çalışan qeyri-hökumət təşkilatlarının, qrupların, cərəyanların ümumiləşmiş adıdır. Yaşıl rəng təbiətin, ümidin, yeniliyin rəmzi olduğu üçün seçilmişdir.
1970-ci illərdə ətraf mühitlə bağlı "Avropa təbiətinin qorunması ili" kampaniyası (1970), Stokholmda keçirilən çevrə problemləri üzrə BMT-nin konfransı (1972) və s. kimi tədbirlər diqqət çəkmişdir. 
İlk dəfə Dünya İqlim Konfransı 1979-cu ildə keçirilmişdir. Burada Qlobal İqlim Proqramı qəbul olunmuşdur. 1988-ci ildə Dünya Meteorologiya Təşkilatı və BMT-nin Ətraf mühit proqramı tərəfindən Beynəlxalq Hökumətlərarası İqlim Panelinin (BHİP) əsası qoyulmuş və Cenevrədə II Dünya İqlim Konfransı baş tutmuşdur.
Bundan başqa, müvafiq məsələlərin ictimailəşdirilərək qərar qəbulu mexanizm və instansiyaları qarşısında qaldırılması istiqamətində dünyada Donald Worster, James Ephraim Lovelock, Donella Meadows kimi tanınmış ekoloqlar, Azərbaycanda akademiklər Həsən Əliyev, Budaq Budaqov, Cəlal Əliyev kimi görkəmli alimlər də təqdirəlayiq işlər görmüşlər. 
Alimlərin fikrincə, sənayeləşmənin sürətli və nəzarətsiz inkişafı, ətraf mühitin sənaye və məişət tullantıları ilə çirkləndirilməsi, ehtiyatların səmərəsiz tükədilməsi, əhalinin intensiv artımı olduğu kimi davam edərsə, Yer kürəsində həyatın varlığı təhlükə altına düşəcəkdir. Bunun qarşısının alınması üçün ekoloji və iqtisadi sabitliyə nail olmaq lazımdır. Alimlər çıxış yolunu ekosistemlərin xidmətlərindən istifadənin səmərəliliyinə nail olunmasında, istehsalın ətraf mühitə ziyan vurulmaması baxımından ciddi nəzarətdə saxlanılmasında, ekoloji təmiz texnologiyalara, "yaşıl enerji", "yaşıl iqtisadiyyat" prinsiplərinin tətbiqinə keçilməsində görürdülər.
Tərəqqipərvər bəşəriyyətin, ekoloji fəallar hərəkatlarının, xüsusən alimlərin yüksək səslə həyəcan təbili çalmasının nəticəsi olaraq 1992-ci ildə dünya birliyi ölkələrinin Rio-de-Janeyro sammitində planetimizdə həyatın davamı üçün mühüm əhəmiyyət daşıyan 2 mühüm beynəlxalq sənəd ərsəyə gətirilmişdir. Bunlardan biri Bioloji Müxtəliflik haqqında Konvensiya, digəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasıdır.
Bioloji Müxtəliflik haqqında Konvensiyanın (BMK) məqsədləri bioloji müxtəlifliyin qorunması, onun komponentlərinin davamlı istifadəsi və bunun nəticəsində yaranan faydaların ədalətli şəkildə bölüşdürülməsi, o cümlədən genetik ehtiyatlara lazımi çıxışın təmin edilməsi, resurslara və innovasiyalara dair bütün hüquqlar nəzərə alınmaqla müvafiq texnologiyaların yaradılması və adekvat maliyyələşdirmə yolu ilə uyğun şəkildə ötürülməsidir. Biomüxtəlifliyin bəşəriyyətin ümumi səyi ilə qorunmasını nəzərdə tutan BMK Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 14 mart 2000-ci ildə ratifikasiya olunmuşdur.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) atmosferdə istixana qazlarının konsentrasiyalarını sabitləşdirməklə "insanların iqlim sisteminə təhlükəli müdaxiləsi" ilə mübarizə aparmaq üçün ölkələr arasında bağlanmış beynəlxalq müqavilədir. Çərçivə Konvensiyasının son məqsədi onun 2-ci maddəsində: "atmosferdə istixana qazlarının konsentrasiyaları iqlim sisteminə təhlükəli antropogen müdaxilənin qarşısını alacaq səviyyədə sabitləşdirilməlidir" şəklində göstərilmişdir.
Konvensiya 1992-ci ildə Rio-de-Janeyro şəhərində keçirilən Dünya Sammitində 154 ölkə tərəfindən imzalanmış, 21 mart 1994-cü il tarixdə 50-ci üzv ölkənin ratifikasiya prosesini tamamlaması ardından qüvvəyə minmişdir. Konvensiyanın Əlavə 1-nə daxil edilmiş ölkələr (əsasən inkişaf etmiş ölkələr) atmosferə tulladıqları istixana qazlarının azaldılmasına dair öhdəliklər götürürlər. Konvensiyaya üzv ölkələrin əksəriyyəti Əlavə 1-ə daxil edilməyən inkişaf etməkdə olan ölkələrdir. Onların qarşısında emissiyaların azaldılması istiqamətində heç bir öhdəlik qoyulmur.
Çərçivə Konvensiyasının ali qərar qəbul edən orqanı - Konvensiya tərəflərinin konfransları (COP) iqlim dəyişikliyi ilə mübarizədə əldə edilmiş tərəqqini qiymətləndirmək və inkişaf etmiş ölkələr üçün istixana qazı emissiyalarını azaltmaq və hüquqi cəhətdən məcburi öhdəlikləri müəyyən etmək məqsədi ilə keçirilir. Qeyd edək ki, Konvensiya tərəflərinin ilk konfransı (COP1) 1995-ci ildə Berlin şəhərində keçirilmişdir. 2005-ci ildən başlayaraq konfranslar həm də "Kyoto Protokolunun Tərəflərinin Müşavirəsi rolunu oynayan Tərəflərin Konfransı" (CMP) kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən 2015-ci ilə qədər görüşlər iqlim fəaliyyətinə doğru ümumi yol yaradan Durban platformasının bir hissəsi kimi Paris Sazişini müzakirə etmək üçün istifadə edilmişdir. 12 dekabr 2015-ci il tarixdə iqlim dəyişikliyi ilə bağlı hüquqi cəhətdən məcburi beynəlxalq müqavilə olan Paris Sazişi qəbul olunmuşdur. Hazırda 198 ölkə və ərazi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəfləridir.
Məlumdur ki, Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq BMT Baş Assambleyasının 2015-ci il 25 sentyabr tarixli A/RES/70/1 nömrəli qətnaməsi ilə növbəti 15 il müddətinə insan inkişafı üçün son dərəcə əhəmiyyətli imkanların yaradılmasına, planetimizi qorumaqla qlobal inkişafın dayanıqlılığının təmin edilməsinə təkan verəcək 17 məqsəd və 169 hədəfdən ibarət "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" (bundan sonra - Gündəlik) təsdiq edilmişdir. Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) özünəməxsusluğu onların bütün ölkələri, o cümlədən yoxsul, zəngin və ortagəlirli ölkələri planetin mühafizəsini təmin etmək şərti ilə tərəqqini təşviq etmək üçün tədbirlər görməyə səsləməsində əks olunur. DİM-lər təsdiq edir ki, yoxsulluğun aradan qaldırılması iqtisadi artımın ətraf mühiti qorumaqla təmin edilməsinə yönələn strategiyalarla əlaqəli şəkildə həyata keçirilməlidir. Məqsədlər təhsil, sosial müdafiə və məşğulluq imkanları da daxil olmaqla geniş spektrli sosial ehtiyacları və bununla yanaşı, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsini ön plana çəkir. Gündəlikdə müəyyən edilmiş qlobal məqsəd və hədəflər dayanıqlı inkişafın bir-biri ilə vəhdət təşkil edən iqtisadi, sosial və ətraf mühit sahələrində tarazlı idarəetmənin həyata keçirilməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən icrası zəruri hesab edilən kollektiv tədbirləri özündə əks etdirir. 
Qeyd edək ki, DİM-lərin bir neçəsi birbaşa ətraf mühitlə bağlıdır. Bu məqsədləri "təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması və iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görməklə planeti korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi" kimi ümumiləşdirmək olar.
İqlimlə bağlı əsas məqsəd (13-cü məqsəd) "İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək" şəklində formalaşdırılmışdır. 
Ətraf mühitə antropogen təsirlər nəticəsində "istixana" effekti yaradan qazların emissiyası artmaqda davam edir və iqlim dəyişikliyinə təkan verir. Qeyd edək ki, alimlər tərəfindən atmosferdə temperatur artımına səbəb kimi göstərilən əsas istixana qazları karbon qazı (CO2), metan (CH4), azot oksidi (N2O) və xloroflorokarbonlardır (CFC). Xüsusən havada CO2 konsentrasiyalarının artması qlobal ekoloji dəyişmələrin güclənməsinə (hava şəraitlərindəki fərqlərin və ekstremal hadisələrin tezliyinin artması, uzunmüddətli dəyişikliklər və sürüşmələr) gətirib çıxarmışdır. Ciddi tədbirlər görülməzsə, dünya üzrə havanın temperaturunun 21-ci əsr ərzində 3OC artacağı ehtimal olunur. 
Heç bir ölkə iqlim dəyişikliklərinin təsirindən sığortalanmamışdır. Ekologiya, təbiət hadisələri siyasi sərhədləri "tanımadığından" sıfır emissiyaya malik ölkələrdə belə stres amillərinin güclənməsi böyük dövlətlərdən fərqli deyildir. Ölkələr daha təmiz, daha stabil iqtisadiyyata keçməlidirlər, alternativ və bərpaolunan enerji mənbələrinə yönəlmək, eyni zamanda uyğunlaşmalara səy göstərmək lazımdır.
Dəyişikliklər lokal ərazilər üzrə məhdudlaşdırıla bilmədiyindən, ortaq qərarların qəbul edilərək ümumi səylərlə yerinə yetirilməsi, beynəlxalq səviyyədə koordinasiya edilən həllər tapılması lazımdır. Bu faktın dərk edilməsi nəticəsində 2015-ci il dekabrın 12-də Parisdə Tərəflərin 21-ci Konfransında (COP21) Paris Sazişi qəbul edilmişdir. Bununla da sazişə qoşulan ölkələr qlobal temperaturun artım səviyyəsini 2OC-dən aşağı səviyyədə məhdudlaşdırmağa razılaşmışlar.
Ətraf mühit problemlərinə az və ya çox dərəcədə aid olan digər məqsədlərdən aşağıdakıları göstərmək olar:
Məqsəd 2. Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək.
Aqrar sahədə orta və uzun müddət üçün başlıca məqsədlərdən biri iqlim dəyişiklikləri və streslərin güclənməsi dövründə bitkilərin, xüsusən onların strateji əhəmiyyət daşıyanlarının (Azərbaycan üçün ərzaqlıq buğdanın) məhsuldarlığının və keyfiyyətinin yüksəldilməsinə, kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasına, kənd əhalisinin həyat qabiliyyətli inkişafına, ətraf mühitin mühafizəsi ilə rəqabətqabiliyyətli sektorun təşəkkül tapmasına nail olmaqdan ibarətdir.  
Məqsəd 6. Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarəetməni təmin etmək.
Su çatışmazlığı və quraqlıq dünyanın ən yoxsul ölkələrində aclıq və zəif qidalanmanın kəskinləşməsinə səbəb olur. 2050-ci ilə qədər hər dörd nəfərdən ən az birinin uzunmüddətli və ya təkrarlanan şirin su çatışmazlığına məruz qalan ölkələrdə yaşayacağı ehtimal olunur. 
Məqsəd 7. Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək.
Dayanıqlı enerji fürsətdir - həyatın, iqtisadiyyatın və planetin transformasiyasına imkan verir. "Yaşıl enerji" "yaşıl iqtisadiyyat"ın əsasıdır.
Məqsəd 11. Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək.
İri yaşayış məntəqələrində ekoloji sabitliyə, ətraf mühitin təmizliyinə nail olunması xüsusilə çətindir və böyük həcmdə maliyyə yatırımları və ya iqtisadi rentabelliyin azalmasını tələb edir. Şəhərlərin üzləşdiyi problemləri aradan qaldırmaq üçün   resurslardan istifadənin təkmilləşdirilməsi, çirklənmənin və yoxsulluğun azaldılması ilə yanaşı, aqlomerasiyanın normal inkişafı və böyüməsinə imkan verən ekoloji cəhətdən nisbətən təmiz üsullardan istifadə oluna bilər.
Məqsəd 14. Dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək.
Yağış suları, içməli sular, hava, iqlim, sahillər, qidanın əhəmiyyətli bir hissəsi, hətta havadakı nəfəs aldığımız oksigen də nəticə etibarilə dəniz tərəfindən təmin edilir və tənzimlənir. 
Məqsəd 15. Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq. 
Azərbaycan 2030 Gündəliyinə nail olmaq baxımından ən hazırlıqlı ölkələrdən biri olmaqla, burada dayanıqlı inkişaf məqsədlərinə sadiqlik yüksək səviyyələrdə dəfələrlə nümayiş etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti 2016-cı ildə BMT-nin Azərbaycan hökumətinə göstərdiyi dəstəyin əlaqələndirilməsi üçün əsas tərəfdaş kimi fəaliyyət göstərən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılmasına dair fərman imzalamışdır. Eyni zamanda Azərbaycan DİM-lərə nail olunmasını milli səviyyədə sürətləndirmək üçün atıla biləcək konkret siyasi addımlarını və proqramlaşdırma fəaliyyətlərini əks etdirən MAPS (Gündəlik naminə aktuallaşdırma, sürətləndirmə və siyasətə dəstək) missiyasını həyata keçirən ilk ölkələrdən biri olmuşdur və müvafiq təcrübə 2018-ci ildə Dayanıqlı İnkişaf üzrə Bakı Forumunda təqdim olunmuşdur. Digər məsələlərlə bərabər, forumda 2030 Gündəliyinin yerinə yetirilməsini sürətləndirmək məqsədilə fəaliyyətləri müəyyən edən Bakı Prinsiplərinin qəbul edilməsi gerçəkləşdirilmişdir. 15-16 noyabr 2023-cü ildə keçirilmiş Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda da bir sıra vacib qərarlar qəbul edilmişdir ki, bunların arasında ətraf mühit problemləri ilə bağlı məsələlər də yer almışdır. 

(Ardı var)

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!