Hazırkı dövrdə kəndli fermer üçün mühüm olmayan fəsil, ay, gün yoxdur. O, bir məhsulu yığıb başa çatdırandan sonra növbəti il üçün plan cızmalı olur. İlk növbədə şum aparmaq, toxum tədarükü barədə fikirləşir.
Ən kiçik fermer belə bu gün yalnız bir növ bitki əkib-becərməklə kifayətlənmir. Taxılla yanaşı, pambıq yetişdirir, yonca əkir, bostan-tərəvəzlə məşğul olur, mal-qara, qoyun-quzu, toyuq-cücə bəsləyir. Məsələn, o bu gün biçdiyi zəmidə herik şumu aparmaqla bərabər, saxladığı mal-qara üçün qışa yem tədarükü görür. Onların hər birinin vaxtında həyata keçirilməsinin çox mühüm əhəmiyyəti var. Amma bu günlər əsasən pambıq xüsusi diqqət və qayğı tələb edir. Fermerlərin çəkdiyi zəhmətin hasilə gəlməsinə, yaşıl qozaların "ağ qızıl"a dönməsinə sayılı günlər qalıb.
Bütün bunlar barədə Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Miradil Əhmədli ilə söhbət edirik. Məlum olur ki, müsahibim əslən qonşu Sabirabad rayonundandır. "Atam rayonda uzun müddət kənd təsərrüfatı sahəsində rəhbər vəzifədə çalışdığından onun həmkarları ilə telefonla və ya üz-üzə görüşəndə pambıq haqqında çox söhbət etdiyini görmüşəm. Mən də kəndli balası kimi məktəbdə oxuyarkən yay tətili zamanı pambığın becərilməsində, payızda isə tarladan toplanışında iştirak etmişəm. Deməyim odur ki, pambıq adı mənə yad deyil", - deyir.
Sonra Miradil Əhmədli kolxoz quruluşu dağıldıqda pambığa qarşı göstərilən ögey münasibətdən, onun əkininin ləğv edilməsi barədə fikirlərin ortaya çıxmasından danışdı. Prezident İlham Əliyevin strateji əhəmiyyət kəsb edən bu bitkinin yetişdirilməsinə xüsusi diqqət verməsindən, kənd yerlərində yaşayan əhalinin məşğulluğunun təmin edilməsi sahəsində pambıqçılığın əhəmiyyətindən, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın pambıqçılığın inkişafındakı rolundan bəhs etdi. Prezident İlham Əliyevin intensiv əkinçilik üsulunun tətbiqi nəticəsində taxılçılıq və pambıqçılıqda məhsuldarlığın 50 sentnerə çatdırılması vəzifəsini qarşıya qoyduğunu, bunun üçün Neftçalada aidiyyəti qurumların, mütəxəssis, fermer və sahibkarların məsuliyyət hissinin artdığını vurğuladı.
Söhbət əsnasında məlum oldu ki, bu il rayonda 4 şirkətin - "Prime Cotton", "P-Aqro", "Azərpambıq", "Aztəsərrüfat" MMC-lərin Neftçalada fəaliyyət göstərən filialları və "Taşobası" təsərrüfatı tərəfindən 1109 nəfər fermerlə cari ilin əvvəlində 6 min 735 hektarda pambıq istehsalı ilə bağlı müqavilə bağlanılıb. Artıq avqust ayının ikinci ongünlüyüdür. Bir çox mərhələdə demək olar ki, işlər başa çatmaq üzrədir. İndi bar toplama ayıdır. Mütəxəssislərin dediyinə görə, çəkilən zəhmət öz bəhrəsini verəcək. Hər kolun üstündə 13-14 formalaşmış qoza var. Yığıma kimi gül və daraqlardan daha 4-5 qoza yaranacaq. Bunlar isə böyük zəhmət, diqqət və qayğı nəticəsində hasilə gəlib. Məlumat üçün bildirək ki, əkin zamanı keyfiyyətli toxumla birlikdə hər hektara 150-200 kiloqram ammofos gübrəsi verilib. Bu da öz növbəsində torpaqda cücərən çiyidin yaxşı inkişaf etməsinə zəmin yaradıb. Sonrakı mərhələlərdə 5 dəfə kompleks becərmə aparılıb, 3 dəfə ketmənləmə, 2-3 dəfə suvarma, 18 min hektarda bir neçə dəfə sovkaya, tripis və mənənə xəstəliklərinə qarşı mübarizə tədbirləri aparılıb. Ümumilikdə 18 min hektarda kompleks yemləmə, 7 min 800 hektarda isə boynizamlayıcı işləri həyata keçirilib.
Hazırda tarlalarda son becərmə aparılır. Bununla yanaşı, yığıma hazırlıq işləri görülür. Rayon üzrə Amerika istehsalı olan 60 "Conder" markalı pambıqyığan maşın var ki, onların da bir hissəsi artıq start xəttindədir, qalanların üzərində işlər davam edir. Yığılan məhsulun tədarük məntəqələrinə daşınmasında 120 nəqliyyat traktoru, 350 lafet iştirak edəcək. Onların hər biri saz vəziyyətdədir.
Neftçalada fəaliyyət göstərən pambıqçı fermerlərdən biri Astanlı kənd sakini Emin Ələkbərovdur. Hələ uşaqlıq çağlarından torpaqla ünsiyyət bağlamağa meyil göstərib. Həyətyanı sahələrində meyvə-tərəvəz əkib, yetişdirib. Bunu görən valideynləri Eminin gələcəkdə aqronom olacağını zənn ediblər. Lakin həyat elə gətirib ki, kəndlərindəki orta məktəbi bitirən kimi sənədlərini Texniki Universitetə verib. Ali təhsilini başa vurduqdan sonra 2000-2002-ci illərdə leytenant kimi hərbi hissələrin birində xidmət edib. 2004-2009-cu illərdə Rayon Paylayıcı Elektrik Şəbəkəsində aparıcı mühəndis vəzifəsində çalışıb. Gənclik illəri heç özü də bilmədən onu şəhər mühitinə - Bakıya çəkir. Orada 3 il tikintilərin birində işləyib. Lakin doğulub boya-başa çatdığı kəndi, doğmalarını bir an belə unutmayıb. Üstəlik, evin tək oğlu olduğundan ata-anasının qayğısını çəkməyin onun üzərinə düşdüyünü dərk edib. Doğma kəndinə qayıdaraq ailə həyatı qurub. Elə həmin vaxtlar qonşu Qaramanlı kəndində "Prime Cotton" MMC-nin (o vaxt MKT İstehsalat Kommersiya MMC adlanırdı) filialı fəaliyyətə başlayıb. Çoxları kimi E.Ələkbərov da pambıq yetişdirməyə qərar verib. Birinci il 3,4 hektar sahənin hər hektarından 55 sentner məhsul götürüb. Yüksək məhsuldarlıq ona yaxşı qazanc gətirib. Bundan sonra torpaq sahələrini genişləndirib. Növbəli əkin sisteminin tətbiqini də yaddan çıxarmayıb.
Emin Ələkbərov keçən il pambıq əkdiyi 17 hektar sahənin hər hektarından 42 sentner məhsul əldə edib. Cari ilin əvvəlində 15 hektarda pambıq əkmək üçün həmişəki kimi, "Prime Cotton" MMC-nin Neftçala rayonundakı filialı ilə müqavilə bağlayıb. Sahələrdə 5 kompleks becərmə işləri görüb. 2 dəfə ketmənləmə, 2 dəfə suvarma, yemləmə, ziyanvericilər və xəstəliklərə qarşı mübarizə tədbirlərini də vaxtında və yüksək keyfiyyətlə aparıb. Hazırda hər kolun üstündə 13-14 çillənmiş qoza yetişib. Becərmə davam etdiyindən onların sayı tezliklə 18-19 olacaq.
E.Ələkbərov bu ilin may ayının 25-də Prezidentin imzaladığı dövlət proqramında qarşıya qoyduğu vəzifənin məsuliyyətini hiss edərək yorulmaq bilmədən çalışır, hər hektardan 50 sentner məhsul götürmək istəyir.
"Prime Cotton" MMC-nin Neftçala filialının müqavilə bağladığı digər fermerlər də bar toplama, yəni avqust ayının əhəmiyyətini dərk edərək bu günlər tarlada daha səylə çalışırlar. Onlar sentyabr ayında yığıma başlamağa hazırlaşırlar.
Seyran CAVADOV,
"Azərbaycan"