Əmtəə birjalarında qızılın qiyməti son iki ayın maksimumun səviyyəsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, Nyu-Yorkun COMEX birjasında qızılın bir troya unsiyasının qiyməti 4500 dollar civarındadır. Bu, iyunun 2-dən bəri ən yüksək səviyyədir.
Ekspertlərin fikrincə, 4500 dollar qızılın qiyməti üçün qısamüddətli perspektivdə psixoloji hədd hesab olunur. Qiymətin artmasına ABŞ-də uzunmüddətli istiqrazların geri alışları üçün likvid dəstəyin ikiqat artırılacağı ilə bağlı açıqlama səbəb olub. Dollarların zəifləməsi də dollarla qiymətləndirilən qızılı digər valyutalardan istifadə edən investorlar üçün daha cəlbedici edir.
Gümüşün və palladiumun qiyməti artıb, platin isə ucuzlaşıb.
“Citigroup”un analitikləri qızılın qiymətinin növbəti ay ərzində sabit qalacağını və ya bir qədər azalacağını, ilin dördüncü rübündə 4500 dollar, gələn ilin birinci yarısında isə 5000 dollar olacağını proqnozlaşdırırlar.
“J.P. Morgan” bankının analitikləri isə hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
Qeyd edək ki, iyulda qızılın qiyməti son 5 ayda ilk dəfə aylıq artım tempi nümayiş etdirib.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir. Dollar indeksi bir ildən çox müddət ərzində ən yüksək səviyyəsinə yüksəlib və bu da qızılı beynəlxalq alıcılar üçün daha bahalı edir.