08 Mart 2024 08:00
10569
SİYASƏT
A- A+

Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir

 

Azərbaycan milli təfəkküründə Vətən həmişə Ana obrazında təsəvvür edilmişdir. Qadın müqəddəs sayılmış, Ana adı ən ideal mənəvi dəyərlərlə bərabər tutulmuşdur. "Qadın cəmiyyətin bütövlük rəmzi, elin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir" deyirlər. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar həm də bu nəcib zümrənin fədakarlığı və zəkası sayəsində başa gəlir. 
Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının təməl xarakteridir. Bizim xanımlar tarixin bütün dövrlərində mənsub olduğu nəslin, elin, obanın yükünü daşımaqdan qürur duyublar. Əməlləri ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışıblar. 
Bu gün qadınlarımızın Azərbaycanın ictimai-siyasi həyatında artan rolu və mövqeyi bizim milli dövlətçilik tariximizin ən böyük uğurlarındandır. Bu uğurlar bir tərəfdən Azərbaycanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə ölkə rəhbərinin həyata keçirdiyi strateji inkişaf xəttində qadın siyasəti ilə bağlı seçilmiş prioritetlər üzərində qərar tutur. Prezident İlham Əliyevin bu il 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda xalqımızın hər zaman xanımlarımıza dərin ehtiram bəslədiyi xüsusi qeyd olunur: "Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər".
Bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadını tarixdə layiq olduğu böyük zirvəyə yüksəlmişdir. 
Mənəvi-insani dəyərlərə xitab, xalqın arzu və amallarının gerçək həyata çevrilməsi Prezident İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, reallaşdırdığı ali məqsədlər yüksək ideallardır. Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin məqamın hər addımında ümumxalq dəstəyindən güc alır. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də ölkənin birinci xanımı Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yol yoldaşının olmasıdır.
Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir...
O, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir...
Mehriban xanımın fəaliyyətində məsuliyyət yükü böyükdür...
Ana adı və missiyası Mehriban xanım üçün çox əzizdir. Başladığı hər yeni layihəyə ana qəlbinin hərarətini qatır. Bütün çıxışlarından ananın səsi-sorağı gəlir, söhbətlərində ana qayğısı, nəvazişi duyulur. 
Azərbaycanın Birinci vitse-prezidentinin hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu daşıyır. Mehriban xanım cəmiyyətin firavanlığına bu proseslərin əsas məqsədi kimi yanaşır, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edir. Çünki onun həyata keçirdiyi yüksək amallardır. Bunlar o amallardır ki, tarixin heç bir dönəmində başqalaşmır, məzmununa xələl gəlmir. 
Dünyanı yaşadan, gələcəyə ümidi, inamı sarsılmaz edən belə şəxsiyyətlərin apardıqları qətiyyətli fəaliyyətləri hər addımda ümumxalq sevgisi ilə əhatə olunur. Müstəqil Azərbaycan dövlətinin ötən əsrin 90-cı illərinin ortalarından bəri qazandığı nailiyyətlərdə Mehriban xanım Əliyevanın imzası, misilsiz xidmətləri var.

 

Böyük dayaq

 

Ölkəmizdə qadın fəallığı zəngin tarixi ənənələrə malikdir. Müstəqil dövlətimizin sələfi olan Azərbaycan Xalq Cümhuriyyəti qadınların seçib-seçilmək hüququnu tanıyaraq tarixdə böyük bir səhifə açmışdır. Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərindən başlayaraq respublikaya rəhbərliyi dövrü isə həyatımızın müxtəlif sahələrində olduğu kimi, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin də inkişafı mərhələsidir. 
Ulu Öndərin böyüklüyü həm də onda idi ki, Azərbaycan qadınına layiq olduğu dəyəri verirdi, qadınlarımızın ictimai fəallığına mühit yaradırdı, onları ümumxalq mübarizəsinə ruhlandırır, böyük işlərə istiqamətləndirir, xanımlarımıza həm də ən yüksək vəzifələrdə etimad göstərirdi. 
Qadınların ictimai fəallığının ilkin mühüm şərti onlara bərabər imkanlar mühitinin yaradılmasıdır. Belə bir mühit təhsildə, müəyyən sahələrdə çalışıb karyera irəliləyişlərinə nail olmağa, cəmiyyət üçün faydalı işlər yaratmağa, qadınlara qarşı fərqli yanaşmaların ortadan götürülməsinə qədər ən müxtəlif istiqamətləri əhatə edir. Ümummilli Lider fərqində idi ki, bəşəriyyətin yüksəlişi bu nəcib zümrənin inkişafından, rifahından başlanır. Ona görə ki, həyatımızda hər hadisənin təməlində duran tərbiyədir. Fərdlərin tərbiyəsində isə Ana kimi ali bir missiyaya malik qadınların rolu çox böyükdür. Bütün bunları nəzərə alaraq Heydər Əliyev hələ sovetlərin hakim olduğu dövrdən Azərbaycan qadınlarına hər sahədə yol açırdı. Onun rəhbərliyi zamanında müxtəlif istehsal və xidmət müəssisələrində, kənd yerlərində çalışıb respublikamıza fayda verən nə qədər gənc qızımız tələbə adını qazanıb, taleyində böyük bir dönüşə nail oldu. Milli mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edən neçə-neçə qadın alimimiz, sənət xadimimiz, səfir və diplomatlarımız yetişdi.
Müstəqilliyimizin ilk illərində cəmiyyətdəki mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin burulğanına düşən mərd, fədakar, mübariz qadınlarımız 1990-1993-cü illərdə yaşananların sıxıntılarına rəğmən bu gün dünya qadınlarının öncülləri sırasında qərar tutur. Bütün dövrlərdə kişilərlə çiyin-çiyinə dayanan, öz dəstəyini onlardan bir an belə əsirgəməyən Azərbaycan qadını hazırda müstəqil dövlətimizin inkişafı, tərəqqisi istiqamətində görülən ardıcıl işlərdə onlarla birlikdə addımlayır. 
44 günlük Vətən müharibəsində ağır yaralara mətanətlə, böyük ləqayətlə dözüm göstərən, ölkəmizin müstəqilliyi, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş oğullarımızın yoxluğu acısını çəkən, 30 il itirilmiş yurdlarımızın, sönmüş ocaqlarımızın həsrəti ilə yaşayan Azərbaycan qadını həmin zamanlarda qarşısındakı məsuliyyətini də unutmurdu. Onların dünyaya gətirib tərbiyələndirdiyi övladlar Vətənin ərazi bütövlüyünə nail oldular. Silah götürüb Qarabağ uğrunda vuruşdular, Şərqi Zəngəzur uğrunda canlarından keçdilər. Azərbaycan qadınının taleyinə "şəhid anası", "şəhid xanımı", "şəhid bacısı", "şəhid qızı" olmaq qisməti yazıldı. Neçə-neçə Azərbaycan qadını da kişilərlə bərabər döyüşlərə atıldı, yurdumuzun azadlığı və ərazi bütövlüyü uğrunda həyatını fəda etdi.

 

Qadın siyasəti yüksəliş mərhələsində

 

Bu gün Azərbaycan qadını yeni dövrdə üzərinə düşən vəzifələri yerinə yetirərək ölkədə gedən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verir. Bu siyasətə dəstək olmaqla Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı nailiyyətlərin, qələbələrin məzmununda özünün, ailəsinin, övladlarının gələcəyinə ünvanlanmış arzularının addım-addım reallığa çevrildiyini görür. Cəmiyyətdə əhəmiyyətli bir qüvvə kimi çıxış edən Azərbaycan qadınının Prezident İlham Əliyev şəxsiyyətinə, onun həyata keçirdiyi siyasətə inam və etimadının əsasında həm də bu həqiqət dayanır. 
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qadın siyasəti yeni yüksəliş mərhələsinə qədəm qoymuş, ölkəmiz bu sahədə də dünyanın öncül, nümunəvi dövlətləri sırasında qərarlaşmışdır. Dövlət başçısının həyata keçirdiyi siyasətdə gender bərabərliyi məsələləri xüsusi yer tutur. Qadın hüquqlarının müdafiəsi, xanımlarımız üçün yaradılmış imkanların zaman-zaman daha da genişləndirilməsi Prezidentin həyata keçirdiyi dövlət siyasətinin mühüm istiqamətlərindən olmuşdur. 2006-cı ildə Prezidentin fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bunun bariz bir nümunəsi olmuşdur. Bu qurumun fəaliyyəti ölkəmizdə qadın fəallığına böyük təkan vermiş, həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq onların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və s. istiqamətlər üzrə mühüm nailiyyətlər əldə edilmişdir. 
Ötən illər ərzində qadınlarla bağlı hüquqi baza daha da təkmilləşdirilmişdir. Xanımlarımız üçün bərabər hüquqların təmin edilməsi məqsədilə "Gender bərabərliyinin təminatları haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunlar qəbul olunmuşdur. Qadın hüquqları məsələsi konkret qanunlarla yanaşı, bir sıra məcəllələrlə (Ailə, Mülki, Cinayət, İnzibati Xətalar və s.) təsbit edilmişdir. Eyni zamanda bir çox dövlət proqramında ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılması məsələlərinə xüsusi yer verilmişdir. "Azərbaycan Respublikasında Gender Bərabərliyi üzrə 2022-2025-ci illər Milli Fəaliyyət Planı" hazırlanmışdır. Fəaliyyət planının məqsədi gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsidir. 2018-ci ildə Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyi qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Qadınlarının V Forumu keçirilmişdir. Bu möhtəşəm tədbirdə Azərbaycan qadınlarının xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirməsi, vətəndaş cəmiyyəti quruculuğunda öz intellektual potensiallarını əsirgəməməsi, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gənc nəslin vətəndaşlıq və vətənpərvərlik istiqamətlərində yetişdirilməsi sahələrindəki xidmətləri yüksək qiymətləndirilmişdir.
Həyata keçirilən bütün bu tədbirlər sayəsində Azərbaycanın qadın fəallığı ənənələri tarixində böyük bir səhifə açılmışdır. Ən mühümü isə insanlarımızın təfəkküründə yeni düşüncə tərzi formalaşmışdır. Cəmiyyətimizdə xanımlarımızın inkişafını əngəlləyən, onların öz potensial imkanlarını reallaşdırmalarına mane olan bir sıra stereotiplər qırılmışdır. Bu gün getdikcə daha çox insan anlamağa başlayır ki, qadın sözünün yaratdığı fərq imkanların qeyri-bərabərliyi deyil, iş və şəxsi həyatda daha çox fədakarlıqdır, məsuliyyətdir, insanlara faydalı olmaq istəyidir. Azərbaycan qadını bunu təkcə sözlə deyil, əməlləri ilə sübuta yetirir. Göstərir ki, zərif cinsin nümayəndələri də böyük işlər görə, parlaq nəticələr əldə edə bilərlər.

 

Dəyərlərimizə həssas münasibət

 

Prezident İlham Əliyev Azərbaycan qadınlarına müstəqillik ideyası ətrafında sıx birləşərək milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı kimi respublikamızın elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verən əhəmiyyətli qüvvə kimi yanaşır. Onların xüsusən milli-mənəvi dəyərlərin qorunmasında, təhsil, elm, səhiyyə, mədəniyyət sistemlərində dolğun fəaliyyətləri ilə maarifpərvər qadın ziyalılarımızın ideyalarını müvəffəqiyyətlə həyata keçirmələrini çıxışlarında dəfələrlə vurğulayır. "Xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları eyni zamanda güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər" deyən dövlətimizin başçısı qadınlarımızın çoxəsrlik milli-mənəvi dəyərlərimizi, müqəddəs ailə ənənələrimizi layiqincə yaşatdıqlarını, ölkəmizin sosial-iqtisadi və elmi-mədəni potensialının artırılmasında, multikultural və tolerantlıq mühitinin qorunmasında qüvvələrini əsirgəmədiklərini yüksək qiymətləndirir. Azərbaycan dövlətinin qadınlarla bağlı apardığı ardıcıl siyasət ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla onların bərabər hüquq və imkanlarının təmin edilməsinə yönəlmişdir.
Hazırda qadınların ictimai həyatda fəal iştirakı məsələsi zaman keçdikcə daha da aktuallaşır. İslam dünyasının elm, təhsil və mədəniyyət təşkilatı olan ICESCO 2021-ci ili islam aləmində "Qadın ili" elan etmişdi. Bu, həmin qurumun 2020-2030-cu illərdə strateji planının tərkib hissəsidir. Belə bir qərarda əsas məqsəd isə islam dünyasında sosial, iqtisadi və mədəni həyatda qadınların rolunu gücləndirmək, gənc qızların müasir standartlara uyğun daha mükəmməl təhsil almasını təmin etməkdən ibarətdir.
ICESCO-nun bu qərarı Azərbaycan üçün müstəsna əhəmiyyət daşıyır. Çünki Azərbaycan islam aləminin bir hissəsi kimi həmin mütərəqqi məqsədləri hələ ötən əsrin əvvəllərindən həyata keçirərək bütün müsəlman dövlətləri üçün müsbət bir nümunə yaradan ölkələrdəndir. 
Azərbaycan möhkəm daxili sabitlik, həmrəylik şəraitində özünün inamlı gələcəyini qurur. Bu, tərəqqinin ardıcıllığını təmin edən Prezident İlham Əliyevin məharətlə həyata keçirdiyi siyasi xətdir. Ölkəmiz artıq 2030-cu ilə qədər öz milli inkişaf prioritetlərini elan edib. Onların sayı beşdir: dayanıqlı şəkildə artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.
Bu strateji hədəflərə çatmaq üçün qadınlarımız fədakarlıqla çalışır, bütün səylərini səfərbər edirlər. Onlar təkcə insanpərvər layihələrin gerçəkləşməsində deyil, həm də sivilizasiyalar arasında mədəni dialoqun qurulmasında, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasında, ölkələr arasında elmi-humanitar əməkdaşlığın dərinləşməsində böyük işlər görürlər. Respublikada bərqərar olan demokratik mühit qadınlarımızın zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır. Bu siyasət daimidir, dönməzdir və bütövlükdə qadınların cəmiyyətdə layiqli mövqeyini hər zaman qoruyub saxlamağa geniş imkanlar açır. Azərbaycanın uğurları qadın fəallığı ənənələrinə yeni nəfəs verir.
     
İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video