Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni köçən ailələr qarşılandıqdan sonra ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumatlandırılıblar. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə bu gün başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
13:33
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavənd şəhərinə 41 ailə olmaqla, 138 nəfər köçüb.
Şəhərdə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.