26 Fevral 2025 08:50
528
CƏMİYYƏT
A- A+
Xocalı indi özünün azad və xoşbəxt günlərini yaşayır

Xocalı indi özünün azad və xoşbəxt günlərini yaşayır


Xocalıya çatar-çatmaz Valehə zəng vurub harada olduğunu soruşuram. Valeh səsimi eşidib mehribanlıqla "qardaş,  Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Məni Xocalının girişində gözlə, bir neçə dəqiqəyə orada olacam", - deyir.

Valeh Hüseynovla 2023-cü ilin fevralında Xocalı faciəsinin ildönümündə redaksiyamızda tanış olmuşduq. O, Xocalı camaatının şəhərdən çıxarılmasında iştirak edib, dinc sakinlərin bir hissəsini çaydan keçirib və… özü əsir düşüb.

O dəhşətli gecəni Valeh  göz yaşı içində xatırlayır: "Camaatı çaydan keçirdim, amma öz həyat yoldaşımı xilas edə bilmədim. Erməni gülləsi dəymişdi. Bir müddət onun yanında oturdum, ayaqlarım getmirdi. Camaat mənə yalvarırdı ki, qalmayım. Amma həyat yoldaşımdan ayrılmaq istəmirdim, onunla haqq dünyasına qovuşmaq istəyirdim. Qaraqayaya cəmi 300-400 metr qalmışdı, sonra Ağdamın Şelli kəndi idi. Hər yeri duman içində görürdüm. Bu zaman erməni mənə "dayan" dedi. Ölüm mənim məqsədim idi və onun üzərinə yeridim. Erməninin də avtomatının darağında güllə qalmamışdı. Mən onun üzərinə yeriyəndə arxaya çəkilib darağı dəyişmək istədi. Onu yerə yıxıb vurmağa başladım və bu zaman məni arxadan avtomatın qundağı ilə vurdular… Əsirlikdə ilk günü məni o qədər döydülər ki, artıq yaşamaq haqqında düşünmürdüm. İlk olaraq bizi qapısı qıfıllanmış bir yerə saldılar. Bir-iki saat orada qalandan sonra gəlib bir neçə nəfər cavanı seçdilər. Məni dairəyə aldılar. Qəflətən masanın qılçaları ilə başladılar döyməyə, o qədər möhkəm döydülər ki, huşum getdi və gözümü açanda kamerada olduğumu hiss etdim… Nə qədər etdim bədənimi tərpədə bilmədim. Hər gün gəlib kamerada bizi huşumuzu itirənədək döyürdülər. Adımızı "ölümə məhkumlar" qoymuşdular. Bir dəfə bizi o qədər döydülər ki, ölmüş bilib gətirib üst-üstə yığdılar. Məni ağacla vurdular, kəlbətinlə dişlərimi çıxardılar. Huşumu itirmişdim. Özümə gələndə təkrar-təkrar vurdular, qaz sobasının üzərinə yıxıldım. Əlimdən tutub mənə zorla qaynar sobanı düzəltdirdilər. Ayaqlarımdan tutub sürüyürdülər məni... Musiqiçi olduğumu bilirdilər. Barmaqlarımı qırdılar və dedilər ki, ömür boyu "Qarabağ şikəstəsi"ni ifa edə bilməyim. Mən onlara yalvarırdım ki, məni öldürsünlər. Məni əsirlikdən gətirəndə vurmağa salamat bir yerimi tapmırdılar. Hər yerim yara idi. Xocalıdakı qadın-qızların başına elə oyunlar açırdılar ki..." 

O zaman Valeh bizə demişdi ki, bu, əzabın ağrısı canımdan yalnız onda  çıxar ki, Azərbaycan bayrağını Xocalıda dalğalanan görüm. Ondan sonra ölsəm də dərdim olmaz. 

Valeh bizi vədələşdiyimiz yerdə qarşıladı. Sevincindən gözlərində sanki güllər açmışdı. "Buradayam, Qarabağdayam, Xocalıdayam, Xankəndidəyəm… Hər gün öz gitaramla Xankəndidə "Qarabağ şikəstəsi"ni ifa edirəm. İndi Xocalıda Azərbaycan bayrağı dalğalanır. İnsanlar doğma yurd-yuvalarına qayıdırlar. Daha dərdim yoxdur".

Valeh o məşum gecədə xocalılıların pənah apardıqları dağları, qarlı qışda keçdikləri çayı göstərir: "Çayı keçəndə Talehin oğlunu iki yaşlı körpə Samiri anasının qucağında vurdular… Yox, o günləri xatırlamaq istəmirəm. Gəlin, Xocalıda başlayan xoşbəxt həyatdan danışaq. İndi Xocalıda körpələr doğulur, həyat yenidən qaynayır. Var olsun Prezidentimiz. Bizə hətta xəyal etmədiyimiz həyatı yaşadır. Bu, ağılagəlməz bir  möcüzədir, biz xoşbəxtik".

Valeh deyir ki, həm də ona görə daha çox sevinirik ki, Xocalını xocalılılar bərpa edir, tikir, qurur, yaradırlar. Gördüyünüz bu evləri "Azadoğlu Group" MMC tikir. Rəhmətlik Azad Xocalı uğrunda döyüşlərdə şəhid oldu. Oğlu onun adını daşıyan tikinti şirkəti yaradıb.

Söhbətimizi "Azadoğlu Group" MMC-nin ofisində şirkətin rəhbəri Fuad Cabbarovla davam etdiririk. Fuad deyir:

- "Azadoğlu Group" MMC Xocalı rayonu işgaldan azad olunandan bir necə gün sonra cənab Prezidentin ailəmizə olan qayğısı nəticəsində yaradılan bir şirkətdir. Şirkətimiz dovlətimizin hərtərəfli  dəstəyi ilə Xocalı sakinlərinə bütün normalara cavab verən, geniş və hər bir yaşayış şəraiti olan evlərin sıfırdan tikintisini və təmir-bərpa işlərini həyata kecirir. Şirkət əməkdaşlarının əksəriyyəti Xocalı sakinləri və Xocalı şəhidlərinin ailə üzvləridir. Xocalılılarla bərabər, Xocalıda gəzmək, yaşamaq, Xocalıda tikinti, quruculuq işləri aparmaq bizim üçün böyük fəxarət hissidir. Hər bir qarışını atamın məzarı hesab etdiyim Xocalı torpagına ayaqlarımızı bassaq da, özümüzü əllərimizin uzərində gəzirmiş kimi hiss edirik. Xoşbəxtliyimizin fonunda nigarancılıq və məyusluğumuz burada öz məzarına qovuşmayan nigaran şəhid ruhlarının olmasıdır. Bu mənada Xocalının hər yeri bizim üçün bir abidə, hər kücə bir Fəxri xiyabandır.

Öyrənirik ki, "Azadoğlu Group" MMC Xocalının mərkəzində "Araz" market, aptek, un məmulatları dükanı (təndir) və sair kimi iaşə obyektlərini, dərzicilik, toxuculuq və xalcacılıq emalatxanaları və mərkəzi küçə boyu evlər tikib.


"Bir ölüb, min dirilərik"


Xocalı hər gün bir boy böyüyür. Hər gün abadlaşır, işıq saçır. Bu gün Xocalıda evləri yeni dünyaya gələn körpələrin nuru işıqlandırır. Hər gün sayımız bir az da artır. Hər gün xocalılılar Xocalıda dünyaya gələn bir körpənin sevincini yaşayırlar…

Tofiq Həsənov deyir ki, Xocalıdan çıxanda 13 yaşı var idi: "Qatillər anamı, atamı şəhid etdilər. Var olsun Ali Baş Komandan İlham Əliyev, Xocalını bizə qaytarmaqla hər gün qan sızan yaramızı sarıdı. Artıq o günlər acı bir xatirəyə dönüb. Xocalıya dönən ilk 20 ailədən biri də bizim ailədir. Xocalıda ilk doğulan körpə də qızım Nərminin oğlu Kərim oldu".

Tofiq yeni doğulan nəvəsini qollarının üstünə alır: "Nəvəmin adını "Azərbaycan bayrağı" ordenli Kərim Əliyevin şərəfinə Kərim adlandırmışam. Kərim haqqında çox eşitmişdim. Edillidə şəhid olub. Son gülləsinə kimi döyüşüb, döyüş sursatı tükənib, düşmənə təslim olmamaq üçün son anda əl qumbarasını partladaraq 10-a yaxın ermənini öldürüb, özü də şəhid olub. Qoy, Kərimin valideynləri bilsinlər ki, onların qəhrəman övladlarının yalnız adı yox, ruhu da balaca Kərimin canında yaşayır. Biz bu torpağı azad edən şəhidlərə olan borcumuzu heç vaxt unutmayacağıq. Biz bu torpaqları xilas edib bizə həyat bəxş edən Ali Baş Komandana var ol deyirik".

Söhbətimizi Xocalıya ilk qayıdan sakinlərdən Elmira Allahverdiyeva ilə onun evində davam etdiririk. Bizim gəlişimizdən xəbər tutan Elmira xanımın qaynı Sovet Allahverdiyev də görüşümüzə gəlir. Elmira xanım deyir ki, Xocalıya dönən ilk 20 ailədən biridirlər: "Düşmən o gecə bizim ailədən 4 nəfəri şəhid etdi. Yoldaşım Novruzla oğlum Mahir itkin düşdülər. Məzarları belə yoxdur. Namərdlik düşmənə qaldı. Buradayıq, Xocalıdayıq, Xankəndidəyik, Qarabağdayıq. Qarabağ Azərbaycandır! Namərdlər nə istədiklərin heç özləri də bilmirdilər. İndi torpaqlarımıza binoklla baxırlar. Cənab Prezidentlə görüşdə də demişəm ki, daha ağalamayacam. Prezidentimiz Xocalını xilas etməklə illərdir göynəyən yaramıza məlhəm qoydu. İndi elə zənn edirəm ki, itkin balamın ruhu da bizimlə bu evdə birlikdədir".

Söhbətə Sövet müəllim qoşulur: "Torpaqlarımız azad olunandan 10 gün sonra Xocalıya qayıtmışam. Xocalının bərpa olunmasında iştirak edirəm. 2025-ci il yanvarın 15-də evimiz hazır oldu. İndi öz evimizdə yaşayırıq. Hər gün böyüyən Xocalını, qururla dalğalanan bayrağımızı görəndə bu torpağı azad edən əsgərlərimizə, bu torpaqlar uğrunda şəhid düşən oğullarımıza, bu torpaqları xilas edən Ali Baş Komandana alqış edirəm. Xocalılılar çox çətinlik çəkdilər. Çox şükür ki, Vətən həsrətinə əbədi olaraq son qoyuldu. İndi biz burada xoşbəxt yaşayırıq. Sözsüz ki, bu torpaq uğrunda canlarını qurban verən şəhidlərin ruhu da şaddır".


Ballıcada dünyaya gələn bal kimi körpə 


Yolumuz Xocalı rayonu Ballıca kəndinədir. Ballıcada dünyaya yeni körpə gəldiyini mətbuatda oxumuşduq. 

 Biz Xocalıda olanda yağan qar hər tərəfi ağ çətiri altına almışdı. Xocalılılar dağların zirvəsini bələyən qarı göstərib "ruzidir", "bərəkətdir", "Xocalının ağ günlərindən müjdə verən bolluq rəmzidir", - deyirdilər. Ballıcanın yolları qarlı olsa da, yeni doğulan körpəni görməkdə qərarlı idik. Havanın soyuq, qarlı olmasına baxmayaraq, Ballıcanın mərkəzi küçəsi insanla dolu idi. Kənddə  mağazaların, iaşə obyektlərinin fəaliyyət göstərdiyinin şahidi olduq. Göydən yerə tələsən qar dənəcikləri ulduz kimi parıldayırdı. İki göz istəyirdi ki, bu gözəlliyə tamaşa etsin.

 Yeni doğulan körpənin atası İlqar Məmmədov bizi köhnə tanışları kimi qarşıladı. Öyrəndik ki, İlqar aprel döyüşlərinin və İkinci Qarabağ savaşının iştirakçısıdır. Torpaqlarımızın azadlığı uğrunda qardaşı Vüqarla Talış, Suqovuşan, Murovdağ uğrunda gedən döyüşlərdə vuruşub.  Vüqar qazidir. İlqar isə Vətənə xidmətini bu gün başqa bir sahədə davam etdirir. Yeni dünyaya gələn körpənin adı Mehdidir. Mehdinin anası Sevanə xanım: "Ailəmiz dördüncü dəfə övlad sevincini yaşayır.  Səma, Xəyal, Aydın hələ çox böyük olmasalar da, onlara nağıl yox, bu torpağı azad edən igidlərin qəhrəmanlığından danışıram".

Sevanə xanım sözünə davam etdi: "Cənab Ali Baş Komandan torpaqlarımızı xilas edib bizi bu cənnət diyara yenidən qaytarmaqla xəyalları gerçəkləşdirdi. Övladlarımızı qəhrəmanlıq ruhu ilə tərbiyə edirik. Hər gün onlara deyirəm ki, bu vətəni azad edən minlərlə gəncimiz canını qurban verib. Böyüyüb onların qəhrəmanlığına layiq övladlar olun".

Biz İlqargildən ayrılanda eşitdiyimiz gülüş səsləri, körpə qığıltısı sanki ruhumuza, canımıza hopmuşdu. Bu mənzərəni görməyin, gözəlliyi seyr etməyin də bambaşqa ləzzəti var. İndi Qarabağın hər guşəsindən musiqi, körpə səsi gəlir, insan gülüşü eşidilir. İndi bu torpaqlara qayıdan insanlar artıq dərddən, kədərdən danışmırlar, xoşbəxtlik nəğməsi oxuyurlar. Hər bir evdə ümid çırağı yanır.

Xocalı sakinləri Gülnaz Orucovanı, Aybəniz Quliyevanı, Cəmşid Orucovu da bu torpaqlara bitib-tükənməyən arzuları gətirib. Onlar hazırda Xankəndidə sakibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını deyirlər. Gülnaz xanım söyləyir ki, Xocalıdan çıxanda canımızı götürüb çıxdıq: "Yoldaşım, Milli Qəhrəman İnqilab  İsmayılov polis idi. Xocalıda ermənilərin törətdiyi vəşhilikləri gözləri ilə gördüyündən dözə bilmədi. Qisas deyib hayqırdı. Fərrux kəndindəki Daşbaşı yüksəkliyi uğrunda şəhidlik zirvəsinə yüksəldi. İnqilab xocalılıların qısasını alsa da, Xocalını azad görmədi. Şükür ki, qanı da yerdə qalmadı".

Söhbəti Milli Qəhrəmanın bacısı Aybəniz xanım davam etdirir:

- Biz ermənilərin əhatəsində yaşamışıq. Onların tarixin müxtəlif zamanlarında azərbaycanlılara qarşı törətdikləri soyqırımından xəbərdar idik. Heç gizlətmək fikrim də yoxdur - biz bu torpaqlarda həmişə həyəcan içində yaşamışıq. Xankəndiyə gedəndə fikirləşirdik ki, ermənilər bizə bir pislik edəcəklər. Şükür bu günə. İndi Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Dünyanın işinə bir bax, bir zamanlar həyəcan içində gəldiyimiz Xankəndidə azad fəaliyyət göstəririk. Özümüzün, övladlarımızın xoşbəxt gələcəyi üçün çalışırıq. Bizə bu xoşbəxtliyi bəxş edən Prezidentimizə ömrumuz boyu minnətdarıq.

Həmsöhbətim Cəmşid Orucov da dedi ki, hər səhər Allaha dua edir: "Hər gün Xankəndiyə işə gedəndə deyirəm, İlahi, bu gerçəkdir, ya mən yuxu görürəm? Ermənilərin separatçılıq hərəkatı başlayanda polisə işə düzəlmişdim. O dəhşətli gecə Xocalı aeroportu tərəfdə postda idim. Düşmən göz açmağa imkan vermirdi. Bizi mühasirəyə alıb ağır silahlarla başımıza od yağdırırdılar. Milli Qəhrəman Əlif Hacıyev bizi qruplara bölüb tapşırıq verdi ki, əhalinin müdafiəsini təşkil edək ki, silahsız insanlar dağlara çəkilə bilsinlər. Amma düşmən bütün yolları bağlamışdı. Çıxış yerlərini bildikləri üçün oraları daim atəşdə saxlayırdılar. Qarqarın suyu qana boyanmışdı. Əlif məndən 15 metirlik məsafədə idi. Düşmən gülləsi onu orada yaxaladı. Biz Xocalını qoruya bilmədik. Silahsız idik, ordumuz yox idi. Bir sözlə, sahibsiz idik. Xocalını bu faciədən sonra dünyaya gələn uşaqlar azad etdilər".

27 gün erməni əsirliyində qalmış Valeh Hüseynov dedi ki, əzizləri, Xocalıda şəhid olan körpələrin, gənclərin bir qismi və həyat yoldaşı Səadət Ağcəbədi rayonunun Hindarxı kəndində dəfn olunublar. Azad Xankəndidə sahibkarlıq fəaliyyətinə başlayandan onların məzarını ziyarət etməyib.

Valehlə Hindarxı məzarlığına yollandıq. Məzar daşından boylanan iki yaşlı Samir də, 7 yaşlı Sevinc də, xocalılıları xilas edərkən canını fəda edən Səadət də sanki dilə gəlib bizdən soruşurdular: "Bizim ellər yerindəmi? Xocalıdan nə xəbərlə gəlmisiniz?"

Göz yaşı içində şəhidlərimizin ruhunu sevindiririk: "Qəhrəman əsgərlərimizin, Müzzəfər Ali Baş  Komandanın xilas etdiyi Xocalı indi özünün azad və xoşbəxt günlərini yaşayır".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!