“Xalqımızın şanlı tarixində mühüm
yer tutan antiterror tədbirlərindən üç il ötür. 2023-cü il 19-20 sentyabr
tarixlərində Azərbaycan Ordusu beynəlxalq hüquq və milli qanunvericilik çərçivəsində
Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək ərazilərimizdəki
qanunsuz erməni hərbi birləşmələri təslim olmağa məcbur etdi. Cəmi 23 saat ərzində
Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin
ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan
çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq
salnaməsidir”.
Bu fikirləri Milli Məclisin
deputatı Samir Vəliyev deyib.Deputat bildirib ki, 2020-ci ilin noyabrında
İrəvanın imzaladığı kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində
10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni
erməni silahlı dəstələri mövcud idi. Halbuki, üçtərəfli bəyanata əsasən,
Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idilər. Azərbaycanın
konstruktiv çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla,
yeni silahlar alıb, təxribatlar törətməklə məşğul idilər. Vəziyyət o həddə
çatmışdı ki Qarabağda separatçılar “müstəqillik” iddialarından əl çəkmir, özlərinin
oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan
dövlətinin əleyhinə bəyanatlar verirdilər. Eyni zamanda, erməni separatçıları
tez-tez hərbi təxribatlar törədirdilər. Ötən ilin 19 sentyabrında isə Azərbaycanın
Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri genişmiqyaslı hərbi təxribatlara
və terror hücumlarına əl atdılar. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən
quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər
Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu və yaralandı.
Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı
silahlardan atəşə tutuldu. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu
yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş
erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində
müvafiq olaraq iki mülki şəxs həlak oldu. Qeyri-qanuni erməni silahlı birləşmələrinin
döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə
gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların
qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin
olunması, respublikamızın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Millət vəkilinin sözlərinə görə, cəmi 23 saat 43 dəqiqə ərzində
erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Antiterror tədbirləri
nəticəsində mülki əhaliyə heç bir zərər dəymədi. Bu o deməkdir ki, ordumuz
humanitar qaydalara yüksək səviyyədə əməl etdi. Sentyabrın 28-də isə Qarabağın
separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı
sənəd imzaladı. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri
nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə
tərksilah edildi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv olundu,
separatçıların rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam
təmin etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Xankəndi, Xocalı,
Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızı yüksəltdi, Azərbaycanın Zəfər
tarixi ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.
Samir Vəliyev qeyd edib ki, xalqımız bu müqəddəs mübarizədə
də Ali Baş Komandan və ordumuzun ətrafında yumruq kimi birləşdi. Eyni zamanda,
ölkəmizdə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul
edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi
bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin
təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan
minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi
siyasəti dəstəklədiklərini vurğuladılar. Təəssüf ki, həmişəki kimi radikal
mövqedə olan partiyalar birgə bəyanata qoşulmayaraq öz “simalarını” bir daha
nümayiş etdirdilər.
Deputat deyib ki, Prezident İlham Əliyevin 2024-cü il
sentyabrın 18-də imzaladığı Sərəncamla 20 Sentyabr Azərbaycanda
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Ötən
dövrdə bu şəhərlərin bərpası istiqamətində möhtəşəm işlər görülür. Artıq minlərlə
insan doğma yurdlarına qayıdaraq Qarabağın dirçəllişində yaxından iştirak edirlər.
“Beləliklə, Qarabağdakı antiterror tədbirləri nəticəsində
Azərbaycanın suverenliyi tam təmin olundu. Bu, böyük zəfərdir! Qarşıda hələ də
hədəflərimiz var və inanırıq ki, xalqımız və dövlətimiz Prezident İlham
Əliyevin lideriyi ilə yeni zəfərlərə doğru inamla irəliləyəcək!”, - deyə
Samir Vəliyev vurğulayıb.
“Azərbaycan”