Dünyada baş verən mürəkkəb proseslər, yeni güc mərkəzlərinin və siyasi reallıqların formalaşması dövlətlər arasında sıx tərəfdaşlığın, xüsusən tarixi-mənəvi köklərə söykənən həmrəyliyin əhəmiyyətini bir daha ortaya qoyur. Azərbaycan özünün məqsədyönlü xarici siyasəti ilə həm İslam aləmində, həm də Türk dünyasında birləşdirici, barışdırıcı və əməkdaşlığa istiqamət verən aparıcı güc mərkəzlərindən biri kimi çıxış edir. Ölkəmiz müsəlman xalqları arasında mənəvi bağların dərinləşməsinə illərdir ardıcıl və ciddi töhfələr verməkdədir. Azərbaycan bu ali məqsədi bilavasitə əməli adımlarla, qlobal miqyaslı təşəbbüslərlə reallığa çevirir.
Azərbaycanın həmrəylik mərkəzi kimi artan rolu bu günlərdə paytaxtda iki böyük və möhtəşəm beynəlxalq tədbirin eyni vaxtda təşkil olunması ilə bir daha öz təsdiqini tapdı. Sentyabrın 15-də Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının və dahi şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, mötəbər qonaqların bu tədbirlərdə iştirakı olduqca əhəmiyyətlidir. Hər iki tədbirin eyni vaxtda təşkili regionda mənəvi birliyin, elm və irfan ənənələrinin dirçəldilməsi baxımından mühüm tarixi hadisədir.
Din xadimlərinin və mütəfəkkirlərin davamlı görüşləri xalqlarımız arasında mənəvi yaxınlığın dərinləşməsinə, müasir dövrdə dünya miqyasında getdikcə narahatlıq doğuran islamofobiya kimi mənfi təzahürlərə, ksenofobiyaya və ayrıseçkiliyə qarşı vahid platformadan mübarizə aparılmasına güclü zəmin yaradır. Bu cür müştərək addımlar həm də xalqlarımızın ortaq mənəvi dəyərlərini qorumaq və gələcək nəsillərə çatdırmaq baxımından əvəzsiz rola malikdir.
Prezident İlham Əliyev Azərbaycanın bu sahədəki ardıcıl və məqsədyönlü siyasətini vurğulayaraq bəyan edib: “Biz Azərbaycanda hər zaman çalışmışıq və çalışacağıq ki, İslam həmrəyliyini əməli-praktiki addımlarla, öz işimizlə gücləndirək”. Eyni zamanda dövlət başçımızın “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın” fikri Azərbaycanın bu missiyaya nə qədər böyük məsuliyyətlə yanaşdığının bariz göstəricisidir.
Azərbaycan özünün tarixi haqq işini və bölgədə yaradılmış yeni reallıqları beynəlxalq auditoriyaya çatdırmaq istiqamətində də məqsədyönlü diplomatik siyasət yürüdür. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura ardıcıl səfərlərinin təşkili bu strategiyanın tərkib hissəsidir. Qarabağa təşkil olunan diplomatik səfərlər sayəsində xarici nümayəndələr həm dəhşətli dağıntıların, işğalın ağır nəticələrinin şahidi olur, həm də Azərbaycan dövlətinin bölgədə reallaşdırdığı genişmiqyaslı bərpa və quruculuq işlərini, yenidən doğulan həyatı yerində görürlər.
Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən birini türk dünyasının birliyi təşkil edir. Çünki bu gün türk dövlətlərinin sıx inteqrasiyası müasir dövrün tələb etdiyi tarixi zərurətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində türk dünyasının təşkilatlanması və güclənməsi istiqamətində tarixi adımlar atılıb. Türk ölkələrinin institusional birliyinin təməli məhz Azərbaycanda qoyulub. 2009-cu ilin oktyabr ayında türk dövlətlərinin başçılarının Naxçıvan şəhərində keçirilən IX Zirvə Görüşündə Naxçıvan Sazişinin imzalanması ilə Türk Dövlətləri Təşkilatının bünövrəsi qoyulub. Bu tarixi hadisə türk dünyasının geostrateji mənzərəsini köklü şəkildə dəyişib. Sonrakı mərhələdə Azərbaycan bu birliyin dinamik inkişafına misilsiz töhfələr verməyə davam edib. Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün 2024-cü ilin iyul ayında məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil olunması və tarixi “Qarabağ Bəyannaməsi”nin imzalanması təşkilatın gələcək inkişaf xəttinin müəyyən edilməsinin başlanğıcı olub.
Hazırda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, mənəvi-milli dəyərlər, təhlükəsizlik və müdafiə sənayesi kimi hayati sahələrdə dərinləşir. Bu gün türk dünyası nəhəng bir coğrafiyanı və böyük potentsialı əhatə edir. TDT-yə daxil olan ölkələrin ümumi ərazisi 4,2 milyon kvadrat kilometrdən çoxdur, əhalisinin sayı isə 180 milyona yaxındır. Bu böyük demoqrafik və ərazi potensialı, zəngin təbii resurslar və strateji nəqliyyat dəhlizləri türk dünyasını qlobal siyasətdə söz sahibinə çevirir.
Prezident İlham Əliyev bu birliyin rəmzi və praktiki əhəmiyyətini proqram xarakterli çıxışında xüsusi olaraq bəyan edib: “Təbii ki, bizim türk dünyası ilə sıx əlaqələrimiz var, Qafqaz xalqları ilə sıx qohumluq, dostluq əlaqələrimiz var. Təbii ki, burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir. Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.
Türk dünyasının və İslam aləminin həmrəyliyi regionda sülhün, sabitliyin və ədalətin əsas zəmanətçisidir. Azərbaycan bundan sonra da öz milli maraqlarına, tarixi köklərinə və qardaşlıq prinsiplərinə sadiq qalaraq, türk dünyasının birliyinin qorunması və ortaq gələcəyimizin daha təhlükəsiz olması istiqamətində qətiyyətli addımlarını davam etdirəcək.
Mübariz QURBANLI,
YAP İdarə Heyətinin üzvü
Milli Məclisin deputatı