Ötən həftə dünyanın gözü Azərbaycana, ölkəmizdə keçirilən növbəti beynəlxalq əhəmiyyətli tədbirə yönəlmişdi. 3-4 iyulda Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi. "Davamlı və İqlimə dayanıqlı Gələcək naminə ECO-nun Yeni Baxışı" mövzusuna həsr edilmiş Zirvə görüşündən əvvəl - iyulun 1-də Ağdamda ECO Gənclər Forumu, iyulun 2-də isə Laçında ECO Qadınlar Forumu və Şuşada 6-cı ECO Biznes Forumu təşkil edildi.
Türkiyə, Pakistan, Özbəkistan, İran, Qırğızıstan, Tacikistan, Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin və təşkilata üzv ölkələrin hökumət nümayəndələrinin iştirak etdiyi ECO-nun 17-ci Zirvə görüşündə mühüm fikirlər səsləndirildi, çağırışlar edildi.
Zirvə görüşündə diqqətçəkən məqamlardan biri ECO-ya üzv dövlətlərin liderləri və hökumət başçılarının Azərbaycanın təşkilat daxilindəki mühüm rolunu, iqlim dəyişikliyi ilə mübarizədə səylərini xüsusi vurğulaması oldu. Həmçinin ölkəmiz tərəfindən bu beynəlxalq əhəmiyyətli tədbirin yüksək səviyyədə təşkil edilməsi, göstərilən qonaqpərvərlik təqdirlə qeyd edildi. Zirvə görüşünün məhz azad Xankəndidə keçirilməsinin öz əhəmiyyəti olduğu ön plana çəkildi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı: "Tədbirimizin işğaldan azad edilmiş bir şəhərdə - Xankəndidə keçirilməsi Zirvə görüşümüzə xüsusi bir əhəmiyyət və məna qazandırır. İlham qardaşımın uzaqgörən yanaşması ilə bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına ürəkdən inanıram".
Dostluq Zirvəsi
"Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi. Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq".
İyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyevin dediyi kimi, Qarabağda baş tutan bu mötəbər tədbir ECO-nun inkişafı üçün mühüm rol oynayacaq.
Bu mənada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü nəticəsində qəbul edilmiş Xankəndi Kommünikesini və burada müzakirəsi aparılan məsələləri ECO-nun gələcək yol xəritəsi kimi dəyərləndirmək olar.
Qəbul edilən sözügedən beynəlxalq sənədlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, ECO-nun 17-ci Zirvə görüşünün yekunu olaraq Sədrin Xülasəsi olan Xankəndi Kommünikesində Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işləri yüksək qiymətləndirilib.
Xankəndi Zirvə görüşü zamanı da dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirib: "İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir".
44 günlük Vətən müharibəsindən dərhal sonra Qarabağ və Şərqi Zəngəzura həyatı qaytarmağa başlayan Azərbaycanın apardığı genişmiqyaslı quruculuq və bərpa işlərinin nəticəsidir ki, artıq bu yerlərə Böyük qayıdış həyata keçirilir. Hazırda bu bölgəmizdəki 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib.
İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı tikinti və quruculuq işlərinə beynəlxalq əhəmiyyətli tədbirlərlə bağlı bu ərazilərimizə səfər edən əcnəbi qonaqlar da şahid olurlar.
Xankəndi Kommünikesində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa və quruculuq işlərinin yüksək qiymətləndirilməsi də bunun nəticəsidir.
Qərbi Azərbaycana qayıdışa beynəlxalq dəstək
Xankəndi Kommünikesində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ bir daha təsdiqlənib.
Nüfuzlu təşkilat çərçivəsində Qərbi Azərbaycan məsələsinin qaldırılması vaxtilə indiki Ermənistan ərazisindən zorla didərgin salınan, etnik təmizləməyə məruz qalan soydaşlarımızın dədə-baba yurdlarına qayıdışına beynəlxalq dəstək baxımından mühümdür. Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdışla bağlı qətiyyətli mövqe sərgiləyir, bu məsələnin beynəlxalq gündəliyə gətirilməsi üçün mühüm işlər görür. ECO Zirvə görüşünün nəticəsi kimi Xankəndi Kommünikesində də bu məsələnin əksini tapması vacib əhəmiyyət daşıyır.
Xankəndi Zirvə görüşünün mövzusuna uyğun olaraq, ECO-nun gələcək gündəliyində iqtisadi dayanıqlılıq və iqlimə davamlılıq əsas prioritetlər kimi müəyyən edilib.
ECO regionunun qadın liderlərinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Türkiyə Respublikasının Birinci xanımı Əminə Ərdoğanın ekoloji təşəbbüsləri, xüsusilə "SıfırTullantı" təşəbbüsü yüksək qiymətləndirilib.
Kommünikedə ECO Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlaması və ECO Tədqiqat Mərkəzinin fəaliyyətinin genişləndirilməsi vacib hesab edilib.
Sənəddə "ECO Sərmayə", Ticarət və Sənaye Palatalar Şurası, vahid informasiya məkanı, ECO Ticarət və İnkişaf Bankının mandatının gücləndirilməsi dəstəklənib.
Dayanıqlı şəhərsalma və Bakıda növbəti il keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əhəmiyyəti vurğulanıb.
Azərbaycanın gücünün, sülh təşəbbüslərinin, quruculuq və qayıdış zəfərlərinin rəmzi olan Qarabağda keçirilən ECO-nun 17-ci Zirvə görüşü regional əməkdaşlığa, tərəqqiyə xidmət edən həmrəylik tədbiri kimi tarixə düşdü. Bu Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesi təşkilatın gələcək fəaliyyətində əhəmiyyətli rol oynayacaq mühüm beynəlxalq sənəd, istiqamətverici bələdçi oldu.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"