07 Fevral 2026 08:15
151
SİYASƏT
A- A+
Xalqın yüksək etimadının təcəssümü 

Xalqın yüksək etimadının təcəssümü 


Bu gün ölkəmizdə keçirilmiş sonuncu prezident seçkilərindən iki il ötür. 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı  İlham Əliyev növbəti dəfə parlaq qələbə qazandı. Seçicilərin 92 faizindən çoxu cənab İlham Əliyevə səs verərək onu növbəti müddətə Prezident seçdi.

Həmin seçkilər yüksək seçici fəallığı şəraitində baş tutdu və bu fakt prezident seçkilərinin azad, şəffaf və ədalətli keçirilməsinin göstəricisidir. Cənab İlham Əliyev prezident seçkilərinin vaxtından əvvəl keçirilməsini şərtləndirən üç səbəb göstərmişdi: birinci səbəb 2023-cü ilin sentyabr ayında Azərbaycanın suverenliyinin tam bərpasıdır ki, seçkilər də bütöv bir dövrə yekun vurur; ikinci səbəb seçkilərin ilk dəfə olaraq erməni işğalından azad edilmiş torpaqlar da daxil olmaqla, ölkənin bütün ərazisində keçirilməsidir; üçüncüsü isə cənab İlham Əliyevin 20 illik prezidentlik fəaliyyətinə yekun vurularaq yeni dövrün başlanması və yeni hədəflərin qarşıya qoyulmasıdır.

Ən önəmli və tarixi məqam  bu seçkilərin ilk dəfə olaraq müstəqil Azərbaycanın öz ərazisi üzərində suverenliyini tam bərpa etməsi şəraitində keçirilməsi idi. Ermənistanın işğalından azad edilən ərazilərdə də seçki məntəqələri açıldı və 30 ildə ilk dəfə olaraq bütün Azərbaycan ərazisində prezident seçkiləri keçirildi. Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə 22 mindən çox seçici səsvermədə iştirak etdi.

Cənab İlham Əliyevin Xankəndi şəhərində səs verməsi isə özünün təbirincə desək, separatçıların tabutuna vurulmuş son mismar oldu. Beləliklə, qalib xalq ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkənin vətəndaşı olaraq qalib Liderinə - şanlı Zəfərin müəllifinə səs verməklə Heydər Əliyev ideyalarına sədaqət, cənab İlham Əliyevə minnətdarlıq ifadə etdi.  

Prezident İlham Əliyevin seçkilərdə növbəti dəfə parlaq qələbə qazanması onun uğurlu siyasətinin nəticəsidir. Ötən illərin mənzərəsi də göstərir ki, dövlət başçısı verdiyi bütün vədləri yüksək səviyyədə yerinə yetirmişdi. Ölkə iqtisadiyyatında və sosial sahədə misilsiz uğurlar qazanılmışdı. 2003-cü ildən keçən dövrdə ümumi daxili məhsul bir neçə dəfə artmış, yoxsulluq səviyyəsi  50 faizdən 5 faizə enmişdi.

Prezident İlham Əliyev güclü Lider kimi qətiyyətlə reallaşdırdığı siyasətdə həmişə dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görüb və bütün qüvvəsini bu istiqamətdə səfərbər edib. Dövlətimizin başçısı özünün "güclü dövlət" konsepsiyasını həyata keçirmək üçün, bir qayda olaraq, xalqa arxalanıb, xalqdan güc alıb və xalqına güc verib. Öz növbəsində, müdrik Azərbaycan xalqı da həmişə dövlət başçımıza güvənib və bütün məsələlərdə ona dəstək verib. Prezident İlham Əliyev xalqın, birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. 

Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bir çox ölkələrlə, o cümlədən qonşularla  müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir. Eləcə də, Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq müstəvidə ən böyük iqlim sammitinin (COP29) Bakıda keçirilməsi ölkəmizin dünya miqyasındakı artan nüfuzunun göstəricisidir. Qazanılan uğurların zirvəsində, təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi, ən nəhayət, 2023-cü il sentyabrın 19-da rəşadətli ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri və Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi dayanır. Öz lideri ətrafında "dəmir yumruq" kimi birləşən xalq gücünü və qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan bu qələbə ilə Azərbaycanı qalib ölkəyə, xalqı qalib xalqa çevirdi. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz xalq-iqtidar birliyi dayandı.

Seçkilərin nəticələrində Xalq-Lider birliyi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanda bu birlik uzun illərdir mövcuddur və müstəqil dövlətimizin nailiyyətlərinin əsasını təşkil edir.  Bu birlik xüsusilə 44 günlük Vətən müharibəsində öz təntənəsini parlaq şəkildə yaşadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə bütün xalq "dəmir yumruq" kimi birləşdi. Məhz xalq-lider-ordu birliyi sayəsində qısa müddətdə torpaqlarımız işğaldan azad edildi. Heç bir qüvvə bu  sarsılmaz birliyin qarşısında duruş gətirə bilmədi. Təqdirəlayiq haldır ki, sözügedən birlik və həmrəylik siyasi müstəvidə də özünü ifadə edir. Belə ki,  həm Vətən müharibəsində, həm də ondan sonrakı proseslərdə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat verərək dövlət başçısının siyasətinə dəstək veriblər. 

Onu da vurğulamaq lazımdır ki, son prezident seçkilərindən keçən iki il ərzində də Azərbaycan tarixi nailiyyətlərə imza atmaqdadır. Ötən ilin 8 avqustunda Vaşinqton görüşlərində Cənubi Qafqazda sülh üçün atılan addımlar tarixi önəm daşıyır. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev ölkənin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə mühüm siyasi uğurlar nümayiş etdirib. Bundan əlavə, Azərbaycanda keçmiş məcburi köçkünlərin öz yurdlarına Böyük qayıdış prosesi davam etdirilir. Beləliklə, prezident seçkilərindən ötən dövr ərzində Prezident İlham Əliyevin liderliyi ilə möhtəşəm nailiyyətlər qazanılıb. Bu nailiyyətlər davamlı və sistemli xarakter daşıyır.


Pərvin KƏRİMZADƏ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!