29 Aprel 2022 00:54
1956
SİYASƏT
A- A+

"Xalq düşməni"nin arvadı və ya Lənkəranda ilk qızlar məktəbinin müdiri

 

Lənkəranda ilk qadın xeyriyyə cəmiyyətinin təşkilatçısı, "Ünas" (Qızlar) məktəbinin müdiri, 1919-1920-ci illərdə Lənkəran Qızlar Gimnaziyasının inspektoru, 1920-1921-ci illərdə savadsızlığın ləğv olunması üzrə ilk qadın kurslarının təşkilatçılarından olan Məryəm Bayraməlibəyova ağır və məşəqqətli bir ömür yolu keçib.

Dövrünün ziyalı, maarifpərvər qadınlarından olan M.Bayraməlibəyova Lənkəranda qızlar məktəbinin və xeyriyyə cəmiyyətinin əsasını qoymaqla Azərbaycanda savadsızlığın aradan qaldırılmasında böyük səylə çalışıb, sonda o da bolşevik hakimiyyətinin amansız repressiyasına məruz qalıb.

Məryəm Bayraməlibəyova 1898-ci ildə Lənkəran şəhərində tanınmış müəllim və maarifçi Teymur bəy Bayraməlibəyovun ailəsində dünyaya göz açıb. Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır. Onlar məşhur Şahsevənlar nəslinə mənsub olub və XVI əsrin sonlarında Muğana köçüblər. Teymur bəy 1879-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinə daxil olan ilk 3 azərbaycanlıdan biri idi. O, seminariyanı bitirdikdən sonra Lənkərandakı rus məktəbində dərs deməyə başlayıb. Maarifçi ziyalı həmçinin XIX əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq  Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzasının bölgə müxbiri kimi fəaliyyət göstərib.

Məryəm xanım Teymur bəyin doqquz övladından biri idi. Yazılı mənbələrdə onun həyat yolu ilə bağlı çoxlu maraqlı məlumatlar var. Məryəm xanım ibtidai təhsilini 1905-1911-ci illərdə Bakıda Hacı Zeynalabdin Tağıyevin "Müsəlman-rus" məktəbində, orta təhsilini isə "Müqəddəs Nina" qız məktəbində alıb. Sonra Moskvaya gedib və tibb institutuna qəbul olunub. Lakin o dövrdə maddi vəziyyəti ağır olan bu gənc qız çox böyük çətinliklərlə qarşılaşıb. Kömək üçün neft sahibkarı Murtuza Muxtarova müraciət edib. Muxtarov onun müraciətini cavabsız qoymayaraq, Məryəm xanıma təqaüd verməyə başlayıb.

Vətənə döndükdən sonra Bakıda qalmaq üçün hər cür imkanı olmasına baxmayaraq, yenidən Lənkərana gəlir. Burada qızları çox çətinliklə bir yerə toplayıb məktəb açır. Gənc müəllim ev-ev, qapı-qapı gəzərək məktəbə 9-12 uşaq toplaya bilir. 1918-ci ildə Lənkəranda ilk qız məktəbi açılır. Məryəm Bayraməlibəyova isə həmin məktəbin müdiri olur.

Onun şagirdi, ilk opera müğənnisi Həqiqət Rzayeva yazırdı: "Məryəm xanım qızları məktəbə cəlb etmək üçün özü də çadrada gəzirdi. Biz təkcə yazmaq, oxumaq öyrənmirdik, eyni zamanda səhnəciklər hazırlayıb valideynlərimiz qarşısında çıxış edirdik. Toplanan vəsait kasıb qızların məktəbə cəlb olunması üçün sərf edilirdi".

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Həqiqət Rzayeva ilə yanaşı, Azərbaycanın Xalq artistləri Cahan Talışinskaya və Münəvvər Kələntərli də Məryəm xanımın şagirdləri olublar.

O, Lənkəranda yeganə qadın-pedaqoq idi. Savadsızlığa qarşı kəskin mübarizə aparmaqla, qadınları şəhərin mədəni və ictimai həyatına cəlb etməkdən ötrü əlindən gələni əsirgəmirdi. Bu məqsədlə Məryəm Bayraməlibəyova Lənkəranda ilk Qadın Xeyriyyə cəmiyyətini təsis etmişdi.

Həmin illərdə cənub regionunda gərgin və  həyəcanlı vəziyyət yaranmışdı. Polkovnik İlyaşeviçin komandanlığı ilə Denikinin quldur dəstələri Lənkəranda hakimiyyəti ələ keçirərək güclə bu bölgəni Rusiyanın tabeçiliyinə keçirməyə cəhd göstərirdilər. Şəhərin açıqfikirli, savadlı şəxslərinə göz görə-görə divan tutulurdu. Belə vəziyyət Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyini narahat etməyə bilməzdi. 1919-cu ilin payızında Respublika parlamentinin fövqəladə iclasında səs çoxluğu ilə Cavad bəy Məlikyeqanov Lənkəran mahalının səlahiyyətli nümayəndəsi seçilir. Azərbaycan hökumətinin göstərişi və şəxsən Cavad bəyin özünün təklifi ilə Azərbaycan Ordusunun dəstələri general-mayor Həbibulla Səlimovun komandanlığı altında Lənkərana göndərilir.

Milli Ordu qoşunlarının şücaəti sayəsində Denikinin tör-töküntüləri məhv edilir və Cavad bəy Məlikyeqanov Lənkəran qəzasının general-qubernatoru təyin olunur. Çox keçmir ki, Lənkəranda həyat öz axarına düşür. C.Məlikyeqanovun köməyi ilə burada yeni kitabxana və klublar, digər mədəni-maarif obyektləri fəaliyyətə başlayır, savadsızlığın ləğvi üzrə kurslar açılır. Günlərin birində Cavad bəyin yolu Məryəmin məktəbinə düşür. İlk tanışlıq sonradan güclü və sarsılmaz məhəbbətə çevrilir. Beləliklə, gənc ailənin təməli qoyulur.

1921-ci ildə Məryəm Bayraməlibəyova ömür-gün yoldaşı Cavad bəy Məlikyeqanovla birlikdə Bakıya köçür. Burada o, müəllimlik peşəsi ilə bərabər, həmkarlar ittifaqında çalışmağa başlayır. O,1921-1923-cü illərdə Bakıda - Qara şəhərdə Həmkarlar İttifaqının təcrübə məktəbində işləməklə yanaşı, ayrı-ayrı məktəblərdə, seminariyalarda, texnikumlarda Həmkarlar İttifaqının katibi vəzifəsində çalışır. İctimai işlərdə yaxından iştirak edən Məryəm xanım 1925-ci ildə Bakıda Azərbaycan Müəllimlərinin I Qurultayının nümayəndəsi olur. Elə həmin ildə Bakıdakı 89 nömrəli orta məktəbin direktoru vəzifəsinə irəli çəkilir. Məryəm xanım I SSRİ Müəllimlər Qurultayının nümayəndəsi olur. Bu nüfuzlu toplantıda o, təkcə Azərbaycan müəllimlərini deyil, həm də Şərq qadınlarını təmsil edir. Onun rus dilində söylədiyi nitq N.K.Krupskayanı valeh edir. Çıxışından sonra maarif naziri A.Lunaçarski Məryəm xanıma yaxınlaşıb nəzakətlə onun əlindən öpür və Moskvada işləməsinə razılıq verməsini xahiş edir. Lakin Məryəm xanım etiraz edərək: "Mən bu gün vətənimdə daha çox lazımam", - deyir.

M.Bayraməlibəyovanın pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edib. N.Nərimanov adına Bakı Sənaye Texnikumunda (1923-1933) və Azərbaycan Dövlət Tibb İnstitutunda (1934-1937) rus dili müəllimi işləyib. Bu dövrdə "Şərq qadını", "Maarif işçisi", "Yeni məktəb" və digər jurnallarda onun təlim-tərbiyə məsələlərinə dair məqalələri dərc olunub.

28 may 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılması haqqında tarixi Bəyannaməni imzalayan dövlət xadimlərindən biri olan Cavad bəy Məlikyeqanov 1933-cü ildə Azərbaycan Fövqəladə Komissiyasının qərarı ilə həbs cəzasına məhkum edilir və ömürlük Rusiyanın Komi vilayətinin düşərgələrinə sürgünə göndərilir. Yeri gəlmişkən, qeyd edək ki, C.Məlikyeqanovun "Vətən xaini" kimi tutulması haqqında orderi erməni millətçiləri Nersesov və Ayvazov imzalayıblar. Cavad bəy Məlikyeqanov 18 may 1942-ci il mayın 18-də Kareliyada sürgündə vəfat edib.

Ərinin sürgün edilməsindən sonra gözəl ziyalı və maarifçi Məryəm Bayraməlibəyovanı da dinc buraxmırlar. Ona qarşı təqiblər başlanır. Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalinindən kömək istəyir. Lakin bu heç bir fayda vermir. 1937-ci il noyabrın 15-də NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər.

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm Bayraməlibəyovanı bir müddət sonra uzaq Arxangelskə yola salırlar. Şimali Dvina çayının sahillərində ona ən ağır işləri tapşırır, işgəncələr verirdilər. Uzun illər ərzində topladığı bilik və təcrübələr burada da onun karına gəlir. O, məşəqqətli fiziki əməkdən ayrılaraq yerli müəssisələrin birində mühasib vəzifəsini icra edir. Tezliklə onu ağır xəstəlik yaxalayır - gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə Məryəm xanımı Moskvaya-Butırsk həbsxanasına köçürürlər. "Müalicə"dən sonra o, yenidən Arxangelsk, daha sonralar Karaqanda həbsxanalarına göndərilir.

Məryəm Bayraməlibəyova 1948-ci ildə cəza müddətini başa vurub Bakıya qayıdır. Amma haqsızlıq bununla da bitmir. Yalnız 1956-cı ildə ona bəraət verilir və o vaxta qədər onu Bakıda öz ailəsinin, uşaqlarının yanında yaşamağa qoymurlar. Cavad bəy Məlikyeqanova isə yalnız ölümündən xeyli sonra - 1959-cu ilin fevralında Kareliya MSSR Ali Məhkəməsi tərəfindən bəraət verilir.

Cavad bəyin üç qızı: Azərə, Taliyə və Asimə nənələri Şirin xanımın himayəsində yaşayıblar. Məlikyeqanovlar ailəsinin bir çox üzvləri "vətən xaini" damğasından qorxaraq ata-baba soyadlarını Yeqanlı, Yeqanov, Rzayev, Zeynalov, Behbudov ilə əvəz etməyə məcbur olublar.

1964-cü ildə M.Bayraməlibəyovaya fərdi təqaüd təyin edilir. Öz vətəni, xalqı üçün yanan, onun tərəqqisinə çalışan bu mübariz qadın əzab və iztirablar içində 90 il ömür sürür.

Məlumat üçün bildirək ki, uzun müddət keçəndən sonra - 2000-ci ildə C.Məlikyeqanovun adını əbədiləşdirmək məqsədilə onun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulub.

 

Ağaddin BABAYEV,

Lənkəran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video