BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində "Belemdən Busana: dəniz səviyyəsinin qalxmasına qarşı şəhər dözümlülüyünün gücləndirilməsi" mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Braziliyada Dayanıqlı İnkişaf Məqsədləri Şəbəkəsinin həmtəsisçisi Patrisiya Menezesin moderatorluğu ilə keçirilən sessiyada dəniz səviyyəsinin qalxmasının yaratdığı qlobal təhlükələr və şəhər infrastrukturunun bu çağırışlara adaptasiyası məsələləri müzakirə edilib.
Paneldə BMT-nin "Local2030" Koalisiyası Katibliyi rəhbərinin müavini İniqo Arbiol, "Commonwealth Local Government Forum"un baş katibi Lüsi Slək, Braziliyada Qlobal Yaşıl-Boz İnfrastruktur Təcrübə Birliyinin Baş Koordinatoru Alis Piva, UN-Habitat-ın Qvineya-Bisaudakı nümayəndəsi Edinilson Auqusto da Silva, Braziliya Şəhərlər Nazirliyində Beynəlxalq Əlaqələr üzrə Baş müşavir Antonio da Costa e Silva, BMT-nin "Local2030" Koalisiyası Katibliyinin Proqram İdarəetməsi və Tərəfdaşlıqlar üzrə komanda rəhbəri Fransin Melkioretto çıxış ediblər.
Sessiyada vurğulanıb ki, dəniz səviyyəsinin qalxması artıq təkcə sahilboyu zonaları deyil, sahil xəttindən çox-çox uzaqda yerləşən şəhərləri belə yenidən formalaşdırır və ciddi fəsadlara yol açır. Bu kontekstdə "Belemdən Busana Yol Xəritəsi" fəaliyyətləri sürətləndirmək və şəhər ərazilərini dəniz səviyyəsinin qalxmasının kaskad (zəncirvari) təsirlərinə hazırlamaq üçün mühüm qlobal, çoxsəviyyəli hərəkat kimi dəyərləndirilib. Müzakirələrdə fərqli idarəetmə səviyyələri, şəhərsalma, iqlim və maliyyə gündəlikləri arasında güclü əlaqələrin qurulmasının, həmçinin inklüziv tərəfdaşlıqların yaradılmasının vacibliyi qeyd olunub.
Çıxış edənlər, həmçinin dayanıqlı şəhər mühitinin formalaşdırılması üçün yerli və mərkəzi hökumətlərin, vətəndaş cəmiyyətinin, elmi dairələrin və özəl sektorun birgə fəaliyyət göstərməsinin zəruriliyini diqqətə çatdırıblar. İqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə meşələrin və daxili ekosistemlərin qorunması ilə yanaşı, insanların şəhərlərdə təhlükəsiz və dayanıqlı yaşayış şəraitinin təmin edilməsinin önəmi vurğulanıb. Bildirilib ki, urbanizasiya prosesləri və iqlim fəaliyyətləri qlobal danışıqlar masasından real şəhər mühitinə transfer edilməli, yerli icmaların ehtiyaclarına birbaşa cavab verməlidir.