Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “İki Region, Bir Gündəm: İnklüziv Şəhər Yenilənməsi üçün Dərslər” mövzusunda panel müzakirəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə And, Şərqi Avropa və Mərkəzi Asiya regionlarında şəhərlərin üzləşdiyi müasir çağırışlar, o cümlədən iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və çirklənmə ilə xarakterizə olunan üçlü planetar böhran, sürətli urbanizasiya, artan sosial-iqtisadi bərabərsizliklər fonunda dayanıqlı şəhər inkişafı modelləri müzakirə olunub.
Müzakirələrdə vurğulanıb ki, bir çox şəhər ərazilərində köhnəlmiş mənzil fondu, qeyri-formal yaşayış məskənləri, səmərəsiz torpaq istifadəsi və parçalanmış idarəetmə mexanizmləri mövcuddur. Bununla yanaşı, su təchizatı, sanitariya, enerji, mobillik və ictimai məkanlara çıxış kimi əsas xidmətlərdəki boşluqlar əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərir.
Tədbirdə regionlar üzrə fərqli yanaşmalar da təqdim olunub. Qeyd edilib ki, And regionunda icmaların prosesə birbaşa cəlb edildiyi yanaşmalar tətbiq olunur. Bu çərçivədə qeyri-rəsmi yaşayış yerləri mənzil, infrastruktur və sosial xidmətlərlə birlikdə yenilənir və şəhər sisteminə inteqrasiya edilir. Şərqi Avropa və Mərkəzi Asiya regionunda isə mənzil fondunun müasirləşdirilməsi, enerji səmərəliliyinin artırılması, torpaq idarəçiliyinin gücləndirilməsi və planlı şəhərsalma çərçivəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlər qeyd olunub.
Panel iştirakçıları bildiriblər ki, şəhər regenerasiyası mövcud çağırışların kompleks şəkildə həllində mühüm platforma kimi çıxış edir. Mənzil təminatının əsas şəhər xidmətləri ilə əlaqələndirilməsi və torpaqdan səmərəli istifadə alətlərinin tətbiqi daha inklüziv və dayanıqlı inkişafı təşviq edir.
Sonda qeyd olunub ki, müzakirə edilən praktiki həllər, siyasət yanaşmaları və tərəfdaşlıq modelləri WUF13 çərçivəsində qəbul olunacaq “Bakı Çağırışı”na mühüm töhfə verəcək.