Dünyanın bir sıra ölkələrinin təcrübəsi nəzərə alınmaqla Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə qərar verilib. Bununla bağlı Milli Məclisdə qanun qəbul olunub.
Hazırda uşaqların həyatı yalnız ailə, məktəb və qohumların çevrəsi ilə məhdudlaşmır. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı ilə əlaqədar sosial şəbəkələrin uşaqlar üçün də əlçatanlığı həddindən çox artıb. Uşaqların həyatına daxil olan və onların ayrılmaq istəmədikləri, sevimli əyləncələrinə çevrilən sosial şəbəkələrin övladlarımızın qarşısında daha çox məlumat almaları, biliklərini artırmaları, yeni ünsiyyət qurmaları, dostlar qazanmaları, dünyanı virtual səyahətə çıxmaları üçün geniş imkanlar açdığını inkar etmək mümkün deyil. Ancaq nəzərə almaq lazımdır ki, uşaqların psixologiyası, həyata baxışları tam formalaşmadığına görə onların sosial şəbəkələrdə zərərli təsirlərə məruzqalma riskləri daha böyükdür.
Milli Məclisdə qəbul olunan qanun rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin olunması, habelə platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişikliklərin edilməsi qərara alınıb.
Ölkəmizdə uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsinə keçid edilməsi Azərbaycan dövlətinin uşaq siyasətinə son dərəcə həssas yanaşması ilə bağlıdır. Respublikamızda uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır. Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlı ailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.
"Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası" ölkəmizdə uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri, bütövlükdə milli səviyyədə uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. Qeyd edək ki, uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı uğurla reallaşdırılıb.
Uşaqların sosial şəbəkələrdən istifadəsinin qanunla tənzimlənməsi isə bütün dünyada olduğu kimi, Azərbaycan üçün də yeni çağırışdır. Məlumdur ki, sosial şəbəkələr vasitəsilə dünyagörüşü tam formalaşmamış uşaqlara zərərli təsirlərin ötürülməsi riskləri kifayət qədər böyükdür. Onlara cəlbedici paylaşımlarla zərərli vərdişlər aşılana, o cümlədən cinayətkarlığa çağırışlar edilə, ailə sirlərinin alınmasına cəhdlər göstərilə bilər.
Milli Məclisdə üçüncü oxunuşda qəbul olunan qanunda nəzərdə tutulan tənzimləmə mexanizmi uşaqları sosial şəbəkələrin zərərli risklərindən qorumağı hədəfləyir. Uşaqların yetkinlik yaşına çatana qədər bu təsirlərdən uzaq olmaları onların fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına və davranışına, sağlam baxışla yetişmələrinə imkan verəcək. Burada ailələrin üzərinə də böyük məsuliyyət düşür. İlk növbədə valideynlər uşaqlarının rəqəmsal mühitdə fəaliyyətlərinə məsuldurlar.
Milli Məclisdə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformasındakı zərərli təsirlərdən qorunması" mövzusunda icrimai müzakirədə də qeyd olunduğu kimi, uşaqlar və yeniyetmələr üçün sosial media platformalarında geniş yayılmış kiberzorakılıq, kiberqısnama, yaşa uyğun olmayan məzmuna məruz qalma və onlayn cinsi zorakılıq edən şəxslər tərəfindən istismar riski ciddi narahatlıq doğurur.
Azərbaycanda uşaqların yaşa uyğun informasiya əldə etmək və zərərli informasiyadan mühafizəsi hüquqi cəhətdən hələ 2018-ci ildə qəbul edilmiş "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunla tənzimlənir. Lakin sosial şəbəkə platformalarının bu illər ərzində keçdiyi transformasiya, sadə ünsiyyət vasitəsindən çoxşaxəli, alqoritmlə idarə olunan, bir çox hallarda isə manipulyativ dizayn həllərindən istifadə edən nəhəng ekosistemlərə çevrilməsi daha dəqiq tənzimləmə mexanizmlərini zəruri etdi. Bu baxımdan cari il iyunun 30-da Milli Məclisin qəbul etdiyi İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara edilən dəyişikliklərin uşaqları sosial media platformalarındakı zərərli təsirlərdən qorumaq və sağlam düşüncəli gələcək nəslin formalaşması sahəsində mühüm əhəmiyyət kəsb edir.
Rəhman SALMANLI,
"Azərbaycan"