02 Aprel 2025 08:00
438
PARLAMENT
A- A+
Uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq orqanlarına yeni səlahiyyətlər verilir

Uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq orqanlarına yeni səlahiyyətlər verilir


Aprelin 1-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, 31 mart ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilib. Erməni şovinistlərinin vəhşiliyinin qurbanı olmuş on minlərlə günahsız insanın xatirəsi ehtiramla yad olunub.

Spiker diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında əldə edilən tarixi qələbələr nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, erməni ekspansionizminə sarsıdıcı zərbə endirilib. Son iki yüz ilə yaxın dövrdə məruz qaldığımız torpaq itkiləri, etnik təmizləmələr və soyqırımları silsiləsinə son qoyulub. Spiker çıxışının sonunda qeyd edib ki, bütün bunlar xalqımıza qarşı yeni soyqırımı cinayətlərinin baş verməməsinə ən yaxşı təminatdır.

Sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb. Milli Məclisin komitə sədrləri Zahid Oruc, Hicran Hüseynova, deputatlar Nizami Səfərov, Tural Gəncəliyev, Bəhruz Məhərrəmov, Əziz Ələkbərov, Naqif Həmzəyev, Ceyhun Məmmədov, Hikmət Məmmədov, Azər Badamov gündəmdə olan bəzi məsələlər barədə öz fikirlərini açıqlayıblar. 

Bildirilib ki, Avropa İttifaqının Ermənistandakı dırnaqarası müşahidə missiyası Azərbaycanla həmsərhəd ərazilərdə "binokl diplomatiyası"nı davam etdirir. Lakin ölkəmizə qarşı bu cür təxribatlar heç bir nəticə verməyəcək. Qeyd olunub ki, Azərbaycan  işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, iqtisadi, siyasi, hərbi baxımdan Cənubi Qafqazın ən güclü dövlətidir. 

Çıxışlarda Almaniya Prezidentinin sosial media profilində ölkəmizin əleyhinə paylaşım edildiyi təəssüflə qeyd olunub. Sonra həmin postun səhvən yerləşdirildiyi etiraf edilərək çıxarıldığı, Almaniya Prezidenti Administrasiyası tərəfindən Azərbaycana üzrxahlıq məktubunun  ünvanlandığı bildirilib və bunun dövlətimizin başçısının, ölkəmizin nüfuzunun göstəricisi olduğu vurğulanıb.

Bununla yanaşı, son günlərdə dərc edilmiş ABŞ-nin Dini Azadlıq Komissiyasının illik hesabatında ölkəmizlə bağlı həqiqətə uyğun olmayan məlumatların yer aldığı diqqətə çəkilib. Bildirilib ki, Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzlərindən birinə çevrilib, ölkəmizdə etiqad azadlığı təmin olunub, burada fəaliyyət göstərən bütün dini konfessiyalar üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb.

Deputatlar martın 31-də ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbirlərinin keçirildiyini, bu mərasimlərin xalqımızın tarixi yaddaşını qorumaq, gələcək nəsillərə ötürmək və beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından vacibliyini qeyd ediblər. Millət vəkilləri Vətən müharibəsində əldə etdiyimiz qələbəmizdən sonra azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin uğurla davam etdirildiyini, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdıb məskunlaşdıqlarını söyləyərək, bunun dövlətimizin gücü və qüdrəti sayəsində baş tutduğunu vurğulayıblar. Bildirilib ki, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri daha da möhkəmləndirilib. 

Çıxışlarda bir sıra digər aktual mövzular, o cümlədən seçiciləri narahat edən məsələlər barədə də danışılıb, bəzi təkliflər səsləndirilib.

Parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyinə 15 məsələnin daxil edildiyini bildirib. O, ilk 4 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu söyləyib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, əvvəlki oxunuşlarda bu məsələ barədə ətraflı  məlumat verildiyini, sənədlə bağlı hər hansı təklif və qeydin irəli sürülmədiyini, onun üçüncü oxunuşda da qəbul edilməsinin məqsədəuyğun hesab edildiyini deyib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi ilə bağlı çıxışında sənədin səsə qoyulmasını xahiş edib. 

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev "Feldyeger rabitəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, layihə barədə əvvəlki iki oxunuşda  ətraflı məlumat verildiyini, sənədlə bağlı komitəyə heç bir irad və təklifin daxil olmadığını söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihənin mətnində hər hansı bir dəyişiklik olmadığını deyib və onun üçüncü oxunuşda qəbul edilməsinə səs verməyi xahiş edib.

Sənəddə Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddinin 70-dən 75-ə artırılması və 75 yaşına çatmış hakimlərin yeni hakim təyin olunanadək vəzifələrini icra etmə müddəti müəyyən edilir. 

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra spiker Sahibə Qafarova gündəliyin növbəti 7 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, "Sosial sığorta haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Əmək pensiyaları haqqında", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyaya qoşulmaq barəsində", "Əlilliyi olan şəxslərin hüquqları haqqında" və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanunda dəyişiklik edilməsi barədə 2021-ci il 22 iyun tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Dəyişikliklərə əsasən, bir sıra qanunlarda "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər" sözləri "əlilliyi olan uşaqlar" sözləri  ilə əvəz edilir. Sənəd Birləşmiş Millətlər Təşkilatının "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının tələbləri çərçivəsində istifadə edilən terminlərin milli qanunvericiliyə uyğunlaşdırılmasını nəzərdə tutur.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bu komitələrin profilinə aid olan qanunlara edilən  dəyişikliklərə müsbət rəy verildiyini diqqətə çatdırıblar.

Qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Kredit büroları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci  oxunuş) qanun layihəsinin mahiyyəti haqqında məlumat verib. Bildirilib ki,  təklif olunan dəyişikliyə görə, nisyə mal dövriyyəsi yüz min manatdan artıq olan sahibkarlıq subyektlərinin kredit tarixçələrini təşkil edən məlumatların kredit bürosuna mütləq qaydada təqdim olunması tələbi ləğv edilir. Dəyişiklikdən sonra nisyə mal alqı-satqısı ilə məşğul olan hər bir hüquqi və fiziki şəxsə dövriyyəsindən asılı olmayaraq, eyni yanaşma tətbiq ediləcək və onların məlumatı təqdim etməsi məsələsi qanunun 12.2.3-cü maddəsinə uyğun olaraq tənzimlənəcək.

Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsini təqdim edib. O, sənəd barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, mətndə əlavə dəyişiklik olmadığını deyib və onun ikinci oxunuşda dəstəklənməsini xahiş edib. 

Təklif edilən dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının, o cümlədən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının 2026-cı il iyulun 1-dən idxalı, istehsalı və satışı qadağandır.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib.

Bildirilib ki, qanun layihəsi ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması ilə bağlı tələbinə uyğun olaraq hazırlanıb. Qeyd olunub ki, sənəd hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü və 25-ci  Tövsiyyələrinə istinad edilib. 

Layihədə hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi, maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlət orqanına təqdim edilməsi, təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi, benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması ilə əlaqədar hüquqi mexanizmlərin yaradılması nəzərdə tutulur. 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair  rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə qanun layihəsini  (ikinci  oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, layihə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə həmin geyim formasını daşımasını nəzərdə tutur.

Məsələ ətrafında müzakirələrdə Milli Məclis Sədrinin müavini Ziyafət Əsgərov və deputat Vüqar Bayramov bəzi qeyd və təkliflərini səsləndiriblər. Komitə sədri Arzu Nağıyev söylənilən fikirlərə münasibət bildirib.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, sənəddə lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarətin təkmilləşdirilməsi, lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsasın müəyyən olunması, yanacaqdoldurma obyektlərinin fəaliyyətinin də lisenziya tələb olunan fəaliyyət növünə aid edilməsi, yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumunun müəyyən olunması ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Bununla yanaşı bir sıra dəqiqləşdirmə xarakterli düzəlişlər, habelə "lisenziyalaşdırma subyektləri" anlayışının daxil edilməsi təklif olunur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) mahiyyətindən söz açıb. Diqqətə çatdırılıb ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilən bir sıra qanun layihələrinin və "Aviasiya haqqında" Qanunun icrası məqsədilə hazırlanıb.

Layihədə əlilliyi olan uşaqlara münasibətdə qanunvericilik sistemində terminoloji vahidliyi təmin etmək məqsədilə təklif edilən dəyişikliklərdən irəli gələrək İnzibati Xətalar Məcəlləsində müvafiq düzəlişlər nəzərdə tutulur. Bununla yanaşı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunun tələblərinin pozulmasına görə müvafiq inzibati məsuliyyət nəzərdə tutulur. "Reklam haqqında" Qanuna yeni "rəqəmsal platforma təsirçisi" anlayışı gətirilir və reklam subyekti üçün müəyyən edilmiş hüquqların, vəzifələrin və məsuliyyətin rəqəmsal platforma təsirçisinə də şamil edilməsi təmin olunur, Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik təklif edilir.

Digər dəyişiklikdə dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən müxtəlif gücə malik olan elektrik közərmə lampalarının idxalı, istehsalı və satışının  qadağan edilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq normaların əlavə edilməsi və texniki xarakterli bəzi dəyişikliklərin edilməsi təklif olunur. 

"Lisenziyalar və icazələr haqqında" Qanunun 27.3-cü maddəsindən irəli gələrək bu maddənin tələblərinin pozulmasına görə inzibati məsuliyyətin nəzərdə tutulması təklif edilir. 

Daha bir dəyişiklik "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə hərbi və xüsusi geyimlərin və onların atributlarının daşınması ilə bağlı qaydalardan irəli gəlir və məcəllədə müvafiq məsuliyyəti nəzərdə tutur.

Bununla yanaşı "Aviasiya haqqında" qəbul edilmiş yeni Qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülki aviasiya sahəsində sığorta və mülki hava gəmilərinin istismar edilməsinə dair tələblər öz əksini tapıb. Bununla bağlı  Cinayət Məcəlləsinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilir. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" Qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycan hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasının təmin edilməsi üçün bir sıra inzibati xətaların məcəlləyə əlavə edilməsini nəzərdə tutur.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin Sədri gündəliyin növbəti 4 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib.

Gündəliyin on ikinci məsələsi olan "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məlumat verib. O bildirib ki, qanun layihəsinin məqsədi keyfiyyətə nəzarət sahəsində rəqəmsallaşmanın həyata keçirilməsi məqsədilə vahid elektron informasiya sisteminin hüquqi bazasının yaradılması, bu sahədə elektron xidmətlərin tətbiqi yolu ilə prosedurların optimallaşdırılması, ölçmə, texniki tənzimləmə və uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi və xidmətlərin şəffaflığının artırılması ilə bağlıdır.

Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsinin hazırlanması iki mühüm sənədin icrasından irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda keyfiyyətə nəzarət sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vahid elektron portalın yaradılması nəzərdə tutulur. Eyni zamanda "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nda texniki tənzimləmə və standartlaşdırma üzrə vahid elektron informasiya sisteminin yaradılmasına dair vəzifə müəyyən edilib. 

Qanun layihəsi ilə, yaradılması nəzərdə tutulan vahid elektron informasiya sistemi keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən səlahiyyətli qurumlar tərəfindən təqdim edilən hüquq müəyyənedici sənədlərin, yəni sertifikatların, şəhadətnamələrin, bildirişlərin elektron formada vahid elektron platforma üzərindən qeydiyyatının və reyestrinin aparılmasını və bu sənədlərin verilməsini, keyfiyyət təminatı sahəsində fəaliyyətlərin rəqəmsallaşdırılmasını, bu sahədə mövcud pərakəndəliyin aradan qaldırılmasını təmin edəcək. Habelə maraqlı tərəflərə, yəni dövlət qurumlarına, sahibkarlıq subyektlərinə, vətəndaşlara keyfiyyətə nəzarət sahəsində həyata keçirilən fəaliyyətlərin nəticələrini asanlıqla izləmək imkanı yaradacaq. Eləcə də keyfiyyətə nəzarət  sahəsində qanunvericiliyin təkmilləşdirilməsi  nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Növbəti məsələ - Ailə Məcəlləsində, Mülki Məcəllədə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məlumat verib.

Komitə sədri diqqətə çatdırıb ki, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi, eyni zamanda uşaqların alternativ qayğı xidmətləri ilə əhatə olunması imkanlarının genişləndirilməsi  nəzərdə tutulub. Bu sahədə güclü qanunvericilik bazasının  olmasına baxmayaraq, yeni reallıqlar  fonunda  qanunlar qəbul edilir, mövcud qanunlara əlavə və dəyişikliklər olunur. Təqdim  olunan qanun layihəsi də buna əyani misaldır. Belə ki, təklif edilən dəyişikliklərdə uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilir. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edir. Təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb. 

Beləliklə, Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları 1 (bir) iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir. Həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə edilir. Belə sənədin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Nəticədə dövlət xidmətlərinin göstərilməsi zamanı qəyyumluq və himayəçilik orqanlarının qərarlarının vətəndaşlardan tələb edilmədən informasiya sistemindən operativ qaydada əldə edilməsi ilə əhaliyə göstərilən dövlət xidmətləri təkmilləşəcək. Eyni zamanda vətəndaşların həmin xidmətlərdən operativ və rahat formada istifadəsinə də şərait yaradacaqdır. 

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə və Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova qanun layihəsinin təmsil etdikləri komitələr tərəfindən dəstəkləndiyini bildiriblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin on dördüncü məsələsi olan İnzibati Xətalar Məcəlləsində, "İcra məmurları haqqında", "İcra haqqında", "İpoteka haqqında" və "Nağdsız hesablaşmalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamran Bayramov bildirib ki, sənəd məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb. Layihəyə əsasən, həmçinin icra icraatı çərçivəsində pul vəsaitlərinin depozit hesablar vasitəsilə ödənilməsi və bu ödənişlərin nağd qaydada həyata keçirilməsinə görə inzibati məsuliyyətin müəyyən olunması nəzərdə tutulur. 

Vurğulanıb ki, qanun layihəsinin qəbul olunması bu sahədə olan ödənişlərin həyata keçirilməsi ilə bağlı mümkün sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək.  

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsi ilə əlaqədar rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Gündəliyin sonuncu məsələsi olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Komitə sədri bildirib ki, layihədə Vergi Məcəlləsinin "Kommersiya və (və ya) vergi sirri" adlanan 30-cu maddəsinə 30.6-18-ci maddəsinin əlavə olunması təklif edilib. Dəyişikliyin mahiyyətini diqqətə çatdıran Azər Əmiraslanov qeyd edib ki, qanunvericiliyə əsasən, vergi orqanları və eyni zamanda vəzifəli şəxslər vergi ödəyicilərinin məlumatlarının məxfiliyini qorumağa borcludurlar. Bu baxımdan təqdim edilən qanun layihəsi Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) və Kənd Təsərrüfatı Nazirliyinin "Elektron kənd təsərrüfatı" informasiya sistemi (EKTİS) arasında məlumat mübadiləsinin təhlükəsizliyinin və mötəbərliyinin təmin olunmasına, bununla da aqrar sahədə göstərilən dövlət dəstəyi tədbirlərinin daha ünvanlı, daha şəffaf mühitdə həyata keçirilməsinə xidmət edir.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən

18:43
07 Aprel

YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər  

18:42
07 Aprel

Maqnit qasırğası müşahidə edilir  

18:39
07 Aprel

Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub

18:35
07 Aprel

Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik  

18:33
07 Aprel

Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib

18:31
07 Aprel

Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb  

18:30
07 Aprel

Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub  

18:27
07 Aprel

EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb

18:25
07 Aprel

Parlamentin növbəti iclasının gündəliyi bəlli olub

18:19
07 Aprel

Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər  

18:18
07 Aprel

Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib

18:17
07 Aprel

Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb

18:16
07 Aprel

Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz

18:13
07 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

18:12
07 Aprel

Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib

18:11
07 Aprel

Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb

18:10
07 Aprel

Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq  

18:07
07 Aprel

Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb

18:06
07 Aprel

Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır

18:03
07 Aprel

İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq  

18:02
07 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!