Xalqın özünüdərkində əvəzsiz xidmətlər göstərmiş,
müstəqillik əldə edildikdən sonra demokratik dövlət quruculuğunun əsasını qoymuş
Ulu Öndər Heydər Əliyev siyasətinin alternativsizliyi dünyanın nüfuzlu təşkilatları
və dövlət xadimləri tərəfindən də birmənalı təsdiqlənmişdir. Çünki Ümummilli Liderin
mənalı ömrünün hər anı xalqına, vətəninə bağlı olmuşdur. Bu böyük şəxsiyyətin misilsiz
xidmətlərini saymaqla qurtarmaz və ən əsası isə, Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinin bünövrəsini qoymuşdur.
Ötən əsrin 70-ci illərində Azərbaycanda başlamış
sosial-iqtisadi, mədəni inkişafın dalğaları ucqar dağ rayonlarının da həyatında
öz əksini tapmışdır. Bəzi dairələrdə perspektivsiz bölgə kimi qiymətləndirilən,
hətta əhalisinin aran rayonlarına köçürülməsi və yalnız yaylaq məqsədilə istifadə
olunması məsləhət bilinən Kəlbəcər üçün bu inkişaf xüsusi əhəmiyyətə malik idi.
Çünki hələ ötən əsrin 50-ci illərində ermənilərin və onların Moskvadakı havadarlarının,
respublikanın uzağı görmək bacarığı olmayan bəzi rəhbərlərinin Kəlbəcər əhalisini
köçürmək təşəbbüsündə olmaları (təbii ki, ermənilərin təkidləri ilə) rayonun taleyini
dəfələrlə təhlükə altında qoymuşdu. Yalnız o zaman Azərbaycanda siyasi hakimiyyətə
gələn Heydər Əliyevin uzaqgörənliyi bu məkrli məqsədlərin həyata keçirilməsinə mane
olmuşdu. 1969-cu ilə qədər bu məsələ, necə deyərlər, gündəmdə qalırdı və respublika
rəhbərliyindən çoxları rayon əhalisinə göstərişlər, "məsləhətlər” verməyə çalışır,
hətta bəzən dilə də tuturdular. Yalnız Ümummilli Lider Heydər Əliyev Azərbaycan
KP MK-nın Birinci katibi seçiləndən sonra dağ rayonlarının, o cümlədən Kəlbəcərin
də üzərinə işıq düşdü.
Həmsöhbətim, uzun illər Kəlbəcər rayon Xalq Deputatları Sovetinin sədri, məcburu köçkünlük
illərində isə Kəlbəcər RİH-in başçısı vəzifələrində çalışmış, "Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin
sədri Qənbər Qurbanovun təmsil olunduğu nəsil Ağdaban kəndinə iki dəfə erməni vandalları
tərəfindən hücum nəticəsində 32 nəfər şəhid verib, yüzlərlə qohum-əqrəbası od-alova
tutulub. O, həmin dövrü belə xatırlayır: "Ulu Öndər Heydər Əliyev Kəlbəcər RPK-nın
katibinə hələ o zamanlar demişdi ki, Mərkəzi Komitədə və Nazirlər Sovetində belə
söhbətlər gedirdi ki, Kəlbəcər perspektivsiz bir rayondur, özünü doğrulda bilmir.
...Yeganə yol, guya, onun əhalisini aran rayonlarına köçürmək, ərazini isə yaylaq
kimi bölüşdürməkdir. Lakin bu fikir məndə həmişə şübhə doğurub. Səmimi olmasına
heç vaxt inanmırdım. Odur ki, bu barədə mənə təklif olunan layihəyə də qol çəkmədim...”
Məhz o vaxtlar Azərbaycan KP MK-nın Birinci
katibi Heydər Əliyev Kəlbəcərin inzibati ərazi bölgüsü kimi heç bir potensial imkanı
olmadığını, yalnız yaylaq üçün yararlığını iddia edənlərin və bu barədə "layihə”
hazırlayanların bütün cəhdlərini puça çıxardı. Ulu Öndər demişdi: "...Hesab edirəm ki, Kəlbəcərin imkanları genişdir,
hələ bundan sonra da çox işlər görülməlidir. Əvvəllər də, indi də hiss edirdim ki,
burada bir məkrli niyyət var. Əhali qətiyyən Kəlbəcərdən köçürülməməlidir!”
Qənbər Şəmşiroğlu ötənləri xatırlayaraq deyir
ki, strateji cəhətdən çox əhəmiyyətli olan Kəlbəcər rayonu coğrafi mövqe etibarilə
Ermənistan və Dağlıq Qarabağ arasında yerləşən səddir. Sahəsi təqribən 174 min hektara
çatan ərazidən əhali köçürüləndən, 128 kənd tamamilə boşaldılandan sonra ermənilər
heç bir müqavimətə rast gəlmədən, orada sərbəst qaydada məskunlaşmalı və bununla
da Ermənistanla DQMV qovuşmalı idi. Faktiki surətdə Ermənistan DQMV-ni o vaxtlar
ələ keçirmiş olardı: "Kəlbəcərin əsaslı inkişaf sürəti rayon partiya və icraiyyə
komitələrinin təkliflər paketi əsasında hazırlanmış, Azərbaycan KP MK və Azərbaycan
SSR Nazirlər Soveti tərəfindən 1977-ci il dekabrın 8-də qəbul edilmiş "Kəlbəcər
rayonunun iqtisadiyyatını və mədəniyyətini inkişaf etdirmək tədbirləri haqqında”
428 saylı birgə qərarından sonra təşəkkül tapmışdır. Vaxtilə perspektivsiz qiymətləndirilən
Kəlbəcər ötən əsrin 80-ci illərində respublika, hətta ozamankı İttifaq miqyasında
sürətlə inkişaf edən bir rayona çevrildi”.
1983-cü il dekabrın 14-də Kəlbəcərdə 6 bal
gücündə zəlzələ oldu. 1984-cü ilin yazında isə respublikanın bir sıra rayonları
təbii fəlakətə məruz qaldı. O zaman SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini
kimi Heydər Əliyevin gərgin səyi ilə təbii fəlakətin nəticələrini aradan qaldırmaq
üçün İttifaq büdcəsindən 28 milyon manat vəsait ayrıldı. Kəlbəcərin Azərbaycan üçün
nə demək olduğunu çox dəqiq bilən, rayonun inkişafını və yerində möhkəmlənməsini
daim diqqət mərkəzində saxlayan və xüsusi qayğı göstərən Ulu Öndər Heydər Əliyevin
göstərişi ilə həmin vəsaitin 20 milyon manatı Kəlbəcərə ayrılmışdı.
Kəlbəcərin Ermənistan tərəfindən işğalının
üçüncü ildönümü ilə əlaqədar bir qrup kəlbəcərli ziyalı ilə görüşən Ulu Öndər Heydər
Əliyev o illər barədə deyirdi: "Doğrudan da, Kəlbəcər Azərbaycanın çox dəyərli bir
guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, həm də
orada olan çox qiymətli yeraltı sulara, mərmər, qızıl yataqlarına, başqa əlvan metalların
yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə biz Kəlbəcərin inkişafı
üçün çox səylər göstərmişdik. İstisuda böyük kompleks tikilmişdi. Bu, neçə-neçə
nəsillərin yaratdığı abidələr, yaşayış binaları idi. Təəssüf ki, vaxtilə qızıl yataqlarından
istifadə edilməsi ilə məşğul olmamışdılar.
Hələ o sakit dövrdə ermənilər gəlib bizim
qızıl yataqlarımızı zəbt etmək istəyirdilər. Xatirimdədir, biz o barədə çox ciddi
tədbirlər gördük. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul
olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm ki,
çox bəhrələnmişdir...”
Beləliklə, iqtisadiyyatı çiçəklənən,
1985-ci ildən sonra sosial-mədəni quruculuğu da yeni vüsət alan Kəlbəcər rayonu
nəhəng tikinti meydanına çevrildi. Şəhərin "Yuxarı düz” sahəsində XXI əsrin şəhəri
adlandırılan "Yeni Kəlbəcər” massivinin tikintisinə başlanıldı. Şəhər əhalisi, idarə-müəssisə
işçiləri yeni şəhərin salınması təşəbbüsünü böyük razılıqla qarşıladı. Hətta tikintidə
sürət və keyfiyyəti təmin etmək məqsədilə iməciliklər keçirmək barədə təşəbbüs qaldırıldı.
Qısa vaxt ərzində hər biri 32 mənzilli, dördmərtəbəli yaşayış binaları, 10 ailə
üçün nəzərdə tutulmuş beşmərtəbəli yaşayış evi, 60 yerlik müasir tipli mehmanxana,
mükəmməl tibb avadanlığı ilə təchiz olunmuş 280 çarpayılıq mərkəzi xəstəxana, kitabxana,
musiqi məktəbi, rabitə evi, son dərəcə dəqiq cihazlar quraşdırılmış seysmik stansiya,
5 min tamaşaçı tutan stadion,
1 milyon manat smeta dəyəri olan istilik
sistemi və kanalizasiya xətti, Kəlbəcər-Basarkeçər yüksəkgərginlikli elektrik xətti,
şahmat məktəbi, 60 yerlik məişət evi, 147 yerlik uşaq bağçası, 7 milyon manat dəyəri
olan ümumi abadlıq işləri və digər sosial obyektlərin tikilməsi məhz Ulu Öndər Heydər
Əliyevin Kəlbəcərə və onun əməksevər əhalisinə doğma münasibəti, qayğısı idi.
Ümummıllı Liderin Kəlbəcərin Ermənistan silahlı
qüvvələri tərəfindən işğalının 3-cü ildönümü ilə əlaqədar rayon sakinlərinin nümayəndələri
ilə görüşündə təkcə onun inkişaf etmiş dağ rayonu, əhalisinin isə əməksevər olmasından
deyil, bu əlçatmaz zirvənin zaman-zaman erməni məkrinin qurbanına çevrilməsinin
qarşısının alınmasından da söz açdı. Kəlbəcərin
işğalına aparan yoldan, satqınların vətənə xəyanətindən danışdı. O gün bir daha
kəlbəcərlilərin yaddaşına əbədi olaraq həkk edildi ki, yurd-yuvası Ermənistan tərəfindən
darmadağın edilən məcburi köçkünlərə Ümummilli Lider Heydər Əliyevin diqqəti və
xüsusi qayğısıdır ki, onların bir qrup ziyalısı ilə görüşür, Ulu Öndər Kəlbəcərin
tarixi keçmişinə və strateji əhəmiyyətinə öz münasibətini bildirirdi: "...Kəlbəcər
rayonu üç il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğuna
görə, onun sakinləri yerlərindən, yurdlarından didərgin düşüblər və respublikanın
müxtəlif şəhərlərində, rayonlarında yaşayırlar. Ermənistan silahlı qüvvələrinin
1988-ci ildən başlayaraq, Azərbaycana qarşı etdikləri hərbi təcavüz respublikamıza
çox böyük zərbələr vurubdur. Təəssüflər olsun ki, həmin müddətdə ərazimizin bir
qismi işğal olunmuş və orada yaşayanlar, o torpaqların sahibləri didərgin düşüblər.
İşğal olunmuş rayonlardan biri də Kəlbəcərdir. Kəlbəcərin işğalından üç il keçir.
İnsanlar, adətən, bayram günlərini, müsbət hadisələri qeyd etmək üçün görüşürlər,
eyni zamanda, milli adət-ənənələrimizə görə, tariximizdə olan bəzi faciəvi halların
da ildönümünü, yaxud həmin günləri qeyd etmək üçün görüşürlər. Ona görə bizim bu
görüşümüz də birinci növbədə, Kəlbəcər rayon sakinlərinin vəziyyəti ilə mənim şəxsən
tanış olmağım məqsədi daşıyır. Siz üç ildir ki, yerinizdən-yürdunuzdan olmusunuz,
didərgin düşmüsünüz. Bu günü xatırlamaq lazımdır...”
Ulu Öndər ilə kəlbəcərlilərin daha geniş
tərkibdə növbəti görüşü bir ildən sonra, Kəlbəcərin işğalının 4-cü ildönümündə,
Bakı şəhərinin Nərimanov rayonu ərazisindəki yataqxanaların birində, aprel ayının
2-də keçirildi. Kəlbəcərin Azərbaycan üçün strateji əhəmiyyətini yüksək qiymətləndirən
Ümummilli Lider Heydər Əliyev dedi: "...Mən əminəm ki, xalqımız, o cümlədən kəlbəcərlilər
keçmişi təhlil edərkən ötən günləri dərin müzakirə edərək daha sıx birləşəcək, Azərbaycan
torpaqlarının Ermənistanın işğalından azad olunması üçün öz səylərini göstərəcəklər.
Böyük əraziyə malik olan Kəlbəcər Azərbaycanın
gözəl və qiymətli guşələrindən biridir. Respublikamızın ucqar dağ rayonu olmaqla
bərabər, Kəlbəcər ölkəmiz üçün həm də strateji əhəmiyyəti olan bir rayondur. Allah
Kəlbəcərə hər cür nemətlər - gözəl təbiət, zəngin sərvətlər veribdir. Kəlbəcər məğrur
dağları, gözəl meşələri, otlaqları, çəmənləri, obaları, bulaqları olan, vətənimizin
təbiət gözəlliyini özündə əks etdirən bir parçasıdır. Kəlbəcərin həm yeraltı sərvətləri,
həm də yerüstü sərvətləri Azərbaycanın milli sərvətlərinin bir hissəsidir”.
Kəlbəcərin 27 il yarımdan sonra düşməndən
azad edilməsi xəbərini eşidən hər bir azərbaycanlı kimi, kəlbəcərlilərin də sevincinin
həddi-hüdudu olmadı. Bu müqəddəs günü səbirsizliklə gözləyən kəlbəcərlilərin noyabrın
15-dən 25-dək olan on günün hər anını xəyalən Kəlbəcərlə yaşadılar. Doğma yurdumuzu
düşmən əsarətindən xilas edən Müzəffər Ordumuzun Ali Baş Komandını, Azərbaycan Prezidenti
İlham Əliyevə kəlbəcərlilərimiz adından dərin təşəkkürümü bildirirəm. Onu da qeyd
edim ki, Ümummilli Liderin vaxtilə Kəlbəcər və kəlbəcərlilərə olan diqqət və qayğısını
heç kim unutmayıb. Bu gün yaşından asılı olmayaraq hər bir kəlbəcərlinin yaşadığı
sevinci ifadə edəcək söz tapa bilmirəm.
25 noyabr 2020-ci il tarixi kəlbəcərlilərin bugünkü nəslinin yaddaşına Qələbə ilə yazıldı. Müzəffər Azərbaycan Ordusuna təhvil verilən Kəlbəcər
erməni vandalları tərəfindən tarmar edilib
yandırılsa da, doğma yurdumuza qayıdışdan doğan sevinclərini əlindən ala bilməz.
Bakı şəhərində, eləcə də kəlbəcərlilərin daha çox məskunlaşdıqları ulu
Gəncədə keçirilən bayram əhvali-ruhiyyyəli yürüş-tədbirləri, Şəhidlər xiyabanını
ziyarət bir daha xalqımızın Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyini nümayiş etdirdi. Kəlbəcərlilərin bir arzusu da Ali Baş Komandanımızın
Kəlbəcəri də ziyarət edərək üçrəngli bayrağımızı orada öz əlləri ilə ucaltmasıdır.
Çünki Kəlbəcər Azərbaycanın, o cümlədən Qarabağın qala qapısıdır. Axı, 30 ilə yaxındır bağlı qalan bu qalalar məskəninin qapısını məhz Ali Baş Komandanımız açdı. Qələbəmiz, Zəfərimiz mübarək! Kəlbəcər Qarabağ, Qarabağ Azərbaycandır!
Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan”