08 Fevral 2023 02:56
1419
SİYASƏT
A- A+

Ulu Öndər Heydər Əliyev Azərbaycanda ildən-ilə güclənən sosial siyasətin təkmil əsaslarını yaradıb

 

Bütün həyatını Azərbaycanın inkişafına və tərəqqisinə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin əsas istiqamətlərindən biri xalqın rifahının yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi olub. Müstəqil Azərbaycan dövlətinin qurulmasını və uzunmüddətli inkişaf yoluna səfərbər olunmasını təmin edən Ulu Öndər Heydər Əliyev vətəndaş rifahının təminatını dövlətin ali məqsədlərindən biri kimi müəyyən edərək, respublikamızın sosial inkişafının, Azərbaycanın sosial dövlət modelinin əsaslarını formalaşdırıb.
Bütün varlığı ilə Vətənə, xalqa bağlı olan, ölkəsinin bütün sahələrinin tərəqqisini, əhalinin rifahının yüksək təminatını fəaliyyətinin başlıca amalına çevirmiş dünyaşöhrətli dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə bu məqsəd naminə misilsiz tarixi xidmətlər göstərib. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Azərbaycanın ozamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından qabaqcıl respublikalar sırasına çıxmasını təmin edib. Həmin dövrdə respublikamızda xalq təsərrüfatının bütün sahələrində dinamik inkişafa, elmi-texniki və mədəni sahələrin tərəqqisində böyük sıçrayışa, tikinti-quruculuq işlərinin geniş miqyas almasına, böyük sayda işçi tutumuna malik yüzlərlə müəssisənin yaradılmasına, məşğulluq imkanlarının xeyli genişləndirilməsinə və əhali gəlirlərinin ildən-ilə artmasına nail olunub. Orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, yeni ali təhsil müəssisələri açılıb, hər il respublikamızdan xeyli sayda gənc keçmiş ittifaqın aparıcı elm-təhsil ocaqlarına göndərilib və  bu proseslər  ölkədə iqtisadi inkişafa uyğun olaraq müxtəlif sahələrdə mütəxəssislər ordusunun yetişməsinə imkan verib. 
Ulu Öndər Heydər Əliyevin ən mühüm xidmətlərindən biri kimi, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb ki, bu da ölkəmizin peşəkar hərbi kadr potensialının, milli zabit heyətinin formalaşmasına şərait yaradıb. Gələcək müstəqil Azərbaycanın Milli Ordusunun qurulması, hərbi qüdrətə malik olmasında  müstəsna rola malik həmin hərbi liseyin yetirmələri olan zabitlərimiz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 2020-ci ildə möhtəşəm zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsində böyük şücaətlər göstərərək şanlı qəhrəmanlıq tarixi yazdılar.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr ölkədə bütün sahələrdə ağır vəziyyətə, kəskin böhrana səbəb olmaqla, gündən-günə dərinləşən siyasi, sosial-iqtisadi tənəzzül ölkəmizi dövlətçiliyini itirmək, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə  qoymuşdu. Azərbaycanın taleyinin həll olunduğu olduqca ağır bir zamanda xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda yenidən rəhbərliyə qayıdışı respublikamızın müqəddəratını tənəzzüldən tərəqqiyə doğru dəyişdi. Bu tarixi Qayıdış Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas etdi. Respublikanı bürüyən xaos və anarxiya, mənəvi-psixoloji gərginlik aradan qalxdı, ictimai-siyasi sabitliyin möhkəm əsasları formalaşdı.
Müasir müstəqil Azərbaycan dövlətinin qurulmasını və uzunmüddətli inkişaf yoluna çıxmasını, milli iqtisadiyyatın sağlam əsaslar üzərində dirçəlməsini və tərəqqisini təmin edən Ulu Öndər Heydər Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində elə həmin vaxtlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər görüldü. 
1993-2003-cü illərdə sosial inkişafın təmin olunması, əhalinin rifah halının yüksəldilməsi üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Bu sənədlər ölkədə sosial müdafiənin gücləndirilməsində, həssas əhali qruplarına dövlət qayğısının artırılmasında mühüm irəliləyişləri, sosial müdafiə tədbirlərinin, sosial ödənişlərin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edib. Ümumilikdə 1995-2003-cü illər ərzində respublikamızda pensiya və müavinətlərin orta aylıq məbləğində 8 dəfə, orta aylıq əməkhaqqında 6 dəfədən çox artım baş verib. 
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsi yolu ilə 1995-ci ildə qəbul edilən, demokratik dəyərləri özündə birləşdirən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. Bu Əsas Qanunda Azərbaycan dövlətinin xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qaldığı bəyan edilib. Eyni zamanda Ulu Öndərin tapşırıqları əsasında əmək, məşğulluq, sosial müdafiə sahəsində milli qanunvericilik bazasının yaradılması və ildən-ilə təkmilləşdirilməsi işləri aparılıb. MDB məkanında ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi şəraitə uyğun Əmək Məcəlləsi, məşğulluq və əmək miqrasiyası haqqında qanunlar, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə ilk dövlət proqramı, ölkənin Demoqrafik İnkişaf Konsepsiyası qəbul edilib.  Eləcə də əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən əmək müfəttişliyi sistemi qurulub, Pensiya İslahatı Konsepsiyası ilə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin yaradılmasının əsası qoyulub. 20 fevral 2003-cü ildə qəbul edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" ölkədə yoxsulluqla mübarizədə əhəmiyyətli nəticələrə nail olunmasına imkan verib.
"Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir" deyə bəyan edən Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə hələ ötən əsrin 90-cı illərində mühüm sosial müdafiə proqramlarına - şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə, müharibə ilə əlaqədar əlilliyi olanların avtomobillə təminatı proqramlarının icrasına başlanıb. Bu tədbirlərin bir qismində şəxsən iştirak edən Ulu Öndər Vətənin müdafiəsində olmuş insanların, şəhid ailələrinin daim dövlətin qayğısı altında olacaqlarını bəyan edib. Həmçinin Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə çoxsaylı yeni sosial obyektlər açılıb, əlilliyi olan şəxslərin  tibbi-sosial reabilitasiyası üçün reabilitasiya infrastrukturu təkmilləşdirilib və onun şəbəkəsinin genişləndirilməsi işləri aparılıb, əlilliyi olan şəxslərin qabiliyyət və istedadlarının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədilə ümumrespublika tədbirlərinin təşkilinə başlanılıb.
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində Azərbaycan öz tarixində sürətli  tərəqqi yoluna çıxaraq, mühüm nailiyyət və qələbələrə imza atıb, eyni zamanda sosial inkişaf istiqamətində  böyük irəliləyişlər əldə edib. Dövlət başçısının sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramlarının xeyli genişlənməsi, müasir və etibarlı, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. 
"Azərbaycan xalqı ildən-ilə daha yaxşı yaşamalıdır. Bizim artan iqtisadi gücümüz ölkəmizin güclənməsinə, ilk növbədə xalqımızın rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu edirik" deyə bəyan edən Prezident İlham Əliyevin fərman və sərəncamları ilə xüsusilə son 5 ildə ardıcıl və geniş miqyas alan inqilabi sosial islahatlar ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində ciddi irəliləyişlər əldə olunmasına imkan verib.
Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş  Azərbaycana da təsirsiz ötüşmədiyi vaxtda aparılan ardıcıl sosial islahatlar, sosial ödənişlərdə  tətbiq edilən davamlı artımlar dövlətin daim öz vətəndaşının yanında olaraq ona dəstək olduğunu bir daha təsdiq edir. Dövlət başçımızın bu günlərdə yerli telekanallara müsahibəsində bəyan etdiyi kimi, "Biz çalışırıq ki, dünya üçün bu böhranlı vəziyyəti xalqımız üçün sosial layihələrlə, sosial proqramlarla yüngülləşdirək".
Cənab Prezidentin imzaladığı fərman və sərəncamlarla 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində də ölkəmizdə sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib: minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb,  dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların  aylıq vəzifə maaşları orta hesabla 15 faiz artırılıb,  əhalinin həssas qruplarına - şəhid ailələrinə, əlilliyi olan şəxslərə, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olanlara, ailə başçısını itirənlərə, aztəminatlı ailələrə, beşdən çox uşağı olan qadınlara və başqalarına yönələn müavinət və təqaüdlərdə növbəti artımlar edilib. 
Ümumilikdə, son beş ildə icra olunan 4 sosial islahat paketindən əvvəlki 3 islahat paketi 4 milyon insanı əhatə edərək, həmin islahatlar üçün əlavə olaraq illik 6 milyard manat ayrılmışdı, 2023-cü ilin əvvəlindən reallaşdırılan yeni, dördüncü sosial islahat paketi isə 1,9 milyon insanı əhatə edir, onlara yönələn əməkhaqlarının, müavinət və təqaüdlərin artırılması üçün də əlavə olaraq illik 750 milyon manat ayrılıb.
Son beş ilin sosial islahatlarının nəticələrinə nəzər saldıqda, həmin dövrdə  minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 52 faiz, median əməkhaqqında iki dəfəyə yaxın, əməkhaqqı fondunda 2,5 dəfə, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiyada 80 faiz artım olduğunu görürük. Sosial müavinət və təqaüdlər üzrə ödənilən illik vəsait isə son beş ildə 5 dəfə artaraq 1,5 milyard manatı ötüb.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan mühüm sosial müdafiə proqramlarından biri - şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramı isə uğurla davam etdirilərək xeyli genişlənib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində həmin proqramın da 5 dəfə genişlənməsinə nail olunub, onlara postmüharibə dövründə 4500 mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 324 avtomobil təqdim edilib. Prezident İlham Əliyevin bu günlərdə yerli telekanallara müsahibəsində bildirdiyi kimi, "Keçən il bu istiqamətdə də önəmli addımlar atılıb, bu kateqoriyadan olan 1500 ailəyə dövlət tərəfindən mənzillər verildi. 2021-ci ildə isə 3 min mənzil verildi. Bu il də ən azı 1500 mənzil veriləcək. Beləliklə, hələ növbədə duran bu kateqoriyadan olan insanların hamısına dövlət tərəfindən mənzillər veriləcək. Bu günə qədər 13 min ailə mənzillə təmin olunub". 
Ötən dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 7500-dən çox şəxs minik avtomobili ilə təmin olunub. Ümumilikdə, postmüharibə dövründə icra olunan sosial dəstək paketi 122 min şəxsi əhatə edərək, onlara dəstəkyönümlü 264 min xidmət göstərilib. O cümlədən 102 min şəxsə 114 min aylıq sosial ödəniş, 16,8 min şəxs üzrə birdəfəlik ödəmə, 3,1 min şəxsə sığorta ödənişi təyin olunub, 11 min nəfərə 36,7 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1,8 min şəxs 30,7 min reabilitasiya vasitəsi, 379 nəfər 394 ədəd yüksək texnologiyalı müasir protezlə təmin edilib, 16,5 min şəxsin isə məşğulluğu təmin olunub, o cümlədən 9,5 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. Vahid əlaqələndirmə mərkəzləri yaradılaraq bu mərkəzlərdə  şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 71,7 min şəxsə xidmətlər göstərilib. 
Azərbaycanda son illər aparılmış sosial islahatların mühüm innovativ uğurlarından biri də DOST konsepsiyasıdır. Prezident İlham Əliyevin fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzi açılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası sosial sahələr üzrə 154 xidmətin "bir pəncərə"dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasını təmin edir. Ötən il DOST  mərkəzlərində 618 min, ümumilikdə, ötən dövrdə isə 1,3 milyon şəxsə xidmət göstərilib və vətəndaşların DOST xidmətlərindən məmnunluq səviyyəsi 98 faiz üzərindədir. Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST mərkəzlərinin açılması üçün işlər aparılır. İşğaldan azad edilmiş bölgələrimizin DOST xidmətləri ilə əhatə olunması istiqamətində ilk addım kimi 2022-ci ilin may ayında Zəngilan rayonunun Ağalı kəndində ilk "Smart DOST" xidmət məntəqəsi istifadəyə verilib. Cənab Prezidentin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planına əsasən, 2023-2026-cı illərdə Cəbrayılda Regional DOST mərkəzi və Peşə Hazırlığı Mərkəzi, həmçinin Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və Şuşada DOST filialları, Kəlbəcərdə Reabilitasiya Mərkəzi yaradılacaq. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı aktiv məşğulluq proqramları icra olunacaq.
Son illər ölkəmizdə müasir reabilitasiya və sosial xidmət infrastrukturu da qurulub, reabilitasiya xidmətləri ilə təmin olunanların illik sayı dəfələrlə artıb.  Dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində də son illər mühüm nailiyyətlər əldə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 153 xidmətindən 140-dan çoxu artıq elektronlaşdırılıb və hazırda nazirlik üzrə  elektronlaşma səviyyəsi 90 faizdən yüksəkdir. Bu e-xidmətlərə ötən il də 21 milyona yaxın müraciət olub. 2019-cu ilin əvvəlindən sosial ödənişlərin elektron sistem üzərindən proaktiv təyinatına başlanıb və ötən 4 ildə 500 min pensiya, müavinət, təqaüd təyinatı  e-sistem üzərindən, proaktiv qaydada aparılıb. Son bir ildə əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 533 min e-arayış verilib, daha 212 min fərdi şəxsi hesab e-qaydada açılıb. Nazirliyin e-sistemlərinin 50-dən çox qurumun informasiya bazaları ilə inteqrasiyası mövcuddur ki, həmin qurumların 2022-ci ildə nazirliyin informasiya bazalarına sorğu sayı 209 milyon olub. 
Qeyd edək ki, son illərin sosial islahatları  beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bunun əyani təzahürləri kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları 2022-ci ildə 13 beynəlxalq mükafata sahib olub,  son iki ildə isə "Keyfiyyətli idarəetmə sistemi", "Korrupsiyaya qarşı idarəetmə sistemi", "Müştəri məmnunluğu və şikayətlərin idarə edilməsi sistemləri" üzrə 12  İSO sertifikatı əldə ediblər.
Beləliklə, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, sosial sahəyə xüsusi diqqət və qayğı ilə davam etdirilən uğurlu sosial inkişaf strategiyası ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində daim irəliləyişləri, əhalinin rifah halının səviyyəsinin yüksəldilməsi, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, dövlət sosial xidmətlərinin müasir və təkmil, çevik və şəffaf, vətəndaş məmnunluğuna uyğun qurulması istiqamətində yeni-yeni uğurlar əldə olunmasına imkan verib və qarşıdakı dövrdə də sosial inkişafın davam edəcəyinə təminat yaradıb. 

Anar ƏLİYEV,
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video