18 İyun 2025 09:20
692
Mədəniyyət
A- A+
Üçüncü görüş

Üçüncü görüş


Soyuq bir qış günü idi. İki-üç gün dayanmadan yağmış qar göz işlədikcə uzanıb gedən çölləri ağ örpəyə bürümüşdü. Külək yavaşıdığına görə havada soyuqluq o qədər də hiss olunmurdu. Atəş səsləri kəsildiyindən ön xəttə müvəqqəti sakitlik çökmüşdü. Bu sakitliyi hərdənbir uzaqlarda atılan topların gurultusu pozurdu. Yaranmış səssizlikdən istifadə edib, başı buludlara söykənən Fərrux dağının ətəyindəki səngərlərdən geri qayıtmağa hazırlaşırdıq. Yola çıxmaq istəyəndə dağın zirvəsinə boylanan komandir dedi ki, bir az ayaq saxlayaq, dağın başı dumansız olanda yola çıxmaq təhlükəlidir. Açıq havada düşmən bizi görüb vura bilər. 

Erməni gülləsinə tuş gəlməmək üçün gözlədik. Heç nəyə məhəl qoymayan zaman isə hiss olunmadan keçir, vaxtın axınında əriyən dəqiqələr keçmişə doğru sovrulurdu. Yaxşı ki, çox gözləməli olmadıq. Duman qollarını geniş açıb Fərruxun zirvəsini körpə uşaqtəki bağrına basan kimi komandir yola çıxmağımıza göstəriş verdi. Sürücü vaxt itirmədən avtomobilin mühərrikini işə saldı. Təkərlər buzun üstündə bir-iki dəfə yerində fırlanıb irəli dartındı. 

Fərruxun ətəyindəki gözəl mənzərələri seyr edə-edə Yuxarı Cinli kəndinin məhəllələrindən keçib üzüaşağı gedirdik. Kənddəki evlərin çoxu düşmənin atdığı mərmilərin təsirindən dağıldığına görə sakinlər gözə az dəyirdi. Gözəlliyi ilə həmişə dünyaya meydan oxuyan bu yerlərdə indi yaşamaq çox təhlükəliydi. Çünki düşmən gülləsi hər an sakinləri yaxalaya bilərdi.

Kənddən çıxandan sonra yarpağı çoxdan tökülmüş üzümlüklərin yaxınlığından keçib aşağıdakı körpüyə tərəf istiqamət götürdük. Elə də geniş olmayan üzümlükdə arıq, ortayaşlı bir qadının işlədiyini gördük. Çox təəccübləndik. Çünki onun işlədiyi sahə düşmənin Fərruxun zirvəsindəki səngərlərindən əl içi kimi görünürdü. Gözlərini qan örtmüş ermənilər hər an qadını vura bilərdilər. O isə bunu bilə-bilə arın-arxayın irigövdəli tənəkləri xırda qol-budaqlardan təmizləyirdi. Biz - hərbçilər əlimizdə silah bayaqdandır Fərruxun zirvəsinə duman gəlməyini gözləyirdik. Bu qadın isə ermənilərin atəş açacağından qorxmadan üzümlükdə işləyirdi. Sanki bu hərəkəti ilə düşmənə meydan oxuyaraq: "Sənin topundan, tüfəngindən qorxmuram", - deyirdi.

Komandirin tapşırığını yerinə yetirən sürücü qadının yaxınlığına çatanda avtomobili saxladı. O, əvvəlcə bizə fikir vermədi. Heç deyəsən, yaxınlığında dayandığımızı da  görmədi. Çünki heç yana baxmadan, heç kimə məhəl qoymadan işləyirdi. Komandir baxan kimi qadını tanıdı. Dedi ki, bir neçə gün əvvəl onun qardaşı şəhid olub. Camaatın çoxu kənddən çıxsa da, o, qardaşının məzarını qoyub heç yerə getmir. 

Tanış olanda adının Elyana olduğunu öyrəndik. Vaxt darlığından onunla yalnız ayaqüstü söhbət edə bildik. Qadın qardaşının şəhid olduğundan ürəkağrısı ilə danışdı. Dedi ki, ermənilər torpaqlarımıza hücum edən ilk günlərdən böyük qardaşı Nemət "Bu ğun Vətən dardadır, onu düşmənlərdən qorumalıyıq" söyləyərək yurdun müdafiəsinə yollanıb. Neçə-neçə qanlı döyüşdə iştirak edən qardaşı son damla qanınadək vuruşub. Dörd gün əvvəl işğalçıların qarşısını alarkən şəhid olub. "Bu acı xəbəri eşidəndə elə bil göy başıma uçdu. Göz yaşları içində Neməti qanı tökülən torpağa tapşırdıq. Nifrət bəslədiyim ermənilərdən qorxmadığıma görə beləcə, açıq-açığına sahədə işləyirəm. Qoy işğalçılar görsünlər ki, bizim qadınların qeyrəti onların silahından güclüdür". 

Qadından ürəkyandıran bu sözləri eşidəndə fikirləşdik ki, Elyananın damarlarından hünəri ilə adını qəhrəmanlıq tariximizə yazmış Tomrisin qanı axır. Erməni işğalçılarına meydan oxuyan bu qadının cəsarəti çoxlarına ibrətamiz  nümunə idi. Elyana onu da dedi ki, Nemətin qırxı çıxdıqdan sonra silaha sarılıb  döyüşə yollanacaq. Düşmənlərdən qardaşının intiqamını alacaq. 

Üzümlükdəki bu təsadüfi görüşün üstündən üç ay keçər-keçməz ermənilər kişi hünərli bu qadının qoynunda dünyaya göz açdığı dədə-baba yurdunu  işğal etdilər. Onun soyuq bir qış günündə çalışdığı o üzümlük də, qardaşının məzarı da, evləri də, kəndləri də düşmən tapdağı altında qaldı.

Neçə-neçə aylar, illər hiss olunmadan, səssiz-səmirsiz ötüb keçsə də, Elyananın sonrakı taleyindən xəbər tuta bilmədik. Bilmədik ki, qadın qardaşı Nemətin qırxından sonra silaha sarılıb Qarabağ uğrunda döyüşdümü, yoxsa buna vaxt edə bilmədi? Bəlkə elə Qarabağ uğrunda döyüşə atılan Elyana da şəhid oldu. Kim bilir, bəlkə də o heç döyüşə yollanmadı, hamı kimi doğma ocağından didərgin düşüb ağrı-acılarla dolu köçkünlük həyatı yaşadı. Əgər belədirsə, indi yəqin ki, Elyana kəndlərinə dönəcəyi, qardaşının məzarını ziyarət edəcəyi, ermənilərin söndürdüyü ocaqlarının çırağını yandıracağı günü intizarla gözləyir. Ümid edir ki, günlərin birində həsrət bitəcək. Hamı kimi qadın da o gözəl günlərdə doğma ocaqlarına qayıdıb sevinə-sevinə ata-baba torpaqlarına ayaq basacaq, gözüdolusu Fərrux dağına baxacaq.

İlıq payız günlərindən biri idi. Bərdə rayonunda məskunlaşmış köçkünlərlə görüşə gedirdik. Görüş deyəndə ki, nazirlikdən ayrılmış yardımı siyahı üzrə onlara çatdıracaqdıq. Yola səhər lap ertədən çıxdığımıza görə günortaüstü mənzilbaşına çatdıq. Doğma ocaqlarından didərgin düşmüş insanlar məktəb binasının birinci mərtəbəsində məskunlaşmışdılar. İkinci mərtəbədə isə şagirdlər dərs keçirdilər. Köçkünlərin dözülməz vəziyyəti ürəyimizi ağrıtdı. Geniş otaqlı evlərdə yaşamış bu insanlar indi darısqal otaqlara sığınmışdılar. 

Yardımı paylayandan sonra köçkünlər bizi çaya qonaq etdilər. Onlara əziyyət vermək istəməsək də, xətirlərinə dəyməyib sözlərini yerə salmadıq. 

Bizə çay verən qadının birinin çöhrəsi də, səsi də tanış gəldi. Elə bil onu nə vaxtsa, hardasa həm görmüş, həm də səsini eşitmişdik. Bəs nə vaxt, harada? Qadını diqqətlə süzə-süzə xəyalən ötən illərin içində dolaşdıq, günləri kitab kimi bir-bir vərəqlədik. Bu vaxt stəkanımızın boşaldığını görən qadın yaxınlaşıb bizdən çay içmək istəyib-istəmədiyimizi soruşdu. Səsini eşitdiyimiz an onu harada və nə vaxt gördüyümüzü xatırladıq. Deməli, insanın göz yaddaşına baxanda səs yaddaşı daha etibarlı imiş. Bu, Elyana idi. O Elyana ki, soyuq bir qış günündə ermənilərin top-tüfəngindən qorxmadan Fərrux dağının ətəyindəki üzümlükdə budama işləri aparırdı. Qardaşı Nemətin ölümündən sonra silaha sarılıb döyüşmək, onun intiqamını düşmənlərdən almaq istəyirdi. Heyrətdən çaşıb nə edəcəyimizi, nə deyəcəyimizi də unutduq. Həyəcandan dilimiz də söz tutmurdu. Buna görə də çay içmək istədiyimizi başımızla işarə etdik. 

Az keçmiş qadın əlində çay geri qayıtdı. Artıq həyəcanımızın azaldığına, dilimizin açıldığına görə çayı qarşımza qoyanda asta səslə ondan soruşduq: 

- Bağışlayın, siz Elyana xanım deyilsiniz?

Qadın duruxa-duruxa baxışlarını üzümə zilləyib zəif səslə dedi: 

- Bəli, mən Elyanayam, bəs siz kimsiniz?

İllərcə əvvəl bir qış günündə Fərux dağının ətəyindəki üzümlükdə işləyərkən onunla qısa söhbət etdiyimizi dedik. Onu da bildirdik ki, həmin günlərdə qardaşı Nemət Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdu. O da silaha sarılıb qardaşının döyüş yolunu davam etdirmək istəyirdi.

Dediklərimizi sakitcə dinləyəndən sonra qadın bir anlıq qaşlarını çatıb dərin fikrə getdi. Sanki xəyalların qanadları üstündə o illərə yollandı. Çöhrəsinə qonan təbəssümdən hiss etdik ki, deyəsən, Elyana həmin günü xatırladı. Çünki az keçmiş dərindən ah çəkdi: "Bəli, yadıma düşdü. Getsin o günlər, bir də həyatımızın qapısını döyməsin. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə həm kəndimizi, həm də qardaşımı itirdik. Nemətin qırxından sonra döyüşə getmək istəsəm də, kiçik qardaşım Şahmar "Biz ölməmişik ki, sən əlinə silah alasan" deyib qoymadı. Bir neçə gündən sonra onun özü döyüşə getdi. Müharibə bütün rahatçılığımızı əlimizdən almışdı. Ermənilər Fərruxun zirvəsindəki mövqelərindən daim kəndimizi atəşə tuturdular. Döyüşə gedəndən iki ay sonra Şahmar ağır yaralandı. Onu xəstəxanaya güclə çatdırdıq. Qardaşımın vəziyyəti yaxşı deyildi, sağ qalmağına ümid az idi. Allah eləməmiş, Nemətdən sonra Şahmarı da itirsəydik, dünya başımıza dar olardı, yaşaya bilməzdik. Nə yaxşı ki həkimlər qadaşımın həyatını xilas etdilər. Bir müddət sonra ermənilər kəndimizi ələ keçirdilər. Həmin gün çox dəhşətli anlar yaşadıq. Aradan uzun illər keçməsinə baxmayaraq, göz yaşlarımız qurumur, yaralarımız sağalmır. Amma ümidimizi də itirməmişik. İnanırıq ki, günlərin  birində doğma ocaqlarımıza dönəcəyik".

Hiss etdik ki, bu təsadüfi görüşdən Elyana da həyəcanlanıb. Ona təsəlli verərək dedik: "Bacı, yaman günün ömrü az olar. İnşallah, bir gün gələr, ordumuz Qarabağı düşməndən azad edər, siz də evinizə qayıdarsınız". 

Söhbətimiz zamanı hiss etdik ki, köçkünlük həyatı, doğma ocaqlarının nisgili Elyananın dərdinin üstünə dərd gətirib. Bu ağır dərd onun qəddini əyib, gözəl çöhrəsinə qırışlar iz salıb. Hələ heç saçlarının ağarmağını dilə gətirmək istəmirik. Elyananın mehribanlıq duyulan gözlərindən həm yurd həsrəti, həm də qardaş nisgili yağırdı.

Bu təsadüfi görüş yaddaşımızda dərin iz buraxdı. Qadınla sağollaşıb ayrılarkən o, "Gün o gün olsun ki, o gözəl məkanda, Fərrux dağının ətəklərində görüşək" söylədi. Qadının arzusuna qoşularaq "Amin" dedik. 

İllər bir-birini əvəz etsə də, cəbhədə vəziyyət dəyişməz olaraq qalırdı. Atəşkəs rejimi acı bağırsaq kimi uzanırdı. Açıq görünən o idi ki, ermənilər işğal etdikləri torpaqları danışıqlar yolu ilə geri qaytarmayacaq. İkiüzlü siyasət yürüdən dünyanın böyük dövlətləri ermənilərin arxasında dayanır, danışıqlarda onların tərəfini saxlayırdılar. Sanki işğalçını öz adı ilə çağırmağa qorxurdular. 

Arxalarında dayananlara güvənən ermənilər işğal etdikləri torpaqları qaytarmaq əvəzinə ölkəmizin yeni ərazilərinın qəsbinə hazırlaşırdılar. Çünki işğalçıların əvvəlki müharibədən dişlərinin dibində şirə qalmışdı. Həm bu şirə, həm işğalçılıq iştahası, həm də qəsbkarlıq niyyəti erməniləri yeni müharibəyə həvəsləndirirdi. Bunu çəkinmədən, açıqca deyirdilər də. 

Qan qoxulu çirkin məqsədinə çatmaq istəyən ermənilər ilıq bir payız günündə mövqelərimiz üzərinə hücuma keçdilər. Həmin gün xəbər portallarında Qarabağ uğrunda müharibənin yenidən başladığı barədə məlumat yayıldı. Uzun illər susmuş silahlar bütün gücü ilə gurlamağa başladı. Dağlar, dərələr güclü atəş səslərindən diksindi. Döyüşlərin elə ilk günü düşmənin otuz il əvvəlki müharibədən dibində şirəsi qalmış dişləri yaxşıca ovuldu. Qəfil hücumların qarşısı qətiyyətlə alındı. Müharibə başlayar-başlamaz güllələr yağıların üstünə dolu kimi yağdı. Bu güllələrdən işğalçıların murdar bədənləri deşik-deşik oldu. Yeni ərazilər ələ keçirməyə susamış ermənilərin elə ilk döyüşlərdən işğalçılıq planları iflasa uğradı...

Yurdunun azadlığı uğrunda döyüşə atılmış hərbçilər düşmənin qəfil həmlələrini dayandırandan sonra əks-hücuma keçdilər. Elə həmin andan uzun illər erməni işğalında qalmış torpaqların azadlığı uğrunda başlayan müharibə, düşmənin düşündüyü kimi, uzun müddət davam eləmədi. İllərin işğalına son qoyan döyüşlər qırx dörd gün çəkdi. Düşmən tapdağında inləyən torpaqların xeyli hissəsi işğaldan azad olundu. Bir neçə il sonra isə ordu hissələri Qarabağda uğurlu antiterror əməliyyatları keçirdi. Ermənilərin nəzarət etdiyi bütün ərazilər separatçılardan təmizləndi. Yeni ərazilərimizi ələ keçirməyə hazırlaşan düşmən ağ bayraq qaldırdı. Xalqın ürəyində illərdən bəri qubar bağlamış işğal nisgili silindi. 

Payız günlərinin birində hekayəmizin qəhrəmanı Elyananın qoynunda dünyaya göz açdığı kənd də qəsbkarlardan təmizləndi. Yuxarı Cinlinin azad olunduğunu eşidəndə neçə illərdən bəri doğma ocağının həsrətini çəkən qadının necə sevindiyini gözlərim qarşısında canlandırdım.  Sanki uzaqdan da olsa, sevincimiz bir-birinə qarışdı, qəm süzülən çöhrələrə təbəssüm ələndi. 

Həlledici qələbədən sonra erməni işğalından azad olunmuş şəhər və kəndlərdə quruculuq işlərinə başlanıldı. Dövlətin tikdiyi yaşayış məskənləri mərhələ-mərhələ sakinlərə verilirdi. İllərin ayrılığından sonra köçkünlük ağrılarına dözüb sağ qalanlar həyatlarını yenidən qurmaq ümidi ilə geri qayıdırdılar. 

Günlərin birində Elyananın qoynunda dünyaya göz açdığı kəndə də köçkünlərin qayıtdığını xəbər verdilər. Eşitdiyimiz şad xəbər bizi çox sevindirdi. Elə sevindirdi ki, sanki köçkünlərlə bərabər, biz də həmin kəndə qayıdacaqdıq. Əgər köçkünlük həyatının ağrı-acılarına dözüb dünyasını dəyişməmişdisə, indi Elyana da sevinə-sevinə öz kəndlərinə dönürdü. Dönən kimi də, əgər ermənilər dağıtmamışdılarsa, yəqin ki, ilk olaraq qardaşı Nemətin məzarını ziyarət edəcəkdi. Məskunlaşandan bir müddət sonra üzümlüklərə üz tutacaq, yenə də onlara sığal-tumar çəkəcək, torpaqla pıçıldaşa-pıçıldaşa onu əkib-becərəcəkdi. 

Ürəyimizdən keçirdi ki, günlərin birində Elyanagilin kəndlərinə gedib onunla görüşək. İşimizlə əlaqədar biz də hərdən işğaldan azad olunmuş ərazilərə ezamiyyətə gedirdik. Bir müddətdən sonra rəhbərlikdən xahiş edib həmin bölgəyə ezamiyyət götürdük. Gül-çiçək qoxuyan bir yaz günündə səhər lap ertədən yola çıxdıq. Otuz iki il əvvəl tərk etdiyimiz doğma yerlərə günortaya yaxın çatdıq. Uzaqdan Fərrux dağının göylərə baş çəkən yaşıllığa bürünmüş zirvəsini görəndə özümüzdən asılı olmadan kövrəldik. Ermənilərin kəndləri necə vəhşicəsinə viran qoyduqlarını göz yaşı axıtmadan izləmək mümkün deyildi. Dağıntıların miqyası o qədər çox, o qədər böyük idi ki, Fərrux dağından başqa heç bir yer bizə tanış gəlmirdi. Aman Allah, heç belə də vəhşilik olar?! Otuz iki il əvvəl bu yerlər necə də gözəl və əsrarəngiz idi. İndi o gözoxşayan mənzərələrin yerində xarabalıq qalmışdı. 

İrəli getdikcə Fərrux dağının ətəklərində yerləşən Yuxarı Cinli kəndinə yaxınlaşırdıq. Qarşıdakı döngədən sol tərəfə burulan kimi yeni tikilmiş evlər göründü. Bu evlər kəndin əvvəlki görkəmini xeyli dəyişmişdi. Bir anlıq xəyalların qanadında otuz iki il əvvələ qayıtdıq. O zamanlar  burada ağır döyüşlər gedirdi. Atəş səsləri yeri-göyü lərzəyə gətirirdi. İndi isə kənddə sakitlik hökmranlıq edirdi. Hər tərəfdə gül gülü, bülbül bülbülü çağırırdı. 

Yol gedə-gedə düşünürdüm ki, yəqin yerin-göyün aşıb-daşan bu sevincini,  gözəlliyini Elyananın da gözlərində görəcəyik. Güman edirdik ki, qəfil gəlişimiz qadın üçün gözlənilməz olacaq. 

 Kənddə qarşımıza ilk çıxan saçlarını zamanın ruzigarı ağartmış bir kişidən Elyanagilin evini soruşduq. Qoca bizi başdan-ayağa süzəndən sonra əlini bir az qabağa uzadıb asta səslə dedi: "Bax, bu sıradan üçüncü ev onlarındır". Nişan verilən evə çatanda həyətdə bir oğlanın işlədiyini gördük. Ona salam verib "işin irəli" dedik. Oğlan salamımızı alaraq "Xoş gəlmisiniz"  dedi. Bir az çəkinə-çəkinə ondan Elyananı soruşduq. Cavan oğlan bir anlıq duruxub qaldı. Sonra heç kim olduğumuzu da soruşmadan bizi həyətə dəvət etdi. İçəri keçib ağacın kölgəsində qoyulmuş masanın arxasında oturduq. Biz əyləşən kimi o evə getdi. İki-üç dəqiqə keçər-keçməz balaca bir qız sinidə iki stəkan çay gətirib masanın üstünə qoydu. Gözləyirdik ki, bax, elə indi qızın arxasınca Elyana da qapının ağzında görünəcək. Amma görüşmək istədiyim qadın yox, bayaqkı cavan oğlan gəlib qarşımızda oturdu. Yalnız bundan sonra o, Elyananın böyük oğlu İmran olduğunu dedi, utana-utana da bizdən  haradan gəldiyimizi, anasını hansı məsələ ilə bağlı axtardığımızı soruşdu. Elyana ilə olan təsadüfi görüşlərimizdən danışmağa başladıq. 

Bir də gördük ki, onun yaz buludu kimi dolan gözlərindən yaş axır. Söhbətimizə ara verib ondan ağlamağının səbəbini soruşduq. İmrandan eşitdiyimiz acı xəbər bizi qılınc kimi kəsdi. Böyük sevinc içində görüşünə gəldiyimiz Elyana dünyasını dəyişmişdi. Qırxı da dörd gün əvvəl çıxmışdı. 

Göz yaşları içində İmranı qucaqlayıb bağrımıza basdıq, dərin hüznlə ona başsağlığı verdik. Anası doğma ocaqlarına qayıdandan altı ay sonra rəhmətə getmişdi. Ömrünün son çağlarını dünyaya göz açdığı torpaqda yaşamışdı. Oğlunun sözlərinə görə, axır nəfəsində də "Allahımdan çox razıyam. Nə yaxşı ki canımı ata-baba yurdumda tapşırıram" demişdi. 

Göz yaşımızı silə-silə İmranla qəbiristanlığa, Elyananın məzarını ziyarət etməyə getdik. Ayaqlarımızı güclə atır, onun məzarını görmək istəmirdik. Uzaq yolu qət edib bu qadınla görüşə gəlmişdik. Amma nə edəsən ki, Elyananın ömrü sona yetmişdi. 

Elyananı bir zamanlar döyüş yolunu davam etdirmək istədiyi qardaşı Nemətin yanında dəfn etmişdilər. Başdaşındakı doğum və ölüm tarixlərinə baxanda gördüm ki, qadın bu dünyada cəmi altmış il yaşayıb. Onun da yarıdan çoxunu köçkünlükdə keçirib. Başdaşındakı şəklindən bizə tanış baxışlar boylanırdı. Bu baxışları ilk dəfə otuz iki il əvvəl görmüşdük. Onda Elyana bizə işlədiyi üzümlükdən baxmışdı. Bu gün isə başdaşından baxırdı. Otuz iki il əvvəl bu baxışlar canlıydı. İndi isə bir nöqtəyə zillənmiş vəziyyətdə donub  qalmışdı. Təəssüf ki, Elyana ilə üçüncü "görüşümüz" məzarının üstündə oldu.   

Nəmli gözlərlə getdiyimiz qəbiristanlıqdan evə nəmli gözlərlə də qayıtdıq. Bizi yola salan İmran dedi: "Qapımız üzünüzə həmişə açıqdır. Nə vaxt yolunuz buradan düşsə, öz eviniz bilin. Gəlişinizdən anamın da ruhu şad olar". 

Bir neçə saat əvvəl gözəl ovqatla gəldiyimiz yolu indi kədərli düşüncələrlə geri qayıdırdıq. Bir az qabağa getmişdik ki, kəndə girəndə ilk dəfə üz-üzə gəldiyimiz qocanı gördük. O da bizim kimi bayaq getdiyi yolu geri dönürdü. Bizdən fərqli olaraq, bayaq onun kədərli görünən üzü indi təbəssümə bürünmüşdü. Yəqin, nəsə şad xəbər eşitmişdi. Qoca yenə də bizi başdan-ayağa süzüb yoluna davam etdi.

Otuz iki il əvvəl Elyananı ilk dəfə gördüyümüz üzümlüyün yanından keçəndə özümüzdən asılı olmadan bir anlıq çevrilib o səmtə baxdıq. Yaşıllığa bürünmüş sahədə bir neçə qadın işləyirdi. Onlardan biri bizə çox tanış gəldi. Sanki onu nə vaxtsa, haradasa görmüşdük. Bir az Elyanaya oxşarlığı da var idi...       


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq

12:51
12 İyul

Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb

11:48
12 İyul

Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib  

11:12
12 İyul

Paytaxt küçələri yenidən yuyulub

11:11
12 İyul

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyəcək

10:56
12 İyul

DİN: ⁠Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

10:32
12 İyul

İsmayıllıda zəlzələ olub

10:05
12 İyul

Avropada anomal istilər onlarla insanın həyatına son qoyub

10:04
12 İyul

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

10:03
12 İyul

Günəşdən necə yararlanmalı

08:50
12 İyul

NATO Ukrayna üçün ABŞ-dən silah alacaq

08:45
12 İyul

Özünə və sözünə sadiq

08:40
12 İyul

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

08:35
12 İyul

Əcnəbi səyahətçilərin Qarabağ səfəri

08:30
12 İyul

Azərbaycan xalqının qəlbində daim yaşayacaq qəhrəman

08:25
12 İyul

Zəfərin qığılcımı

08:20
12 İyul

Əbu-Dabi görüşü davamlı sülhün əldə olunmasına təkan verdi

08:15
12 İyul

Konseptual müzakirələrdən praktik mərhələyə keçid baş verir

08:10
12 İyul

İkitərəfli görüşlər daha nəticəyönümlüdür

08:05
12 İyul

Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyi

08:00
12 İyul

Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:11
12 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!