Türkiyə Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) sədrliyi çərçivəsində 2035-ci ilə qədər qlobal enerji istehlakında elektrikin payını 35 faizə çatdırmağı nəzərdə tutan “35x35” təşəbbüsünü irəli sürüb.
“Euronews” telekanalının məlumatına görə, hazırda dünya üzrə son enerji istehlakında elektrikin payı təxminən 23 faiz təşkil edir. Türkiyənin təklif etdiyi bu hədəf hüquqi öhdəlik daşımayan, ölkələrin könüllü qoşulacağı qlobal bir təşəbbüsdür. Təşəbbüs nəqliyyat, sənaye və binalarda neft, kömür və təbii qaz kimi yanacaqların tədricən elektrik texnologiyaları (elektromobillər, istilik nasosları və s.) ilə əvəzlənməsini hədəfləyir.
Mütəxəssislər bildirirlər ki, təkcə elektrik enerjisinə keçid karbon emissiyalarını azaltmaq üçün kifayət etmir. Əgər istifadə olunan elektrik yenə də kömür və ya qaz stansiyalarından əldə edilirsə, bu, iqlim dəyişikliyi ilə mübarizədə gözlənilən effekti verməyəcək. Buna görə də elektrikə keçid bərpaolunan enerji mənbələrinin artırılması, şəbəkələrin gücləndirilməsi və qalıq yanacaqlardan imtina ilə paralel aparılmalıdır.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar süni intellekt məlumat mərkəzləri və yeni texnologiyalar səbəbindən elektrikə tələbatın sürətlə artdığını bildirib. Türkiyə milli hədəf olaraq 2035-ci ilə qədər günəş və külək enerjisində 120 giqavat gücə çatmağı planlaşdırır. Lakin son məlumatlara görə, ölkədə elektrik istehsalının yarıdan çoxu (34,3 faizi kömür, 22,1 faizi təbii qaz) hələ də qalıq yanacaqların payına düşür.
Konfrans çərçivəsində Türkiyə və Avstraliya sədrlikləri tərəfindən “Elektrikləşmə Fürsəti” adlı hesabat da təqdim olunub. Sənəddə vurğulanır ki, qlobal elektrik tələbatındakı artımın təxminən 80 faizi inkişaf etməkdə olan iqtisadiyyatların payına düşür və bu ölkələrin enerji infrastrukturuna maliyyə yatırımlarının yönəldilməsi vacibdir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”