09 Sentyabr 2023 09:00
1109
SİYASƏT
A- A+

Türk həmrəyliyinə Azərbaycan töhfəsi

 

Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin möhkəmləndirilməsi dövlətimizin xarici siyasətinin əsas prioritetidir

 

Türk dövlətlərinin birliyində özünəməxsus və aparıcı rolu olan Azərbaycan  həmrəyliyin daha da güclənməsi və əbədi olması üçün fəal şəkildə əməli işlər həyata keçirir. 
Prezident İlham Əliyevin şəxsi səyləri nəticəsində bu gün türk birliyi ən yüksək əməkdaşlıq zirvəsinə qalxıb və bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir. Sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçılarını qəbul edən zaman çıxışında Prezident İlham Əliyev vurğuladı ki, "Biz hər zaman bir-birimizin yanında olmalıyıq, Türk Dövlətləri Təşkilatının inkişafı ilə bağlı bütün üzv ölkələr öz dəyərli töhfələrini verirlər, o cümlədən Azərbaycan". 
Dövlət başçısı onu da əlavə etdi ki, ölkəmiz bütün dövrlərdə TDT-nin güclənməsinə öz dəstəyini əsirgəməmişdir və Azərbaycanın xarici siyasət prioritetləri arasında bu təşkilata üzv ölkələrlə əlaqələr birinci yer tutur: "Bunu mən Prezident kimi dəfələrlə bəyan etmişəm, eyni zamanda biz bunu əməli işlərdə də göstərmişik".

 

Şimali Kiprin bayrağı Azərbaycanda hər zaman dalğalanacaq 

 

Bir məqama diqqət çəkək ki, Bakıda keçirilən sözügedən tədbirdə iştirak edən türk dövlətlərinin nazirləri arasında ilk dəfə olaraq Şimali Kipr Türk Respublikasının (ŞKTC) daxili işlər naziri Dursun Oğuz da iştirak edib. 
Prezident İlham Əliyev bu əlamətdar hadisəni məxsusi qeyd edərək qürurla söylədi ki, bu gün bizim aramızda ilk dəfə olaraq Şimali Kiprin nümayəndəsi də iştirak edir. Şimali Kipr türk qardaşlarımızı xüsusilə salamlamaq istədiyini dilə gətirən İlham Əliyev onu da dedi ki, nazir burada müşahidəçi kimi, amma eyni zamanda öz bayrağı ilə təmsil olunur: "Təbii ki, Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır və dalğalanacaqdır". 
Ölkə Prezidentinin vurğuladığı bu qürurverici nüansın özü də Azərbaycanın türk dünyasında birləşən qardaşlarımızın hər zaman yanında olduğunu nümayiş etdirir. Haqq-ədalət yolunda bərabər addımladığını göstərir. 
Prezident İlham Əliyevin Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycanda keçiriləcək tədbirlərdə dalğalanacağını bəyan etməsindən sonra bu ölkənin Prezidenti Ersin Tatar Azərbaycan Prezidentinə təşəkkür edib.
ŞKTC Prezidentinin saytında yer alan açıqlamada Ersin Tatar bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Bakıda keçirilən toplantısında Şimali Kipr Türk Respublikasının bayrağının Azərbaycandakı tədbirlərdə dalğalancağını açıqlamasından məmnuniyyət duyub: "Aralıq dənizinin şərqində bir türk dövləti olan ŞKTC varlığını bir millət, üç dövlət anlayışı ilə davam etdirir. Azərbaycan ilə aramızdakı könül birliyinin, dəyərlərin və eyni millətin ayrılmaz hissələri olaraq münasibətlərimizin davamlı inkişafı ən böyük arzumdur".

 

Türk dünyasının zəfəri 

 

Milli köklərimizlə, ortaq dəyərlərimizlə, dil, din birliyimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyini həm də zamanın çağırışı kimi xarakterizə etsək, heç də yanılmarıq. 
Azərbaycan xalqı olaraq güclü türk birliyinin əhəmiyyətini hələ Vətən müharibəsi zamanı əyani şəkildə gördük. O zaman qardaş Türkiyənin verdiyi siyasi və mənəvi dəstək Qarabağda Şuşa zəfərini çalmağımıza böyük kömək oldu. Eləcə də digər qardaş türk dövlətləri Azərbaycan xalqının, dövlətinin yanında olduğunu nümayiş etdirdi. Bütün türk dünyası parlaq zəfərimizi öz qələbəsi saydı, bizimlə birgə qürurlandı.
İşğaldan azad edilən torpaqlarımızda erməni vəhşiliyinə tuş gələn infrastrukturumuzun bərpa olunması istiqamətində türkdilli ölkələr Azərbaycana dəstəklərini göstərirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilərək bu yaxınlarda açılışı həyata keçirilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb də bu dəstəyin bariz nümunələrindən biridir. 
Gerçəklikdir ki, Azərbaycanın Vətən müharibəsi zamanı işğalçı Ermənistan üzərində qələbəsi tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını da bərpa edib, türk birliyinin bir-biri ilə əlaqələrini daha da intensivləşdirəcək yeni yolların açılmasına rəvac verib. 
Qazandığı zəfərə və türk dünyasının birgəliyinə verdiyi bu töhfəsinə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2022-ci il noyabrın 12-də İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyev Türk Dünyasının Ali Ordeninə layiq görülüb. 

 

Tezliklə Qəhrəmanmaraşda Azərbaycan şəhərinin inşasına başlanılacaq 

 

Əlaqələri və əməkdaşlığı daha da güclənən Türk Dövlətləri Təşkilatına üzv dövlətlər dünyada baş verən bütün qlobal siyasi proseslərə, eləcə də təbii böhranlara qarşı birgə mübarizə aparırlar. 2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş verən ardıcıl iki dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində də qardaş ölkələr səylərini birləşdirdilər. Azərbaycan da maddi-mənəvi dəstəyi ilə zəlzələnin baş verdiyi gündən etibarən qardaş Türkiyənin yanında oldu. 
Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Türkiyənin paytaxtı Ankarada, əslində Şuşada keçirilməsi planlaşdırılan, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə Zirvə görüşü keçirildi.
Bu Zirvə görüşü zamanı Türkiyədə baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə edildi. 
Sentyabrın 7-də Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və "Bakı-2023" beynəlxalq təliminin iştirakçılarını qəbul edən zaman Prezident İlham Əliyev bu məsələyə toxunaraq, son vaxtlar bölgəmizdə və bütövlükdə dünyada fövqəladə halların sayının kəskin artdığını söylədi. Dövlət başçısı qardaş Türkiyədə dəhşətli zəlzələdə həlak olanların xatirəsini hörmətlə anaraq və bir daha başsağlığı verərək söylədi ki, Azərbaycan ilk saatlardan, ilk dəqiqələrdən bu dəhşətli zəlzələ ilə bağlı öz səylərini göstərmişdir: "Hazırda Qəhrəmanmaraş şəhərində Azərbaycan dövləti tərəfindən inşa ediləcək şəhərciyin son parametrləri müəyyən edilir və yaxın zamanlarda biz inşaata başlayacağıq".

 

TDT-nin dünyadakı mövqeyi və rolu daha da artacaq

 

Göründüyü kimi, bütün sahələr üzrə türk dünyasının birliyi getdikcə güclənir və Azərbaycanın bu həmrəyliyə töhfələri böyükdür. Bu isə dünyada baş verən istər qlobal siyasi, iqtisadi, sosial problemlərə, istərsə də təbii böhranlara qarşı türkün sarsılmaz gücü ilə çıxmağımıza rəvac verir. Buna görə də bütün üzv dövlətlər Türk Dövlətləri Təşkilatının dünyada nüfuzunun qat-qat artması üçün hər zaman fəal dəstək göstərməlidirlər. 
Prezident İlham Əliyevin vurğuladığı kimi: "Bu gün dünya miqyasında Türk Dövlətləri Təşkilatı öz layiqli yerini tuta bilibdir. Ancaq bundan sonra da fəal çalışmalıyıq ki, bizim təsir imkanlarımız daha da geniş olsun... Əminəm ki, yaxın gələcəkdə bizim təşkilatımızın dünyadakı mövqeyi və rolu daha da artacaqdır".

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video