08 Yanvar 2022 00:36
1386
SİYASƏT
A- A+

Türk dünyasının birliyinə layiqli xidmət

 

2021-ci il Azərbaycanın xarici siyasəti sahəsində də bir sıra mühüm nailiyyətlər müşahidə edildi. Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər burada, təbii ki, əhəmiyyətli yer tutur. Ölkəmizin ikiillik sədrliyi dövründə bu təşkilatın qazandığı uğurların miqyası 2021-ci ildə daha aydın göründü.

Öz strateji məqsədlərinə doğru əzmlə addımlayan Türk Dövlətləri Təşkilatının artıq qlobal güc mərkəzinə çevrilməkdə olduğu bir daha təsdiqini tapdı. Mötəbər qurumun ötən il noyabrın 12-də İstanbul şəhərində keçirilmiş VIII Zirvə görüşündə Azərbaycan təşkilata sədrlik səlahiyyətlərini son iki ilin parlaq nəticələri ilə qardaş Türkiyəyə ötürdü.

Sədrlik müddətində Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi töhfələri, eləcə də ölkəmizin Vətən müharibəsindəki tarixi zəfərini, bölgədə sülhün, təhlükəsizliyin qorunmasında bu qələbənin müstəsna əhəmiyyəti nəzərə alınaraq İstanbul zirvəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi.

Türk Şurasında bir araya gələn dövlət və hökumət rəhbərlərinin imzaladıqları birgə qərarda yazılırdı: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.

Ali mükafatı Azərbaycan Prezidentinə təqdim edərkən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan vurğuladı ki, Qarabağda təxminən otuz il davam edən işğala Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 44 gündə son qoyulması bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın ərazi bütövlüyünü yenidən təmin etməsi türk aləminin birliyini və bərabərliyini genişləndirib. Qarabağın azadlığının rəmzi olan “Xarıbülbül” türk dünyası üçün Zəfərin müjdəçisi olub. “Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”, - deyə cənab Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Təşkilatın noyabrın 12-də İstanbul şəhərində keçirilən VIII Zirvə görüşü türk dünyasının tarixində möhtəşəm bir salnaməyə çevrildi. Tədbirin tarixi əhəmiyyəti təkcə onun türk dünyasının mənəvi mərkəzlərindən sayılan İstanbulda keçirilməsində deyildi. Eyni zamanda ötən bir neçə il ərzində təşkilatın əldə etdiyi parlaq nəticələrin, türk dövlətlərinin birliyi istiqamətində qazanılmış nailiyyətlərin bütün dünyaya təqdimatı baxımından önəmli idi.

 

Genişlənən əməkdaşlıqlar

 

2009-cu ilin 3 oktyabrında Naxçıvan şəhərində təməli qoyulmuş Türk Şurası çərçivəsində görülən işlər, həyata keçirilən tədbirlər və zaman-zaman daha da gücləndirilən əməkdaşlıqlar türk dövlətlərinin birliyi üçün möhkəm zəmin yaradır. 2021-ci ildə Azərbaycanın rəhbərliyi ilə görülən işlər bu qurumun bir çox məqsədlərinin həyata keçirilməsinə kömək göstərdi. Türkdilli ölkələr arasında əməkdaşlıq əlaqələri daha da genişləndirildi. O cümlədən regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviqi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi, ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atıldı. Ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması məqsədilə tədbirlər təşkil olundu. Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə müxtəlif səviyyələrdə layihələr reallaşdırıldı. Azərbaycan 2021-ci ildə də göstərdi ki, türk dövlətləri arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.

2019-cu ilin oktyabrın 15-dən Türk Şurasına sədrlik edən Azərbaycan sədrliyinin ikinci ilində də həm türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, həm də qurumun dünyada nüfuzunun daha da artırılması istiqamətində mühüm uğurlara imza atdı. Təşkilat çərçivəsindəki mövcud əlaqələrə, istiqamətlərə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri quruldu.

Xatırladaq ki, 2020-ci il aprelin 10-da Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr olunmuş Fövqəladə Zirvə Görüşü keçirilmişdi. Videokonfrans formatında təşkil olunan bu görüş dövlət və hökumət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr edilmiş ilk beynəlxalq tədbir idi. Sonrakı dövrlərdə də səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük, miqrasiya sahəsinə məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsi ilə toplantıları keçirildi. Bakıda təşkilatın Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası oldu. Xarici İşlər Nazirləri Şurasının daha bir iclası isə “Əfqanıstandakı vəziyyət və son inkişaflar işığında onun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzv dövlətlərinə təsiri” mövzusuna həsr edildi.

2021-ci il martın 31-də isə videokonfrans formatında təşkilatın qeyri-rəsmi Zirvə görüşü baş tutdu. Bu, Azərbaycan Respublikasının təşkilata sədrliyi dövründə dövlət başçıları səviyyəsində keçirilən sayca ikinci tədbir idi. Zirvə görüşü zamanı Qazaxıstanın Türkistan şəhərinə yeni təsis olunmuş “Mənəvi paytaxt” statusu verildi. Zəngin tarixə malik ölkələrimizin “Mənəvi paytaxt” statusuna layiq görülə biləcək çox sayda şəhərləri vardır. Türkistan şəhəri ilə başlanan və qədim ortaq keçmişimizə işıq salan bu xoş ənənə gələcəkdə də davam etdiriləcəkdir. Qeyd edək ki, həmin tədbirdə qeyri-rəsmi Zirvə görüşünün Türkistan Bəyannaməsi də qəbul olundu.

 

Birgə keçmiş, birgə gələcək

 

Vətən müharibəsindəki qələbəmizdən sonra azad yurdlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı dövrdə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən olan şirkətlərin, iş adamlarının bu prosesdə iştirakı məsələləri böyük əhəmiyyət kəsb edir. Onların buna marağını nəzərə alaraq 2021-ci il sentyabrın 10-da Bakı şəhərində bu xüsusda “Azərbaycanın işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına və inkişafına həsr olunmuş” biznes-forum keçirildi.

Türk dövlətləri arasında media sahəsində əməkdaşlıq da təbii ki, bu qurum çərçivəsində görülən işlərin əsas istiqamətlərindəndir. Bununla bağlı  Azərbaycan və Türkiyə arasında artıq ortaq media platforması yaradılıb. 2021-ci il aprelin 10-da Bakıda keçirilmiş Türk Şurasının mediadan məsul nazir və rəsmilərinin iclası da bu sahədə görülən işlərə mühüm töhfə oldu. Həmin iclasın davamı olaraq ötən ilin 22-24 oktyabrında İstanbul şəhərində “Dərin kökə sahib keçmiş, güclü gələcək” mövzusunda Media Forumu təşkil edildi. Ondan əvvəl, 2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində isə təşkilata üzv və müşahidəçi dövlətlərdən 30-a yaxın jurnalistin Bakı, Gəncə və işğaldan azad edilmiş ərazilərə - Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə mediaturu keçirildi. İşğal dövründə Azərbaycan ərazilərində törədilmiş vandalizm aktları ilə tanışlıq, bu cinayətlərin dünyaya çatdırılması baxımından belə bir tədbir xüsusi əhəmiyyət daşıyırdı.

Təhsil sahəsində əməkdaşlıq əlaqələri də uğurla davam etdirilməkdədir. 2021-ci ilin 3-4 noyabrında təşkilata üzv dövlətlərin təhsil nazirlərinin altıncı iclası, 28-29 oktyabrında isə Türk Universitetlər Birliyinin V Baş Assambleyası keçirildi.

Türk Dövlətləri Təşkilatı çərçivəsində qurulan uğurlu əməkdaşlıq əlaqələrinin daha bir istiqaməti isə gənclərlə iş məsələlərini əhatə edir. 2019-cu il noyabrın 29-da Bişkek şəhərində gənclər üzrə məsul nazirlərin dördüncü iclası olmuşdu. 2021-ci il sentyabrın 20-də isə Daşkənd şəhərində bu xüsusda beşinci iclas keçirildi. Daşkənddə təşkil edilən nazirlər iclası çərçivəsində I Gənc Sahibkarlar Forumu da uğurla baş tutdu.

Azərbaycanın təşəbbüsü ilə 2021-ci il oktyabrın 19-da onlayn formatda təşkilatın kənd təsərrüfatı üzrə işçi qrupunun 1-ci iclasının keçirilməsi də ötən ilin uğurlu nəticələrindən oldu. İclas zamanı kənd təsərrüfatı üzrə məsul nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda keçirilməsi ilə bağlı razılıq əldə edildi.

Azərbaycanın təşəbbüsü əsasında 2021-ci il noyabrın 1-2-də Bakıda Türk Dövlətlərinin Baş Prokurorlarının 1-ci iclası keçirildi, iclas çərçivəsində təşkilata üzv Dövlətlərin Baş Prokurorları Şurası təsis olundu.

2020-ci il noyabrın 20-də Bakıda Türk Ticarət və Sənaye Palatası tərəfindən “Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası” mövzusunda toplantı təşkil edilmişdi. Toplantı çərçivəsində Ermənistan tərəfindən raket atəşinə məruz qalmış Bərdə şəhərinə yardım göndərildi.

Türk Şurasının Budapeşt ofisində 2021-ci il oktyabrın 15-də Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Türk Şurası Katibliyi və Macarıstanın Xarici İşlər və Ticarət İnstitutu tərəfindən “Türk dövlətləri müstəqilliklərinin 30-cu ilində və əməkdaşlıq: Cənubi Qafqazda regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkil olundu.

 

Genişlənən coğrafiya, yeni nəfəs

 

Azərbaycanın sədrliyi dövründə, o cümlədən 2021-ci ildə üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı, təşkilatın digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əlaqələri, əməkdaşlıq münasibətləri də davam etdirildi, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıqlar quruldu.

Son dövrlər Türk Dövlətləri Təşkilatının həyatındakı ən önəmli hadisələr həm də onun coğrafiyasının genişlənməsi ilə bağlıdır. Belə ki, Bakıda keçirilmiş VII Zirvə Görüşündə Özbəkistan Respublikası Türk Şurasına üzv oldu. Ötən il mötəbər qurumun institusional inkişafı ilə əlaqədar müzakirələr də səmərəli nəticələr verdi. İstanbulda keçirilən VIII Zirvə Görüşündə isə Türkmənistan təşkilat yanında müşahidəçi statusu əldə etdi. Burada habelə Türk Şurasının VIII Zirvə Görüşünün Bəyannaməsi, “Türk dünyasına baxış - 2040” sənədinin qəbulu ilə bağlı, “Türk dünyasının birliyinə verdiyi töhfələrə görə” Türk Dövlətləri Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq Mükafatı haqqında, Türk Şurası Baş katibinin fəaliyyət müddətinin uzadılması və digər qərarlar imzalandı. Bütün bunlar təşkilatın qarşıya qoyduğu məqsədlərə çatmasına, böyük strateji hədəflərin addım-addım reallığa çevrilməsinə kömək göstərir. Aparılan təhlillər bir daha sübuta yetirir ki, türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə irəliləməsi ideyası xəyal deyil, reallıqdır. Bu reallığın formalaşdırılmasından ötrü əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Burada türk dünyasının birliyi üçün bütün gücünü, imkanlarını ortaya qoyan Azərbaycanın müstəsna xidmətləri var.

 İstanbul Zirvə Görüşündə Türk Şurası “Türk Dövlətləri Təşkilatı” adlandırıldı. Bu da təşkilatın beynəlxalq nüfuzunun artırılmasına, onun digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə xidmət edən yenilikdir.

Apardığımız haqq savaşında daim Azərbaycanın yanında olan təşkilat bu dəstəyi qələbəmizdən sonra da müxtəlif səviyyələrdə, o cümlədən mədəniyyət diplomatiyası müstəvisində davam etdirməkdədir. 2021-ci ilin yanvarında Türk Şurası, TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarını ziyarət etmiş, düşmən tərəfindən işğal edilmiş ərazilərimizdə onilliklər ərzində törədilmiş vəhşi əməllərin nəticələri ilə əyani şəkildə tanış olmuşlar. Təşkilat Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü də irəli sürmüşdür.

Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali yaşayır. Bu, qlobal iqtisadiyyat üçün çox böyük perspektiv deməkdir. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında bağlılığa öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sarsılmaz qətiyyəti sayəsində reallaşması perspektivi artıq kifayət qədər aydın görünən Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq. Zəngəzur dəhlizi əməkdaşlığımıza yeni bir nəfəs qatacaq. Üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət təsir edəcək. Eyni zamanda inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq. Bu baxımdan ötən il Azərbaycanın Zəngəzur dəhlizinin açılması istiqamətində ortaya qoyduğu iradə eyni zamanda Türk Dövlətləri Təşkilatının qlobal nüfuzunun daha da artmasına, türk dünyasının birliyinə xidmətdir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video