Bu ailənin qurulmasında Azərbaycan Prezidenti İlham Əliyevin məxsusi rolu var
2003-cü il oktyabrın 31-i müasir tariximizə əlamətdar gün kimi yazılıb. Həmin gün oktyabrın 15-də keçirilən seçkilərdə xalqın böyük dəstəyini və etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyevin ilk inaqurasiya mərasimi olmuşdur.
Yaşanmış və artıq tarixə qovuşmuş 22 illik zaman çox aydın, bütün dünyanın açıq görəcəyi bir şəkildə göstərdi ki, İlham Əliyev ölkə Prezidenti seçildikdən sonra Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla və layiqincə davam etdirmiş, xalqın etimadını yüksək səviyyədə doğrultmuşdur.
Prezident İlham Əliyev 22 illik gərgin, davamlı və səmərəli fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bunun da nəticəsində ölkəmiz bütün sahələrdə sürətli inkişafa nail olub, insanların rifahı, sosial durumu xeyli yüksəlib. Gündən-günə Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, suverenliyimizi, ərazi bütövlüyümüzü qorumağa qadir olan ordu yaradılıb, ölkəmizin beynəlxalq aləmdəki mövqeləri möhkəmlənib, nüfuzu artıb. Dünyanın inkişaf etmiş ölkələri ilə iqtisadi, siyasi və mədəni əlaqələr daha da inkişaf edib. Bütün bunların nəticəsidir ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr güclü, qüdrətli Azərbaycanın iştirakı ilə həyata keçirilir.
Ən önəmlisi və sevindiricisi isə odur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bununla da xalqın torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu reallaşıb. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında 30 ilə yaxın qəsbkarların əlində qalmış torpaqlarımızı azad etdi.
Dövlətimizin başçısı 14 fevral 2024-cü ildə keçirilən andiçmə mərasimində demişdir: "Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik".
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş Qarabağda, Şərqi Zəngəzurda bərpa və quruculuq işləri gedir. Böyük qayıdış proqramına uyğun olaraq irimiqyaslı layihələr həyata keçirilir. Sürətlə aparılan bərpa və abadlıq işləri onu deməyə əsas verir ki, Azərbaycan dövləti tezliklə bu yerləri cənnətə çevirəcək, ata-baba yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlər doğma ocaqlarına dönəcəklər.
Bu illər ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında təkcə Qərb ölkələri ilə deyil, türk dövlətləri ilə də dostluq və qardaşlıq əlaqələri yüksək səviyyədə qurulmuşdur. 2009-cu ildə prezidentlər - İlham Əliyev, Nursultan Nazarbayev, Kurmanbek Bakiyev və Abdullah Gül "Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısının Naxçıvan Bəyannaməsi"ni imzalamışlar. Həmin bəyannamə türk dövlətlərinin siyasi birliyinin təməlini qoymuşdur. Dövlətçilik tarixi baxımından bu çox önəmli bir hadisədir. Türk dövlətləri ilə dostluğun bünövrəsinin Azərbaycanın qədim diyarı olan Naxçıvanda qoyulması isə çox qürurvericidir. Bu birliyin başlıca məqsəd və amalı barış, birlik və birgə inkişafdan, qarşılıqlı əməkdaşlıqdan ibarətdir. Azərbaycan dövləti tarixi ənənəyə və təcrübəyə sadiq qalaraq, bütün türk dünyasını birləşdirmək, yaxınlaşdırmaq üçün çox mühüm addımlar atmaqdadır.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatından söz açarkən iki istiqamətə xüsusi önəm verir. Birinci istiqamət Azərbaycan liderinin TDT-nin və bütövlükdə türk dünyasının inteqrasiyasının perspektivinə böyük inamla yanaşmasıdır. İkinci istiqamət isə bu yolda hər bir türk dövlətinin üzərinə böyük məsuliyyətin, çalışqanlığın, neqativ təsirlərə qarşı ortaq hərəkət etmək zərurətinin düşdüyünü qeyd etməsidir. Dövlətimizin başçısı Naxçıvan Bəyannaməsi imzalananda, TDT-nin hər bir Zirvə toplantısında, Vətən müharibəsindən sonra müxtəlif KİV nümayəndələrinə verdiyi müsahibələrdə, müxtəlif forum və görüşlərdə TDT ilə bağlı fikirlərini bildirəndə bu iki istiqaməti daha çox önə çəkmişdir.
Tarixə nəzər yetirəndə aydın şəkildə görünür ki, bu strateji xəttin bünövrəsində Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi uzaqgörən xarici siyasət dayanır. Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunu formalaşdırarkən türk dövlətləri ilə əlaqələrin inkişafını ən mühüm istiqamət kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyev də xalqın böyük dəstəyi ilə hakimiyyətə gəldiyi ilk gündən türk dünyasının birliyinin güclənməsi, siyasi, iqtisadi və hərbi sahələrdə əməkdaşlığın dərinləşməsi, bu birliyin beynəlxalq səviyyədə nüfuzlu güc mərkəzinə çevrilməsi yönündə ardıcıl və məqsədyönlü siyasət həyata keçirmişdir.
Bu gün türk dünyasının birliyini, həmrəyliyini və qarşılıqlı əməkdaşlığını beynəlxalq səviyyədə təcəssüm etdirən əsas qurum Türk Dövlətləri Təşkilatıdır. Bu təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanan Naxçıvan Sazişinə əsasən yaradılmış və 2012-ci ilin noyabrından fəaliyyətə başlamışdır. 2021-ci ilin noyabr ayında İstanbulda keçirilən və təşkilatın gələcək inkişafında mühüm əhəmiyyət kəsb edən Zirvə görüşündə qurumun adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirilmişdir. Yeri gəlmişkən, xatırladaq ki, İstanbul Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Türk Dünyasının Ali Ordeni" ilə təltif edilmişdir.
Azərbaycanın təşkilata sədrliyi dövrü həm İkinci Qarabağ müharibəsinin davam etdiyi illərə, həm də bütün dünyanı sarsıdan pandemiyaya təsadüf etsə də, bu müddət ərzində ölkəmiz sədrlik missiyasını uğurla yerinə yetirmişdir.
Bu gün, türk dünyası, o cümlədən TDT ilə bağlı baş verən hadisələr Prezident İlham Əliyevin nə dərəcədə haqlı olduğunu bir daha dünyaya göstərdi. Təşkilatın Qəbələ Zirvəsi ərəfəsində türk dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı etdiyi paylaşımda İlham Əliyevin "Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir" fikrini ifadə etməsi çox böyük əhəmiyyətli anlama malikdir. Prezident İlham Əliyev paylaşımında bəyannamənin imzalandığı tarixi anı olduqca maraqlı məzmunda ifadə edərək yazmışdır: "3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür. Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur. Bu əlamətdar gün münasibətilə türk dünyasını səmimi-qəlbdən təbrik edirəm. Türk dünyası bizim ailəmizdir!"
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"