19 Mart 2023 03:01
707
SİYASƏT
A- A+

Türk Dövlətləri Təşkilatı vahid güc mərkəzinə çevrilir

 

Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ankara Zirvə görüşü uğurlu əməkdaşlığa mühüm töhfə verdi

 

Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, görüşün Şuşada keçirilməsi nəzərdə tutulsa da, Prezident İlham Əliyevin təşəbbüsü ilə qardaş ölkənin paytaxtında baş tutub. 
Görüşdə çıxış edən Prezident İlham Əliyev zəlzələ faciəsi ilə əlaqədar başsağlığı verərək qeyd edib ki, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olub və bundan sonra da belə olacaq.
Həmçinin sammitin açılışında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan  Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. 
Xüsusi vurğulayaq ki, bu görüş Azərbaycan Türkiyə müttəfiqliyinin, bütövlükdə türk dünyasının inkişafında mühüm əhəmiyyət kəsb edir. 

 

TDT Azərbaycanın yaxından iştirakı ilə özünün təsirli yerini və rolunu təyin edən instituta çevrilir

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qəzetimizə açıqlamasında bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) Ankarada keçirilən Zirvə toplantısı həm üzv, həm müşahidəçi statusunda olan ölkələrin  öz aralarında əməkdaşlığı uğurlu şəkildə inkişaf etdirmələrini, mövqelərini uzlaşdıra bilmələrini təsdiqlədi. Deputat xatırladıb ki, Ankara sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutub. Bu həm bütövlükdə Azərbaycan dövlətinin və Prezidentinin TDT-nin gələcəyinə, həm də qardaş Türkiyəyə nə dərəcədə səmimi yanaşmanın göstəricisidir. Çünki əsas müzakirə mövzusu Türkiyədə fevralda baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması idi. "Bu da bir daha göstərir ki, Azərbaycan qardaş Türkiyənin hər zaman yanında olmaqla yanaşı, həm də gücləri bu istiqamətdə səfərbər etmək iradəsinə malikdir. Bu, Azərbaycan və Türkiyə arasında münasibətlərin xarakterini bir daha nümayiş etdirən çox vacib tarixi hadisədir. TDT Azərbaycanın yaxından iştirakı ilə müasir beynəlxalq münasibətlər sistemində  getdikcə daha dinamik şəkildə özünün təsirli yerini və rolunu təyin edən bir instituta çevrilir. Ankara Zirvə görüşündən sonra təşkilatın fəaliyyətinin yeni keyfiyyət mərhələsini müşahidə edəcəyik", - deyə E.Mirbəşiroğlu qeyd edib.
Görüşün yekununda qəbul edilmiş bəyanatdan söz açan deputat bildirib ki, sənəddə yer alan  mühüm məqamlar təşkilata üzv olan ölkələr arasında gələcək əməkdaşlığın yeni istiqamətini konkret şəkildə ifadə edir. Belə ki, mülki müdafiə mexanizmlərinin formalaşdırılması haqqında yekdil qərara gəlindi. Hesab edirəm ki, bu, mühüm qərardır, artıq proqnozlaşdırmaq olar ki, TDT-ni digər təşkilatlardan fərqləndirəcək ən mühüm əlamətlərindən biri də məhz bu təşkilat çərçivəsində unikal mülki müdafiə mexanizminin mövcud olmasıdır. 
Prezident İlham Əliyevin görüşdə çıxışının çox əhəmiyyətli olduğunu qeyd edən deputat bildirib ki, dovlət başçımızın mesajları aydın və dəqiq idi: "Hesab edirəm ki, səsləndirilən bütün fikirlər gələcək birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından çox vacibdir. Həmçinin diqqət mərkəzində saxlanılacaq məsələlərin nələrdən ibarət olduğu da bu görüşlər zamanı aydın təqdim edildi".

 

Türk dünyasının potensialını vahid səy istiqamətində ilk dəfə Prezident İlham Əliyev birləşdirib

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü yeni geosiyasi konfiqurasiyada türk dünyasının rolunun daha da artırılması istiqamətində mühüm mərhələ, eyni zamanda Azərbaycanın türk dünyasında aparıcı mövqeyinin daha da güclənməsinin ifadəsi kimi qiymətləndirilməlidir.
Deputat qeyd edib ki, türk dövlətlərinin səylərini vahid istiqamətdə ilk dəfə məhz Prezident İlham Əliyev birləşdirib. Pandemiya ilə mübarizədə bu birlik formulu çox səmərəli mexanizmə çevrildi. Təşkilat yaranarkən qarşıya qoyulan, habelə yeni geosiyasi reallıq fonunda transformasiya olunan hədəflər aydın və kifayət qədər sağlamdır. İlk növbədə ona görə ki, bizim əməkdaşlığımız yalnız mənəvi əsaslara söykənmir - ortada cənab İlham Əliyev tərəfindən formalaşdırılan və dövlətlərin suveren milli maraqlarının təmin olduğu reallıq var. Zirvə görüşündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da ifadə etdiyi kimi, Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi "Cənub qaz dəhlizi" sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar. 
B.Məhərrəmov bildirib ki, Türkiyə liderinin də aydın formada ifadə etdiyi kimi, həqiqətən də, TDT-nin uzunmüddətli perspektivləri məhz Azərbaycan Prezidentinin böyük uzaqgörənliklə, bütün çətinlik və müqavimətlərə baxmayaraq yarada bildiyi transmilli enerji infrastrukturu ilə birbaşa bağlıdır: "Azərbaycanın bu gün sürətlə reallaşdırmaq üzrə olduğu Zəngəzur dəhlizi isə türk dünyası üçün ikinci nəfəs olacaq və Türk Dövlətləri Təşkilatının hər bir üzvü, o cümlədən müşahidəçi üzvlər bunu çox gözəl anlayır və layihənin tam realizəsi üçün maraqlı tərəf kimi çıxış etməyə başlayıblar. Biz faktiki olaraq Azərbaycan üçün prinsipial milli maraqların digər dövlətlər üçün də milli maraq səviyyəsinə yüksəldilməsinə şahidlik edirik və bu da öz növbəsində Prezident İlham Əliyevin uğurlu siyasi kombinasiyası hesab edilməlidir. Bu çərçivədə Ankara Zirvəsinin əsas özəlliklərindən biri də ilk dəfə olaraq Qərbi Azərbaycana qayıdışa  türk dünyasının məsələsi kimi yanaşılması qeyd edilməlidir".
 Deputat qeyd edib ki, Ankara Zirvəsi ilk baxışda fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyəti nəzərdə tutsa da, qəbul olunan Ankara Bəyannaməsi, əslində, sonrakı dövrdə təşkilatın fəaliyyəti və bölgənin təhlükəsizliyinin təmini üçün konseptual prinsipləri əhatələyir. Təbii ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün Türk Dövlətləri Təşkilatının milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəlməsi bu sahədə əhəmiyyətli təhlükəsizlik mühiti formalaşdırır. Lakin daha mühümü məhz Ankara Zirvəsində təşkilat artıq qlobal miqyasda proseslərə reaksiya bildirməklə ciddi beynəlxalq subyekt kimi özünü təsdiqləmək istiqamətində mühüm mərhələyə yetişdi. Ankara Bəyannaməsində dövlətlər irqçi, ksenofob və islamofob təxribat və hücumlara yol aça biləcək hadisələri, müqəddəs kitabımız "Qurani-Kərim"ə qarşı son vaxtlar nifrət zəminində törədilən cinayətləri kəskin şəkildə qınamaqla, habelə Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilən ölümcül silahlı hücumu pisləməklə Türk Dövlətləri Təşkilatı bir güc kimi mühüm siyasi mövqe ortaya qoydu.
"Ankara görüşü, həmçinin təşkilatın özünün gələcək fəaliyyət perspektivləri, xüsusən 2023-cü ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək TDT-nin 10-cu Zirvə görüşünə hazırlıq işlərini  müzakirə etmək üçün ideal müstəvi oldu. Nəzərə alaq ki, TDT-nin sıralarının genişlənməsi ehtimalları reallaşmaqdadır və cənab Qurbanqulu Berdiməhəmmədov növbəti Zirvə görüşündə Türkmənistanın müşahidəçilikdən üzvlüyə keçmək marağını ifadə edib", - deyə o, əlavə edib.
Bütün bunlar Azərbaycan üçün ikiqat əhəmiyyətlidir. Çünki güclənən məhz türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə isə Azərbaycan mərkəzi rol alıb və proseslərdə təşəbbüskar şəxsən Prezident İlham Əliyevdir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video