Kibritin mövcudluğundan əvvəl də ciblərdə kiçik qutulara rast gəlinirdi. Bu qutuların içərisində isə polad parçası, kiçik daş və süngər olurdu. Poladla daşın qığılcığımı süngəri alovlandırırdı. Yanan süngər də həmin zamanın alışqan funksiyasını daşıyırdı. İlk kükürdlü çubuqlardan Çində eramızdan əvvəl 577-ci ildə istifadə edilib. Qədim romalılara da bu çubuqlar məlum idi. Lakin həmin çubuqların sürtülərək yandırıla biləcəyi XIX əsrə qədər məlum olmayıb.
Bu üsulların əvəzinə əsl kibritdən istifadə 1826-cı ildə ingiltərəli kimyaçı Con Volkerin icadı ilə edilib. O, bunu təsadüf nəticəsində tapıb. Volker tüfənglər üçün fitillər hazırlayırdı. Bir dəfə çubuqla kimyəvi maddələri qarışdıran zaman çubuğun ucunda qurumuş qat əmələ gəlmişdi. Bu hissəni çubuqdan qoparmaq üçün yerə sürtən zaman alovlanmışdı. O bu kəşfini görəndə müxtəlif təcrübələr apararaq kibrit hazırlamağa başladı. Lakin ixtirasını patentləşdirməmiş, eləcə də heç bir gəlir əldə etməmişdi.
Bu ixtiranı oğurlayan Samuel Cons adlı sahibkar isə ideyanı patentləşdirib, kibritləri istehsal edərək varlanıb. Lakin hazır yanan çöplərdən olduqca kəskin iy gəlirdi. Kibritə daha çox tələb əsasən siqaret çəkənlər tərəfindən idi. Hətta qutuların üzərində “Siqaret yandıran kibrit sağlamlığa zərərlidir” yazısı da qeyd olunurdu.
1830-cu ildə fransız C.Sauria kibritin kimyəvi qarışığına “ağ fosfor” maddəsini əlavə edərək asan alışan və qoxusuz bir kibrit hazırlayıb. İngiltərə fabriklərində belə kibritlərin istehsalı üçün qadın və uşaq əməyindən istifadə edilirdi. Həmin vaxt ağ fosfor isə işçi uşaqlarda sümük xəstəliklərinin yaranmasına səbəb olurdu. Bundan əlavə, işçilər gündə 14 saat işləməyə məcbur edilirdilər. Aldıqları məvacibin isə olduqca aşağı olmasına baxmayaraq, üstəlik hər hansı səhvə yol verdikdə maaşlarından da cərimələnirdilər. Ağ fosforun zəhərli olması, həmçinin bir qızın işdən səbəbsiz çıxarılması gərginliyi daha da artırmışdı. Baş verənlərə etiraz olaraq kibrit fabrikini hədəf alan “Londonda ağ köləlik” başlıqlı məqalə də dərc edilmişdi. İşçilərin tətil elan etməsi ilə şərtlər yumşaldılmış, ağ fosforun istifadəsinə bir çox ölkədə qadağa qoyulmuşdu.
Fosforun qırmızı növündən istifadə edərək kibrit hazırlayan şəxs 1855-ci ildə isveçli E.Lundstrom olub. Qırmızı fosfor ağa nisbətən təhlükəsiz və daha gec alışan maddədir. Buna baxmayaraq, qiyməti baha olduğundan əksər fabriklər ağ fosfordan istifadəyə üstünlük verirdi. Günümüzdə hazırlanan kibritlərə ən yaxın nümunə də məhz qırmızı fosfordan olanlardır.
Hazırda kibrit istehsalında müxtəlif material və üsullardan istifadə edilir. Kibrit çöplərində əsas 3 material - taxta, karton və mum olur. Həmçinin onlar alovlanma üsuluna görə də xüsusi və hər hansı səthə sürtdükdə alışan növlərə bölünür.
Məişət kibritlərdən əlavə küləkdə, yağışda yanan, daha çox alovlu, alovu rəngli, uzun və qalın olan formalar da istehsalatda mövcuddur. Özəl kolleksiyalarda isə məhdud dekorativ kibritləri görmək mümkündür. O da qeyd edilməlidir ki, kibritlərdən təkcə alışqan kimi yox, eyni zamanda bir sıra hesablama və məntiq oyunlarında da istifadə olunur.