Bakı çox gözəlləşib. Məşhur bir mahnıda deyildiyi kimi, əsl "...gözəl şəhər, mehriban diyar" olub. Ancaq gəlin görək biz bu gözəlliyin qədrini bilirikmi? Təəssüf ki, suala birmənalı müsbət cavab vermək çətindir. Çünki çox vaxt şəhərimizin gözəlliyini görməzdən onu "tapdalayırıq". Belə olmasaydı gündən-günə dəyişən, abadlaşan paytaxtımızın prospekt və küçələrini, park və xiyabanlarını bilərəkdən, ya biməyərəkdən... zibilləməzdik.
"Hər gözəlin bir eybi olar" deyiblər. Lakin adıçəkilən bu eyib Bakının deyil, özümüzündür. Hərə öz yaşadığı küçənin, məhəllənin təmizliyinə fikir versə, əlinə gələni yerə deyil, zibil qutusuna, məişət tullantılarını balkonundan aşağı yox, qoyulmuş xüsusi konteynerlərə atsa, vallah, şəhərimiz gül kimi, tərtəmiz olar.
Bəs görəsən niyə əksini edirik? Yoxsa Allah belə yaradıb bizi? Təbii ki, yox. Sadəcə vərdiş etmişik, böyük Üzeyir bəyin Məşədi İbadı demişkən, bir növ adətkarda olmuşuq, fərqinə varmamışıq ki, bu adətkarlıq həm xəstəliklərin artmasına, ekoloji tarazlığın pozulmasına səbəb olur, həm də şəhərimizin qonaqlarında xalqımız və onun sanitar mədəniyyəti haqqında mənfi rəy formalaşdırır.
Bəli, nə qədər çətin olsa da, etiraf edək ki, bir çoxumuzun sanitar mədəniyyəti aşağı səviyyədədir. Görünür, belələrinin sanitar mədəniyyəti evinin kandarından o yana keçmir. Halbuki danışanda təmizlikdən, səliqə-sahmandan "dəm vururuq", torpağı, vətəni sevdiyimizdən ağızdolusu söz açırıq. Çox da uzaqda olmayan sovet dövrünü yada salaq. O zamanlar Bakının (eləcə də başqa şəhərlərin) küçələrində, parklarında zibilə rast gəlmək olmazdı. Obaşdan - bakılılar yuxudan oyanmamış küçələr yuyular, parklar təmizlənər, ağaclar sulanardı, təkcə çiçəklərdən, güllərdən deyil, görülən işlərdən gül qoxusu gələrdi.
Bəs indi? Etiraf edək ki, indi də paytaxtın mərkəzi küçələri təmiz və səliqəlidir, hətta o dərəcədə ki adamın ayaq basmağa heyfi gəlir. Amma mərkəzdən uzaqlaşan kimi həmin mənzərədən əsər-əlamət qalmır.
Təmizlik, abadlıq işində bəzən insanlar bələdiyyələrdən umurlar. Tələb edirlər ki, az qala evlərinin içinə qədər "ayaq açmış" zibili bələdiyyə təmizləsin. Doğrudur, "Bələdiyyələrin statusu haqqında" qanunda yerli ekoloji proqramlar nəzərdə tutulub. Qanunun 6-cı maddəsində deyilir: "Yerli ekoloji proqramlarda məqsəd dövlətin həyata keçirdiyi ekoloji proqramlarda nəzərdə tutulmayan və ya onlara əlavə olaraq yerli əhəmiyyətli ekoloji təmizlik məsələlərinin həllinə yerli əhalinin hamılıqla cəlb edilməsidir. Həmin proqramlara yerli şəraitdə mövcud olan ekoloji tarazlığın qorunub saxlanılması, bələdiyyə ərazisinin yaşıllaşdırılması və abadlaşdırılması, məişət tullantılarının toplanması və emalı, suyun, havanın, torpağın hər cür çirklənmədən qorunması, qonşu bələdiyyələrlə birgə ekoloji tədbirlərin həyata keçirilməsi və yerli əhəmiyyətli digər tədbirlər daxil edilə bilər".
Təbii ki, bələdiyyələr (o da hamısı yox) bu maddənin tələbləri çərçivəsində nə isə etməyə çalışırlar. Ancaq bu, azdır. Abadlıq və təmizlik kimi məsələdə sakinlər yaxalarını kənara çəkməməlidirlər. Ən azından hər kəs mövcud olanı qorusa, küçəni zibilləməsə, həyət evidirsə, qapısının kandarında, mənzildirsə, balkonunda gül-çiçək əksə, təsəvvür edin, ətrafımız necə görünər. Yetər ki, hər kəs adi vətəndaşlıq, insanlıq naminə bu işə evinin içi, süfrəsinin üstü kimi can yandırsın.
Reallıqsa budur ki, nə qədər "canım Bakı, gözüm Bakı" desək də, hamımız şəhərimizi canımız və gözümüz kimi sevmirik. Sevsəydik, bu məqalə yazılmazdı ki... İndi nə edək - əldə qılınc hər kəsin başının üstündə durub deyək ki, ay filankəs, zibili qutuya at, ay yoldaş, küçəni zibilləmə, ay adam, park dincəlmək, gəzmək, istirahət etmək üçündür, zibilxana deyil?!
İsti yay günləri yaxınlaşır. Deməli, yaxınlaşan həm də yaratdığımız problemin həllinin aktuallığının artmasıdır. Odur ki, gəlin şəhərimizi, özümüzü və gələcəyimiz olan uşaqları fikirləşək. Unutmayaq ki, təmizlik, abadlıq, səliqə-sahman təkcə gözoxşayan, ürəkaçan, fikir formalaşdıran mənzərə yox, həm də sağlamlıqdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"