2026-cı il mart ayının sonu və aprel ayının əvvəlində Azərbaycan iqtisadiyyatında baş verən hadisələr ölkənin beynəlxalq iqtisadi əməkdaşlıqda artan rolunu və strateji istiqamətlər üzrə fəallığını nümayiş etdirib. Xüsusilə enerji, nəqliyyat, tranzit və yüksək texnologiyalar sahəsində müşahidə olunan inkişaf meyilləri iqtisadiyyatın şaxələndirilməsi və qlobal inteqrasiya proseslərinin gücləndirilməsi baxımından ötən həftə əhəmiyyətli olub.
Azərbaycanın beynəlxalq enerji platformalarında iştirakı, xüsusən də 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi (EGYPS 2026) çərçivəsində əldə olunan razılaşmalar enerji sektorunda əməkdaşlığın genişlənməsinə imkan yaradıb. Bu kontekstdə martın 30-da Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əl-Sisinin himayəsi ilə Qahirədə EGYPS 2026 işə başlayıb. Aprelin 1-dək davam edən tədbirdə Azərbaycan SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Qeyd edək ki, konfrans enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və innovativ texnologiyaların tətbiqi mövzularında keçirilib. Tədbirdə 500-dən çox enerji şirkəti, həmçinin 350-dən çox spiker iştirak edib. Sərgi çərçivəsində 13 ölkənin milli pavilyonu təqdim olunub, çoxtərəfli əməkdaşlıq və investisiya imkanları müzakirə olunub. Müzakirələr fonunda SOCAR və Misirin Dövlət Neft Korporasiyası arasında çərçivə sazişi imzalanıb, bu isə tərəflər arasında enerji sahəsində əməkdaşlığın genişlənməsinə zəmin yaradıb.
Məlumdur ki, Azərbaycan beynəlxalq enerji əməkdaşlığında önəmli addımlar ataraq, strateji tərəfdaşlarla münasibətlərin gücləndirilməsi və enerji sektorunda yeni investisiya imkanlarının yaradılması istiqamətində uğurlar əldə edir. Bu baxımdan, Qahirədə imzalanan saziş neft və qaz məhsullarının Misir bazarına çıxışını asanlaşdıracaq və investisiya imkanlarını genişləndirəcək. Azərbaycan ilə Misir arasındakı enerji əməkdaşlığının daha çox dərinləşdirilməsi bu saziş vasitəsilə təmin olunacaq.
Enerji sahəsindəki uğurlarla yanaşı, SOCAR beynəlxalq ticarət və ixrac fəaliyyətlərində də əhəmiyyətli nəticələr əldə edir. Bu mənada SOCAR Türkiyə şirkətləri ixrac sahəsində mövqeyini gücləndirməkdədir. Ötən həftə İstanbulda keçirilən "2025 İxracatın Ulduzları" mükafatlandırma mərasimində SOCAR Türkiyə şirkətlər qrupundan "STAR Rafineri" 1-ci, "SOCAR Petrol Ticarət" isə 2-ci yerə layiq görülüb. Bu mükafat şirkətin mineral yanacaqlar kateqoriyasında yüksək ixrac nailiyyətlərini və beynəlxalq bazarlarda rəqabət qabiliyyətini təsdiqləyir.
***
Keçən həftə Azərbaycan beynəlxalq nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində də fəaliyyətini nümayiş etdirib. Aprelin 1-də Parisdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun 12-ci Nəqliyyat Statistikası Görüşündə Bakı şəhərinin "Rəqəmsal əkiz" layihəsi təqdim olunub. Tədbirdə məlumatların toplanması, inteqrasiyası və süni intellekt texnologiyalarının nəqliyyat sistemlərinin dayanıqlılığı, eləcə də optimallaşdırılmasında tətbiqi müzakirə edilib. Azərbaycan bu forumda həm də beynəlxalq əməkdaşlığı gücləndirərək dayanıqlı və gələcəyə yönələn nəqliyyat siyasətinin təşviqinə töhfə verib.
***
Qeyd edək ki, Azərbaycan üzərindən Ermənistana yük daşımaları xeyli müddətdir fasiləsiz həyata keçirilir və bu, regionda ticarət-logistika əlaqələrinin mühüm tərkib hissəsini təşkil edir. Ölkə ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana müntəzəm olaraq müxtəlif məhsullar, o cümlədən taxıl, gübrə və digər kənd təsərrüfatı məhsulları göndərilir. İndiyədək Azərbaycan vasitəsilə 23,5 min ton taxıl, 1000 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb ki, bu da regional ticarət əlaqələrinin dayanıqlı və etibarlı olmasını göstərir. Həmin kontekstdə ötən həftənin əvvəlində ölkə ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana 5 vaqondan ibarət, ümumi çəkisi 349 ton olan buğda göndərilib.
***
Sirr deyil ki, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi, nəqliyyat və texnoloji əməkdaşlığın dərinləşdirilməsi istiqamətində keçirilən görüşlər regional inteqrasiyanın güclənməsinə hər zaman təkan verib. Nəqliyyat və logistika sahəsində xüsusilə tranzit daşımaların artması və rəqəmsal həllərin tətbiqi Azərbaycanın Orta dəhlizdə strateji mövqeyini daha da möhkəmləndirib. Bu mənada aprelin 1-2-də TDT hökumət başçılarının Bakıda keçirilən ikinci görüşündə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın bir qədər də gücləndirilməsi, ticarət və enerji layihələrinin inkişafı, həmçinin regional nəqliyyat və logistik imkanların genişləndirilməsi məsələləri müzakirə olunub. Görüş çərçivəsində qarşılıqlı etimadın artırılması və birgə investisiya təşəbbüslərinin gücləndirilməsi məqsədilə bir sıra qərarlar qəbul edilib.
Beləliklə, ötən həftənin hadisələri göstərdi ki, Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar həm beynəlxalq əməkdaşlıq, həm də daxili inkişaf təşəbbüsləri sayəsində ölkənin dayanıqlılığını və rəqabət qabiliyyətini xeyli gücləndirib. Bu uğurlar gələcəyə yönələn strateji addımların və davamlı iqtisadi siyasətin təsirini nümayiş etdirir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"