07 Fevral 2026 09:40
883
SİYASƏT
A- A+
Tarixin hökmü, hüququn təntənəsi

Tarixin hökmü, hüququn təntənəsi


Postmünaqişə dövründə əsas məsələlərdən biri də törədilmiş cinayətlərə hüquqi qiymətin verilməsidir. Davamlı sülhün və regional sabitliyin təmin olunması yalnız hərbi qarşıdurmanın başa çatması ilə məhdudlaşmır. Eyni zamanda ədalətin bərqərar olunmasını, beynəlxalq hüquq normalarına uyğun məsuliyyət mexanizmlərinin tətbiqini zəruri edir. Bu baxımdan, müharibə cinayətlərinə münasibət dövlətin hüquqi iradəsinin və prinsipial mövqeyinin mühüm göstəricisidir.

Münaqişələrə son qoyulur, müharibələr başa çatır, ancaq xalqlara qarşı törədilmiş insanlıq əleyhinə ağır cinayətlər nə yaddan çıxır, nə də tarixdən silinir. Müharibə cinayətləri törətmiş şəxslər bəzən uzun müddət məsuliyyətdən yayınsalar da, sonunda ədalət öz yerini tapır.

Azərbaycanın əraziləri 1980-ci illərin sonlarından Ermənistan tərəfindən münaqişə ocağına çevrildi. 1990-cı illərdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarımız işğal edildi. Azərbaycan xalqına qarşı erməni faşistləri tükürpərdici faciələr, qətliamlar, soyqırımları törətdilər. 1994-cü ildə imzalanan atəşkəs sazişindən sonra da Ermənistanın Azərbaycana qarşı təxribat, terror əməlləri bitmədi. 2020-ci ildə İkinci Qarabağ müharibəsində və 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatında qələbələri ilə Müzəffər Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzur ərazilərimizi düşməndən həmişəlik xilas etdi. 

Azərbaycan dövləti müharibədən sonrakı dövrdə ərazilərinin işğalı, müharibə cinayətləri, soyqırımı və digər ağır cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması istiqamətində ardıcıl və prinsipial addımlar atdı. Rəsmi Bakı xarici təsir və əsassız təzyiqlərə baxmayaraq, öz mövqeyindən geri çəkilmədi. Bu proses dövlətimiz tərəfindən beynəlxalq hüquq normaları və milli qanunvericilik əsasında həyata keçirildi.

Dövlətimizin başçısı İlham Əliyev ötən il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda çıxışında bildirdi: "Ermənistan isə düzgün nəticə çıxara bilməmişdir və İkinci Qarabağ müharibəsi ərəfəsində daha da azğınlaşmışdı, bizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməyə başlamışdı. Onlar bizi yeni müharibə ilə hədələyirdilər. Hətta deyirdilər ki, onlar yeni torpaqlar uğrunda yeni müharibə aparacaqlar və Azərbaycanı tam işğal edəcəklər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Deyirdilər ki, onlar Bakıda çay içəcəklər. Əslində, onların bu arzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbi cinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər".

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri barəsində 2025-ci il yanvarın 17-də başlamış məhkəmə prosesi bir ildən çox davam etdi. Təqsirləndirilən şəxslərin azərbaycanlılara qarşı törətdikləri ağır cinayətlər dəfələrlə araşdırıldı, minlərlə şahid ifadə verdi.

Məhkəmə prosesində beynəlxalq hüququn əsas prinsipləri tətbiq olundu. İttiham olunan şəxslərin törətdikləri cinayətlər çoxsaylı sübutlarla təsdiqləndi, şahid ifadələri və arxiv sənədləri hər detalı dəqiqliklə araşdırıldı, istintaqın tam obyektiv şəkildə aparılması təmin edildi.

Məhkəmə prosesinin ən önəmli məqamlarından biri təqsirləndirilənlərin öz etirafları oldu. Onlar açıq şəkildə etiraf etdilər ki, Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycanın mülki şəxsləri təsadüfi hədəf olmayıblar. Yaşayış məntəqələrinə atəş açmaq qorxu yaratmaq və terror məqsədi daşıyıb. Hər bir hərbi əməliyyat mərkəzləşdirilmiş göstərişlə həyata keçirilib.

Ötən il martın 3-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesinin baxış iclasında təqsirləndirilən şəxslər Lyova Mnaksakanyan, Arayik Harutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst ifadə verdilər.

Təqsirləndirilən şəxs Arayik Harutyunyan 2020-ci ilin yayında və iyunun sonunda "Qarabağ ordusu"nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda verildiyini etiraf etdi: A.Harutyunyanın etiraflarından biri də bu oldu ki, "Qarabağ Müdafiə Ordusu"nun "komandanı" Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi.

Martın 17-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan da etiraf etdi ki, qondarma rejimin "ordusu"nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. O deyib ki, polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib. "Mən isə "ordu"nun "komandiri" kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələri təyin edə, mayora qədər rütbə verə bilərdim".

Təqsirləndirilən şəxs əlavə edib ki, qondarma rejimin "ordusu"nun maliyyə məsələləri Ermənistanın Müdafiə Nazirliyi tərəfindən, silah-sursat isə tam olaraq Ermənistan silahlı qüvvələri tərəfindən təmin olunurdu. O, daha sonra bildirib: "Bizdə təchizat xidməti var idi. Təchizat xidməti qəbul edirdi, sonra hər bölməyə təqdim olunurdu. Yəni silah-sursat təminatı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi".

 Ötən il aprelin 18-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini etiraf etdi. O, dindirilərkən 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləmişdi: "Bizi oraya dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

Madat Babayan bildirdi ki, Xocalıda bütün əmrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyan verirdi: "Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər". O, Xocalıya silahlarla gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirakını etiraf edib və deyib: "Səhv etmişik". Madat Babayan Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbçiləri tərəfindən maşınlara yığılaraq aparıldığını bildirdi.

Nəhayət, 2026-cı il fevralın 5-i cinayətkarlar barəsində yekun məhkəmə qərarı (hökm) elan olundu. 

Bakı Hərbi Cinayətlər Məhkəməsində çıxarılan qərarlar tarixi ədalətin bərpası kimi qiymətləndirilməlidir. Hökm həm də Azərbaycanın hüquqi və siyasi iradəsinin göstəricisi oldu. Bu qərarlar beynəlxalq aləmə bir daha bəyan etdi ki, Azərbaycanın mövqeyi dəyişməzdir.

Məhkəmənin verdiyi hökmlər, çıxardığı qərarlar xalqımızın yaralarını tam sağaltmasa da, tarixin unudulmadığını göstərir. Ağır cinayətlər cəzasız qalmayacaq və hüquqi normalar qorunacaq. Bakı Hərbi Cinayətlər Məhkəməsində çıxarılan qərarlar yalnız hüquqi deyil, həm də tarixi əhəmiyyət daşıyan hadisə kimi yadda qalacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

Nazir: TAP istismara veriləndən Azərbaycan Yunanıstana 5,6 milyard kubmetr qaz ixrac edib  

18:01
03 Aprel

Mina təhlükəsinə qarşı birgə fəaliyyət, maarifləndirmə və beynəlxalq çağırışlar  

17:58
03 Aprel

Əli Nağıyev: DTX Azərbaycana qarşı təhlükələrin vaxtında aşkarlanması və qabaqlanması istiqamətində səmərəli fəaliyyət göstərir  

17:47
03 Aprel

DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə tədbir keçirilib 

17:36
03 Aprel

Zelenski və Roma Papası “Pasxa eskalasiyası” haqqında

17:31
03 Aprel

Küveytdə elektrik enerjisi stansiyasına hücum olub

17:19
03 Aprel

Azərbaycan və Dünya Bankı arasında dövlət müəssisələrinin monitorinqi sahəsində əməkdaşlıq genişlənir  

17:09
03 Aprel

Azərbaycan və Efiopiya arasında investisiya əməkdaşlığı genişlənir  

16:58
03 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında  

16:52
03 Aprel

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

16:46
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!