1993-cü il oktyabrın 3-də Heydər Əliyev Azərbaycan Prezidenti seçilmişdir
Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müstəqil respublikamıza ilk dəfə Prezident seçilməsinin bu gün 30-cu ili tamam olur. 1993-cü ilin iyun ayında xalqın istək və arzusu ilə Naxçıvandan Bakıya gələn və Ali Sovetin Sədri seçilən Heydər Əliyevin həmin ilin oktyabr ayının 3-də Azərbaycan Prezidenti seçilməsi ilə respublikamızın tarixində tamamilə yeni dövr başladı.
Ümumxalq etimadının təcəssümü
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə dövlətimiz və xalqımız bütün təhlükələrdən xilas oldu. Ulu Öndərin sayəsində müstəqilliyimiz qorunub saxlanıldı. Oktyabrın 3-də ümumxalq sevgisinin və etimadının növbəti möhtəşəm təcəssümü kimi Heydər Əliyevin ölkə Prezidenti seçilməsi isə dövlətçiliyimizin təməllərinin və müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın bir dövlət kimi inkişafında yeni mərhələnin başlanğıcı oldu.
Prezident seçkisində səsvermədə iştirak edən 3 milyon 966 min 327 seçicinin 3 milyon 919 min 923 nəfəri, yaxud 98,84 faizinin seçimi Heydər Əliyev oldu. Bu seçki həm də müstəqlliyini bərpa etmiş respublikamızda keçirilən ilk demokratik seçki və xalqın sərbəst siyasi iradəsinin şəffaf və parlaq təzahürü idi. Bu seçkidə xalqımız görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevə dərin etimadını nümayiş etdirdi. Artıq xalq gələcəyindən tam arxayın idi, çünki indi ölkənin Prezidenti müdrik dövlət xadimi Heydər Əliyev idi…
Ulu Öndər Heydər Əliyev 1993-cü il sentyabrın 29-da növbədənkənar prezident seçkiləri ərəfəsində öz proqramını belə bəyan etmişdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb, bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu yolla da gedəcəyik. Bu yol xalq yoludur".
1993-cü ildən sonra Azərbaycanda baş verən keyfiyyət dəyişiklikləri, tənəzzülə son qoyulması, bütün sahələrdə tərəqqiyə doğru dönüşün baş verməsi, siyasi böhranlara birdəfəlik son qoyulması Heydər Əliyevin dediyi sözlərin real həyatda öz təsdiqini tapmasından xəbər verirdi. Ulu Öndərin Azərbaycana rəhbərliyindən narahat olan antimilli qüvvələr həmin dövrdə də ölkəmizə qarşı çirkin planlarını işə salmışdılar. Lakin Heydər Əliyevin qətiyyəti və xalqın öz dahi rəhbərinə olan dərin etimadının qarşısında bütün xain planlar iflasa uğradı. Heydər Əliyev canı qədər sevdiyi Azərbaycanı qorudu, müstəqilliyimizin əbədi olmasını təmin etdi. Məhz Ulu Öndərin qətiyyəti, xalqın öz rəhbərinin ətrafında sıx səfərbər olmasının nəticəsində antiazərbaycançı şəbəkələrin planları iflasa uğradı.
Məhz Ulu Öndərin sayəsində Azərbaycanın yüksəlişinin ilk qədəmlərindən olan "Əsrin müqaviləsi" imzalandı, mütərəqqi hüquqi islahatlar, hüquqi dövlət quruculuğu həyata keçirildi, respublikamız beynəlxalq münasibətlər sisteminin tamhüquqlu üzvünə çevrildi.
Ulu Öndərin ən böyük arzusu çin oldu
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 10 il dövlətimizin tarixinə böyük uğurlarla həkk olunub. Heydər Əliyev Azərbaycanı inkişaf yoluna çıxardı, dünya birliyində etimad göstərilən, ehtiram olunan dövlətə çevirdi. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli siyasət yürütdü. Hələ 1994-cü ildə yenicə başlatdığı ordu quruculuğunun nəticəsi kimi uğurlu hərbi əməliyyatların keçirilməsinə nail olan Ulu Öndər sülh danışıqları prosesində də Azərbaycanın milli mənafelərini layiqli şəkildə təmin etdi.
Ötən 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib. Bu inkişafın hər bir göstəricisi ilk növbədə ondan xəbər verir ki, Heydər Əliyev yolu layiqincə davam etdirilir, Ulu Öndərin ideyaları həyata vəsiqə alır. Bu gün artıq Azərbaycan Heydər Əliyevin arzuladığı səviyyəyə yüksəlib, tarixinin ən qüdrətli dövrünü yaşayır.
Hələ 1993-cü il oktyabrın 10-da müstəqil Azərbaycanın Prezidenti kimi and içərkən Heydər Əliyev demişdi: "Mən bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, gənclərimiz və gələcək nəsillər onların qəhrəmanlıqlarından nümunə götürəcəklər. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaqdır".
Ulu Öndərin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi idi. 3 il əvvəl Prezident İlham Əliyev torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin bu arzusunu həyata keçirdi. Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin nəticəsi kimi Prezident İlham Əliyev ölkəmizi inkişaf etdirdi, ordumuzu gücləndirdi və nəticə etibarilə torpaqlarımız işğaldan azad edildi.
Artıq Azərbaycanın bütün ərazilərində milli suverenliyimiz tam təmin edilib. Bütün şəhidlərimizin qisası alınıb. Ona görə indi əbədiyaşar şəxsiyyət Heydər Əliyevin ruhu da şaddır.
Rəşad CƏFƏRLİ,
"Azərbaycan"