Hər bir xalqın həyatında tarixi əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək taleyini müəyyən edən çox böyük bir inkişafın başlanğıcının əsası qoyulur. Azərbaycan xalqının həyatında belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış və hər il böyük qürurla qeyd etdiyimiz 15 İyun - Milli Qurtuluş Günüdür.
Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i sözün əsl mənasında xalqımız üçün qurtuluş tarixidir. Bu əzəmətli tarixi yaradan isə Azərbaycan Respublikasının bir dövlət kimi formalaşmasında, müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində və inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa olan böyük şəxsiyyət Heydər Əliyevdir.
Yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilmiş və bu vəzifədə 1982-ci ilə kimi çalışmışdır. Həmin dövrün başlanğıcında ittifaq miqyasında aqrar-sənaye diyarı olan Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında aqrar-sənaye respublikasına çevrildi. Azərbaycana rəhbərlik etdiyi 14 il ərzində respublikamızda ən iri sənaye müəssisələri olan Bakı Kondinsonerlər, Soyuducular, yeni Neftayırma zavodları və bir çox maşınqayırma və digər sənaye obyektləri tikilib istifadəyə verildi. Bu müddət ərzində kənd təsərrüfatının maddi-texniki bazası möhkəmləndirildi, istehsalın sənaye əsasında inkişafı üçün çox sayda quşçuluq fabrikləri və heyvandarlıq kompleksləri yaradıldı.
Məhz Heydər Əliyevin təşəbbüsü və möhkəm iradəsi sayəsində hər il minlərlə azərbaycanlı gənc ittifaqın tanınmış ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil almağa başladılar. Həmin illər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində respublikamızda istehsalın bütün sahələrində yeni bir inkişaf dövrü başlandığı kimi, xalqımızın sosial həyatında da böyük dəyişikliyin əsasları qoyuldu. Belə ki, işıq, qaz, su, rabitə xətlərinin genişləndirilməsi, yol çəkilişi və digər infrastruktur obyektlərinin tikintisi böyük vüsət aldı, kənd və şəhərlərimizin siması kökündən dəyişdi, müasir tələblərə uyğun məktəblər, xəstəxanalar tikilib istifadəyə verildi, mədəniyyət sarayları, teatr binaları və digər sosial təyinatlı obyektlər fəaliyyətə başladı.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda qısa müddət ərzində əldə edilən bu heyrətamiz nailiyyətlər ittifaq rəhbərliyini Azərbaycanın görkəmli oğlunu SSRİ rəhbərliyində təmsil olunmağa vadar etdi və 1982-ci ildə Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olundu. O, bu vəzifədə də bacarıqlı təşkilatçı və yüksək rəhbərlik xüsusiyyətlərinə malik olduğunu nümayiş etdirdi. Həmin vəzifədə Heydər Əliyevə SSRİ kimi nəhəng bir ölkədə səhiyyənin, nəqliyyatın və digər sahələrin inkişaf etdirilməsi həvalə olundu. Heydər Əliyev öz əzmkarlığı, qətiyyətli qərarlar qəbul etmək bacarığı, işgüzarlığı, yüksək rəhbərlik və təşkilatçılıq qabiliyyəti sayəsində tapşırılan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyi bacardı. Heç də təsadüfi deyildir ki, dünyanın ən böyük maliyyə tutumu olan Baykal-Amur-Magistralının (BAM) tikilib başa çatdırılması Heydər Əliyevin adı ilə bağlıdır və bunu Rusiya Federasiyasının hazırkı rəhbərliyi də etiraf edir.
Heydər Əliyevin bütün bu uğurlu fəaliyyəti onu istəyənlərin sevincinə səbəb olsa da, keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun paxıllıq hissini daha da gücləndirdi. Yaranmış bu xoşagəlməz vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev 1987-ci ildə öz vəzifəsindən istefa verdi. Bundan bir neçə gün sonra SSRİ-də bir anti-Azərbaycan prosesi - ermənilərin çoxdan çalışdıqları məkrli separatizm siyasəti baş qaldırdı və keçmiş Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi məsələsi gündəliyə çıxarıldı. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Respublikamızda erməni separatizmi Moskvanın əli ilə genişləndirilərək Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi.
Amma Ulu Öndər bu çətin günlərdə də xalqının yanında oldu. Həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zaman hakimiyyətdə olan sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham edən bəyanatla Moskvada - Azərbaycan nümayəndəliyində çıxış etdi. Bu kəskin bəyanatdan sonra Ulu Öndər Moskvada yaşamağın mənasız olduğunu bilərək 1990-cı il iyulun 20-də Bakıya, iki gün sonra Naxçıvana qayıtdı.
Ümummilli Liderin böyük və mənalı ömrünün Naxçıvanda keçən 3 ili ərzində gördüyü işlər müstəqil dövlətimizin qurulmasına yönəlmiş strategiyanın tərkib hissəsi idi. Ulu Öndərin 1990-1993-cü illərdə Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyəti həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması sayəsində sosial-iqtisadi inkişafa nail olunması ilə nəticələnmiş, həm də muxtar respublikanı işğal təhlükəsindən qorumuşdur. 1990-cı ilin noyabr ayında Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında qəbul olunan tarixi qərarlar müstəqil Azərbaycan dövlətinin yaradılmasının əsasını qoymuşdur. Hələ Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə üçrəngli Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet Sosialist" sözlərinin çıxarılması böyük cəsarət tələb edirdi.
Heydər Əliyevin bu qətiyyəti 1991-ci il oktyabrın 18-də bütövlükdə Azərbaycanın öz müstəqilliyini elan etməsinə şərait yaratmışdır. Bu tarixi hadisə isə nəinki Azərbaycanın, həm də Sovetlər Birliyinin digər müttəfiq respublikalarının da müstəqillik qazanmasına yol açmışdır.
Bununla yanaşı, həmin dövrdə öz müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasına liderlik xüsusiyyətlərinə malik olmayan şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmış, daxildə hakimiyyət uğrunda mübarizəni qızışdırmışdı. Ermənistan ordusu isə havadarlarının köməyi ilə keçmiş Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Bunlar azmış kimi, belə bir vaxtda Azərbaycanın Prezidenti və Ali Sovetin Sədri istefa verdiklərindən ölkədə hakimiyyət boşluğu yaranmışdı.
Həmin vaxt hakimiyyətdə olan və Heydər Əliyevin Naxçıvanda əldə etdiyi uğurları gözü götürməyən Xalq Cəbhəsinin rəhbərləri 1992-ci il oktyabrın 24-də Naxçıvanda silahlı çevriliş edib Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd etsə də, buna nail ola bilmədilər. Çünki Heydər Əliyev naxçıvanlılara sözün əsl mənasında arxa olduğundan əhali də onu müdafiə etdi. Məhz bunun sayəsində çevrilişə cəhddən cəmi bir ay sonra -1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı yüksək səviyyədə təsis konfransı keçirildi və Heydər Əliyev YAP-ın Sədri seçildi.
Ölkədə isə vəziyyət gərgin olaraq qalırdı. Hətta o dərəcədə ki, gənc dövlət vətəndaş müharibəsi həddində idi. Belə çətin bir vadxtda xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının ali qanunverici orqanının Sədri seçildi. Heydər Əliyev parlament Sədri olduğu qısa zaman kəsiyində (15 iyun - 3 oktyabr 1993-cü il) Ali Sovetə əsl parlament mədəniyyəti gətirməklə bu ali hakimiyyət orqanının imicini bərpa etdi. Bundan sonra yenicə müstəqillik əldə edən Azərbaycan Respublikasının iqtisadiyyatının bazar münasibətləri əsasında formalaşmasını təmin etməyə yönələn qanun və qərarlar müzakirə edilərək qəbul olundu. Bunlardan başqa, Ümummilli Liderin təşəbbüsü ilə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildi, Ermənistan-Azərbaycan müharibəsi və digər vacib məsələlər müntəzəm olaraq parlamentdə müzakirə olunmağa başladı.
Heydər Əliyev 1993-cü il oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi və onun rəhbərliyi ilə tezliklə ölkədə dövlətçiliyin möhkəmləndirilməsi, ordu quruculuğu, siyasi sistemin təkmilləşməsi və digər istiqamətlər üzrə düşünülmüş və gələcək inkişafa hesablanan addımlar atıldı. Təbii ki, bütün bunlar elə də asan deyildi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən müəyyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin bu hərəkətlərin qarşısı Ulu Öndərin rəhbərliyi ilə vaxtında və yüksək peşəkarlıqla alındı və ölkədə hərtərəfli inkişafa zəmin yaradan daxili sabitlik təmin olundu.
Azərbaycanın gələcəyini neft strategiyasının hazırlanmasında və uğurla həyata keçirilməsində görən Heydər Əliyev 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı dünyanın tanınmış neft şirkətləri ilə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Bundan sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən çox mühüm və böyük əhəmiyyət kəsb edən addımlar idi.
Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində ölkəmizin bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 İyun tarixinin - Milli Qurtuluşun nailiyyətləridir. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addımı və əməlləri məhz buna yönəlmişdi. Ulu Öndər demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib". Heydər Əliyevin bu müdrik kəlamları onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər həm də müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır. Gəncliyində memar olmaq istəyən Heydər Əliyev möhtəşəm bir abidənin qurucusu olmuş, özünün şah əsəri olan müstəqil Azərbaycan dövlətini yaratmışdır.
Dahilərin böyüklüyü ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi. Ulu Öndərin prezident seçkiləri ilə əlaqədar 2003-cü il 1 oktyabr tarixində doğma xalqına ünvanladığı müraciəti vətənə ləyaqətlə xidmətin bariz nümunəsi idi. "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Ulu Öndərin bu tarixi müraciətindən indiyə kimi olan müddətdə Azərbaycanın həyatında baş verən hadisələr onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq beş dəfə Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu sübut etdi.
2024-ci il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyevin böyük səs çoxluğu ilə inamlı qələbəsi Ulu Öndərin varis seçiminin nə qədər düzgün olduğunu növbəti dəfə təsdiq etdi və Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə aparılan ictimai-siyasi, beynəlxalq, iqtisadi proseslərin məntiqi nəticəsi kimi qiymətləndirildi. Bu gün bünövrəsi Ulu Öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun aparıcı ölkəsinə çevrilib.
Ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin - müdafiə və kosmos sənayesinin formalaşması, dünyanın iri neft və qaz kəmərlərinin tikilib istifadəyə verilməsi, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması və onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə rəqabətqabiliyyətli məhsullar istehsalına başlaması iqtisadi inkişafmızın mühüm tərkib hissəsidir. Bu isə o deməkdir ki, Prezident İlham Əliyev dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş genişmiqyaslı tədbirlər görür.
Prezident İlham Əliyevin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun elmi-texnoloji əsaslarla innovativ inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısının tapşırığı ilə qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına xüsusi diqqət yetirilir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür.
Ümumiyyətlə, cənab İlham Əliyevin prezidentliyi dövründə istər daxili və istərsə də xarici siyasət sahəsində çoxsaylı uğurlar əldə edilmiş, bu qısa müddətdə ölkəmiz misli görünməmiş sürətli inkişaf yolu keçmişdir. Amma bu illər əldə etdiyimiz möhtəşəm uğurların zirvəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki Zəfərimiz dayanır. Bu Zəfər ilə Ulu Öndərin siyasi varisi İlham Əliyev ölkənin ərazi bütövlüyünü və suverenliyini təmin edən Prezident kimi Azərbaycan tarixində qızıl hərflərlə yeni bir səhifə açdı. Eyni zamanda qazandığımız bu möhtəşəm qələbə bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycan xalqı vətənini və xalqını sevən dövlət başçısının rəhbərliyi ilə öz ərazi bütövlüyünü təmin etməyə və onu dünyanın ən gözəl diyarına çevirməyə qadirdir.
Vətən müharibəsindəki Zəfərimiz həm də Azərbaycan xalqının yenilməz qürurunu özünə qaytardı, xalqımızın başını ucaldaraq başqa xalqlar arasında fəxrlə dayanmasına şərait yaratdı. 2023-cü ilin sentyabr ayında isə bir günlük antiterror əməliyyatı ilə Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən tamamilə təmizləndi. Bununla da respublikamızın ərazi bütövlüyü və suverenliyi əbədi olaraq bərpa edildi.
Hazırda ölkəmizin qarşısında duran ən mühüm missiya erməni işğalından azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərini gündən-günə sürətlə qloballaşan dünyanın ən müasir çağırışlarına uyğun olaraq yenidən qurmaq, bu ərazilərə Böyük qayıdışı qısa müddət ərzində təmin etməkdir. Şübhə etmirik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımız bu şərəfli vəzifənin də öhdəsindən tezliklə gələcək və bütöv Azərbaycan Respublikası bünövrəsi Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolunu bundan sonra da uğurla davam etdirəcəkdir.
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor