Demək olar ki, hər gün, hər saat işğal altında olan torpaqlarımızın azğın düşməndən mütləq azad olunacağına inanan, böyük ümid bəsləyən, ancaq bu günü görməyib dünyasını dəyişən insanları xatırlayıram. İlk növbədə Ulu Öndərimiz Heydər Əliyevin "Biz gözəl Şuşamıza, Ağdamımıza, Kəlbəcərimizə, Füzulimizə, doğma torpaqlarımıza qayıdacağıq" sözləri yada düşür.
Torpaqlarımızın erməni təcavüzkarlarından təmizləndiyini, separatçıların ayaqlarının yurd-yuvalarımızdan kəsildiyini, talanan, viran edilən şəhər və kəndlərimizin abadlaşdırıldığını, gülüstana çevrildiyini görməyib dünyasını dəyişənlərin nisgili, əlbəttə ki, hər birimizi ağrıdır, incidir.
Ulu Öndərimiz, xalqımız və Vətən, torpaq uğrunda canlarından keçənlər bu günümüzü - Zəfərimizi görməyi çox arzulayırdılar. Nəinki arzulayırdılar, o torpaqların azad olunması uğrunda hər an həyatlarını qurban verməyə hazır idilər və bu mübarizədə də canlarını fəda etdilər.
Torpaqları azad etmək Heydər Əliyevin ən müqəddəs amalı, arzusu, vəsiyyəti idi. Bu arzunu, vəsiyyəti Azərbaycan xalqı öz Prezidenti, Ali Baş Komandanı, cəsarətli oğlu, güclü rəhbəri İlham Əliyevin ətrafında sıx birləşməklə həqiqətə qovuşdurdu, tariximizə, mənəviyyatımıza heç vaxt unudulmayan, əsrlər boyu xatırlanacaq yeni bir qızıl səhifə - Zəfər səhifəsi yazdı.
Minlərlə şəhidlərimizin, öz ata-baba yurdlarından didərgin salınıb illərlə əzab-əziyyətlər içərisində yaşayıb torpaq həsrəti ilə dünyasını dəyişənlərin, soyqırımlarına, erməni vəhşiliklərinə məruz qalıb diri-diri torpağa basdırılanların, gözü çıxarılanların, başı kəsilənlərin, vətənimizin igid oğul və qızlarının ruhu bu gün Zəfərimizin nurunda işıqlanır, şad olur. Qazilərimiz, sağlamlığını itirənlərimiz, əlinə silah alıb torpaqların müdafiəsinə qalxan insanlarımız, qələbə sevincini bayram edən hər kəs qürurlanır.
Bu səfər böyük tarixi və keşməkeşli mübarizə yolu keçən Azərbaycan xalqının milli kimliyinin təntənəsidir, əzəmətinin, qətiyyətinin, birliyinin, əyilməzliyinin ifadəsidir.
Cənab İlham Əliyevin düşünülmüş, uzunmüddətli siyasi gedişlərinin, planlarının nəticəsi olan tarixi qələbəmiz xalqımızın, ordumuzun hansı gücə, inama, əqidəyə, mübarizəyə, əxlaqa, vətənpərvərliyə malik olduğunu dünyaya göstərdi, hansı amallar, əməllər uğrunda döyüşdüyümüzü bəşəriyyətə sübut etdi.
Zəfərimizə, suverenliyimizin tam bərpasına aparan 44 günlük müharibənin, 23 saatlıq antiterror tədbirlərinin hər anı, hər saatı hərb tariximizin qızıl səhifəsi, igidliyimizin nümayişi, zirvəsidir.
Başda ölkə rəhbərimiz olmaqla o günlərdə bütün Azərbaycan xalqı səfərbər idi. Ordu vuruşurdu, cəbhə möhkəm, əsgər və zabitlərimiz inamlı, mübariz idi. Çünki bu mübarizəyə uzun illər hazırlıq görülmüşdü. Azərbaycan Prezidentinin səyləri nəticəsində dayanıqlı və davamlı iqtisadiyyat yaradılmışdı, ordu quruculuğu möhkəmləndirilmiş, müasir silahlar alınmış, peşəkar hərbçilər hazırlanmış, mövqelər tam öyrənilmiş, yollar, istiqamətlər müəyyənləşdirilmiş, xalqda qələbəyə böyük inam oyadılmışdır.
Beynəlxalq aləmə, təşkilatlara, əksər xarici dövlətlərə də mühüm mesajlar verilmişdi, bəyanatlar səsləndirilmişdi, çıxışlar edilmişdi. Cənab İlham Əliyev ən möhtəbər tribunalardan müharibə yox, sülh tərəfdarı olduğunu bildirmişdi, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini ortaya qoymuşdu, ATƏT-in Minsk qrupunun fəaliyyətini, yarıtmaz mövqeyini, təcavüzkarlara havadarlıq edənlərin çirkin əməllərini xatırlatmışdı. Hər dəfə də torpaqlarımız sülh yolu ilə qaytarılmasa, hərbin, müharibənin qaçılmaz olduğunu qeyd etmişdi. Əlbəttə, bu, Azərbaycanın haqlı, ədalətli mübarizəsinin dünyaya, bəşəriyyətə çatdırılması fikirlərinin, düşüncələrinin formalaşdırılması idi. Müharibə günlərində Prezidentimizin, Ali Baş Komandanın bir çox xarici ölkə jurnalistinə verdiyi müsahibələrdə, ictimai-siyasi xadimlərlə, dövlət rəhbərləri ilə görüşlərdə, söhbətlərdə, danışıqlarda da bir fikir önə çəkilirdi: "Biz müharibə istəmirik, Ermənistan atəşkəsi pozmaqla bizi müharibəyə vadar etdi".
Əlbəttə, bu həqiqətdir. 27 Sentyabr 2020-ci ildə Ermənistan yenidən torpaqlarımızı işğal etmək məqsədilə ordumuza hücum etdi, kəndlərimizi atəşə tutdu və nəticədə tutarlı, öldürücü cavabını aldı.
O günlərin, anların aydın mənzərəsini - Prezidentimizin qətiyyətli, inam dolu çıxışlarını, kəskin cavablarını, cəsarətli hərəkətlərini, xalqımızın səfərbərliyini, ananın, atanın öz balasını müharibəyə gülə-gülə yola salmasını, şəhid olan qardaşının şücaətindən bacının qürur duymasını, öz təqaüdünü orduya göndərən qocanın təbəssümünü, valideynlərini itirən uşağın gözündəki nifrəti göz önünə gətirdikcə insan qat-qat qürurlanır, xalq daha da böyüyür, ölkə daha da yüksəlir.
Tarixi qələbəmiz - Zəfərimiz bizə yeni bir mətin, cəsarətli, mübariz, inkişaf edən, özünü dünyaya təsdiqləyən qalib Azərbaycan təqdim etmişdir. Sülh yolunu tutan, heç kimin torpaqlarında gözü olmayan, dostluğa, əməkdaşlığa, qonşuluğa önəm verən, düşmənçilikdən, ədalətsizlikdən uzaq olmağa çalışan Azərbaycanı zəif, qətiyyətsiz kimi qiymətləndirənlər onun döyüş meydanında, inkişaf yollarında, haqq-ədalət cəbhəsində cəsarətini, qəhrəmanlığını, yenilməzliyini görəndə geri çəkildilər, qorxdular, qaçdılar.
Əlbəttə, Ermənistan, ona havadarlıq edənlər Vətən müharibəsinə qədər Azərbaycanın nəyə qadir olduğunu yaxşı dərk etməmişdilər. Ağılları ötən əsrin 90-cı illərinin əvvəllərinə - hakimiyyətsizlik, özbaşınalıq vaxtlarına, ordumuzun, büdcəmizin zəif, yox olduğu dövrə getmişdi. Onlar Ulu Öndərin əsasını qoyduğu iqtisadiyyatın, ordunun cənab İlham Əliyev tərəfindən inkişaf etdirildiyini, möhləmləndirildiyini, xalqın inamının, mübarizliyinin yüksəldiyini hələ yaxşı anlamamışdılar.
Milli ruh, torpağa sədaqət, vətənə məhəbbət müharibə günlərinin hər anında özünü qabarıq şəkildə göstərdi və təsdiq etdi. Cənab İlham Əliyevin "Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda milli ruh hesabına qazanmışıq" ifadələri deyilənlərin təsdiqidir. Milli ruh milli kimliyin təcəssümüdür, nəyə qadir olmağımızın, hansı amallara, məqsədlərə sahibliyimizin və mübarizəmizin ifadəsi, aynasıdır. Azərbaycan xalqı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər çox möhtəşəm uğurlara nail olub, qələbələrə imza atmışdır. Ölkəmiz iqtisadi cəhətdən sürətlə inkişaf edir, dövlətimiz beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Dünya ölkələri ilə əməkdaşlığımız gündən-günə genişlənir, əlaqələrimiz möhkəmlənir, münasibətlərimiz yaxşılaşır. Bu gün dünyanın sayılıb-seçilən, güclü ordusuna malikik. Ordu quruculuğu, peşəkar hərbçilərin hazırlanması, təhlükəsizliyimizin təmin edilməsi, müdafiə qüdrətimizin yüksəldilməsi istiqamətində çox mühüm tədbirlər həyata keçirilir. Xalqın sosial-rifah halı yaxşılaşdırılır. Birlik, həmrəylik möhkəmləndirilir, insana qayğı və diqqət, milli-mənəvi dəyərlərə hörmət, sədaqət ön plana çəkilir. Azərbaycan dövləti yeni dövrün yaratdığı yeni reallıqların nəbzini düzgün tutmuşdur və siyasi gedişləri, hadisələri qarşılamağı yaxşı bacarır.
Qalibiyyət gücdən çox siyasətə arxalanır. Azərbaycan Prezidenti siyasətdə çox güclüdür. Nəyi nə vaxt, necə etməyi yaxşı bilir. Bu siyasət sülhə, əmin-amanlığa, təhlükəsizliyə, qarşılıqlı əməkdaşlığa, sağlam münasibətlərə arxalandığı üçün dövlətimizə yeni-yeni uğurlar qazandırır, onu beynəlxalq aləmdə şöhrətləndirir.
Azərbaycan dövləti müharibədən qalib çıxsa da, diktə etməli tərəf olsa da, yenə də Ermənistanla - uzun illər xalqımıza bəlalar bəxş edən, faciələrimizə bais olan, soyqırımları, terror aktları törədən, şəhər və kəndlərimizi xarabazarlıqlara çevirən bir dövlətlə sülh şəraitində yaşamağa, əməkdaşlıq etməyə, qurub yaratmağa, Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə üstünlük verir, sülh müqaviləsini tezliklə imzalamağa çalışır.
Azərbaycanı azad, inkişaf edən, təhlükəsiz, sülh tərəfdarı kimi tanıtmaq, insanları xoşbəxt, firavan görmək, dövlətçiliyi möhkəmləndirmək ölkə rəhbərinin amalıdır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti, bərpa, quruculuq işləri, müasir tipli məktəblərin, xəstəxanaların, mədəniyyət ocaqlarının, ictimai binaların tikilib istifadəyə verilməsi, əhəmiyyətli infrastruktur layihələrinin həyata keçirilməsi, sakinlərin mərhələli şəkildə ata-baba yurdlarına köçməsi bu istəkdən, bu amaldan qaynaqlanır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" artıq yüzlərlə ailənin, torpaq həsrətində olan minlərlə insanın həyatına yeni məna, sabitlik, ümid və gələcək gətirmişdir. Qayıdış torpağa bağlılığın, yurda sevginin, həm də birliyin və inamın bir rəmzidir.
Füzuliyə, Zəngilana, Laçına, Şuşaya, Xocalıya, Cəbrayıla gedən yolun əvvəli və sonu zəfərimizdir. Bu yol Qarabağdan, Şərqi Zəngəzurdan başlanıb və Qərbi Azərbaycana - İrəvana, soydaşlarımızın qədim yurd-yuvalarına uzanmaqdadır. Bu büsatı, möhtəşəm quruculuq, tikinti, abadlıq işlərini Qərbi Azərbaycan torpaqları da gözləyir. Aparılan danışıqlar, Prezidentimizin siyasəti, söylədiyi "Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq" sözləri gələcəyimizə, yeni zəfərlərimizə, gedəcəyimiz yollara bir işıq tutur, bir ümid çırağı yandırır. Bu ümid, inam çırağının ətrafında milyonlar cəmdir və hər cür mübarizəyə hazırdır.
Bunu hər birimizə cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, uzaqgörənliyi, qətiyyəti, ordumuzun gücü və xalqımızın birliyi, mübarizliyi sayəsində qazandığımız Zəfərimiz - 44 günlük müharibənin, 23 saatlıq antiterror tədbirlərinin qalibiyyəti, uğuru diktə edir və göstərir.
Zəfərimizin uğurları "Konstitusiya və Suverenlik İli" kimi qeyd etdiyimiz 2025-ci ilə özünün möhtəşəmliyi, əhəmiyyəti ilə yeni bir məna, dəyər verir. Qələbəyə nail olduğumuz son beş ildə Azərbaycan dövləti iqtisadi-siyasi, mədəni-mənəvi sahədə xeyli inkişaf etmiş, dövlətçiliyimiz möhkəmlənmiş, beynəlxalq münasibətlərdə yüksək nəticələr əldə edilmişdir. Vaşinqtonda Azərbaycan-Amerika-Ermənistan dövlət rəhbərlərinin görüşü, anlaşma bəyannaməsinin imzalanması sülhə zəmin yaradılması, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Zirvə görüşü, BMT Baş Assambleyasının 80-ci Yubiley Sessiyası, MDB Dövlət Başçıları Şurasının iclası, Yaxın Şərq Sülh Sammiti, ölkəmizdə keçirilən mühüm əhəmiyyətli tədbirlər və bu tədbirlərdə cənab İlham Əliyevin səsləndirdiyi fikirlər, sülh bəyanatları, insanların gələcək inkişafına və əmin-amanlığa hesablanan təklifləri ilin yaddaqalan hadisələridir. Prezidentimizin istəyi, mövqeyi sülh, əməkdaşlıq və inkişafdır, xalqımızın xoşbəxtliyidir.
Tarixi Zəfərimiz sübut etdi və göstərdi ki, Azərbaycan güclü, sülhsevər, inkişaf edən dövlətdir. Xalqımız mübariz, qəhrəman, əyilməz, dostunu, düşmənini yaxşı tanıyan, torpağına, yurduna sədaqətli xalqdır. Ellərimiz, obalarımız dağılmağa, viran edilməyə, xarabazarlıqlara çevrilməyə yox, abadlaşdırılmağa, çiçəklənməyə, insanlara həyat, xoşbəxtlik, səadət bəxş etməyə layiqdir.
Zəfərimiz bu amalları, məqsədləri işıqlandıran, istiqamətləndirən bir mayakdır və xalqımız öz Zəfər bayramını bu ruhla, sevinclə qeyd edir, yeni uğurlara doğru irəliləyir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri