02 Fevral 2025 08:00
1110
SİYASƏT
A- A+
Tariximizin ən qürurlu vətənpərvər gəncliyi

Tariximizin ən qürurlu vətənpərvər gəncliyi


Son onilliklərdə ölkəmizdə insan potensialının inkişafında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasətinin rolu çox böyükdür. Bu siyasət əhalinin müxtəlif təbəqələri kimi gənclər üçün də yeni səviyyədə iqtisadi imkanların yaradılmasına, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsinə xidmət edir. 

Ötən onilliklər ərzində əhalinin, o cümlədən Azərbaycan gəncliyinin sosial müdafiə sistemi təkmilləşdirilmiş, aktiv məşğulluq siyasətinə əsaslanan əmək bazarı formalaşdırılmış, yoxsulluğa qarşı mübarizə uğurlu nəticələr vermişdir. Bütün bunlarla paralel olaraq mədəni irsin qorunması, gənclərlə iş və idman siyasətinin çevikliyinin artırılması, demoqrafiya və miqrasiya məsələlərinin effektiv tənzimlənməsi kimi vacib tədbirlər hesabına yeni nəsil üçün yüksək sosial rifah və insan kapitalının inkişafı təmin olunmuşdur. 

Yenilik və inkişaf meyillərinin ilk növbədə gənc nəslin maraqlarında, davranışlarında, həyata baxışında, istək və arzularında, hədəflərində təzahür etməsi bütün cəmiyyətlərə xas qanunauyğunluqdur. Eyni zamanda gənclər potensiallarını, istedadlarını, enerjilərini düzgün məcraya yönəltmək, doğru dəyərlər, ideallar arasında seçim etmək, sağlam mühitdə yetişmək, ziyanlı təsirlərdən qorunmaq üçün hər zaman  köməyə, müəyyən istiqamətə ehtiyac duyan həssas sosial qrupdur. Məsələnin həssaslığı həm də ondadır ki, bütün cəmiyyətlərdə gənclər cəmi bir neçə ildən sonra o cəmiyyətin gələcəyini formalaşdırırlar. Ona görə də istənilən ölkənin indiki gəncliyini müşahidə etməklə həmin ölkənin gələcəyi haqqında müəyyən təsəvvürlər formalaşdırmaq mümkündür. 

Gənclər dayanıqlı inkişafın bütün aspektlərində - sosial, iqtisadi və ekoloji sahələrdə  fəal iştirak edərək həm mövcud problemlərin həllinə töhfə verir, həm də yeni yanaşmalar ortaya qoyurlar.


Uğurlu gənclər siyasətinin möhkəm təməlləri


Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu gənclər siyasəti möhkəm təməllərə söykənir. Bu təməlləri Ümummilli Lider Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Gənclik qarşısındakı yeni çağırışları, gələcək strateji inkişaf istiqamətlərini aydın görən Ulu Öndərin davamlı səyləri nəticəsində Azərbaycan gənclərinin məişət, təhsil, mədəni tələbatının ödənilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmiş və bütün bunlar qısa zamanda effektiv nəticələr vermişdir. 

İstənilən ölkədə gəncliyə veriləcək ən böyük dəstək, onlara bağışlanan ən qiymətli sərvət yüksək təhsil imkanının, dövrün şərtlərinə uyğun bilik və bacarıqlara yiyələnməkdən ötrü şəraitin yaradılmasıdır. Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə öz təşəbbüsü ilə hər il minlərlə Azərbaycan gəncini keçmiş SSRİ-nin qabaqıcıl ali təhsil müəssisələrinə, ölkəmizdə böyük ehtiyac duyulan ixtisaslar üzrə təhsil almağa göndərməsi, onlara göstərdiyi atalıq qayğısı o dövrə aid ən parlaq tarixi faktlardandır. Həmin gənclər təhsil aldıqları uzaq şəhərlərdən Azərbaycana yüksəkixtisaslı mütəxəssislər kimi qayıdaraq bir neçə ildən sonra dövlət müstəqilliyini elan edəcək ölkəmizin inkişafına layiqli töhfələrini vermişlər. Həmin illərdə Azərbaycan gəncliyinin zamanın ruhuna uyğun yetişməsi, asudə vaxtının səmərəli təşkili üçün də hər bir yaşayış məntəqəsində zəruri infrastruktur yaradılmış, onların hərtərəfli inkişafının təmin olunmasına xidmət edən maddi-texniki baza formalaşdırılmış, həmçinin ictimai-siyasi həyatda gənclərin fəallığını stimullaşdıran müxtəlif tədbirlər görülmüş, təhsil imkanlarının Azərbaycan gəncliyi üçün tam əlçatanlığı ilə yanaşı, onların məşğulluğu, mənzil şəraiti ilə bağlı məsələlər də öz həllini tapmışdır.  

Azərbaycan gəncliyi Ümummilli Liderin gənc nəslə olan inamını hər zaman doğrultmuşdur. Ötən əsrin 80-ci illərinin sonlarından başlanan istiqlal mübarizəmizdə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşımızda gənclərimiz fəal iştirak etmiş, Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması üçün minlərlə gənc həyat və sağlamlığını qurban vermişdir. 


Azərbaycan gəncliyi qarşısında yeni üfüqlər 


Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə o dövrdə çətin sınaqlarla üzləşmiş Azərbaycanı faciələrdən qorumaq üçün ali hakimiyyətə qayıtdıqdan sonra da gənclər siyasətinə ümumi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi yanaşmış, bu istiqamətdə əhəmiyyətli addımlar atmışdır. Azərbaycanın müstəqilliyinin ilk illərində  gəncliyimiz yeni çağırışlarla üz-üzə idi. Yeni sosial-iqtisadi, mədəni-mənəvi reallıqlar dövründə bu nəslin müxtəlif problemlərini koordinasiyalı şəkildə həll etmək, onları və gənclərlə birgə Azərbaycanı gələcəyə hazırlamaq, ölkə gəncliyini müxtəlif qrupların ziyanlı təsirlərindən qoruyaraq düzgün istiqamətə yönəltmək lazım gəlirdi. Ümummilli Lider Heydər Əliyev bütün taleyüklü məsələlər kimi bunu da bacardı. Bu böyük dövlət adamının təşəbbüsü ilə gənclər siyasətini tənzimləyən normativ hüquqi baza və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumları arasında fəaliyyət əlaqələndirildi. Beynəlxalq təşkilatlarla əməkdaşlığın təməli qoyuldu. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə genişmiqyaslı tədbirlər həyata keçirildi. 1996-cı ilin 2 fevralında Azərbaycan Gənclərinin I Forumunun yüksək səviyyədə keçirilməsi, Ulu Öndər Heydər Əliyevin həmin forumda iştirakı, gəncləri dinləməsi, bu tarixi gün münasibətilə fevralın 2-sinin ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilməsi, gənclər təşkilatlarının və onların ictimai əhəmiyyət daşıyan təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təsis olunması ölkə gənclərinə qayğının bariz nümunəsi olmuşdur. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqətin bir nümunəsi idi. 

Ən əsas nəticə isə odur ki, müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılmışdır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla həyata keçirir. Ölkəmizdə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da qəbul olunmuşdur. 


Kompleks yanaşma


Prezident İlham Əliyevin gənclər siyasəti bu nəslin inkişafını, təhsilini, məşğulluğunu və cəmiyyətə inteqrasiyasını dəstəkləməyə yönəlmiş kompleks siyasətdir. Gənclərin keyfiyyətli təhsilalma imkanlarının genişləndirilməsi ən mühüm istiqamətlərdəndir. Azərbaycanda təhsilin bütün potensiallı gənclər üçün əlçatanlığı tam təmin olunmuş, ölkə gəncləri qarşısında geniş üfüqlər açılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş müvafiq dövlət proqramları sayəsində minlərlə gənc dünyanın müxtəlif ölkələrindəki ən nüfuzlu ali təhsil müəssisələrində yeni çağın bilik və bacarıqlarına yiyələnmişdir. Bu proqramın icrası hazırda geniş formada davam etdirilir və daha çox sayda gəncimiz dövlətimizin yaratdığı imkanlardan yararlanaraq xaricdə təhsil arzusuna qovuşur. Gənclərin inkişafının və asudə vaxtlarının səmərəli təşkili, onların məlumatlandırılması, yönəldilməsi, gənclərə sosial dəstəyin təmin olunması üçün respublikanın şəhər və rayonlarında müvafiq sosial xidmət mərkəzləri - Gənclər evləri yaradılmışdır.  

Ölkəmizdə gənclərin təşkilatlanması üçün zəruri iqtisadi, hüquqi imkanlar yaradılmış, paytaxt və bölgələrdə müxtəlif gənclər təşkilatlarının, birliklərinin fəaliyyətinə geniş şərait yaradılmışdır. Gənclərin təşəbbüsləri son illərdə dövlət büdcəsindən maliyyələşən fondlar və digər təsisatlar vasitəsilə dəstəklənir. Gənclərin qeyri-hökumət təşkilatlarına yönləndirilmiş maliyyə vəsaitinin həcmi ilbəil artaraq gənclər arasında könüllülüyün dəstəklənməsini, onların liderlik bacarıqlarının artırılmasını və müəyyən mənada həm də məşğulluğunu təmin etmişdir. Ölkəmizdə könüllülük fəaliyyəti də son onilliklərin xoş ənənəsinə çevrilmiş, "ASAN Könüllüləri", "DOST Könüllüləri", "Bir Könüllü" və s. bu kimi layihələrdə iştirak minlərlə gəncimizin karyera yolunun ilk mühüm uğuruna çevrilmişdir.

Son illərdə Azərbaycan gəncliyinin inkişafı məqsədilə həyata keçirilən ən əhəmiyyətli və səmərəli layihələrdən biri də "Yüksəliş" müsabiqəsidir. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilmiş və ölkədə idarəetmə sahəsində istedadlı gənclərin aşkarlanması, inkişafı və karyera yüksəlişinə dəstək məqsədi daşıyan bu müsabiqə hər il təşkil edilməklə liderlik, idarəetmə bacarıqları və strateji düşüncə qabiliyyəti olan gəncləri üzə çıxararaq, onların dövlət və özəl sektorda rəhbər vəzifələrə hazırlanmasına kömək göstərir, dövlət və özəl sektorda yeni kadr rezervi formalaşdırır. İstedadlı gənclər üçün peşəkar mentorluq və təlim proqramları təqdim edir. Gənclərin şəxsi və peşəkar inkişafını dəstəkləyir. Azərbaycanın dövlət idarəçiliyində gənc kadrların rolunu artırır. İndiyə qədər on minlərlə gənc bu müsabiqəyə qoşularaq özünü sınamış, müsabiqənin qalibləri dövlət və özəl sektorda yüksək vəzifələrdə iş imkanı əldə etmişdir. Liderlik, strateji düşüncə və idarəetmə bacarıqlarını təkmilləşdirmiş, tanınmış dövlət və biznes liderlərindən bilik və təcrübə qazanmışdır. Bu müsabiqə gənclərin işgüzar əlaqələrinin inkişafına, digər təhsil və inkişaf proqramlarında iştirakına imkan yaratmışdır. 

"Yüksəliş" müsabiqəsi gənclər arasında liderlik mədəniyyətini gücləndirmək və yüksəkixtisaslı kadr potensialı yaratmaq baxımından da vacib bir təşəbbüsdür. Buna paralel olaraq gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi və liderlik imkanlarının artırılması istiqamətində digər mühüm addımlar da atılır. Azərbaycan Prezidenti İlham Əliyev gənclərə böyük etimad göstərir, onlara mühüm vəzifələr həvalə edir, öz potensiallarını reallaşdırmalarına şərait yaradır.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2013-cü ildə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi də bu istiqamətdə atılmış ən mühüm addımlardandır. Bu mükafat istedadlı və yaradıcı gənclərin üzə çıxarılmasına, dəstəklənməsinə xidmət edir, onların nailiyyətlərinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. 

Yeni nəsil həm də gələcəyin lideridir. Onların dayanıqlı inkişaf məqsədlərinə yönəlmiş startaplar yaratmaları, yaxud sosial təşəbbüslərə liderlik etmələri iqtisadi modellərin inkişafına çox böyük təkan verir. Xüsusilə, "yaşıl biznes"lərin qurulması gənclərin bu sahədə dayanıqlılığa töhfəsini göstərir. Bir faktı da qeyd edək ki, bütün dövrlərdə olduğu kimi, maarifləndirmə işi və ictimai şüurun yüksəldilməsi də dayanıqlı inkişafın ən vacib istiqamətlərindəndir. Gənclər bu sahədə də çox böyük potensiala, təsir gücünə malikdirlər. Onlar sosial media və digər rəqəmsal platformalardan istifadə edərək dayanıqlı inkişaf mövzusunda geniş kütləni maarifləndirə bilirlər. Gənclərin həyata keçirdikləri rəqəmsal kampaniyalar və təşəbbüslər iqlim dəyişikliyi, sosial bərabərlik və iqtisadi ədalət kimi məsələlərə diqqət çəkir.


Yeniliklərə həssaslıq, dəyərlərə hörmət


Əhalinin əhəmiyyətli hissəsini təşkil edən gənclər ölkənin əsas innovativ potensialı, əmək resursudur. Gənc mütəxəssislərin bilik və bacarıq səviyyəsi ilə əmək bazarının və işəgötürənlərin tələbləri arasında uyğunluğun təmin olunması məqsədilə də ölkəmizdə addımlar atılır. Əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialı formalaşdırılır. Onların mərkəzi şəhərlərimizlə yanaşı, ucqarlarda da çalışmağa həvəsləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər həyata keçirilir, o cümlədən zəruri məişət və məşğulluq infrastrukturu yaradılır. Ölkəmizdə xüsusilə peşə təhsili sürətlə inkişaf etdirilir. Gənclər arasında peşə təhsili alanların sayı getdikcə artır. Gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin aşağı salınması istiqamətində addımlar atılır. 

Gənclərin elm və innovasiya sahələrində fəallığının artırılması məqsədilə stimullaşdırıcı layihələr reallaşdırılır, startap ekosisteminin inkişafına dəstək verilir. Azərbaycan gəncliyinin sahibkarlıq ruhu, yaradıcı potensialı üzə çıxarılır. Gənc sahibkarlara müxtəlif dəstək proqramları ilə gənclər arasında sahibkarlığa marağın artması təşviq olunur, onların innovativ bizneslərinin inkişafı dəstəklənir. Gənc sahibkarların sayı getdikcə artır. Bu nəsil üçün davamlı şəkildə təcrübə və mentorluq proqramları təşkil olunur, rəqəmsal bacarıqları artırılır. Süni intellekt, data analitikası və digər müasir texnologiyalar gənclər arasında populyarlaşdırılır. Texnoloji inkişafa, mütərəqqi qlobal meyillərin mənimsənilməsinə paralel olaraq gənclərimizin soykökümüzə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə bağlılığı üçün də əhəmiyyətli layihələr həyata keçirilir. 

Ümumən gənclərin rəqəmsal iqlim inqilabında fəal iştirakı yalnız texnologiya ilə deyil, həm də yaradıcılıq və kollektiv cəhdlərlə mümkündür. Bu həm planetin qorunmasına, həm də daha çox texnoloji və dayanıqlı bir gələcək qurulmasına kömək edir. Bu baxımdan ötən il ölkəmizdə keçirilən COP29-un panel müzakirələri çərçivəsində iştirakçılara qabaqcıl rəqəmsal platformaların, süni intellektlə işləyən həllərin və real vaxt rejimində ətraf mühitin monitorinqini təmin edən innovativ proqram təminatlarının təqdim olunması çox əhəmiyyətlidir. Bu vasitələr arasında məlumat əsaslı təbliğat vasitələri, iqlim məlumatlarının vizuallaşdırılması üçün istifadə olunan proqram təminatları və gənclərin iqlim fəaliyyəti sahəsində daha aktiv iştirakına şərait yaradan rəqəmsal tətbiqlər yer alıb. Rəqəmsal texnologiyaların iqlim dəyişmələrinə qarşı mübarizədə tətbiqinin genişləndirilməsi, bu sahədə əməkdaşlığın gücləndirilməsi və rəqəmsal həllərin inklüzivliyinin təmin edilməsindəki əhəmiyyəti ifadə edilib.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Müasir dünyamızın bilik və bacarıqlarına ən yüksək səviyyədə yiyələnərək qlobal əmək bazarında özünə layiqli yer tutmaq, innovasiyaları mənimsəmək, özünü yeniliklərə daim hazırlamaq və onların önündə irəliləmək, eyni zamanda milli kimliyi də heç zaman unutmamaq, tariximizi, ənənələrimizi, dəyərlərimizi yaşatmaq, ulularımızın mənəvi mirasını yaşatmaq, Vətəni sevmək, onun maraqlarına xidmət etmək də gənclər siyasətinin ən əsas istiqamətləridir. Azərbaycan Respublikası Prezidentinin ölkə gəncliyinə ən mühüm tövsiyəsi, onlardan ən böyük gözləntisi məhz budur.  

Bugünkü Azərbaycan gəncliyi tariximizin ən vətənpərvər gəncliyidir. Bu gəncliyi Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yetişdirib. Bu, uzun illərin mübarizələrindən sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə dövlətimizin ərazi bütövlüyünü, suverenliyini təmin edən gənclikdir. Şuşanın sərt qayalarından kəndirlə dırmanaraq yüngül silahlarla yağının tankının-topunun üzərinə atılan, düşməni doğma yurdlarımızdan qovub çıxaran, haqq savaşımızda Zəfər qazanıb əzəli məskənlərimizdə üçrəngli bayrağımızı ucaldan gənclikdir.

Azərbaycanın tarixi bu gəncliklə şanlıdır, gələcəyi də bu gəncliklə aydındır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrlə bağlı tövsiyə hazırlayıb

11:19
19 Fevral

Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur

11:13
19 Fevral

Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüş olub

10:43
19 Fevral

Ramiz Teymurov: Cəbrayılda babalarımızın, nənələrimizin qəbirlərini ziyarət edəcəyik  

10:42
19 Fevral

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

10:39
19 Fevral

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

10:38
19 Fevral

İqdır Universitetində Xocalı soyqırımına həsr olunmuş konfrans keçiriləcək

10:21
19 Fevral

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

10:09
19 Fevral

Çempionlar Liqası: "Bavariya" 1/8 finalda, "Milan" və "Atalanta" mübarizəni dayandırıb

09:57
19 Fevral

Ərdoğan: Türkiyə Ukrayna üzrə danışıqlar üçün ideal ölkədir

09:37
19 Fevral

Səməd Seyidov: Beynəlxalq təşkilatların əhəmiyyətini itirdiyi bu dövrdə Türk dövlətləri ən yüksək səviyyədə özünü göstərir  

09:18
19 Fevral

Paşinyana Qərbdən əvvəlki dəstək yoxdur

09:15
19 Fevral

Sağlam dişlərin sirri

09:10
19 Fevral

Yenilənmiş "Şəmkir" futbol klubunun təqdimat mərasimi keçirilmişdir

09:05
19 Fevral

XX əsr qəzəlimizin Vahidi

09:00
19 Fevral

QƏZƏLLƏR

08:55
19 Fevral

"Xankəndi" iş başında

08:50
19 Fevral

Dövlət növbəti dəfə sahibkara sahib çıxdı

08:45
19 Fevral

Azərbaycan İlahiyyat İnstitutunun tələbələri təhsillərini Türkiyədə davam etdirəcəklər

08:40
19 Fevral

Türkiyədə Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilib

08:35
19 Fevral

ABŞ-nin Mayami-Deyd dairəsində 26 fevral tarixi Xocalının Anım Günü elan edilib

08:30
19 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!