Martın 4-də Yeni Azərbaycan Partiyasının (YAP) və Azərbaycan Tibb Universitetinin (ATU) birgə təşkilatçılığı ilə “Yeni reallıqlar və müasir Azərbaycan: aktual çağırışlar fonunda gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə ATU-nun inzibati binasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli bildirib ki, önəmli geostrateji məkanda yerləşən Azərbaycan bu gün dünyada sabitlik adası kimi tanınır. Rektor deyib: “Müstəqil Azərbaycan çətin sınaqlardan keçib, ölkəmizin yüksəlişinə böyük zəhmət sərf olunub. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi qətiyyətli siyasətlə Azərbaycanı bütün təhlükələrdən xilas edərək inkişaf yoluna çıxardı. Ulu Öndərimizin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Çıxış edən YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov müasir müstəqil Azərbaycan dövlətinin şərəfli inkişaf yolu keçərək tərəqqi və Zəfər zirvəsinə yüksəldiyini bildirərək deyib: “Müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkəmizin bir dövlət kimi mövcudluğu sual altında idi. Bəzi qüvvələr Azərbaycanın parçalanması istiqamətində məqsədli fəaliyyət göstərirdilər. Xalqımızın yeganə ümid yeri isə dahi şəxsiyyət Heydər Əliyev idi. 1992-ci ildə 91 nəfər ziyalının Ulu Öndərə müraciət etməsi və müdrik dövlət xadiminin bu müraciətə müsbət cavab verməsi nəticəsində Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması Azərbaycanın təlatümlərdən qurtularaq inkişaf yoluna çıxmasını şərtləndirdi”.
Tahir Budaqov Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə Azərbaycana qarşı yönəlmiş məkrli planların qarşısının məharətlə alındığını və xalq-iqtidar birliyinin təmin olunduğunu söyləyib. Onun sözlərinə görə, Ulu Öndərin dövrün çağırışlarına cavab verən siyasəti nəticəsində sabitlik və təhlükəsizliyin, sosial-iqtisadi inkişafın təmini, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və digər mühüm faktorlar Azərbaycanın müstəqilliyinin möhkəmlənməsini və beynəlxalq münasibətlər sistemində rolunun artmasını təmin etdi.
YAP sədrinin müavini bildirib ki, Ümummilli Liderin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edərkən müasir dövlətçilik tariximizdə müstəsna yerə və rola malik - taleyüklü önəm daşıyan siyasi varisliyin təmin olunmasını xüsusi qeyd etmək lazımdır. O, deyib: “Ulu Öndərin ideyaları və zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda addımlayan müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirməkdədir. Azərbaycanın möhtəşəm qələbə qazanaraq ərazi bütövlüyü və mütləq suverenliyin bərpasına nail olması isə xalqımızın şərəfli dövlətçilik tarixinin ən parlaq səhifəsidir”.
Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski Azərbaycanın tərəqqisində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, hələ SSRİ dövründə ölkəmizin yüksəlişini təmin edən Ulu Öndər müstəqilliyin bərpasından sonra yenidən siyasi hakimiyyətə gəldikdən sonra xalqımıza böyük uğurlar qazandırdı. “Bu gün isə Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan qüdrətli və qalib dövlətə çevrilib”, - deyə V.Şadlinski əlavə edib.
Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının əhəmiyyətindən bəhs edən Vaqif Şadlinski Ümummilli Liderin bu sahədə əvəzsiz xidmətlərindən bəhs edib. Onun sözlərinə görə, 1969-cu ildən etibarən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə respublikamızda, xüsusilə Bakıda möhtəşəm şəhərsalma işləri həyata keçirilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il 29 sentyabr tarixli Sərəncamı ilə təltif olunmuş Rafiq Musa oğlu Məmmədhəsənova 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Tədbirdə partiya sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.