Xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə mühüm təsir göstərən şəxsiyyətləridir. Məhz onların seçdiyi yol milli inkişaf strategiyasının əsasında dayanır və təmsil etdikləri ölkələrin dünya birliyində özünə layiqli yer tutmasını təmin edir. Xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev tarixdə məhz bu cür iz qoymuş böyük şəxsiyyətdir.
Şərəfli və mənalı ömür yolunu Azərbaycanın inkişafına, onun dünya birliyində özünə layiqli yer tutmasına həsr etmiş Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü xalqımız dərin ehtiramla yad edir.
Doğma xalqının böyük təəssübkeşi
Heydər Əliyevin ümummilli maraqları ifadə edən, qətiyyətli iradəyə və əzmkarlığa söykənən möhtəşəm fəaliyyəti bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. Azərbaycanın yüksəlişinin, xalqımızın güclü sosial rifahının təmin edilməsi, cəmiyyətin bütün sahələrinin hərtərəfli inkişafı Heydər Əliyev siyasətinin əsas strateji vəzifələri olmuşdur.
Hələ sovet dövründə Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşamasını təmin edəcək sosial-iqtisadi və milli-mənəvi bünövrənin yaradılması üçün mühüm işlər görmüşdür. Belə ki, Azərbaycan neft diyarı olmasına baxmayaraq, XX əsrin 60-cı illərində sovetlər ittifaqının geridə qalmış respublikalarından biri idi. SSRİ-nin əyalətlərindən biri kimi baxıldığından 1960-cı illərin sonlarına doğru sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyillərin güclənərək getdikcə daha dərin kök saldığı, bütün bunların isə xalqın milli-mənəvi birliyinə ziyan vurduğu Azərbaycanda hakimiyyətə gələn yeni rəhbərin birinci işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərə bilməsinin qarşısını almaqdan ibarət olmuş və qısa zaman ərzində Azərbaycanın ictimai və siyasi həyatında böyük və əhəmiyyətli dəyişikliklər edə bilmişdir.
Daim doğma xalqının böyük təəssübkeşi olmuş Heydər Əliyev o mürəkkəb tarixi şəraitdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmək üçün qısa müddətdə bütün sahələrdə geniş islahatlar proqramı həyata keçirməklə, əslində, gələcək müstəqil və güclü Azərbaycanın əsasını qoymuşdur. Ulu Öndərin qarşısında duran əsas məqsədlərdən biri də iqtisadiyyatı müstəqil ölkə olaraq yaşaya biləcək səviyyəyə qaldırmaq idi. Ona görə də 1969-1982-ci illəri bugünkü müstəqilliyin iqtisadi əsaslarının yaradılması mərhələsi adlandırmaq olar. SSRİ-nin dağılması ərəfəsində 15 müttəfiq respublikadan yalnız 3-ü - Rusiya, Ukrayna və Azərbaycan öz daxili imkanları hesabına iqtisadi problemlərini həll etməyə qadir idi. Sovet İttifaqının dağılması ərəfəsində mətbuatda dərc olunan təhlili materiallarda "Hansı müttəfiq respublika sovetlər ittifaqından ayrılaraq iqtisadi cəhətdən yaşamağa qadirdir" sualına cavab axtarılarkən onların sırasında Azərbaycanın adı birinci yerdə çəkilirdi. Heydər Əliyevin yaratdığı sosial-iqtisadi, siyasi, mənəvi, psixoloji baza sonrakı dövrdə, həqiqətən də, müstəqillik illərində Azərbaycan xalqı üçün çox böyük əhəmiyyət kəsb etdi.
XX əsrin 70-ci illərində Azərbaycanda həm də elə bir ab-hava yaranmışdı ki, bu, milli şüurun oyanmasına, Azərbaycan dilinin inkişafına, dəyərlərimizin xalq tərəfindən mənimsənilməsinə, tarixi keçmişimizin hərtərəfli öyrənilməsinə şərait yaratmışdı. Əgər ötən əsrin 50-60-cı illərində Azərbaycanda dövlət idarəçiliyində kadrların böyük əksəriyyəti digər millətlərdən formalaşırdısa, Heydər Əliyevin hakimiyyəti dövründə kadr məsələsində azərbaycanlıların üstünlük təşkil etməsinə xüsusi diqqət yetirildi. O dövrdə ali təhsil ocaqlarında ədəbiyyatımızla, tariximizlə bağlı diskussiyaların aparılması, Azərbaycan tarixinin bütün ali təhsil ocaqlarında tədris proqramına daxil edilməsi milli-mənəvi dəyərlərin təbliğinə və öyrənilməsinə xidmət edən siyasətinin nəticəsi idi. Əlbəttə ki, bütün bunlar həm də milli özünüdərkin və özünəqayıdışın baş verməsinə əhəmiyyətli təsir göstərirdi. Görülən işlər özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.
O illərdə həyata keçirilən iqtisadi və sosial siyasət, bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının, dövlət idarəçiliyinin və ictimai-siyasi həyatın dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi.
Tarixi missiya
Əgər Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycanı keçmiş ittifaqın geridə qalmış aqrar üzvündən öndə gedən, inkişaf etmiş sənaye respublikasına çevirmişdisə, 90-cı illərin əvvəllərində müstəqilliyimizi qorumuş, respublikamızın parçalanmasının qarşısını almışdır. Ulu Öndərin bu dövrdəki fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdən başlayır. 1990-cı ilin yayında Moskvadan Vətənə qayıdan Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ olmuşdur. Məhz bu dövrdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atmışdır. Təsadüfi deyil ki, onun rəhbərliyi altında muxtar respublika Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolu oynamışdır. Bununla yanaşı, Heydər Əliyevin muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin bu qədim diyarını erməni təcavüzündən də xilas etmişdir.
Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin yayında Azərbaycan əldə edilmiş dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi vaxtda xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi xilaskar Liderə olan inamın məntiqi nəticəsi idi. İstiqlalımızın ilk illərində hakimiyyətdə olan siyasi qaragüruhların səhvlərinin yaratdığı dərin siyasi-hərbi və sosial-iqitsadi böhranlar müstəqilliyimizi və dövlətçiliyimizi sınaq qarşısında qoymuşdu. Məhz onların yol verdikləri səhvlər Ermənistanın ölkəmizə qarşı yeni işğalçılıq planlarına və daxildə separatizmə rəvac vermişdi. Ona görə xalqın çağırışı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı artıq sosial və siyasi sifariş idi.
Xalqın Ulu Öndərə olan böyük inam və etimadının ilk və əsas siyasi addımlarından biri isə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması idi. Təsis edilməsindən keçən qısa müddət ərzində YAP-ın ümumxalq partiyasına çevrilməsi ona Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsindən və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsindən, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməsindən irəli gəlirdi.
1993-cü ilin iyununda təcrübəli dövlət xadiminin Bakıya gəlişi, iyunun 15-də Ali Sovetin Sədri, həmin ilin oktyabrında isə ölkə Prezidenti seçilməsi ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Və bu gün hər kəs belə bir həqiqəti bölüşür ki, əgər 1993-cü ildə Heydər Əliyev siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının tamamilə fərqli və həm də faciəli taleyi və tarixi yazıla bilərdi. Çünki həmin dövrdə AXC-Müsavat hakimiyyətinin yürütdüyü yarıtmaz siyasətin, onların milli xəyanət yolunu tutmasının nəticəsi olaraq respublikada yaranmış dərin siyasi xaos, separatizmin baş alıb getməsi və Ermənistanın işğalçılıq planlarının genişlənməsi başqa cür düşünməyə əsas vermir. "Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir", - deyə Prezident İlham Əliyev bu dövrlə bağlı demişdir.
Heydər Əliyev dəfələrlə qeyd etmişdir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaq, əbədiliyini dönməz etmək qədər də çətindir. Bu baxımdan dövlətçiliyimizə, onun möhkəmləndirilməsinə Heydər Əliyevin verdiyi töhfələr əvəzsizdir. Məhz böyük şəxsiyyətin dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü.
Mütərəqqi dövlət quruculuğu
Heydər Əliyevin siyasi müdrikliyinin nəticəsi olaraq siyasi böhran aradan qaldırıldı, müstəqilliyimiz və dövlətçiliyimiz üçün yaranmış bütün təhlükələr dəf edildi. Ulu Öndər görkəmli dövlət xadimi kimi özünün zəngin siyasi və idarəçilik təcrübəsinə söykənərək mütərəqqi dövlət quruculuğunu uğurla həyata keçirdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olduğu, dövlətin demokratik, hüquqi, unitar və dünyəvi xarakter daşıdığı əsas prinsiplər öz əksini tapdı. Hüquqi dövlət quruculuğu sahəsində islahatların aparılması qanunun aliliyi, insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda vətəndaşların müstəqil dövlətçilik ətrafında birləşməsi üçün geniş imkanlar yaratdı.
Dünyanın tanınmış neft şirkətləri məhz Heydər Əliyevə inanaraq "Əsrin müqaviləsi"nə qoşuldular, ölkəmizə sərmayə yatırdılar. Bu mənada Heydər Əliyev həm də Azərbaycanın zəngin təbii sərvətlərindən dövlət müstəqilliyinin möhkəmlənməsi üçün istifadə olunması və əhalinin sosial rifah halının yüksəlməsi məqsədilə yeni neft strategiyasının əsasını qoymuşdur. 20 sentyabr 1994-cü ildə Azərbaycanla dünyanın nüfuzlu neft şirkətləri arasında "Əsrin müqaviləsi"nin imzalanması xalqımızın təbii sərvətləri üzərində həqiqi sahiblik hüququnun təmin edilməsində böyük tarixi hadisə oldu. Müqavilə çərçivəsində regional və beynəlxalq əhəmiyyət daşıyan enerji layihələrinin həyata keçirilməsinə başlanması Azərbaycanın dünya birliyində nüfuzunu artırdı.
Məhz həmin dövrdən bazar iqtisadiyyatı münasibətlərinə keçidin səmərəli mexanizmini formalaşdırmaq üçün dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi təcrübələri nəzərə alınaraq strateji vəzifələr müəyyən olundu. Həyata keçirilən islahatlar nəticəsində sərbəst bazar münasibətlərinə əsaslanan və sosialyönümlü iqtisadi sistemin formalaşdırılması, ölkədə mövcud olan təbii iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın təsərrüfat dövriyyəsinə cəlb olunması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası təmin edildi. Eyni zamanda Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının əsasları yaradıldı. 1998-2003-cü illərdə isə iqtisadiyyatın müxtəlif sahələrini nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi ilə bazar iqtisadiyyatının əsasları möhkəmləndi, onun davamlı inkişafına nail olundu və dünya iqtisadiyyatına inteqrasiyası sürətləndi. Azərbaycan iqtisadi inkişafın artım sürətinə görə postsovet respublikaları arasında qabaqcıl mövqe tutmağa başladı. İqtisadiyyatın müxtəlif sahələrini əhatə edən islahatların nəticəsində əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcmi ildən-ilə artdı. Əlverişli biznes mühitinin yaradılması ölkəmizə xarici investisiya qoyuluşunu sürətləndirdi. Keçmiş SSRİ məkanında ilk dəfə olaraq respublikamızın aqrar sektorunda islahatların aparılması ilə torpaq əsl sahibinə - kəndliyə qaytarıldı. Ölkə iqtisadiyyatında davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu islahatlar mahiyyət etibarilə inkişafın yeni - Azərbaycan modelini yaratdı.
Bu gün uğurları ilə qürur duyduğumuz Azərbaycan Ordusunun da yaradılması Heydər Əliyevin dövlət quruculuğunun şərəfli səhifəsidir. Ulu Öndər ölkəmizin təhlükəsizliyini və müdafiəsini təmin etmək yönündə məqsədyönlü və fəal siyasət apardı. Bütün qanunsuz hərbi birləşmələri ləğv edən Ulu Öndər nizami, vahid komandanlığa əsaslanan ordu yaratdı. Bu ordu 1993-1994-cü illərdə uğurlu əməliyyatlar həyata keçirərək, torpaqlarımızın bir qismini işğaldan azad etdi, Ermənistanın işğal planlarının davam etməsinə imkan vermədi.
Hər bir xalq öz dövlətçiliyinin idarə olunmasında müəyyən ideoloji prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik mümkün deyil. Xalq ideologiyaya söykənmədən irəli gedə bilməz. Dünyanın inkişaf etmiş dövlətlərinin keçdiyi tarixi inkişaf yoluna nəzər salsaq, onların müəyyən prinsiplərə söykəndiyini görərik. Təsadüfi deyil ki, Heydər Əliyev həm də müasir Azərbaycanın təməl prinsiplərini müəyyən etdi. Bunlar müstəqil dövlətçilik, azərbaycançılıq, qanunçuluq, siyasətdə varislik, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləridir. Hər bir dövlətin uzunömürlülüyünü təmin edən, cəmiyyəti öz ətrafında birləşdirən və xalqın milli maraqlarına söykənən ideologiyaya ehtiyacı vardır. Çoxmillətli və çoxkonfessiyalı ölkələrdə ideologiyanın mövcudluğu daha aktual əhəmiyyət kəsb edir. Buna görə də Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri içərisində azərbaycançılıq ideologiyası mühüm əhəmiyyət daşıyır. Respublikamızın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması xalqımızın dövlətçilik tarixində mühüm hadisələrdən biridir. Bu məfkurə Azərbaycan dövlətinin tərəqqisini şərtləndirən bitkin ideoloji konsepsiyadır. Azərbaycançılıq milli və dini münasibətlərin harmonik inkişafını, dini-etnik qruplar arasında birgəyaşayışı, ən başlıcası, xalqımızın milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Heydər Əliyevin müstəqil dövlət quruculuğunu uğurla həyata keçirməsi nəticəsində milliliklə dövlətçilik arasında sarsılmaz vəhdət təmin edildi.
Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində 1993-2003-cü illərdə respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur. O dövrdə ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, respublikamız sözün əsl mənasında mühüm zirvələr fəth etmiş, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilmişdir.
Heydər Əliyev siyasətinin uğurlu davamı
Yaşadığı coğrafi ərazidən asılı olmayaraq, xalqların dünyada nüfuzunu artıran yalnız onların maddi-mədəni sərvətləri deyil, həm də mütərəqqi ideyaları ilə tarixi proseslərə ciddi təsir göstərən siyasi liderləridir. Onlar mənsub olduqları xalqın maraqlarını ifadə edərək dünyada uzaqgörən siyasətləri ilə tanınırlar. Belə şəxsiyyətlərdən biri müstəqil Azərbaycan dövlətinin qurucusu, Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevdir. Onun məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ölkəmizin bütün sahələrində əldə olunan uğurlar "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyev dühasının müdrikliyini və uzaqgörənliyini bir daha sübut edir. Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirən Müzəffər Lider kimi ümumxalq məhəbbətini qazanmışdır.
Heydər Əliyev irsinə sadiqlik, Ulu Öndərin ölkəmizin inkişaf istiqamətlərini müəyyənləşdirən siyasi kursunun zənginləşdirilməsi və müasir dövrün çağırışlarının obyektiv qiymətləndirilməsi Azərbaycanın tərəqqisini şərtləndirən mühüm faktorlardır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyada diqqət mərkəzində olan Prezident İlham Əliyev inamla xalqımızı Heydər Əliyevin ideyaları ətrafında birləşdirir. Heydər Əliyevin siyasi kursunu zamanın tələbinə uyğun şəkildə, məharətlə davam etdirən Prezident İlham Əliyevin apardığı siyasət özündə xalqımızın milli maraqlarını layiqincə əks etdirir. Davamlı iqtisadi inkişafa malik olması, sosial, humanitar və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi Azərbaycanın dünya birliyində mövqeyini gücləndirir.
Verdiyi bütün vədləri doğruldan, dövlətimizin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail olan cənab Prezident İlham Əliyev öz əməlləri ilə Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı olduğunu sübuta yetirib, dövlətə və xalqa xidmətin mükəmməl nümunəsini yaradıb. Bu baxımdan qürurla qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində son 21 illik zaman kəsiyi Azərbaycan tarixinin yüksəliş mərhələsidir. Bu illər ərzində ölkəmiz ən şanlı dövrünü yaşayıb.
Yüksəlişi və inkişafı təmin edən Prezident İlham Əliyev müstəqilliyimizin, ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinə və ərazi bütövlüyü və bütün torpaqlarımız üzərində suverenliyimizin bərqərar edilməsinə nail olub. Diqqəti çəkən siyasi məqamlardan biri də odur ki, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi Prezident İlham Əliyev Azərbaycanın siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirib, siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı və milli siyasi etika nümunəsi təqdim edib.
Zəfərimizin memarı - Müzəffər Ali Baş Komandan
Prezident İlham Əliyev fəaliyyətinin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı. Prezident İlham Əliyev Vətən müharibəsinin qalibi, Qarabağın xilaskarı oldu. Prezident, Ali Baş Komandan İlham Əliyev müasir tipli qüdrətli ordunu yaratdı, qələbə qazandı və işğaldan azad edilmiş ərazilərimizə səfərlər edərək möhtəşəm Zəfərini bütün dünyaya bəyan etdi. Böyük Qələbə bilavasitə dövlət başçısının mükəmməl siyasi savadı, strateqliyi, güclü təfəkkürü, diplomatik ustalığı, dəmir iradəsi sayəsində əldə edildi. Sadalanan keyfiyyətlər nəticəsində hərb meydanından əlavə, siyasi və diplomatik arenada da üstünlük birbaşa Azərbaycanın tərəfinə keçdi. Hamımız qürurla şahidi olduq ki, İlham Əliyev beynəlxalq KİV vasitəsilə erməni faşizminin mahiyyətini bütün dünyaya göstərdi. Xalqın etimadına, haqq yolunda ədalətə söykənən lider tarixi ədaləti bərpa etdi. Cənab İlham Əliyevin adı möhtəşəm Zəfər qazanan, Azərbaycan torpaqlarını 30 illik işğaldan 44 günə azad edən, ərazi bütövlüyümüzü bərpa edən böyük sərkərdə kimi tarixə düşdü.
Azərbaycan dövləti torpaqlarımızı erməni işğalçılarından azad etməklə bölgədə yeni reallıq yaratdı və 27 il BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan məlum dörd qətnaməsinin tələblərini yerinə yetirdi. Şanlı qələbədən sonra Prezident İlham Əliyevin dediyi kimi, "Bizim ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror tədbirlərinə başlanılması və onun uğurla başa çatdırılması nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, ərazilərimizdə qanunsuz məskunlaşmış erməni separatçılarının şərtlərimizi qəbul edərək təslim olmaları qalib ölkəmizin böyük uğuru olaraq hər birimizi qürurlandırdı, tariximizin növbəti şərəf səhifələri oldu. Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığını bir daha bütün dünyaya nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən Prezident İlham Əliyev özünün müdrik fəaliyyəti ilə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsinin müəllifidir. Müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin davam etdirilməsi nəticəsində ölkəmiz dünyada böyük nüfuz qazanıb. Azərbaycanın təkcə son dövrlərdə qlobal müstəvidə nail olduğu uğurlar, Qoşulmama Hərəkatına sədrliyi dövründə həyata keçirdiyi nümunəvi fəaliyyət, COP29-a evsahibliyi bunu təsdiq edir. Azərbaycanın dünyada aktuallıq kəsb edən məsələlərin yoluna qoyulmasına verdiyi töhfələr beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Çin Xalq Respublikasına dövlət səfəri, habelə İran Prezidentinin ölkəmizə rəsmi səfəri göstərir ki, Azərbaycan regionda və dünyada ehtiramla qarşılanan dövlətdir.
Bunların nəticəsidir ki, cənab İlham Əliyev 2003-cü ildən sonra keçirilən bütün prezident seçkilərinin qalibidir. Siyasi liderə inam onun hakimiyyət səlahiyyətlərinin legitimliyində və cəmiyyətdə böyük nüfuz qazanmasında xüsusi yer tutur. Xüsusilə seçkilər liderə inamın hansı səviyyədə olduğunu sübut edən göstərici rolunu oynayır. Cəmiyyətdə gedən proseslərə obyektiv mövqedən yanaşması və ictimai şüurda baş verən dəyişiklikləri daim diqqət mərkəzində saxlaması siyasi liderin böyük uğurlar əldə etməsinə yol açır. Seçicilər adətən elə siyasi lideri dəstəkləyirlər ki, onun ideya və baxışları ictimai tələblərə tam şəkildə cavab verir. Siyasi liderin nüfuz qazanması üçün ümummilli mənafeləri üstün tutması, xalqı düşündürən məsələlərə böyük həssaslıqla yanaşıb onları həll etməsi vacib şərtdir. Buna görə də Azərbaycan xalqının Prezident İlham Əliyevə inamı onun müxtəlif illərdə keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanmasına həlledici təsir göstərmişdir və bunun əsasında siyasi elektoratın rasional seçimi dayanır.
Heydər Əliyevin yolu özündə Azərbaycan xalqına və dövlətinə sadiqliyin parlaq nümunəsini birləşdirir, ölkəmizin tərəqqisinə və möhkəmlənməsinə xidmət edir. Ulu Öndərin ideyaları, siyasi irsi ictimai fikirdə dövlətçilik və vətənpərvərlik kimi dəyərlərin özünə mühüm yer tutması üçün tarixi əhəmiyyət daşıyır. Bu irs ilə Azərbaycan dövləti sürətlə inkişaf etməkdədir. Ölməz Öndərimizin siyasi yolu, onun müəyyən etdiyi əbədiyaşar prinsiplər hər zaman ölkəmizin inkişafı üçün başlıca mənbə rolunu oynayacaqdır.
Mübariz QURBANLI,
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı