Bu, ilk növbədə sərnişinlərin tələbidir
Xeyli vaxtdır ki, Bakıda sərnişinlər taksi xidmətindən narazılıq edirlər. Bu narazılıq sözsüz ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlərə və fiziki şəxslərə də çatır. Amma onlar nədənsə həmin narazılıqları aradan qaldırmaqda maraqlı görünmürlər.
Bu gün bütün ölkə ərazisində, xüsusən paytaxtda istənilən qədər taksi var. Günün istənilən saatında taksi sifariş etmək mümkündür. Qiymətləri də normaldır. Amma istənilən sayda olan bu taksilərin heç də hamısı sərnişinlərə normal xidmət göstərmir. Yəni qiymətlər sərnişini qane etsə də, xidmət yox dərəcəsindədir. "Bolt", "Uber", "Yanqo" və digər şirkətlər, eləcə də bu sahə ilə məşğul olan fiziki şəxslərsə sanki bir-biri ilə yarışırmış kimi xidmətin keyfiyyətini yox, taksilərin sayını artırırlar. İlk baxışda bu artım yaxşıdır, rəqabət yaranır. Amma çox vaxt həmin avtomobillərin texniki vəziyyətləri sayları ilə tərs mütənasib olur ki, bunun da əziyyətini şəhər yol nəqliyyatı və sərnişinlər çəkirlər.
Sərnişinlərin əziyyətindən söz düşmüşkən, tez-tez mətbuatda, sosial şəbəkələrdə qadın sərnişinlərlə etikadan kənar davranan, onlara, üzr istəyirik, əxlaqsız təkliflər edən, narkotikdən istifadə edən taksi sürücüləri haqqında məlumatlar yer alır. Daxili İşlər Nazirliyinin bu günlər "Bolt" və "Uber" şirkətlərinin həmin səbəblərdən 69 sürücüsü ilə bağlı tədbir gördüyü barədə yayılan xəbər də bunu təsdiqləyir.
Həqiqətən, bəzi taksi sürücülərinin mədəni səviyyəsi çox aşağıdır. Çünki onların təmsil etdikləri şirkətlər arasında xidmət mədəniyyəti sarıdan sağlam rəqabət yoxdur. Bu səbəbdəndir ki, gündən-günə sükan arxasında telefonla oynayan, sürəti artırıb tez-tez yol hərəkəti qaydalarını pozan, sərnişinlərlə kobud rəftar edən sürücülərin sayı artır. Və təbii ki, bütün bunlar sərnişinlərin haqlı narazılığına səbəb olur.
Bəs vəziyyətdən çıxmaq üçün nə etmək lazımdır? Ekspertlər belə izah edirlər ki, şəhərin ictimai nəqliyyat yükünün əsas hissəsi taksi xidmətinin üzərində olduğu üçün bu sahəyə nəzarəti gücləndirmək lazımdır. Ekspert Ərşad Hüseynli fikrini belə izah edir: "Azərbaycanda taksi fəaliyyəti ilə bağlı xeyli qanun var, amma problem qanunvericiliyin köhnə olmasındadır və yalnız klassik taksi fəaliyyətini tənzimləyə bilir. Bu qanun aqreqatorlar, müxtəlif platformalar üzərindən taksi sifarişləri qəbul edən taksilərin fəaliyyətini tənzimləməyə yaramır, ən böyük çatışmazlıq isə odur ki, bu qanunlar 2000-ci illərin əvvəllərində qəbul edilib və burada aqreqatorun fəaliyyəti ilə bağlı heç bir məlumat, həmin taksilərin fəaliyyətinin tənzimlənməsi üçün heç bir müddəa yoxdur. Ona görə də mövcud qanunvericiliyi təkmilləşdirmək lazımdır".
Bu sahədə beynəlxalq təcrübənin də olduğunu vurğulayan ekspert əlavə edir ki, qaydalar müəyyən edildikdən sonra onu pozan aqreqatorlar ciddi surətdə nəzarətə götürülməli və onlar barəsində sanksiyalar tətbiq olunmalıdır: "Bir sözlə, konkret tələblərə cavab verməyənlər bu işlə məşğul ola bilmir. Bu isə özü bir limit yaradır və ölkədə həddindən artıq taksilərin fəaliyyətinin qarşısını alır. Buna dövlət nəzarəti də, əslində, çox qəliz məsələ deyil. Belə ki, məsələnin həlli üçün xüsusi sistem yaradılır, aqreqatorların internet portalları dövlətin nəzarət sisteminə inteqrasiya olunur. Bununla da dövlət qurumu sürücünün tələblərə uyğun olub-olmadığını asanlıqla görə bilir. Beləliklə, yaranmış bir çox problem aradan qaldırılmış olur".
Bu gün sərnişinlərin də, ictimaiyyətin də istəyi budur ki, taksi fəaliyyətində yaranmış xaos aradan qaldırılsın, qayda-qanun yaradılsın, vətəndaşlara normal xidmət göstərilsin.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"