04 Fevral 2024 09:35
1599
CƏMİYYƏT
A- A+
Sürətli səyahət

Sürətli səyahət

 

Bakı-Ağstafa qatarı ilə ölkənin şərqindən qərbinə indi daha tez və rahat getmək olur

 

Səhərdir... 
Yağmurlu havada Bakı Dəmiryolu Vağzalına, qatara çatmağa tələsirik... 
Bu dəfə Bakıdan Ağstafaya gedən sürətli sərnişin qatarının sərnişinləriyik... 
Məqsədimiz müasir qatarlarımızın hərəkətinə, sərnişinlərə göstərilən xidmətə və vətəndaşların bu nəqliyyat vasitəsindən necə yararlanmalarına şahidlik etməkdir.   
Dördüncü vaqona yaxınlaşaraq biletimizi və şəxsiyyət vəsiqəmizi təqdim edirik. Qatar bələdçiləri oturacağımıza qədər bizi müşayiət edərək yerləşməyimizə kömək edirlər. 
Deyirlər, dünyanın ən maraqlı səyahətlərindən biri dəmir relslər üzərində uzaq məsafələrə hərəkət zamanı olur. Elə bizim də, beləcə, sürət qatarı ilə maraqlı səyahətimiz başlayır...

 

Elektron tablo, sərnişinlərə xidmət, siniflər üzrə fərqli qiymət

 

Qatarın bütün sinifləri üzrə yerlər tam doludur. Adətən yağışlı havada ən təhlükəsiz nəqliyyat vasitəsi olaraq uzaq səfərlərə qatarla səyahəti seçənlərin sayı artır. 
Yola düşərkən anons səslənir: Qatar saat 12:25-də Gəncədə olacaq. Ekranlarda da qatarın hərəkət cədvəli, sürəti, havanın temperaturu ilə bağlı məlumatlar yolboyunca əks olunur. 
Qatar yola düşdükdən sonra bələdçi xanımlar sərnişinlərin yolboyu rahatlığının təmin olunması üçün adyal, boyunluq, tərlik və yuxu bandı verirlər. Ardınca isə sərnişinlərə su təklif olunur. Təbii ki, xidmətlər də bilet aldığınız siniflər üzrə fərqlənir.
Elə yeni rahatlaşmışdıq ki, artıq Biləcəri stansiyasına yaxınlaşdığımız barədə maşinistin anonsunu eşitdik. Bildirildi ki, stansiyada qatarın dayanma vaxtı 2 dəqiqədir. 
Qatarda təklükəsizliyin təmin olunması üçün siqaret çəkmək və spirtli içki qəbul etmək qadağandır. Həmçinin hər qatarda bir polis əməkdaşı olur ki, o da yolboyu hər hansı problem yaranarsa, onun həllinə yardım göstərir, təhlükəsizliyin təmin olunmasına nəzarət edir. 
Səyahət etdiyimiz qatara gəlincə isə o, İsveçrənin "Stadler Rail Group" şirkətinə məxsusdur. Ümumilikdə ADY-nin sərnişin hərəkət vasitələri parkında bu şirkətin istehsalı olan 9 ikimərtəbəli, 2 sistemli, 4 vaqonlu sürətli sərnişin qatarı mövcuddur. Qatarların maksimal sürət həddi 120 km/saata qədərdir. Regionlar üzrə sürətli sərnişin qatarları Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı istiqamətlərində hərəkət edir. Bakı-Ağstafa-Bakı istiqamətində "Stadler" qatarları ilə birdəfəyə 364 sərnişin rahat səfər edə bilir. Bu marşrut üzrə qatarların dolumluluq səviyyəsi 100 faizdir.  Qatarlar standart, biznes və birinci sinif salonlardan ibarətdir. Qatarda standart sinif üçün 293 yer, biznes sinif üçün 61 yer və birinci sinif üçün 9 oturacaq mövcuddur. Fiziki məhdudiyyətli şəxslər üçün ayrıca yer də ayrılıb. Onların qatara minməsi, hərəkəti üçün hər cür şərait yaradılıb, həmçinin  xüsusi ayrılmış sanitar qovşaq da var. 
Ümumiyyətlə, biletlərin qiyməti gedəcəyiniz məsafədən və seçdiyiniz yerdən asılı olaraq dəyişir. Rayonlara standart yerdə səfər etdiyiniz halda gediş haqqı tarifləri məsafədən asılı olaraq 13-17 manat arasında, biznes sinfində 28-38 manat arasında, birinci sinfə daxil olan 9 yerdən birini seçəcəyiniz halda isə 87-114 manat arasında dəyişir. Uşaqlar üçün qiymətlər daha ucuzdur. Qeyd etdiyimiz tariflər Bakıdan müxtəlif rayonlara gedişin qiymətidir. Digər rayonların stansiyalarında mindiyiniz zaman isə bilet qiymətləri, təbii ki, məsafədən asılı olaraq müəyyənləşdirilir.

 

"Qatar mənim ikinci evimdir"

 

Biləcəri stansiyasından uzaqlaşdıqdan sonra isə qatar briqadaları və iş üzrə təlimatçı İlhamə Bağırova ilə həmsöhbət oluruq.
11 ildir Azərbaycan Dəmir Yollarında çalışan İlhamə Bağırova həm də beynəlxalq daşımalarda fəaliyyət göstərib. Bələdçi kimi işə qəbul olunduqdan 6 ay sonra qatar rəisi vəzifəsinə keçirilib. İlk təcrübəsi isə Bakı-Xarkov qatarında olub: "Daha sonra Bakı-Moskva qatarında çalışdım. Pandemiya başlayandan sonra Azərbaycan Dəmir Yollarının sərnişindaşıma departamentinin istismar xidmətində mütəxəssis kimi fəaliyyətə başladım. 2023-cü il sentyabrın 1-dən isə qatar briqadaları üzrə mütəxəssis kimi çalışıram".
İ.Bağırova qeyd edir ki, hazırda istismar xidmətində 106 bələdçi fəaliyyət göstərir, onlardan 45-i "Stadler" tipli vaqonlarda, qalanı isə həm xidməti, həm ezamiyyə, həm də xüsusi xidməti vaqonlarda çalışırlar. İş prinsipləri isə qatarların hazırlanması, reyslərin göndərilməsi, bələdçilərin təlimatlandırılması, sərnişinlərin qatara qəbulu, yolda onlara xidmət göstərmək, təyinat stansiyasında sərnişinlərin qatardan düşürülməsinə nəzarət etməkdir.  
Bir sözlə, qatara minəndən düşənə qədər yolboyu sizin köməkçiləriniz istismar xidmətinin gülərüzlü xanımları olurlar. Dördvaqonlu qatarda bizi ümumilikdə 4 bələdçi və bir briqadir müşayiət edirdi.
Birinci sinif sərnişinləri üçün çay-kofe limitsiz, yemək isə getdiyiniz saata uyğun olaraq verilir. Axşam isə çayın yanında sizə tort da təklif olunur. Biznes sinfində isə çay və ya kofe ilk dəfə ödənişsiz, növbəti dəfələrdə isə ödənişlə verilir. Bundan başqa, qatarda iki qida satış aparatı mövcuddur. Həmçinin səyyar xidmət də fəaliyyət göstərir. Həm nağd, həm də kartla istədiyiniz məhsulu əldə edə bilərsiz. Ümumilikdə, çay-kofe və yemək xidməti isə xüsusi ketrinq şirkəti tərəfindən həyata keçirilir. Qatarlar hamısı reysdən qayıtdıqdan dərhal sonra təmizlənir, dezinfeksiya olunur. 
Qatarı ikinci evi hesab edən İlhamə Bağırova başına gələn ən maraqlı xatirəsini də bizimlə bölüşür: "Daim səfərlərdə olduğum üçün maraqlı hadisələrlə rastlaşıram. Amma 2016-cı ilin iyun ayında Bakı-Xarkov qatarında qarşılaşdığım hadisə möcüzə idi. Həmin vaxt bu haqda mediada da məlumatlar getmişdi. Qatarın 5-ci vaqonunun 5-ci oturacağında səfər edən hamilə qadının Volqoqrad stansiyasına az qalmış sancıları başladı. Doğuşda iştirak edərək uşağı dünyaya gətirdik. Qatarda heç istifadə olunmamış tibbi çantada sterilizə olunmuş ləvazimatlar var idi. Stansiyaya çatanda təcili yardım artıq bizi gözləyirdi".
İ.Bağırova qeyd edir ki, işçi heyətinə ilkin tibbi yardımla bağlı təlimlər keçirilir. Amma halı pisləşən şəxsə hər hansı dərman preparatı vermək qadağandır. Bundan başqa, onlara psixoloji təlimlər, davranış qaydaları, müştəri məmnuniyyəti və birbaşa qatarla bağlı texniki təlimlər də keçirilir.
Həm pandemiyadan öncə, həm də sonra reyslərdə olan, gecəsini-gündüzünü peşəsinə sərf edən İlhamə xanım deyir ki, bəzən sərnişinlərin aqressiyaları ilə üzləşirlər. Sərnişinlərlə bağlı əsas problem şəxsiyyət vəsiqəsini təqdim etməmələri ilə bağlı olur: "Vətəndaşlar deyirlər ki, bilet almışıqsa, şəxsiyyəti təsdiq edən sənədi göstərməyə nə ehtiyac var. Əslində, bu barədə həm onlayn, həm də kassadan bilet aldıqları zaman onlar təlimatlandırılırlar, həmçinin biletin arxa üzündə də bununla bağlı məlumat olur. Amma qatara minən sərnişinlər bu məsələ ilə bağlı narazılıq edəndə onları yenə də səbirlə dinləyib bunun vacibliyini bildiririk". 
Qeyd edək ki, bu, bir qaydadır. Həm hava, həm də dəmir yolları ilə səfər etdikdə bileti aldığınız sənəd minik zamanı mütləq təqdim olunmalıdır. 

 

Gülərüz personalın bir günü

 

Sərnişinləri getdikləri ünvana sağ-salamat çatdıran qatarın maşinisti Bahadur Əhmədov 26 ildir bu sahədə çalışır. O, qrafik üzrə növbəli şəkildə Bakı-Ağstafa və Abşeron dairəvi dəmiryolu xətti üzrə reyslərdə çalışır.
Bahadur Əhmədov deyir ki, sərnişinlər qatara avtobus və minik avtomobillərindən daha təhlükəsiz nəqliyyat vasitəsi olduğu üçün üstünlük verirlər. Həm qatarın, həm də sərnişinlərin təhlükəsizliyinə maşinistlər cavabdehdirlər. Onlar yolda hər hansı problemlə üzləşdikdə cəld tədbir görmək üçün həmişə ayıq-sayıq olmalıdırlar. Xüsusən gecə reysləri daha çox diqqətli olmağı tələb edir.
B.Əhmədov bildirir ki, uzun yollarda texniki problemlər qaçılmazdır: "Bəzən işıqforlar işləmir və ya elektrik enerjisi olmur. Bu zaman istər-istəməz gecikmələr baş verir. Payız-qış mövsümündə hava şəraiti ilə bağlı ləngimələr ola bilər. Bu zaman məcburən qatarın sürəti aşağı endirilir. Bundan başqa, sürət həddi yaşayış yerlərinə yaxınlaşdıqda azaldılır və siqnal verilir. Yol keçidlərində, döngələrdə təlimat üzrə məcburi siqnallar verilir, digər yerlərdə də təhlükə hiss etdiyimiz və ya nəsə gördüyümüz zaman siqnal veririk".
Maşinist müasir sürət qatarlarının rahatlığından da söz açır. Görünür ki, bu qatarlar sərnişinlər üçün rahat olduğu qədər onlar üçün də qatarı  idarə etmək baxımından çox asandır. Bununla belə, yeni sistemlə işləyən qatarların idarəsi üçün maşinistlərə 2-3 ay təlimlər keçirilir. 
Üç aydır qatar briqadiri kimi çalışan Aysel Vəlixanova da Azərbaycan Dəmir Yollarında bələdçi kimi fəaliyyətə başlayıb. O dedi: "Yeddi ildir bu sahədəyəm. İş prinsipim bələdçi xanımlara nəzarət etməkdir. Qatarda bələdçi və sərnişinlər arasında baş verən anlaşılmazlıqlara aydınlıq gətirirəm. Əsas problemimiz vəsiqəsiz sərnişinlərlə bağlı yaranır. İstər onlayn, istərsə də kassadan bilet alan sərnişinlər bəzən qatara minik zamanı vəsiqəsiz olurlar". 
Aysel Vəlixanova deyir ki, onların əsas şüarlarından biri budur: "Sərnişin daim haqlıdır".
Bələdçi kimi fəaliyyətə yeni başlayan Gülsüm Dadaşova isə bir ay Bakı-Sumqayıt-Bakı qatarında çalışdıqdan sonra Bakı-Ağstafa-Bakı qatarında fəaliyyətə başlayıb: "İşim əsasən sərnişinlərlə xoş rəftar edərək onların müraciətlərini nəzərə almaqdır.  Sərnişinlər ən çox "siqaret çəkmək istəyirəm, qatar nə vaxt dayanacaq?", "nə vaxt çatırıq?" tipli suallar verirlər".

 

Mənzilbaşına rahat və tez çatanların məmnuniyyəti

 

Qatarın bələdçi heyəti ilə söhbətləşdikdən sonra getdikləri ünvana çatmağa tələsən sərnişinlərin fikirlərini, sürət qatarı ilə bağlı təəssüratlarını öyrənirik. Birinci sinifdə səfər edən, Azərbaycanda qonaq olan pakistanlı Mehran Sadiq deyir ki, Bakıda dəfələrlə olsa da, bu dəfə dostlarının tövsiyəsi ilə Gəncəyə yollanmaq qərarına gəlib: "Doğrusu, səyahətimin belə rahat keçəcəyini düşünmürdüm. Bir çox Avropa ölkələrində şəhərlərarası qatarlardan istifadə etmişəm. Əminliklə deyə bilərəm ki, bu sürət qatarları onlardan heç də geri qalmır".
Biznes sinfində yer alanlar içərisində balaca sərnişin də var. Onun səsini eşidərək valideynlərinə yaxınlaşırıq. Sərnişinlər Orxan Muradov və həyat yoldaşı Gülsüm Muradova 7 aylıq qızları ilə Ağstafaya gedirlər. O.Muradov bildirir ki, sürət qatarından istifadə etmələrinin bir neçə səbəbi var: "Əslində, biz avtomobil və ya avtobusla da gedə bilərdik. Lakin körpə ilə uzun müddət oturaq vəziyyətdə getmək əlverişli deyil. Burada isə heç nəqliyyatda olduğumuzu hiss etmədən rahat hərəkət edirik".
Qatarla səfərə üstünlük verənlərdən biri də Türkan Quliyevadır. O deyir ki, qatarla səyahət rahat olmaqla yanaşı, nostalji hisslər yaşadır. Həm rahatlığını, həm də uşaqlığını xatırlamaq üçün o, qatarı seçir: "Uşaq olanda nənəmlə birlikdə rayona qatarla gedərdik. İndi isə baba ocağına tək gedirəm. Təbii ki, ozamankı qatarlarla indiki müasir qatarları müqayisə etmək mümkün deyil. Ölkəmiz gündən-günə inkişaf edir, müasirləşir. Sürət qatarlarının istifadəyə verilməsi də bunu bir daha göstərir".

 

Səfərdən xoş xatirələr

 

Gəncəyə qədər qatarın pəncərələrindən təbiəti müşahidə edirik. Bakıdan uzaqlaşdıqca sakit, ağ buludların bəzədiyi mavi səma bizi qarşılayır. Gəncəyə doğru isə qatarın pəncərəsinə çilənmiş yağışın damcılarını günəşin şüaları qurudur. Gəncə vağzalına çatanda hava şaxtalı olsa da, günəşin istiliyi bizi isidir. Bununla yanaşı, isti qarşılanma da sərnişinlərə soyuğu unutdurur. 
Gəncə Dəmiryol Vağzalının rəisi Turan Həmzəyev bizi vağzalda görülən işlərlə, qatarların fəaliyyəti ilə tanış edir. T.Həmzəyev hər gün qatar Gəncə stansiyasına yaxınlaşanda artıq perronda olur, ta ki 10 dəqiqəlik fasilədən sonra yola düşənə qədər. O, bütün işlərə nəzarət edir. Özü də vurğulayır ki, dəmir yollarının gündən-günə inkişafı çox qürurverici haldır və növbəti illərdə bu sahədə daha böyük inkişaf görəcəyik. 
Qatarın Ağstafadan dönüşünə qədər isə biz şəhərin gəzməli-görməli yerlərinə baş çəkirik. Bu barədə danışmaqla bitməz... 
Artıq platformaya tələsirik. Ayazlı havada bizi Günəşi ilə qarşılayan Gəncə stansiyasından xoş təəssürat və xatirələrlə ayrılıb qatara minirik. 
Həmin heyət yenə gülərüzlə işinin başındadır. Sərnişinləri düşürüb və qəbul edirlər...

Əsmər QARDAŞXANOVA,
Ülkər XASPOLADOVA,
"Azərbaycan"

 

Bakı-Gəncə-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!