03 Oktyabr 2023 09:50
544
SİYASƏT
A- A+
SUQOVUŞAN Zəfərin ilk müjdəsi

SUQOVUŞAN Zəfərin ilk müjdəsi

 

Üç il öncə azad edilən mühüm strateji əhəmiyyətə malik olan ərazimiz yeni inkişaf dövrünə qədəm qoyub

 

Vətən müharibəsindən üç il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu 44 gündə torpaqlarımızın düşmən tapdağından azad edilməsinə, işğaldan qurtuluşuna nail oldu. İgid oğullarımız Azərbaycanın adını ucaltdıqları kimi, Vətən uğrunda canından, qanından keçməyi bacararaq şəhadətə ucaldılar. Təbii ki, İkinci Qarabağ müharibəsi başlayandan ürəyimizdəki narahatlıqla yanaşı, bir təsəllimiz də var idi. Cəbhədən gələn xoş xəbərləri də sevinc göz yaşları ilə qarşıladıq. Çünki 27 illik həsrətə son qoyulurdu, düşmən ordusu darmadağın edilərək əzəli torpaqlarımızdan qovulurdu. 
Eyni zamanda cəbhədən gələn xəbərlər ermənilərin özləri, orduları ilə bağlı bütün miflərin əhəmiyyətsiz olduğunu da göstərirdi. Bu da bizi sevindirən xəbərlərdən idi ki, erməni hərbçiləri ordumuz qarşısında tab gətirə bilmirdi. Bunu sonrakı dövrdə açıqlanan Ermənistan ordusundakı fərarilərin sayı da sübut edirdi.
 Rəşadətli ordumuz ilk olaraq ermənilərin illərlə möhkəmləndirdiyi müdafiə istehkamlarını yararaq Cəbrayıl və Füzuli rayonları istiqamətində irəliləməklə strateji yüksəkliyi və kəndləri azad edirdilər. İlk belə müjdəli xəbəri isə oktyabrın 3-ü axşam saatlarında aldıq. 
Müzəffər Ali Baş Komandan İlham Əliyev tviter ( indi "X") hesabında paylaşım edərək Azərbaycan Ordusunun keçmiş Madagizdə (indiki Suqovuşan) Azərbaycan bayrağını qaldırdığını elan etdi. Elə həmin gün Madagizin tarixi adının bərpası ilə bağlı dövlət başçısından daha bir paylaşım gəldi. "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!" 
Bəli, üçrəngli hilalımızın dalğalandığı, ucaldığı ilk yer işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi oldu. Bununla tarixi ədalət bərpa olunmağa başladı və qarşıda üçrəngli bayrağımızın sinələrində qət edəcəyi hələ neçə-neçə şəhərlər və kəndlər var idi. Suqovuşan isə bu yolun başlanğıcı oldu.
Xatırlatma: Suqovuşan kəndi 1923-cü ildə Ağdərə rayonunun inzibati ərazisinə daxil edilərək, 1943-cü ildə şəhər tipli qəsəbə statusu alıb. 1992-ci ildə  Ağdərə rayonu ləğv edildiyindən onun ərazisi Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb və Suqovuşan Tərtər rayonuna birləşdirilib. Qəsəbə 1992-ci ildə Azərbaycan Ordusu tərəfindən azad edilsə də, 1994-cü ildə Ermənistan ordusunun könüllülər dəstəsi tərəfindən yenidən işğal edilib.
 

Bir gündə azadlığına qovuşan Suqovuşan

 

Suqovuşandakı döyüşləri çətin hesab etmək olardı. Çünki uzun illər ərzində möhkəmlənmiş, güclü düşmən istehkamları yerləşirdi bu ərazidə. Bu baxımdan müdafiə xəttinin yarılması növbəti uğurlu əməliyyatların başlanğıcı hesab edilirdi.  Belə də oldu. Haqq, ədalət yerini tapdı. Müzəffər Sərkərdənin komandanlığı ilə rəşadətli ordumuz düşmənin keçilməz hesab etdiyi sədləri dağıdaraq irəlilədi.
Prezident İlham Əliyev də Suqovuşana səfəri zamanı bu məsələyə xüsusi diqqət çəkmişdi: "Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil edirdi. Düşmən yəqin bilirdi ki, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə işğaldan azad edilmişdi. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi". 

 

Suqovuşanı azad edən igidlər

 

Düşmənin güclü istehkamlarının, hərbi mövqelərinin məhv edilməsi doğru manevr, yüksək hazırlıq tələb edirdi. Azərbaycan Ordusu isə artıq 1990-cı illərin ordusu deyildi, müasir hərbi təchizatla təmin olunmuş, adını tarixə yazdıracaq, dünyanın ən güclüləri sırasına daxil ola biləcək əzmdə idi. Başlıcası isə, orduya güclü, möhkəm iradəyə sahib sərkərdə rəhbərlik edirdi. 
Zəfər uğrunda canından keçib, şəhidlik zirvəsinə yüksələn də az olmadı. Suqovuşan qəsəbəsi və Talış kəndi ilə bərabər qüdrətli ordumuz oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq, Füzulinin Aşağı Əbdürrəhmanlı yaşayış məntəqələrini də işğaldan azad etdi. 
Müharibə başa çatdıqdan sonra torpaqlarımz uğrunda döyüşən, canını fəda edən hər bir igid Prezident İlham Əliyev tərəfindən mükafatlandırıldı.
Vətən müharibəsindəki qələbə ilə əlaqədar yeni orden və medallar təsis olundu.  Onlardan biri də "Suqovuşanın azad olunmasına görə" medalı idi.
Prezident İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında sərəncamına uyğun olaraq, qəsəbənin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş 10647 hərbi qulluqçu bu medal ilə təltif edildi.

 

Dirçəliş yolu

 

İşğaldan azad edilmiş ərazilərimiz minalardan təmizləndikcə, dərhal yenidənqurma və bərpa işlərinə başlanıldı. 
İndi Prezident İlham Əliyevin birbaşa nəzarəti altında işğaldan azad olunmuş bütün ərazilərdə sürətli quruculuq işləri həyata keçirilir. Bütün bunlar Böyük qayıdış proqramının qısa zamanda həyata keçirilməsi üçündür. Suqovuşanda görülən sürətli tikinti işləri də buna hesablanıb. 
Burada ilkin dövrdə qəsəbənin infrastrukturunun qurulması işlərinə başlanıldı. Belə ki, uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu yenidən quruldu. Qəsəbəyə Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi. Kənd elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan "Suqovuşan-1" və gücü 3 meqavat olan "Suqovuşan-2" stansiyalarında təmir-bərpa işləri aparıldı. Ən əsası, Suqovuşan su anbarı təmir olundu. Bu su anbarının ümumi həcmi 5,86 milyon kubmetrdir. Tərtərçay üzərində yerləşən anbar Tərtər, Ağdərə, Goranboy, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarının suvarma suyu ilə təmin edilməsində mühüm rol oynayır. 
Suqovuşan və Sərsəng su anbarları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək olub. Ermənistanın işğalından sonra bu su anbarı da ermənilərin ekoloji terroruna məruz qalırdı. 
Suqovuşan qəsəbəsində quruculuq işləri davam edir. Ümumi sahəsi 2 hektardan çox olan yeni yaşayış məhəlləsinin təməli qoyulub. Məhəllədə 25-i birotaqlı, 80-i ikiotaqlı, 75-i üçotaqlı, 10-u isə dördotaqlı olmaqla ümumilikdə 190 mənzil inşa edilməsi nəzərdə tutulub. Orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib. Eyni zamanda qəsəbədə su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi aparılır. 

 

İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri

 

Suqovuşan işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin baş tutduğu məkandır. Gələcəkdə qəsəbədə avarçəkmə yarışlarının keçirilməsi üçün lazımi bütün şərait yaradılıb. Belə ki, ötən il martın 20-də Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Tərtər rayonunun Suqovuşan qəsəbəsində təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. 
May ayında isə Suqovuşanda avarçəkmə üzrə "Prezident kuboku-2022" turnirinin açılış mərasimi olub. Müxtəlif ölkələrdən qatılan yüzdən artıq idmançı Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparıblar. 

 

Suqovuşanın turizm potensialı

 

Suqovuşan həmçinin turizm potensialı yüksək olan ərazilərimizdəndir. Elə bu baxımdan Prezident İlham Əliyevin ötən ilin mart ayında qəsəbədə Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoymasının xüsusi əhəmiyyəti var. 
Suqovuşan su anbarı ətrafında yaradılacaq kompleksdə sahilboyu gəzinti cığırlarının salınması, oturacaqların, söhbətgahların quraşdırılması, həmçinin turistlərə xidmət göstərəcək 40 nəqliyyat vasitəsi üçün avtodayanacaq, turizm məlumat mərkəzi və ictimai iaşə obyektinin yaradılması nəzərdə tutulub. 
Dövlət Turizm Agentliyi tərəfindən Suqovuşan qəsəbəsinin turizm resursları əsas götürülməklə, mövcud su anbarı ətrafında infrastruktur və xidmətlərin yaradılmasını, qəsəbənin rekreasiya imkanlarının artırılmasını və aktiv turizm fəaliyyətlərini özündə əks etdirən "Suqovuşan Turizm İnkişaf Konsepsiyası" sənədi hazırlanıb. Sözügedən konsepsiya sənədində qəsəbədə əsasən qısamüddətli turist səfərlərinin ehtiyaclarını qarşılayacaq turizm xidmətlərinin, su anbarı ətrafında mövcud olan turizm resurslarından istifadə edərək infrastrukturun yaradılması təklifləri öz əksini tapıb.
Bildirilib ki, Suqovuşanda turizm və ictimai iaşə xidmətlərinin inkişafı əhalinin ehtiyaclarına uyğun xidmət sferasının yaradılmasına və inkişafına təkan verəcək. Bu isə öz növbəsində regionda turizmyönümlü sahibkarlıq subyektlərinin sayının artmasına, kiçik biznesin və məşğulluğun genişlənməsinə imkan yaradacaq. 2040-cı ilə qədər Tərtər rayonunun gəlirlərinin 4 faizinin turizm gəlirləri hesabına formalaşacağı proqnozlaşdırılıb ki, bunun da əsas hissəsi Suqovuşanın payına düşür. Suqovuşanda turizmin inkişafının ətraf bölgələrin iqtisadi inkişafına da birbaşa müsbət təsir göstərəcəyi proqnozlaşdırılır. Naftalandan Suqovuşana turist səfərlərinin təşkili əlavə biznes sahələrinin yaradılmasına, əhalinin turizmdən gəlir əldə etməsinə müsbət təsiri olacaq. Naftalan-Talış-Suqovuşan istiqamətində mövcud yol infrastrukturunun istismara verilməsi regionda turizmin inkişafı üçün mühüm hesab edilir. Sözügedən yol infrastrukturunun Naftalan turistlərinin Suqovuşana səfərinin optimallaşdırılması ilə yanaşı, Gəncə şəhərinə qısamüddətli turist səfərlərinin təşkilini də mümkün edəcək. Yeni yolun istismara verilməsi Suqovuşanla yanaşı, ona yaxın olan ərazilərin inkişafına təkan verəcək, ərazinin "əlçatan turizm destinasiyasına" çevrilməsinə imkanları artıracaq. 

 

Ordumuzun şimal-şərq cəbhəsində apardığı mühüm əməliyyat

 

Hərbi ekspert Ədalət Verdiyev xatırladıb ki, üç il bundan əvvəl Suqovuşan qəsəbəsi bir həftə davam edən ağır döyüşlərdən sonra erməni silahlılarından tamamilə təmizlənib və həmin gün Suqovuşanda Azərbaycan bayrağı qaldırılıb. O bildirib ki, Birinci Qarabağ müharibəsində Suqovuşan ordumuz tərəfindən işğaldan azad edilsə də, 1994-cü ilin aprelində strateji əhəmiyyətə malik su anbarı və yaşayış məntəqəsi yenidən ermənilərin nəzarətinə keçib: "Beləliklə, bu ərazi 26 il düşmən işğalında qalıb. Suqovuşanın müdafiəsi Ermənistan üçün böyük əhəmiyyət kəsb edirdi. Buna görə də həmin ərazi 6-cı müdafiə rayonu kimi qeyd edilmişdi. Burada Ermənistanın bir neçə hərbi hissəsi yerləşdirilmişdi. Azərbaycan Ordusu bu əraziləri azad edərkən düşmənin 49971, 33651 nömrəli hərbi hissələrini və 77 saylı tank taborunu darmadağın etmişdi. Ermənistan ordusu Suqovuşan istiqamətində kifayət qədər ciddi itkilərə məruz qalmışdı". 
Oktyabrın 3-də erməni hərbi qüvvələrinin darmadağın edilməsi ilə müşayiət olunan döyüşlərdə Azərbaycan tərəfi bir neçə düşmən tankını qənimət götürmüşdü. Bundan başqa, ermənilərin canlı qüvvəsinin böyük hissəsi fərarilik edərək döyüş mövqelərini atıb Ağdərə istiqamətində geri çəkilmişdi. Həmin gün ordumuz Suqovuşanla paralel olaraq Talış kəndini, Arazboyu istiqamətdə isə Cəbrayıl və Füzuli rayonlarının bir neçə kəndini işğaldan azad etmişdi. 
Ə.Verdiyev vurğulayıb ki, ümumilikdə bu döyüşlər Azərbayan Ordusunun şimal-şərq cəbhəsində apardığı ən mühüm əməliyyatlardan biri hesab olunur. 

 

Zəfərə aparan yolun başlanğıcı

 

Bizi Zəfərə aparan yolun başlanğıcı idi Suqovuşan. Neçə-neçə güclü düşmən istehkamlarını dağıtmışdı güclü ordumuz. Düşmən elə ilk günlərdən məğlub olduğunu görürdü. Artıq erməni hərbçiləri arasında fərarilik halları da başlamışdı. 
Ərazi bütövlüyümüzün təmin edilməsi, suverenliyimiz uğrunda aparılan Vətən müharibəsinin elə ilk günündə qəhrəman əsgər və zabitlərimizin hesabına 6 kəndimiz düşmən tapdağından azad edildi. "Təki Azərbaycan torpağının bir qarışı da düşməndə qalmasın" deyən igid oğullarımızın qanı ilə yoğrulan bu torpaqlarımız hər bir azərbaycanlı üçün daha da müqəddəsləşdi. 
Erməni hərbçiləri 2016-cı il Aprel döyüşlərini yaxşı xatırlayırdı. Bilirdilər ki, Azərbaycan Ordusu artıq 4 il əvvəlkindən də qat-qat güclüdür və öz əzəli torpaqlarını qurtarmaq üçün bütün səylərini ortaya qoyacaq. Ona görə də strateji əhəmiyyəti olan Suqovuşanda möhkəm şəkildə durmağa, mübarizə aparmağa çalışırdılar. Amma bu, Azərbaycanın haqq, ədalət yolunda mübarizəsi, Vətən savaşı idi. İgidlərimiz ürəklə döyüşə atılmışdılar. Elə ilk gündən də qalibin kimliyi bəlli oldu. Qonşu ölkənin torpaqlarını işğal edib, 27 ilə yaxın müddətdə viran   qoyan barbar, işğalçı Ermənistan ordusunun sonu çatmışdı. Azərbaycan Ordusu ermənilərin bütün miflərini darmadağın etdi. 
Suqovuşanın azad olunması bu yolda igidlərimizə güc, qüvvət, ümid verdi. Onlar qəhrəmanlıq salnaməmizin ilk səhifəsini yazdılar. O gündən etibarən isə illər ərzində erməni tapdağında qalıb məhv olmuş, dağıdılmış kəndlərimiz, yaşayış məntəqələrimiz bir-bir azad olundu. Suqovuşan öz sahibinə qovuşdu.
 Əbədi Zəfər izimizin ilk ünvanı olan Suqovuşan indi Prezident İlham Əliyevin nəzarəti altında dirçəlir, yenidən qurulur. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İran səfiri İtaliya XİN-ə çağırılıb

22:23
02 Yanvar

Sahibə Qafarova Monteneqro Parlamentinin sədrinə başsağlığı məktubu ünvanlayıb

20:44
02 Yanvar

Baş nazir Əli Əsədov monteneqrolu həmkarına başsağlığı verib

18:08
02 Yanvar

Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə

18:05
02 Yanvar

Ağdam sənaye parkında günlük 900-1100 cüt ayaqqabı istehsal olunur 

18:03
02 Yanvar

Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində yerləşən “Lakeside” hotelində aparılmış işlərlə və “Xizək klubu” binasının tikintisi ilə tanış olub

16:02
02 Yanvar

Təbii qazın ölkədaxili tarifləri tənzimlənib

15:57
02 Yanvar

Monteneqroda üç günlük milli matəm elan olunub

14:37
02 Yanvar

Tarif Şurası elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib

13:07
02 Yanvar

Tarif Şurası əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi ilə bağlı qərar qəbul edib

13:01
02 Yanvar

Milli Qəhrəman Polad Həşimovun doğum günündə xatirəsi yad edilib

11:39
02 Yanvar

Formula 1 Azərbaycan Qran-prisinin vaxtı açıqlanıb

10:51
02 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür

09:17
02 Yanvar

Tramp Yeni Orleandakı hücuma görə Bayden administrasiyasını günahlandırıb  

23:01
01 Yanvar

ABŞ-da 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan şəxsin kimliyi müəyyənləşdirilib 

22:19
01 Yanvar

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib  

21:57
01 Yanvar

Sarayevo dünyanın ən çirkli havasına malik şəhəridir  

21:23
01 Yanvar

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

20:23
01 Yanvar

Türkiyə mediası: Fransa növbəti Afrika ölkəsindən qovulur

16:23
01 Yanvar

Aygün Attar: Təyyarə qəzasından sonra Qazaxıstanın göstərdiyi həmrəylik unudulmayacaq  

16:09
01 Yanvar

İranın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb

15:57
01 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!