2026-cı il fevralın 4-də Birləşmiş Ərəb
Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı
Mükafatı”nın təqdimolunma mərasimi müasir beynəlxalq münasibətlər tarixində
mühüm hadisələrdən biri kimi yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin bu nüfuzlu beynəlxalq mükafata layiq görülməsi təkcə bir
dövlət başçısına göstərilən ehtiram deyil, eyni zamanda, Azərbaycanın sülhə,
dialoqa və insan qardaşlığı ideallarına verdiyi töhfənin yüksək səviyyədə
tanınmasının bariz nümunəsi oldu.
Prezident İlham Əliyev mükafatın təqdimetmə mərasimindəki
çıxışında ilk növbədə bu ali mükafata görə münsiflər heyətinə dərin minnətdarlığını
bildirdi. O, vurğuladı ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx
Zayed bin Sultan Al Nəhyanın adını daşıyan mükafata layiq görülmək böyük şərəfdir.
Şeyx Zayed uzaqgörənliyi, müdrik rəhbərliyi və humanist baxışları ilə qısa
zaman ərzində BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirən
nadir liderlərdən olub. Onun qoyduğu irs bu gün də regionda və dünyada sülh,
sabitlik və qarşılıqlı hörmətin təşviqinə xidmət edir.
Dövlət başçısı qeyd etdi ki, bu siyasi və mənəvi
irs hazırda Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al
Nəhyan tərəfindən uğurla davam etdirilir. Birləşmiş Ərəb Əmirlikləri bu gün öz
tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, müasir inkişaf modeli,
multikultural mühiti və sülh şəraitində yaşayan cəmiyyəti ilə bir çox ölkələr
üçün nümunə təşkil edir. Burada müxtəlif dinlərin, mədəniyyətlərin və xalqların
harmoniyada birgə yaşaması insan qardaşlığı ideyasının praktik təcəssümüdür.
Prezident İlham Əliyev çıxışında dinlərarası
dialoqun və sivilizasiyalararası anlaşmanın xüsusi əhəmiyyətini vurğulayaraq,
bu istiqamətdə göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı, doktor Əhməd
Əl-Tayyibə və Roma Papası, Zati-müqəddəsləri Papa Leoya dərin minnətdarlığını
bildirdi. Onların, həmçinin digər dövlət başçılarının bu mərasimə
ünvanladıqları müraciətlərdə Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətinin
xüsusi qeyd olunması beynəlxalq ictimaiyyətin bu prosesə verdiyi dəstəyin açıq
ifadəsi kimi qiymətləndirildi.
Dövlət başçısı xatırlatdı ki, Azərbaycan 30
ildən artıq müddətdə müharibə şəraitində yaşamış, bu dövr ağır humanitar nəticələr
və dərin qarşılıqlı etimadsızlıqla müşayiət olunmuşdur. Lakin artıq altı aydır
ki, regionda sülh şəraiti hökm sürür. Prezidentin sözlərinə görə, müstəqillik əldə
edildikdən sonra Azərbaycan ilk dəfədir ki, real və dayanıqlı sülh mühitində
yaşamağı öyrənir və bu proses sürətlə davam edir.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald
Trampın ev sahibliyi etdiyi tarixi Vaşinqton Zirvə Görüşünün əhəmiyyətini
xüsusi vurğuladı. 2025-ci il avqustun 8-də keçirilən üçtərəfli Zirvə Görüşü nəticəsində
Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanıb, Birgə Bəyannamə
imzalanıb və Prezident Donald Tramp şahid qismində bu sənədə imza atıb. Bununla
da üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyulub. Prezident İlham
Əliyev sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə ABŞ Prezidentinə xüsusi
minnətdarlığını bildirdi.
Vaşinqton Sammitindən sonrakı altı ay tərəfdaşlıq,
əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş dövrü kimi
xarakterizə olundu. Bu müddət ərzində Azərbaycan və Ermənistan arasında real əməkdaşlıq
addımları atılıb. Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulan məhdudiyyətlər
aradan qaldırılıb, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına
başlanılıb. Ticarət əlaqələrinin genişləndirilməsi, siyasi dialoqun davam
etdirilməsi və gələcək addımların müzakirəsi sülhün praktik əsaslar üzərində
qurulduğunu nümayiş etdirir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq
qeyd etdi ki, uzunmüddətli münaqişəyə, böyük əzablara və dərin qarşılıqlı
etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt hər iki tərəfdə
güclü siyasi iradənin mövcudluğu və bu prosesin dost ölkələr, eləcə də beynəlxalq
ictimaiyyət tərəfindən dəstəklənməsidir. Azərbaycan və Ermənistan arasında əldə
olunan razılaşmalar hələ də müharibə şəraitində olan regionlar üçün nümunə və
yol xəritəsi ola bilər.
Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi
həm də xüsusi rəmzi məna daşıyır. Çünki Azərbaycan və Ermənistan arasında son
danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir
ay əvvəl məhz bu şəhərdə baş tutub. Prezident İlham Əliyev tərəfindən əziz
qardaş kimi dəyərləndirilən Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar
olunması üçün son razılıq burada əldə edilib, daha sonra isə Vaşinqtonda rəsmiləşdirilib.
Bu fakt Əbu-Dabini regional sülh tarixində mühüm bir mərkəzə çevirir.
Bütün bu proseslər bir daha sübut edir ki,
sülhə aparan yol çətin və mürəkkəb olsa da, ardıcıl siyasi iradə, güclü və məsuliyyətli
liderlik və beynəlxalq həmrəylik şəraitində real nəticələr verir. Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sülh təşəbbüsləri
regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasına, eləcə də insan
qardaşlığı, qarşılıqlı hörmət və etimad prinsiplərinin möhkəmlənməsinə xidmət
edir. Əldə olunan razılaşmalar, atılan praktiki addımlar və qurulan əməkdaşlıq
mexanizmləri beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməli,
hazırda münaqişə yaşayan digər regionlar üçün nümunə kimi təqdirəlayiq hesab
edilməlidir.
Vasif QAFAROV,
Milli Məclisin deputatı